Astaranı dünyaya tanıdacaq brendlər - Fotolar
Zəngin və əlverişli iqlim
şəraitinə malik Astara kənd təsərrüfatı rayonu kimi torpağının bərəkəti,
insanlarının əməksevərliyi ilə öyünə bilər. Rayonda kənd təsərrüfatının əsasını
çayçılıq, tərəvəzçilik, sitrusçuluq, dənli-paxlalı bitkilər, taxılçılıq,
heyvandarlıq, arıçılıq, balıqçılıq və digər sahələr təşkil edir. Rayonda
hazırda 53 kəndli (fermer) təsərrüfatı vardır. Onlardan 6-sı çayçılıq, 21-i
bitkiçilik, 20-si heyvandarlıq və 6-sı meyvəçilik üzrə ixtisaslaşıb. Rayonda
əhalinin 80 faizi kənd təsərrüfatı ilə məşğul olur.
Ətirlidir,
dadlıdır...
Astara
rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov "Region” layihəsi çərçivəsində Astarada olarkən "Kaspi”yə müsahibəsində çayçılığın əsas prioritet sahələrdən
biri olduğunu deməklə bərabər, bu sahənin inkişafı üçün dövlətin dəstəyinə
ehtiyac olduğunu da söyləyir. Belə ki, rayon üçün ixtisaslaşmış sahələrdən olan
çayçılığın inkişaf etdirilməsi ilə bağlı ciddi işlər görülür. Hazırda 345
hektar çay sahəsi mövcuddur. Ötən il 477 ton yaşıl çay yarpağı yığılaraq
çay emalı müəssisələrinə təhvil verilib. Qarşıdakı illərdə 1000 ha çay sahəsinin
salınması üçün tədbirlər həyata keçirilir.
İdarə rəisinin dediyinə görə, mövcud 345 hektar sahənin hamısı
məhsuldar deyil. Yalnız 195 hektarı məhsuldardır, qalanı isə cavan sahələrdir: "Keçən il quraqlıqla
əlaqədar məhsuldarlıq aşağı düşdü. Çəltik sahələrinin artması ilə əlaqədar su
problemi yarandıLovayın su anbarında da su azaldı. Hesab edirik ki, sovet
dövründə tikintisi yarıda qalan Deqədi su anbarının bərpa olunması bu zonadakı
çay sahələrinin suvarma problemini aradan qaldıracaq. Bununla bağlı təkliflər
hazırlanıb və hökumətə təqdim olunub”. E.Abbasov bildirir ki, sovet dövründə
rayonda mövcud olan 1450 hektar çay sahəsi torpaq islahatı həyata keçiriləndən
və torpaqlar insanlara paylanandan sonra parçalanıb. Kəndlilər də həmin
sahələrdən çayçılıq məqsədi ilə istifadə etməyiblər. Həmçinin fabriklər
işləmədiyinə və kəndlilər çayı yığıb sata bilmədiklərinə görə, məcbur qalıb
sahələrində bazara uyğun tərəvəzlər əkib, çayları qırıb əvəzində çəltik
yetişdiriblər.
Həmçinin sahələrdə sitrus bağları salınıb."Keçid dövründə
fabriklərin işləməməsi çayçılığa böyük ziyan vurdu. İndi həmin sahələri bərpa
etmək çətindir. Çünki o sahələr ailələrə xırda ölçülərdə paylanıb. Bu gün
sahibkarın 1 hektar yeri alıb əkməsi üçün külli miqdarda vəsait lazımdır. Torpaqların
alqı-satqısı zamanı müəyyən güzəştlər də şamil edilməlidir. Notariat xərcləri,
sənədlərin Əmlak Komitəsində rəsmiləşdirilməsi çoxlu vəsait tələb edir. Həm
də torpaqlar vətəndaşdan alındığı
təqdirdə, onun dəyəri, məbləği ödənilməli, hektara görə məbləğ
tənzimlənməlidir. Bu cür problemlərlə bağlı
təkliflərimizi hazırlayıb Prezident Aparatına təqdim etmişik. Bu
sahələri inkişaf etdirmək istəyiriksə, bizə köməklik olunmalıdır. Çünki bir
vətəndaşın 4 sotda çay əkib becərməsi mümkünsüzdür. Bu torpaqlar birləşməlidir,
ancaq birləşməyə də heç kim razı olmur. Çünki külli miqdarda vəsait lazımdır”.
İdarə
rəisi hesab edir ki, çayçılıq çətin sahə olduğundan və vəsait tələb etdiyindən,
yalnız sahibkarlar, imkanlı adamlar bu sahəni inkişaf etdirə bilərlər: "Sahibkar
da işə başlasa, çoxlu ərazi istəyəcək. Bəlkə dövlət tərəfindən uzunmüddətli kreditlər
olsa, bu sahəni inkişaf etdirmək olar. Əkmək üçün kifayət qədər çay sahələrimiz
var. Torpaq islahatı ilə bağlı insanlara paylanan köhnə sahələri
müəyyənləşdirmişik. Həmin sahələr hazırda boşdur. Həmin çay plantasiyalarını
alıb çayçılığı inkişaf etdirmək olar. Bu çay sahələrini əkmək, yenidən bərpa
etmək üçün texnika, şitil lazımdır, o cümlədən suvarma şəbəkəsi qurulmalıdır”. Rayon
ərazisində əsas çay sahələrinin "Astaraçay”a məxsus olduğunu deyən idarə rəisi
rayonda istehsal gücü 3-4 ton olan çay fabrikinin qurulduğunu bildirir:
”Astaraçay” çayın istehsal və satışını özü təşkil edir, alman texnologiyası ilə
qablaşdırır. Çay ilboyu deyil, əsasən 3-4 ay yığılır. Kijəbə, Şüvə ərazisində əhali
öz plantasiyalarını qoruyub saxlayıblar və birgə təsərrüfat yaradıblar. Onlar
çayı yığıb özləri emal edirlər”. Çay sahələrində və fabrikdə ümumilikdə 600-ə
yaxın insan çalışır.
"Haşimi ”, "Sədri”, ”Xəzər”...
Son illər çəltik əkininin rentabelli olması, əhalinin bu sahəyə
marağını daha da artırıb, nəticədə çəltik sahələri genişləndirilərək 447,5
hektara çatdırılıb. Bu da keçən illə
müqayisədə 3 dəfə çoxdur. Keçən il sahələrdən 1797,95 ton məhsul yığılıb, orta
məhsuldarlıq 40,3 sentner olub. Hazırda ekoloji cəhətdən çox təmiz olan Astara
düyüsünün qiyməti növündən asılı olaraq 3-5 manat arasında dəyişir.
"Çəltikçilik sahəsində problemlərimiz toxumla bağlıdır. Çünki biz xarici
ölkələrdən toxum idxal edə bilmirik. Bu il Dövlət Reyestrinə məhsuldar
sortların salınması ilə bağlı müraciət etmişik. Bizə İrandan "Haşimi” sortu
gətirilir. Bu, çox keyfiyyətli düyüdür. Məhsuldarlığı da 4 tondan yuxarı olur.
Həmçinin "Sədri”, "Şirazi”, "Xəzər”, "Okean” və sortlar da var. Köhnə sortların
məhsuldarlığı yüksək olmadığı üçün əkilmir”. E.Abbasov istehsal olunan düyü ilə
ölkənin tələbatını ödəyə bilməyəcəklərini deyir: "Xarici ölkələrdən düyü çox
alınır. Rayonun tələbatını isə tam ödəyə bilirik. Hazırda rayonda çəltik
istehsalı ilə məşğul olan 5 fabrik fəaliyyət göstərir”. Bu il təxminən 600
hektardan çox çəltik əkməyi planlaşdırdıqlarını deyən idarə rəisi suya olan
tələbatın ödənilməyəcəyindən narahatdır: "Pensər çayının üzərində yeni su
anbarının tikintisini həyata keçirilməsi üçün təklif vermişik. Hazırda su
idarəsi ilə birgə dağılmış su şəbəkələrini, kanalları bərpa edirik, magistral,
ara kanallar təmizlənir ki, artıq su itkisinə yol verilməsin”.
Rayonda sitrus meyvələrinin istehsalına da diqqət artıb. Keçən il 774 ha yaxın yeni sitrus
bağları salınıb ki, nəticədə sitrus meyvə bağlarının ümumi sahəsi 3116
hektardan çox olub. Sitrus bağlarından 39 min tondan çox məhsul yığılıb.
E.Abbasov məhsulların xaricə ixracı üçün qablaşdırmanın olmadığından
gileylənir: "Bizdə qablaşdırma yoxdur. Normal qablaşdırma olsa, xaricə
göndərməyə məhsulumuz boldur. Rusiya bazarlarına naringi, feyxoa, kinkan
problemsiz gedir. Bu il feyxoa Fransaya da göndərildi. Həmçinin Türkmənistana
10 ton dəfnə yarpağı göndərildi”. İdarə
rəisi bildirir ki, xaricə çıxmaq üçün tələb olunan sertifikatlar da var. Belə
ki, Astara çayı və düyüsü "Astaraçay”
tərəfindən sertifikat alıb, bir çox xarici sərgilərdə iştirak ediblər: "Almaniya,
Belarusla müqavilə bağlanılaraq mal göndərilib. Fransaya da nümunələr
göndərilib. Hazırda bu ölkələrdən təkliflər gözləyirik”. E.Abbasov qeyd edir
ki, məhsulların satışı üçün Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC ilə
əlaqə yaratmaq müşkül məsələdir: "Biz
tedaruk.gov.az saytına daxil ola bilmirik. Əlaqə yaradanda da "məhsulumuz bəs
qədər var” deyirlər. Bəlkə də onlar istilikxanalarla işləyirlər. Bizim mallar
qablaşdırılmadığı üçün ə bizlə işləməyə maraqlı deyillər”.
İdarə rəisi məhsulların saxlanması üçün anbarların çatışmadığını
bildirir. Hazırda Astarada iki soyuducu anbar tikilib ki, onlardan birinin
tikintisi yarımçıqdır, digəri isə tam gücü ilə işləsə belə, kifayət etmir.
"Həmin anbarda həm taxıl, həm də meyvə saxlamağa tam şərait var. Amma orada
saxlanılan məhsul baha başa gəldiyinə görə, vətəndaşlar bura meyl etmirlər.
Malın saxlanılması üçün qiymətlər çox bahadır. Amma bu il çəltik anbarı tam
doludur. "Astaraçay” və ayrı-ayrı fermerlər tərəfindən çəltikləri və buğdanı
orada saxlayırlar. Məhsul çox olduğuna görə, anbarlara ehtiyacımız var.
Gələcəkdə bir anbar bizə bəs etməyəcək. Anbarların sayı artsa rəqabət yaranar,
qiymətlər də aşağı düşər”. E.Abbasov bildirir ki, çəltik istehsalı və
qablaşdırılması üçün Ərçivan ərazisində 5 tonluq yeni dəyirman tikiləcək: "İstehsal sahələri və
məhsuldarlıq artdıqca onların realizə olunması üçün də müəyyən işlər
görülməlidir. Bu istiqamətdə addımlar atılır”.
Astaranın balı da
brendləşdiriləcək
Rayonda tərəvəzçiliyin də inkişaf etməkdə olduğunu deyən E.Abbasovun
sözlərinə görə, hazırda Şahağacı kəndində kələm yığımı başlayıb: "Yığılan
məhsul Bakı bazarlarında satılır. Hazırda arpa, yonca əkilib. Keçən il kartof
yaxşı məhsul verdi və Rusiya bazarlarına göndərildi. Gigiyenik, ekoloji
cəhətdən təmiz olan məhsullarımız var”. Əsas problem isə qablaşdırmanın olmamağıdır.
Qablaşdırma sexləri qurulsa, məhsullar "Astara brendi” adı altında göndərilsə,
yaxşı nailiyyətlər əldə edilər: "Bakıda fəaliyyət göstərən Yaşıl Bazar
Marketlər Şəbəkəsi ilə apardığımız danışıqlara görə, bu il malların
qablaşdırılması, satışı, xaricə çıxarılmasında bizə köməklik edəcəklər. Bu
fermerlərimiz üçün də rahat olar və onlar mallarını sata bilərlər. Bu il 44 ton
balı yarmarkaya göndərdik. Arıçılarımız yarmarkada iştirak etdilər. Balın
hamısı satılmasa da, tələbata uyğun olaraq, müəyyən hissəsi satıldı. Kənd
Təsərrüfatı Nazirliyi balın qablaşdırılması ilə bağlı Dünya Bankının xətti ilə
xüsusi sex tikəcək. Bal bu sexdə qablaşdırılacaq və "Astara brendi”adı ilə
xaricə çıxarılması nəzərdə tutulur.
Heyvandarlıq bilirsiniz ki, bizdə yaxşı inkişaf edib. Lizinq yolu ilə
də bizim camaatımız damazlıq heyvanlar alıb. 17 ədəd 50 başdan yuxarı heyvanı
olan fermalarımız var. 100-300 baş heyvanlar olan fermalarımız da mövcuddur”.
Rayonda baramaçılığın və heyvandarlığın inkişafı ilə bağlı da mühüm
işlər görülür. "Bütün işlərdə müsbət irəliləyişə nail olmuşuq” deyən kənd
təsərrüfatının rəhbərliyi qeyri neft sektoruna adekvat addımların atılmasını
ölkənin iqtisadi inkişafında mühüm amil hesab edir. "Məqsədimiz kənd
təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirmək, məhsuldarlığı artırmaq və
"Astara brendi”ni dünyaya tanıtmaqdır”.
Təranə Məhərrəmova
Rufik İsmayılov
Astara