• cümə axşamı, 28 mart, 20:39
  • Baku Bakı 13°C

At əhvalatı

31.10.16 11:25 3109
At əhvalatı
Pirməmmədin atı oğurlanan gecə göyüzündə bədirlənmiş Ay vardı. Ay limon sarısı rəngindəydi. Cırcırama səsiylə dolu bir yay gecəsiydi. Pirməmməd ikinci mərtəbədə, eyvanda yatmışdı. Onun yuxusunda da yay gecəsiydi, at ay işığını tutub gedirdi...
Birdən elə bil kim isə onu silkələyib yuxudan oyatdı. Kişi ayağa qalxıb yerinin içində oturdu – başını qaldırıb göyüzünə baxdı – Ay gülümsəyirdi. Kişi hələ tam olaraq sıyrılıb yuxunun içindən çıxmamışdı, bir gözü hələ də yuxu görürdü və indi bir gözüylə gördüyü yuxuda o, at belində yol gedirdi, ağ at harasa qeyb olmuşdu. O, bir də başını qaldırıb göyüzünə baxdı və bu anda ona elə gəldi ki, bədirlənmiş Ay atı çəkib aparıb. Yaxşı, əgər Ay ağ atı çəkib aparmışdısa o, niyə bunu duymamışdı, axı indicə at belində yol gedirdi. Kişi qalxıb eyvandan həyətə boylandı – at heyva ağacının altında olmalıydı. Heyva ağacı yerindəydi, at gözə dəymirdi...

***

Kişi atın nisgilindən öləcək – dedi Səfurə qarı. Gəlin özünü eşitməməzliyə vurdu. - Ay qız? deyirəm kişi atı tapmasa xiffətindən öləcək.
- Atdıda ay ana, gedib təzə at alar. Gəlin gülümsədi. Qaynana gəlinin kinayəli təbəssümünü görmədi, humu – başı kişinin yanındaydı.

***

- Nəçəlnik əlimə keçsə öldürəcəm o oğraş köpəy oğlunu. Başın haqqı öldürəcəm. A, kişi ta mən adam arasına çıxa bilmərəm, o atı oğurlamayıb ey, mənim namusuma sataşıb, elə bil arvadımı qaçırıb. Bir siqaret ver görüm, a nəçəlnik. Ə, belə də kişilik olar? Ə, belə şey harda görünüb, ə? Ə, sən hökümətsən qoyma əlim qana batsın, sənin əlin uzundu, tap o köpəy oğlunu. Ə, nəçəlnik öz aramızdı, mən o atın gözünə nətər baxacam indən sonra? Deməz ki, ə, niyə məni qoruyanmadın, deməz ki, ə kişiliyin hanı?
- Pirməmməd dayı, sənin atın adam dilində danışır?
A kişi narahat olma, at da tapılacaq, oğru da tapılacaq. Uşaqlara təlimat vermişəm.
- Niyə danışmır ə, danışır? Gərək elə adam danışsın, Pirməmməd kövrəldi, sözünün dalını gətirə bilmədi... Bir siqaret də ver qadan alım. Alışdır zəhirmarı...
Pirməmməd uçasqovunun kabinetindən necə çıxdığını bilmədi. Yuxuda gəzən adamlar kimi hara getdiyini bilmirdi, bir də gördü ki, Əlinin çayxanasının qarşısında durub. Çayxanaya girməyə ürək eləmədi, ona elə gəldi ki, çayxanadakıların hamısı onun başına gələn müsibətdən danışır. Rüsvay oldum ay kişilər, rüsvay oldum Pirməmməd öz səsindən diksindi. Sən demə bayaqdan özü-özüylə danışırmış. Dərd-qəm əlindən özü-özüylə danışan adamın halı necə olar İlahi, Pirməmmədin də halı eynən o sayaq idi – Allah, sən mənə səbir ver ürəyində yalvardı.
Alabaş sahibini görəcək zəncirində dartındı. Pirməmməd gəlib düz Alabaşın qənşərində dayandı. Köpək quyruğunu bulayırdı, sahibinin əl-ayağını yalayırdı. Alabaşın gözləri nəmliydi. Pirməmmədə elə gəldi ki, Alabaş bu gün həmişə olduğundan daha çox canfəşanlıq göstərir.
- Bəsti, ay it! Çəkil görüm! Arsız-arsız yalmanma... yalmanma mənə dedim sənə. Ə, sən nə əclafsan, ə, sənnənəm ə, Alabaş. Gözümün içinə bax, gözümün içinə bax, dedim. Ə, mən bu həyət bacanı, arvad-uşağı sənə etibar eləyirəm, sən də belə. Ə, qancıq, gözünün qabağından ağ atı aparırlar, sən də ağazına su alıb susursan. Sən bunun yalmanmağına bir bax, yalmanma mənə, yalmanma – sən öl tüfəng götürüb ataram səni. Sən öl ataram ha... Ə, at hanı?
Arvad ərinin Alabaşla danışdığını gördü. Kişiyə yazığı gəldi.
- Az, a gəlin, a qızım kişi dəli olacaq, az kişi itnən-qurdnan danışır. Bu nə müsibəti biz düşdük. Allah, dərdini əsirgə ver, Allah! Sənə inanmayan kafirdi. Kişi əldən gedir azzz-arvad ağladı... Gəlin Türk dizlərinə baxırmış kimi maraqla bu səhnəni seyr edirdi və bilmirdi indi gülsün yoxsa ağlasın...

***

- Mama, burda aləm qarışıb, kişinin atını oğurlayıblar, atı deyirəm... oğurlayıblar... Əkrəm Bakıdadı, heç nədən xəbəri yoxdu... kişi ağlını itirib... itnən-qurdnan danışır... arvad?.. arvad ağlayır ... deyir kişi öləcək, mə heç ... mənlik nə var ki... mama atdı da oğurlanıb oğurlanıb, daha bu tragikomediya nədi bilmirəm... mama çox danışa bilmirəm... mama mən sizə bir şey deməmişəm ha... elə məndə atdan qorxurdum... uşaqları dişləyib eləyərdi.. bir də ay ma indi hası dövrandı... maşına nə gəlib ey... heyvandı da, heyvana etibar eləmək olar? Yaxşı... yaxşı... sağ ol... sağ ol... öpdüm... gəlin telefonun dəstəyini yerinə qoydu, aynanın qabağına keçib heyranlıqla özünü süzdü...

***

- Kişi deyirlər şəhərdə qəssablar camaata at əti satırlar.
-A z. Molla Müzəffərin qızı, ağzını xeyriyə aç.
- Mən nə dedim ki, a kişi?
- Ta nə deyəcəksən?... qoysana dərdimizi çəkək...
- Heyləmi?...
- Hə...
Bu arada qapı döyüldü. Gəlin örpəyini düzəldib həyətə düşdü. Əli müəllim əynində boz kostyum, boynunda qırmızı qalstuk, gözündə qalın şüşə eynək qapıda göründü.
Əli müəllim – Nə məsələdi qızım, anan ucundan-qulağından bir-iki çatıb qulağıma.
- Düzdü, amma mənim adım olmasın.
- Kişi hardadı?
- Yuxarıdadı, bıçaq vursan qanı çıxmaz. Sən Allah, artıq-əskik bir söz söyləmə. Onsuz da mənim adım pis çıxıb.
- Əli müəllim, xoş gəldin dedi Molla Müzəffərin qızı, həmişə sən gələsən, keç kişinin yanında otur. Sonra səsini qısdı – bu halımıza bax, kişi əldən gedir.
- Salam-əleyküm, quda.
- Salam. Molla Müzəffərin qızı müəllimə çay gətir. Başıma gələn müsibəti görürsən da.
- Nə müsibət, nə fəlakət. Adam kimi danış görüm nolub.
- Guya xəbərin yoxdu.
- Ə, nədən xəbərim olmalıdı? Rayona gedirdim, dedim bir səni görüm. Bir-iki para işim var rayonda. Çayımızı içək bir yerdə gedib gələrik, yolda nə dərdin varsa danışarsan.
- Müəllim düz deyir – Molla Müzəffərin qızı söhbətə müdaxilə elədi.
Pirməmməd bir arvada baxdı, bir gəlinə baxdı. Nəsə deyəcəkdi, amma söz boğazında qurşuna dönmüşdü. Udqundu. Bir qurtum çay içdi. Sonra əlini cibinə salıb bir qutu Vest çıxardı. Qutunu müəllimə sarı uzatdı – qızım, bir külqabı gətir.

***

Səfər müəllimin qara` Volqası` qapıda dayanmışdı. Molla Müzəffərin qızı kişiləri qapıya qədər ötürdü. Maşın yerindən tərpənəndə onların arxasınca bir dolça su atdı. Gəlin eyvanda dayanıb baxırdı. Alabaş bir ağız uladı...

***

- Rayona getməkdə xeyirdimi?
- Xeyirdi, xeyirdi. Maarifə çağırıblar – Səfər müəllim kənd məktəbində dərs hissə müdiriydi.
Kəndən, dəmir yolu vağzalından rayon mərkəzinə on km məsafə vardı. Düz on km. Piri kişi üçün bu on km məsafə on günlük yoldan daha uzun görünürdü, yol kənarındakı çinar ağacları elə bil maşının dalınca yüyürürdülər, yolun yeknəsəqliyindən kişinin ürəyi sıxılırdı. Nəsə bir işlə məşğul olmaq lazım idi, amma saatda yetmiş km, sürətlə şütüyən maşında başını necə qarışdırasan?
Səfər müəllim nəsə danışırdı – Pirməmməd onu eşidəcək halda deyildi, gözləri görürdü, amma qulaqları tutulmuşdu, heç nə eşitmirdi. Xəyalında ürək açan bir xatirə canlandırmağa çalışdı, tərslikdən ağlına bir şey gəlmədi. Fikri-zikri ağ atın yanındaydı. Birdən yadına düşdü ki, orta Asiyada insanlar at əti yeyirlər, əziz qonaqları gələndə dayça kəsirlər, lənət şeytana dedi və əti ürpəşdi.
At igidin qardaşıdı - öz səsindən diksindi. Səfər müəllim – nə dedin, eşitmədim – gülümsündü.
- Heç... yola bax ... Deyirəm bizim kənddə bineyi-qədimdən at oğrusu olmayıb.
- Ay sağ ol, bəs mən bayaqdan sənə nə deyirəm. And olsun Allaha adım kimi əminəm ki, sənin atın tapılacaq.
- Uçasqovu da heylə deyir.
- Ə, hökumət heç yalan danışar?
- Hökumətin bu məsələyə nə dəxli var? – Pirməmməd suala sualla cavab verdi.
- Var. Var, a Piri, var. Uçaskovuda hökümətdi.
- Hə?
- Bəli, yoldaş Pirməmməd – Səfər müəllim zarafat eləmək istədi.
Sonra hər ikisi susdu. Yenə Səfər müəllim sükutu pozdu, yenə Pirməmmədin qulaqları tutulmuşdu... Səfər müəllim on km danışdı – aranı dağa, dağı arana sürüklədi. Arada da Hüseyin Arifdən bir şeir misal çəkdi, Pirməmməd ömründə bir şeir kitabı oxumamışdı, şairləri yalnız televizorda görmüşdü. Bəxtiyar Vahabzadəni, Nəbi Xəzrini, Xəlil Rzanı səslərindən tanıyırdı, yaddaşını qurcaladı Hüseyin Arifin adını yaddaşının bir küncündə tapa bilmədi. Səfər müəllimin misal çəkdiyi şeirin misraları yol boyu beynini döyəclədi, ayrı vaxt olsaydı bəlkə şeir yadında qalmazdı, indi nə sirri-xuda idisə indicə eşitdiyi şeir:
Gah açılıb gülə dönür,
Gah yanıb külə dönür,
Gah sakit gölə dönür,
Bilmir nədir insan.

Dayanmaz bircə an da,
Yay dağda, qış aranda.
Həyatı anlayanda
Həyatdan gedir insan.

Pirməmməd kişiyə elə gəldi ki, şair bu şeiri məhz onunçün yazıb. Qoy at tapılsın bu şairin kitabını tapıb oxuyacam. Kənd kitabxanasında olmamış olmaz. Səfər müəllim bütün şairlərin kitablarını alır, yalan olmasın, müəllim indiyə qədər aldığı kitablara bir maşının pulunu xərcləyib bu anda müəllimə rəğbət bəsləyirdi. Bəlkə də qibtə edirdi, qızı evində gəlin olan sadə kənd müəlliminə.
Səfər müəllim maşınını maarifin qabağında saxladı, üst-başını sahmana saldı. Deyirəm sən otur maşında mən beş-on dəqiqəyə gəlirəm...
- Ləngimə, qadanalım – Pirməmmədin səsi titrədi. `Qadanlım`Səfər müəllimi çağırdı, amma özünü o yerə qoymadı – beş on dəqiqəyə gəlirəm qoca qartal – dedi və iti addımlarla maşından uzaqlaşdı.
Pirməmməd bir siqaret yandırdı, qulaqlarından at nallarının səsi cingildəyirdi – ah, ağ at, ağ at .. bu yaşımda nə oyundu mənim başıma gətirdin?

***

Səfər müəllim Maarif müdirinin kabinetində gizlicə saatına baxdı – iyirmi beş dəqiqəydi müdir danışırdı, maarif müdiri böyük iddialı kiçik məmurlar ədasıyla nəsə üyüdürdü. Səfər müəllimin ürəyi Pirməmmədin yanında qalmışdı. Gərək dağdan ağır kişini özümlə gətirməyəydim, yəqin indi maşında oturub məni söyür. Qoy söysün, kişinin dərdi özünə bəsdi, mən də qaş düzəltmək istəyirdim, göz çıxardıram. Bu nə danışır ə, sən Allah heç hənanın yeridi. Köpəyoğlu bu qədər adamı salıb çənəsinin altına, hətərən-pətərən danışır, bir adam da ağzını açıb etiraz eləmir, balam həftə səkkiz – mən doqquz iclas olarmı? Vallah, bu harınlayıb, biznən məzələnir – bir də masanın altında sezdirmədən saatına baxdı – paho .. köks ötürdü ...
- Ay Səfər müəllim, atam yerində kişisiniz, ayıbdı, beş dəqiqədən bir saata baxırsınız? Siz bizim qabaqcıl, təcrübəli, hörmətli pedaqoqlarımızdan birisiniz. Belə olmaz a kişi, belə olmaz – yer yarılsaydı Səfər müəllim yerə girərdi, amma müdirin kabinetində yer yarılmadı...

***
Pirməmməd oturduğu yerdə oturmuşdu. Şairin şeirini əzbərləyirdi, əslində, şeir onun şurunda və təhtəlşüurunda səslənirdi. Kişinin ürəyi sıxıldı. Səfər müəllim harda qaldı, görəsən, saatına baxdı, qırx il qabaq Bakıdan aldığı saatın əqrəbləri dayanmışdı...
Qara `Volqanın`şüşəsini endirmək istədi, sol əli sözünə baxmadı, Pirməmməd solaxay idi. Bir də pəncərəni endirməyə çalışdı, yenə əli sözünə baxmadı. Kişinin havası çatışmırdı, sanki boğazına əridilmiş qurğuşun tökürdülər, boğulurdu, içi yanırdı.
Yenə nal səsləri eşidən kimi oldu, hardasa at kişnədi...

***

Səfər müəllim maşının qapısını açanda Pirməmməd keçinmişdi ...

***

Səfər müəllim maşını kəndə qədər necə sürdüyünü bilmədi, göz yaşları yanaqlarını yandırırdı, müəllim əməlli-başlı ağlayırdı və ağlaya-ağlaya, özünü, at oğrusunu və maarif müdirini söyürdü, söydükcə dili qızırdı, dili qızdıqca göz yaşları içinə axırdı. İndi o, Molla Müzəffərin qızının gözlərinə necə baxacaqdı, kürəkəni Əkrəm Bakıda ezamiyyətdəydi ... indi müəllim başına haranın külünü töksün, indi bundan sonra içini didən vicdan əzabları o, necə yaşayacaq, Pirməmmədin qapısından necə içəri girəcək...
Molla Müzəffərin qızı, Səfurə qarı darvazanı açanda hələ ərinin öldüyündən xəbəri yox idi.
Ağ at heyva ağacının altında olmalıydı.
Alabaş tənbəl-tənbəl mürgüləyirdi.
Gəlin eyvanda paltar asırdı.
Səfər müəllimin çiyuinləri qalxıb enirdi ...

Adil Mirseyid
banner

Oxşar Xəbərlər