AZE | RUS | ENG |

Aşura günü Vətən və iman sevgisi önə çıxmalıdır

Aşura günü Vətən və iman sevgisi önə çıxmalıdır
Qaralara bürünmək, mənasız hərəkətlərlə “qəhrəmanlıq” göstərmək heç kimə fayda gətirməz

Azərbaycanda bir çox azadlıqlar, o cümlədən dini etiqad azadlığı təmin edilib. Dinindən, dilindən, irqindən asılı olmayaraq, ölkə vətəndaşlarının dini inanclarını yerinə yetirmək üçün ibadətgahların, ziyarətgahların təmir və bərpa olunması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ona görə də müxtəlif dinlərə etiqad göstərən inanclı insanlar dövlətin, ölkə rəhbərliyinin bu diqqət və qayğısını yüksək qiymətləndirir, mövcud şəraitdən yararlanır, dini mərasimlər keçirir, ritualları icra edirlər. Azərbaycanda Məhərrəmlik ayının, Aşuranın qeyd edilməsi də belə dini mərasimlərdəndir. Hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edib.
 
 
 
Xatırladaq ki, Məhərrəm tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, lakin hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının bu barədə fətvasında qeyd olunub ki, İmam Hüseynin haqq-ədalət naminə şəhadəti böyük mənəviyyat və dirçəliş nümunəsidir. Eyni zamanda vurğulanıb ki, ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır. Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur.
 
 

Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənəvi olaraq yaşadılır. Hər il ölkə müsəlmanları Aşura gününü qeyd edirlər. Lakin təəssüflər olsun ki, bəzi hallarda bu günün qeyd edilməsində sui-istifadə hallarına, əndazəni aşmalara yol verilir, İslamın fəlsəfəsinə, dinimizə aidiyyəti olmayan hərəkətlərə yol verilir. Zəncir vurmaq, baş yarmaq, qaralara bürünmək kimi faydasız, bəşəriyyətə, cəmiyyətə, İslam ümmətinə xeyir gətirməyən əməllər törədilir. Hətta məktəbli uşaqların belə mərasimlərə cəlb olunması kimi arzuolunmaz hallar da müşahidə edilir. Əlbəttə ki, bu, yolverilməzdir. Müqəddəs kitabımız "Qurani-Kərimdə”ki surə və ayələrdə, eləcə də İslamın sonuncu peyğəmbəri Məhəmmədin (s) hədislərində, həmçinin bu yolun davamçısı olan imamlarımızın fikirlərində günlərlə yasa qərq olmaq, qaralara bürünmək və sair bu kimi cəhalətdən irəli gələn tələblər yoxdur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadovun da qeyd etdiyi kimi, Aşura günündə üstünə nə yazıldığı bilinməyən qara bayraqların kütləvi asılması, guya bunun İslam rəmzi kimi qələmə verilməsi də yolverilməzdir. İslamın rəmzi yaşıl rəngdir ki, bu da Azərbaycanın dövlət rəmzində, üç rəngli bayrağımızda əks olunub. Ona görə də dini məbədgahlarda, ibadət ocaqlarında, Allah evlərində qara parçalardansa şəhidlərimizin öz qanı bahasına zirvələrə ucaltdığı Azərbaycan bayrağını asmaq daha məntiqlidir.
 
 

İslam müasirliklə uzlaşan, bəşəriyyətə, insanlığa fayda verən dindir. Ona görə də Aşura günü qaralara bürünmək, mənasız hərəkətlərlə "qəhrəmanlıq” göstərmək heç kimə fayda gətirməz. Xüsusən də təhsil alan uşaqları məktəbdən yayındırmaq, onların təhsil alaraq sabahın kamil vətəndaşları olmasına dəstək olmaq əvəzinə, yas mərasimlərinə cəlb etmək yolverilməzdir. Uşaqlar bizim sabahımızdır. Sabahımızın savadlı olmasına çalışmalıyıq ki, onlar vasitəsilə cəmiyyətimiz daha da inkişaf etsin, ölkəmiz, dövlətimiz güclənsin. Bunun üçün Kərbəla şəhidlərinin qəhrəmanlığı, əqidəsinə sadiqliyi, şəhidlik zirvəsinə ucalmaları fonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, Vətəninə, dininə, dilinə sədaqət nümayiş etdirən oğul və qızlarımızın müqəddəs ruhları yad edilməli, gələcəyimiz olan gənc nəsillərə də belə qəhrəmanlıqlar aşılanmalı, təbliğ edilməlidir. 
 
 

İslam eyni zamanda xeyirxahlıq dinidir. Əgər kimsə düşünürsə ki, baş yarmaqla, qan tökməklə, zəncir vurmaqla kiməsə xeyirxahlıq edir, kökündən yanılır. Bunun üçün də müasir dövrdə daha faydalı hesab olunacaq əməllər var. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyximiz Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə artıq bir neçə ildir Məhərrəmlik ayında, Aşura günündə qanvermə aksiyaları keçirilir. Yüzlərlə, minlərlə müsəlman qanvermə aksiyalarında iştirak edir. Öz qanları ilə qana ehtiyacı olan xəstələrə, insanlara yardımçı olur, onlara həyat bəxş edirlər. Fikrimizcə, bu, İslam fəlsəfəsinə, xeyirxahlığa, müsəlman həmrəyliyinə ən böyük xidmətdir, ən böyük dəstəkdir. Bundan əlavə, qanvermə aksiyasında iştirak edib qardaşlıq nümunəsi göstərənlər Məhərrəmlik ayında, Aşura günündə, Kərbəla çölündə şəhid olan müqəddəslərimizin ruhuna ən böyük duanı edir, ən böyük savabı, hələ sağlığında ikən cənnəti qazanırlar.  
 
Rufik İSMAYILOV  
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9326
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1384
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7192
KWD 1 1 Küveyt dinarı 5.5886
TRY 1 1 Türkiyə lirəsi 0.3191