• çərşənbə axşamı, 23 aprel, 17:39
  • Baku Bakı 24°C

Ata-ananın “gül balası”, müdir oğlu…- Keçmişdəki mən

05.05.18 11:00 2323
Ata-ananın “gül balası”, müdir oğlu…- Keçmişdəki mən
"Uşaq vaxtı bir dəfə Mərdəkanda düşərgəyə getmək istədim. Məni apardılar, evdəkiləri yola salıb dedim ki, gedin, mən burda qalacam. Hava qaralanda orda darıxdım, qayıtmaq qərarı verdim. Üstümdə də bir qəpik pul yox idi. O vaxt 24 nömrəli avtobus Koroğlu metrosuna qədər gəlirdi. Pulum olmadığı üçün avtobusun arxasınca düşüb şəhərə gəlməyə başladım. Avtobus getdikcə yolu təyin edib, arxasınca qaçırdım. Təbii ki maşın sürətinə çata bilmirdim, itib gedirdi, növbəti 24 gələnə qədər dincəlirdim, yenə onun arxasınca qaçırdım. Axşam 11-də ordan çıxmışdım, gecənin bir aləmi gəlib şəhərə çıxdım. Evə girəndə çox qorxdular. Dedilər xəbər edərdin gəlib gətirərdik” – bu, onun uşaqlıq illərindən danışanda yadına düşən, tez-tez bölüşdüyü xatirələrdəndir.

Bu dəfə onun rollarından, apardığı verilişlərdən, fəaliyyətindən yox, ötən illərindən danışacağıq. Uşaqlıq, gənclik, tələbəlik… Müsahibimiz tanınmış komediya aktyoru, əməkdar artist Çingiz Əhmədovdur. Deyir ki, uşaqlıq dövründən danışanda bağça illəri yadına düşür. Ərköyün, amma əndazəni aşmayan yaradıcı uşaq: "Ərköyün böyümüşəm, amma əndazədən kənara çıxmamışam. O vaxtda artıq aktyorluğa, müğənniliyə marağım özünü göstərirdi. Bizim bağçaya o vaxt Kukla Teatrı tamaşa göstərmək üçün gəlirdi. Mən hələ o vaxt tamaşaya sırf əyləncə gözü ilə baxıb keçmirdim, necə olması ilə bağlı fikirləşirdim, öyrənirdim. Tale elə gətirdi ki, 10 yaşımdan televiziyada uşaq rollarına dəvət aldım. Hüseynağa Sadıqovun "Piri Babanın nağılları” verilişinə gedirdim, nağıllara qulaq asırdım, sual da verirdim. Sonra elə oldu ki, televiziyada 4 verilişə çəkilirdim. "Kitab köşkü” "Komediyalar aləminə səyahət”, "Yumoristik novellalar” və "Səhər görüşləri”. Uşaq vaxtı artıq tanınmış adam idim. Məktəbdə də aktiv idim, nə tədbir olsa, aparıcılığı, təşkilatçılığı mənə həvalə edirdilər. Bilirdilər ki, onu yaxşı bacaracağam”.


"O bir müddət dediyi, 5 il oldu”

Deyir ki, televiziya verilişlərinin sayəsində çox tez məşhurlaşıb, ali təhsil aldığı istiqamət də incəsənət olur. Universitetdə oxuya-oxuya da işləyib: "Dərslərlə yanaşı, işləyirdim, gəlirim də olurdu. Özümü idarə edirdim, geyimlərimi alırdım. O vaxtın pulu bərəkətli idi. Qonorarlarım da yaxşı olub. "Ömrün bahar anları” filminə, "Mozalan”a çəkilib qonorar alırdım. Televiziyaya dəvət edirdilər orda da qonorar yazırdılar. 1983-cü ildə Mədəniyyət və İncəsənət Universitetini bitirdim”.

Universiteti bitirən il Musiqili Komediya Teatrı ilə yolları kəsişir: "Televiziyada çalışa-çalışa Ofeliya Məmmədzadə məni teatrda işə düzəltdi. Bala Qasımov dedi ki, aktyor truppasında yer problemdir, gəl səni birinci xor truppasına götürək. Teatrın baş rejissoru Vaqif İbrahimoğlu idi. Ərizə ilə onun yanına qalxdım ki, xorda işləməyimi təsdiqlənsin. Vaqif müəllim Bala Qasımzadəyə dedi ki, bu, artıq yetişmiş aktyordur, aktyor truppasına götürək. B.Qasımzadə dedi ki, hələ ki, orda yer yoxdur, bir müddət işləyəndən sonra keçirərik. O bir müddət dediyi, 5 il oldu. Xor aktyoru işlədim, amma həm də rollar oynayırdım. Artıq 22-23 yaşım var idi. 80 manat maaşla işə düzəldim. O vaxt üçün yaxşı pul idi. Ətin kilosu 2 manat, pomidor, xiyarın kilosu 5 qəpik idi. Belə-belə populyar aktyora çevrildim”.


"…populyar xalq artistləri mənə paxıllıq edirdilər”

Deyir ki, az yaşda tez məşhur olmasına paxıllıq edən sənət yoldaşları da olub: "Teatrda bəzi populyar xalq artistləri mənə paxıllıq edirdilər, mənimlə səhnəyə çıxmırdılar. Çünki mən çıxanda tamaşaçılar əl çalırdı. Həmin aktyorlar deyirdilər ki, bu nə edib ki, belə tamaşaçı alqışı qazanıb? İndi də alqış üçün kiminsə cibinə girmirəm. Bəzi aktyorlar afişa yapışdıranlara pul verirdilər ki, onlar səhnəyə çıxanda əl çalsınlar. Bilirsiniz, mən heç vaxt kiminsə kölgəsində böyüməmişəm. Uşaqlıq illərindən ərköyün rollar oynamışam, buruq saçlı obrazda olurdum, şərf bağlayırdım, cins geyinirdim. Ata-ananın "gül balası”, müdirin oğlu kimi rolları oynayırdım. Maraqlı və yaddaqalan rollar idi. Bunlarla sevilirdim”.

Bir müddət gəlir ki, çalışdığı teatrdan küsür və ordan ayrılır. Bu ayrılıq isə heç də az bir müddət olmur: "Teatra direktor Qəzənfər Topçiyev gəldi. Ondan sonra bir çox məşhur, səhnədə öz sözünü demiş aktyorlar ordan uzaqlaşdı. Nəsibə Zeynalova, Ofeliya Məmmədzadə, Ofeliya Aslan, Kübra Əliyeva və. s. Teatr pis vəziyyətdə qaldı. 1991-ci ildə mən də getdim. Gənclər Teatrında işləməyə başladım. 2004-cü ildə teatrın direktoru Hacıbaba Bağırovun dəvəti ilə teatra qayıtdım. Onun da maraqlı tarixçəsi var. O illərdə mən ANS kanalında "Yeriniz məlum” adlı veriliş aparırdım. Kimi qonaq çağırırdımsa, gəlirdi. Dedilər ki, Hacıbaba Bağırovu dəvət edirik, gəlmir. Zəng vurub hal-əhval tutdum. Dedim səni verilişə çağırmaq istəyirəm. Dedi ki, bir şərtim var: Ata ocağın teatra qayıt, mən də sənin verilişinə gəlim. Dedim işim çoxdur, alınmır. Söhbət elə belə qaldı, sonra işdəkilər dedilər ki, sən də danışdın, gəlmədi. Teatra onun yanına getdim, ayağımın altına bıçaq atdı ki, sən də bu teatra gələrmişsən. Baxdım ki, teatrda işə düzəlməklə bağlı ərizəm yazılıb, bircə qol çəkməyim qalıb. İmzaladım, o da mənim verilişimə gəldi. Dedi nə vaxt imkanın olsa, teatra gələrsən. Mən də heç gedə bilmirdim. Bir müddət keçəndən sonra zəng vurub dedi ki, sən teatrda işləyirsən, bunu bilirsən də. Beləliklə, teatra qayıtdım, 35 ildir orda çalışıram, 20 ilə yaxın da aparıcılıq fəaliyyətim var”.


"Məktəb qızları məni çox sevirdilər”

Ç.Əhmədov deyəndə həm də bir çoxları onun hind mahnıları, kinoları ilə bağlılığını yada salır. Deyir ki, hələ uşaqlıqdan hind filmlərinə marağı olub: "Mən klassik hind filmlərini sevirəm, indikilərə o qədər də marağım yoxdur. Uşaq vaxtı baxdığım filmlərin musiqilərini oxuyurdum, rəqs edirdim. 18 yaşımda olanda hətta Hindistana getmək şansım da var idi. 5 illik müqavilə ilə gedəcəkdim. Rəhmətlik anam qoymadı. Bu yaşdan sonra istəmirəm, amma o vaxt getsəydim, heç də peşmançılıq çəkməzdim”.

Keçmişdən danışanda ilk sevgidən söhbət salmasaq olmaz. Çingiz Əhmədovun ilk sevgisi bir çox oğlanlar kimi müəllimi olub: "3-cü sinifdə oxuyanda ingilis dili müəllimimizdən çox xoşum gəlirdi. Ona kömək etməyə, evinə nəsə aparanda yardım etməyə çalışırdım. Sonra başa düşdüm ki, bunlar hamısı əfsanədir, mənim yaşım azdır, müəllimin ailəsi, uşaqları var. Məktəb qızları məni çox sevirdilər. Bəlkə də məşhurluğumdan dolayı idi”.


"Baxdım ki, yuxudan duranda pis görünmür”

28 yaşında ailə qurur. Deyir ki, işlərin çoxluğundan şəxsi həyatına vaxt ayıra bilmirmiş: "Evlənməyə vaxt tapa bilmirdim. Amma vacib olduğunu başa düşürdüm. O vaxt qastrollarımız çox olurdu, çəkilişlər də vaxtımızı çox alırdı. Qaynar iş mühiti var idi. Dostlar yığışırdıq, hamısı ailəli idi, mən subay. Deyirdilər ki, niyə bu qədər gözləyirsən? Deyirdim ki, normal qız yoxdur. Bir dostum var idi, indi İsraildə yaşayır. Mənə dedi ki qız var, sən niyə elə deyirsən? Dedi ki, bir əhdim var, yaxınlarda övladım dünyaya gələcək, əgər oğlan olsa, qonaqlıq təşkil edib hamını yığacağam. Səni də dəvət edəcəyəm, bir qız var onu da. Elə oldu ki, oğlu oldu və o yığıncaqda biz qarşılaşdıq, ümumi söhbət etdik. Dedim bəs filan gün arxanca gəlim? Dedi ki, məni işə atam aparıb-gətirir. Dedim bəs səninlə necə görüşək? Dedi hələ ki, alınmır. Dedim birdən yalan deyər, başladım bunu izləməyə. Gördüm ki, atası ilə gedir, günorta nahara gedirlər, axşam da evə aparır. İki ay onu izlədim, nəticədə qərar verdim ki, mənim adamımdır. Amma atam həmişə deyirdi ki, qıza səhər yuxudan duranda baxarlar. Mən də səhər tezdən onu görmək istəyirdim. Bir dəfə səhər çörək alıb apardım ona, çörəyi verəndə qapıda baxdım. Baxdım ki, yuxudan duranda pis görünmür (gülür). Sonra elçilərimi göndərdim, razılığını aldım. Bu gün onun başına and içirəm. Mənim işimdə, övladlarımın tərbiyəsində Mehriban xanımın böyük əməyi olub. Mən iş adamıyam, evdə az olmuşam. Qızım ailəlidir, nəvəmiz də var. Nənə-babayıq. Oğlumuz da "Vicdan haqqı” serialında Vüsal obrazı ilə sözünü deyib. Xalq artistləri, millət vəkilləri onunla bağlı mənə xoş sözlər deyirlər. Başımı heç vaxt aşağı əyməyib”.


"Hər şey daha maraqlı ola bilərdi”

Daim gərgin bir rejimli fəaliyyəti olub. Deyir ki, hərdən bu gərgin rejimdən bezib də: "Amma incəsənət qurban tələb edir” fikri boşuna deyilməyib. Görün hansı peşəkarlarla işləmişəm... O zövqü onlardan almışam, onları da gənclərə ötürməyə çalışıram. Yorulmuram, heç yoran da deyil. Əksinə, daha da aktiv olmağa, gənclərə bildiklərimi ötürməyə çalışıram”.

Gənclik illərini necə keçirməsi ilə bağlı narazılığı yoxdur, amma deyir ki, o illərdən daha səmərəli istifadə etmək olardı: "Bir də baxırsan ki, sayğac işləyib, yaş gəlib gedib. Hər şey bir göz qırpımında gəlib-keçdi. İndi heyfslənirəm ki, bəlkə tamam başqa bir şeylər edə bilərdim. Mənə elə gəlir ki, özümü insanlar üçün az xərcləmişəm. Hər şey daha maraqlı ola bilərdi. Seriallara çəkilmirdim. Ramin Hacıyev məni dəvət etdi, bir ilə yaxındır ki, "Xalxın evi” serialında çəkilirəm. Reytinqimiz birincilər sırasındadır. Verilişlərimin də reytinqi yaxşıdır. Hiss edirəm ki, hələ tamaşaçını yormamışam”.

Müsahibimizin gənclərə tövsiyələri bunlar oldu: "Nizam-intizamı qorusunlar, kəmhövsələ olmasınlar. Bəzən çox səbirsiz davranırlar, amma məsləhət görərdim ki, tələsməsinlər. Bu gün hər sahədə imkanlar böyükdür. Gənclər çətinlik olanda dözsünlər ki, sonda hər bir əziyyətin bəhrəsi olacaq”.

Aygün Asimqızı






banner

Oxşar Xəbərlər