• cümə, 26 Aprel, 08:48
  • Baku Bakı 12°C

Aşurada gördüklərimiz Reportaj

15.11.13 09:17 1946
Aşurada gördüklərimiz Reportaj
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının bu il Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, noyabrın 14-ü Azərbaycanda Aşura günü kimi qeyd olunub. Minlərlə inanclı şəxs məscidlərə toplaşaraq, 1300 il əvvəl Kərbəla çöllərində həlak olmuş Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseynə və onun tərəfdarlarına yas saxlayıblar. Biz də Aşura gününün necə keçirildiyini müşahidə etmək üçün iki məscidə yollandıq. İlk olaraq yolumuz metronun “Nizami” stansiyasının arxasında yerləşən Hacı Sultanəli məscidindən keçdi.
“Mənim matəm günüm”
Məscidə gələrkən yol boyu bəzi insanların süfrə açıb ehsan verdikləri diqqətimizdən yayınmadı. Dalanlarda samovar çayı qaynadılıb konfetlə birlikdə insanlara təqdim edilirdi. Dilənçilərə pul verərək onları sevindirənlər də az deyildi. Məscidə yaxınlaşdıqda isə sözün əsl mənasında izdihamın şahidi olduq. Səsucaldan vasitələrlə deyilən mərsiyələri insanlar hamısı birlikdə təkrar edirdilər. Məsciddə xüsusilə qadınlar göz yaşı tökərək və əllərini sinələrinə vuraraq yüksək səslə mərsiyələri təkrar edir və ya “Ya Hüseyn” sözlərini səsləndirirdilər. İzdihamda nəzir etdiyi üçün kimisi su, kimisi də konfet paylayırdı. İnsanların arasında ağlamaqdan gözləri şişmiş ortayaşlı qadın diqqətimizi çəkdi və o qadına yaxınlaşdıq. Ayaq üstə dayanmadan sinəsinə vuran və yanıqlı-yanıqlı ağlayan Mehriyyə xala aşura gününü “mənim matəm günüm” adlandıraraq, gənclərin bu günə biganə yanaşdıqlarını söylədi: “Bu gün mənim matəmimdi. Aşura günü əziz və qanlı gündür. İmam Hüseynin Kərbəlada şəhid olduğu gündür. Gözlərimin yaşı qurumur. Təəssüf edirəm ki, gənclər bu günün hikmətini başa düşmürlər və laqeyd yanaşırlar”.
Qara ipin hikməti
Məsciddə konfet və qara ip paylayan Tamella xala burada söylənilən mərsiyələrin insanın qəlbini parçaladığını dedi: “Nəzirim var idi, onu gətirmişəm. Qara parçaları da kəsib burada insanlara paylayıram. Biz uşaq olanda da belə qara parçalar var idi. Qolumuza bağlayırdıq. O parça üzülənə kimi açmırdıq. Bu parçalar matəmli olduğumuzun göstəricisidir”.
Məsciddəki insanlar hesab edirdilər ki, qoluna qara ip bağlayan zaman arzu tutursan, əgər ip özü açılıb qoparsa, bu, o deməkdir ki, arzun yerinə yetir.
Məsciddə kənarda bir daşın üzərində əyləşən Həcər xala isə aşuraya gələn qadınlardan narazı idi: “Hər adam bu günü lazımınca qiymətləndirmir. Elə adamlar var ki, bu günə xüsusilə hazırlaşırlar. Bu gün matəm günüdür. Matəmə hazırlaşmırlar, matəmə bəzənmirlər. Ağlayaraq şəhid yası tuturlar. 10 dəqiqə buradakı mərsiyələrə qulaq asın içiniz yanacaq. Mərsiyələr insanın ruhuna kimi təsir edir. Ağır dərddir”.
“İynə atsan yerə düşməz”
Aşuranı kənardan izləyən Hacı Sultanəli məscidinin axundu Hacı Məhərrəmlə də söhbətləşdik. Axundun sözlərinə görə, bu il inanclı insanların sayında azalma müşahidə olunmayıb: “Həmişəki kimi camaat Həzrəti Hüseynin ziyarətinə gəlir. Mərasimə maraq kifayət qədərdir. Qətl sınanda burada daha çox insan olur. Sözün əsl mənasında “iynə atsan yerə düşməz”. Məsciddə zəncir vurmaq, baş yarmaq mərasimlərinə gəldikdə isə axund bildirdi ki, artıq bir neçə ildir ki bu məsciddə heç kim özünə xətər yetirmir: “Bir neçə ildir ki, bizim məsciddə heç kəs zəncirdən istifadə etmir, özünə xəsarət yetirmir. Buradakı insanlar yalnız sinə mərasimlərini yerinə yetirərək mərsiyələri təkrarlayırlar”.
Məlum olduğu kimi ölkə ərazisində hər il aşura günündə qan vermə aksiyaları keçirilir. Bu il aksiya respublika üzrə 14 məkanda təşkili olunub. Aksiya keçirilən məkanlardan biri də Təzə Pir məscididir. Qan vermə aksiyasında mövcud vəziyyətlə maraqlanmaq üçün Təzə Pir məscidinə yollandıq. Burada qan vermək üçün insanlar növbəyə düzülmüşdülər. Hətta aksiyada daha tez iştirak etmək üçün bir-birləri ilə mübahisə edənlər belə var idi.
Saat 12-yə qədər 2454 nəfər qan verib
Respublika Hematologiya və Travmatologiya İnstitutunun kliniki diaqnostika laboratoriyasının şöbə müdiri Elxan Nağıyev bizimlə söhbətində saat 12-yə qədər qan verən ölkə vətəndaşlarının sayını açıqladı: “Qeyd olunan müddətdə ümumilikdə 2454 nəfər könüllü şəkildə qan verib. Təkcə Təzə Pir Məscidində isə bu vaxta qədər 278 nəfər insan könüllü şəkildə aksiyada iştirak edib”. E.Nağıyev vurğuladı ki, yaşı 18-dən 65-ə qədər olan hər bir vətəndaş qan vermə aksiyasında iştirak edə bilər: “Sağlam olan bütün insanlar qan verə bilər. Onlar qan verərkən ilk öncə həkimlərin nəzarətindən keçir və müayinə olunurlar. Xüsusilə, qanda hemoqlobinin səviyyəsi yoxlanıldıqdan sonra həmin vətəndaşdan donor kimi qan götürülür”. Həkim vurğuladı ki, tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Qan verməyə hazırlaşan 30 yaşlı Cəmilə Quliyeva artıq 3-cü ildir ki, qan verdiyini söylədi: “3 ildir ki, Aşura günlərində qan verirəm. Yaxşı vərdişdir. İnsanların başlarını gözlərini yarıb qan çıxarmağındansa qan verməyi yaxşıdır. Bu qan da bir xəstəyə əlac olar, çarə olar. Özünü, bədənini yaralamaq, əzab vermək Allaha da xoş getməz”.
Aygün Cəfərli

banner

Oxşar Xəbərlər