• cümə axşamı, 28 mart, 15:22
  • Baku Bakı 16°C

Aşura mərasimlərinə uşaqları aparmaq doğru deyil

06.09.18 18:03 881
Aşura mərasimlərinə uşaqları aparmaq doğru deyil
Hər il keçirilən Aşura mərasimlərində kiçik yaşlı uşaqların iştirakı məsələsi cəmiyyətdə müzakirə mövzusu olur. Dövlət qurumları da mərasimin keçiriləcəyi günlər ərəfəsində uşaqların bura cəlb edilməməsi ilə bağlı vətəndaşlara öz tövsiyələrini verir. Lakin Aşura mərasimlərindən olan foto və video görüntülərdə yenə də valideynlərin uşaqları ilə birlikdə iştirakının şahidi oluruq.
Yeniyetməlik dövrünə çatmayan uşaqlar bir çox hallarda nə baş verdiyini anlamır və mərasimi qorxu və həyəcanla izləyirlər. Əslində isə Aşuranın nə üçün keçirildiyini belə bilmirlər. Uşaqların alt şüurunda bəzən fəsadlara yol açan bu qorxu və həyəcan sonralar onların həyatında özünü göstərməyə başlayır. Bəs, görəsən uşaqlar Aşura mərasimindən uzaq tutulmalıdırmı? Əgər valideynlər övladlarını bu dini mərasimə aparmaq istəyirsə, bunun üçün hansı addımlar atmalıdırlar?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, bizim xalq Aşura mərasimini artıq yüz illərdir qeyd edir: "Bu dini mərasimdə hər zaman uşaqlar da böyüklərlə bir yerdə olub. Amma indiki vaxtda bu yanaşmanı doğru hesab edirəm ki, uşaqları bir qədər kənarda saxlamaq lazımdır. Çünki bizim dövlətin də, ziyalıların da tutduğu əsas xətt odur ki, biz İslamın mənəvi dəyərlər aşılayan tərəfindən daha çox faydalanmalıyıq. Biz daha çox mənəviyyatımızın zənginləşməyini təbliğ etməliyik. Amma təəssüf ki, bu gün o mərasimlərin keçirilməsində cəhalət, fanatiklik elementləri çoxdur. Ona görə də bizim uşaqlarımız orada iştirak edəndə cəhalət, fanatiklik elementləri də onların şüurunda, qəlbində əks olunur”.
Ə.Qəşəmoğlunun sözlərinə görə, elə bir model düşünməliyik ki, orada həm bu mərasim haqqında məlumatlar öz əksini tapsın, həm də bunun uşaqlara təsiri olmasın: "Bu da indiki şəkildə olmamalıdır. Ona görə də indiki halda dəstəkləyirəm ki, uşaqlarımızı belə mərasimlərdən uzaq tutmaq lazımdır. Çünki hələ ki bu mərasimlərdə cəhalət, fanatizm elementləri çoxdur. Düşünürəm ki, müəyyən müddətdən sonra həmin mərasimlər daha maarifləndirici, mənəvi dəyərlər aşılayıcı bir şəkildə olacaq. O zaman uşaqların iştirakında da bir problem olmaz. Amma bu gün o problemlər var”.
Uşaq psixoloqu Aydan Talıbova mütəxəssis olaraq Aşura mərasimlərində uşaqların iştirakını dəstəkləmədiyini diqqətə çatdırdı: "Çünki burada yaş hüdudları var. Bu mərasimi 3 yaşında uşaq başqa cür, 5 yaşında və daha yuxarı yaşlardakı uşaqlar isə tamam başqa formada dərk edə bilər. Ən əsası isə, böyüklərin bu mərasimi uşaqlara necə izah etməsindən asılıdır. Biz onu tragik formada, yəni kiminsə öldürülməsi, yaralanması və sair formada izah eləsək, uşaqlarda təşviş pozuntusu yaratmış oluruq. İrəlidə isə artıq müxtəlif fobiyaların başlanğıcını qoymuş oluruq. Bu, itirmək, tək qalma, qaranlıq qorxusu ola bilər. Yaxud da uşaqlarda panik atak yarada bilərik, yəni insanlar içərisində olmayacaqlar, başqaları ilə ünsiyyətdən qaçacaqlar. Bu da asosiallığa gətirib çıxaracaq. Amma biz hansısa bir hadisəni, situasiyanı övladımıza izah etmək istəyiriksə, onu nə neqativ, nə də pozitiv olmadan orta mövqedə çatdırmalıyıq ki, uşaqlar ondan qorxmasın, hürkməsin. Sadəcə olaraq, uşaqlar bilsinlər ki, bu cür hadisələr baş verib və o günləri anırıq. Əgər biz uşaqlara dini aşılamaq istəyiriksə, onun qorxulu tərəflərini yox, sadəcə olaraq həmin mərasim ərəfəsində qaydaların nədən ibarət olması, nələrə sərhəd qoyulması kimi məsələləri aşılamalıyıq. Bu baxımdan uşaq psixoloqu olaraq, Aşura günü uşaqların mərasimlərin keçirildiyi yerlərə aparılmasını məsləhət görmürəm. Çünki həmin vaxt qışqıranlar, ağlayanlar olur, səs-küylü bir vəziyyət yaranır ki, bu zaman uşaqlar həyəcan keçirə, qorxa bilərlər. Ona görə də uşaqlarımızı bu mühitdən qorumalıyıq. Ya da ki, biz uşaqlarımızı o mərasimlərə aparmazdan əvvəl onlara bu günün mahiyyəti barədə məlumat verməliyik. İzah etməliyik ki, heç də orada kimsə özünü həqiqətən döymür. Sadəcə bunu normal şəkildə övladlarımıza bildirməliyik ki, onlar qorxmasın. Çünki uşaqlar düşünməməlidir ki, kimsə nəyisə edirsə, ona qarşı da bu hərəkətlər təkrarlanacaq”.
A.Talıbova vurğuladı ki, uşaqların Aşura mərasimlərinə aparılmaması ilə bağlı valideynlər arasında təbliğat işləri görülməlidir: "Lakin bəzi dindar valideynlər var ki, özlərinin uşaqlıqdan bu mərasimlərə getdiyini deyirlər. İndi onlar da bunu öz övladlarına təbliğ etmək istəyirlər. Əlbəttə ki, bizim buna heç bir etirazımız yoxdur. Sadəcə olaraq, yaş hüdudu var. Axı niyə 3 yaşında uşağa bunu təbliğ etməlisən? Uşaq yeniyetməlik dövrünə çatmalıdır və onun təxəyyülü inkişaf edəndən sonra məhz bu mərasimi yavaş-yavaş ona izah etmək lazımdır. Düşünürəm ki, kiçikyaşlı uşaqların Aşura mərasimlərinə aparılmaması daha məqsədəuyğundur”.
Təhsil eksperti Asif Cahangirov bildirdi ki, Aşura mərasimlərində uşaqların iştirakı məsələsi ailə ilə bağlıdır: "Təhsil müəssisələrində bununla bağlı heç bir təşəbbüs yoxdur və ola da bilməz. Sadəcə olaraq valideynlər arasında maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmə işinin aparılmasında mətbuatın da rolu böyükdür. Məhz kütləvi informasiya vasitələrinin insanlara təsiri yüksəkdir. Uşaq özü bu mərasimlərə getmir, valideyn aparır. Ona görə də məktəblər bununla bağlı heç nə edə bilməz”.
A.Cahangirov qeyd etdi ki, bütün dünyada məktəblər dünyəvi xarakter daşıyır: "Təhsil dini mərasimlərdən uzaqdır və bu heç bir beynəlxalq konvensiyaya uyğun gəlmir. Məhz dünyəvi ölkələrdə belədir”.

AZAD
banner

Oxşar Xəbərlər