• şənbə, 20 Aprel, 11:05
  • Baku Bakı 14°C

Astaranı dünyaya tanıdacaq brendlər - Fotolar

06.02.18 15:00 2516
Astaranı dünyaya tanıdacaq brendlər - Fotolar
Zəngin və əlverişli iqlim şəraitinə malik Astara kənd təsərrüfatı rayonu kimi torpağının bərəkəti, insanlarının əməksevərliyi ilə öyünə bilər. Rayonda kənd təsərrüfatının əsasını çayçılıq, tərəvəzçilik, sitrusçuluq, dənli-paxlalı bitkilər, taxılçılıq, heyvandarlıq, arıçılıq, balıqçılıq və digər sahələr təşkil edir. Rayonda hazırda 53 kəndli (fermer) təsərrüfatı vardır. Onlardan 6-sı çayçılıq, 21-i bitkiçilik, 20-si heyvandarlıq və 6-sı meyvəçilik üzrə ixtisaslaşıb. Rayonda əhalinin 80 faizi kənd təsərrüfatı ilə məşğul olur.
Ətirlidir, dadlıdır...
Astara rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov "Region” layihəsi çərçivəsində Astarada olarkən "Kaspi”yə müsahibəsində çayçılığın əsas prioritet sahələrdən biri olduğunu deməklə bərabər, bu sahənin inkişafı üçün dövlətin dəstəyinə ehtiyac olduğunu da söyləyir. Belə ki, rayon üçün ixtisaslaşmış sahələrdən olan çayçılığın inkişaf etdirilməsi ilə bağlı ciddi işlər görülür. Hazırda 345 hektar çay sahəsi mövcuddur. Ötən il 477 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilib. Qarşıdakı illərdə 1000 ha çay sahəsinin salınması üçün tədbirlər həyata keçirilir.

İdarə rəisinin dediyinə görə, mövcud 345 hektar sahənin hamısı məhsuldar deyil. Yalnız 195 hektarı məhsuldardır, qalanı isə cavan sahələrdir: "Keçən il quraqlıqla əlaqədar məhsuldarlıq aşağı düşdü. Çəltik sahələrinin artması ilə əlaqədar su problemi yarandıLovayın su anbarında da su azaldı. Hesab edirik ki, sovet dövründə tikintisi yarıda qalan Deqədi su anbarının bərpa olunması bu zonadakı çay sahələrinin suvarma problemini aradan qaldıracaq. Bununla bağlı təkliflər hazırlanıb və hökumətə təqdim olunub”. E.Abbasov bildirir ki, sovet dövründə rayonda mövcud olan 1450 hektar çay sahəsi torpaq islahatı həyata keçiriləndən və torpaqlar insanlara paylanandan sonra parçalanıb. Kəndlilər də həmin sahələrdən çayçılıq məqsədi ilə istifadə etməyiblər. Həmçinin fabriklər işləmədiyinə və kəndlilər çayı yığıb sata bilmədiklərinə görə, məcbur qalıb sahələrində bazara uyğun tərəvəzlər əkib, çayları qırıb əvəzində çəltik yetişdiriblər.
Həmçinin sahələrdə sitrus bağları salınıb."Keçid dövründə fabriklərin işləməməsi çayçılığa böyük ziyan vurdu. İndi həmin sahələri bərpa etmək çətindir. Çünki o sahələr ailələrə xırda ölçülərdə paylanıb. Bu gün sahibkarın 1 hektar yeri alıb əkməsi üçün külli miqdarda vəsait lazımdır. Torpaqların alqı-satqısı zamanı müəyyən güzəştlər də şamil edilməlidir. Notariat xərcləri, sənədlərin Əmlak Komitəsində rəsmiləşdirilməsi çoxlu vəsait tələb edir. Həm də torpaqlar vətəndaşdan alındığı təqdirdə, onun dəyəri, məbləği ödənilməli, hektara görə məbləğ tənzimlənməlidir. Bu cür problemlərlə bağlı təkliflərimizi hazırlayıb Prezident Aparatına təqdim etmişik. Bu sahələri inkişaf etdirmək istəyiriksə, bizə köməklik olunmalıdır. Çünki bir vətəndaşın 4 sotda çay əkib becərməsi mümkünsüzdür. Bu torpaqlar birləşməlidir, ancaq birləşməyə də heç kim razı olmur. Çünki külli miqdarda vəsait lazımdır”.
İdarə rəisi hesab edir ki, çayçılıq çətin sahə olduğundan və vəsait tələb etdiyindən, yalnız sahibkarlar, imkanlı adamlar bu sahəni inkişaf etdirə bilərlər: "Sahibkar da işə başlasa, çoxlu ərazi istəyəcək. Bəlkə dövlət tərəfindən uzunmüddətli kreditlər olsa, bu sahəni inkişaf etdirmək olar. Əkmək üçün kifayət qədər çay sahələrimiz var. Torpaq islahatı ilə bağlı insanlara paylanan köhnə sahələri müəyyənləşdirmişik. Həmin sahələr hazırda boşdur. Həmin çay plantasiyalarını alıb çayçılığı inkişaf etdirmək olar. Bu çay sahələrini əkmək, yenidən bərpa etmək üçün texnika, şitil lazımdır, o cümlədən suvarma şəbəkəsi qurulmalıdır”. Rayon ərazisində əsas çay sahələrinin "Astaraçay”a məxsus olduğunu deyən idarə rəisi rayonda istehsal gücü 3-4 ton olan çay fabrikinin qurulduğunu bildirir: ”Astaraçay” çayın istehsal və satışını özü təşkil edir, alman texnologiyası ilə qablaşdırır. Çay ilboyu deyil, əsasən 3-4 ay yığılır. Kijəbə, Şüvə ərazisində əhali öz plantasiyalarını qoruyub saxlayıblar və birgə təsərrüfat yaradıblar. Onlar çayı yığıb özləri emal edirlər”. Çay sahələrində və fabrikdə ümumilikdə 600-ə yaxın insan çalışır.
"Haşimi ”, "Sədri”, ”Xəzər”...
Son illər çəltik əkininin rentabelli olması, əhalinin bu sahəyə marağını daha da artırıb, nəticədə çəltik sahələri genişləndirilərək 447,5 hektara çatdırılıb. Bu da keçən illə müqayisədə 3 dəfə çoxdur. Keçən il sahələrdən 1797,95 ton məhsul yığılıb, orta məhsuldarlıq 40,3 sentner olub. Hazırda ekoloji cəhətdən çox təmiz olan Astara düyüsünün qiyməti növündən asılı olaraq 3-5 manat arasında dəyişir. "Çəltikçilik sahəsində problemlərimiz toxumla bağlıdır. Çünki biz xarici ölkələrdən toxum idxal edə bilmirik. Bu il Dövlət Reyestrinə məhsuldar sortların salınması ilə bağlı müraciət etmişik. Bizə İrandan "Haşimi” sortu gətirilir. Bu, çox keyfiyyətli düyüdür. Məhsuldarlığı da 4 tondan yuxarı olur. Həmçinin "Sədri”, "Şirazi”, "Xəzər”, "Okean” və sortlar da var. Köhnə sortların məhsuldarlığı yüksək olmadığı üçün əkilmir”. E.Abbasov istehsal olunan düyü ilə ölkənin tələbatını ödəyə bilməyəcəklərini deyir: "Xarici ölkələrdən düyü çox alınır. Rayonun tələbatını isə tam ödəyə bilirik. Hazırda rayonda çəltik istehsalı ilə məşğul olan 5 fabrik fəaliyyət göstərir”. Bu il təxminən 600 hektardan çox çəltik əkməyi planlaşdırdıqlarını deyən idarə rəisi suya olan tələbatın ödənilməyəcəyindən narahatdır: "Pensər çayının üzərində yeni su anbarının tikintisini həyata keçirilməsi üçün təklif vermişik. Hazırda su idarəsi ilə birgə dağılmış su şəbəkələrini, kanalları bərpa edirik, magistral, ara kanallar təmizlənir ki, artıq su itkisinə yol verilməsin”.

Rayonda sitrus meyvələrinin istehsalına da diqqət artıb. Keçən il 774 ha yaxın yeni sitrus bağları salınıb ki, nəticədə sitrus meyvə bağlarının ümumi sahəsi 3116 hektardan çox olub. Sitrus bağlarından 39 min tondan çox məhsul yığılıb. E.Abbasov məhsulların xaricə ixracı üçün qablaşdırmanın olmadığından gileylənir: "Bizdə qablaşdırma yoxdur. Normal qablaşdırma olsa, xaricə göndərməyə məhsulumuz boldur. Rusiya bazarlarına naringi, feyxoa, kinkan problemsiz gedir. Bu il feyxoa Fransaya da göndərildi. Həmçinin Türkmənistana 10 ton dəfnə yarpağı göndərildi”. İdarə rəisi bildirir ki, xaricə çıxmaq üçün tələb olunan sertifikatlar da var. Belə ki, Astara çayı və düyüsü "Astaraçay” tərəfindən sertifikat alıb, bir çox xarici sərgilərdə iştirak ediblər: "Almaniya, Belarusla müqavilə bağlanılaraq mal göndərilib. Fransaya da nümunələr göndərilib. Hazırda bu ölkələrdən təkliflər gözləyirik”. E.Abbasov qeyd edir ki, məhsulların satışı üçün Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC ilə əlaqə yaratmaq müşkül məsələdir: "Biz tedaruk.gov.az saytına daxil ola bilmirik. Əlaqə yaradanda da "məhsulumuz bəs qədər var” deyirlər. Bəlkə də onlar istilikxanalarla işləyirlər. Bizim mallar qablaşdırılmadığı üçün ə bizlə işləməyə maraqlı deyillər”.

İdarə rəisi məhsulların saxlanması üçün anbarların çatışmadığını bildirir. Hazırda Astarada iki soyuducu anbar tikilib ki, onlardan birinin tikintisi yarımçıqdır, digəri isə tam gücü ilə işləsə belə, kifayət etmir. "Həmin anbarda həm taxıl, həm də meyvə saxlamağa tam şərait var. Amma orada saxlanılan məhsul baha başa gəldiyinə görə, vətəndaşlar bura meyl etmirlər. Malın saxlanılması üçün qiymətlər çox bahadır. Amma bu il çəltik anbarı tam doludur. "Astaraçay” və ayrı-ayrı fermerlər tərəfindən çəltikləri və buğdanı orada saxlayırlar. Məhsul çox olduğuna görə, anbarlara ehtiyacımız var. Gələcəkdə bir anbar bizə bəs etməyəcək. Anbarların sayı artsa rəqabət yaranar, qiymətlər də aşağı düşər”. E.Abbasov bildirir ki, çəltik istehsalı və qablaşdırılması üçün Ərçivan ərazisində 5 tonluq yeni dəyirman tikiləcək: "İstehsal sahələri və məhsuldarlıq artdıqca onların realizə olunması üçün də müəyyən işlər görülməlidir. Bu istiqamətdə addımlar atılır”.
Astaranın balı da brendləşdiriləcək
Rayonda tərəvəzçiliyin də inkişaf etməkdə olduğunu deyən E.Abbasovun sözlərinə görə, hazırda Şahağacı kəndində kələm yığımı başlayıb: "Yığılan məhsul Bakı bazarlarında satılır. Hazırda arpa, yonca əkilib. Keçən il kartof yaxşı məhsul verdi və Rusiya bazarlarına göndərildi. Gigiyenik, ekoloji cəhətdən təmiz olan məhsullarımız var”. Əsas problem isə qablaşdırmanın olmamağıdır. Qablaşdırma sexləri qurulsa, məhsullar "Astara brendi” adı altında göndərilsə, yaxşı nailiyyətlər əldə edilər: "Bakıda fəaliyyət göstərən Yaşıl Bazar Marketlər Şəbəkəsi ilə apardığımız danışıqlara görə, bu il malların qablaşdırılması, satışı, xaricə çıxarılmasında bizə köməklik edəcəklər. Bu fermerlərimiz üçün də rahat olar və onlar mallarını sata bilərlər. Bu il 44 ton balı yarmarkaya göndərdik. Arıçılarımız yarmarkada iştirak etdilər. Balın hamısı satılmasa da, tələbata uyğun olaraq, müəyyən hissəsi satıldı. Kənd Təsərrüfatı Nazirliyi balın qablaşdırılması ilə bağlı Dünya Bankının xətti ilə xüsusi sex tikəcək. Bal bu sexdə qablaşdırılacaq və "Astara brendi”adı ilə xaricə çıxarılması nəzərdə tutulur.

Heyvandarlıq bilirsiniz ki, bizdə yaxşı inkişaf edib. Lizinq yolu ilə də bizim camaatımız damazlıq heyvanlar alıb. 17 ədəd 50 başdan yuxarı heyvanı olan fermalarımız var. 100-300 baş heyvanlar olan fermalarımız da mövcuddur”.
Rayonda baramaçılığın və heyvandarlığın inkişafı ilə bağlı da mühüm işlər görülür. "Bütün işlərdə müsbət irəliləyişə nail olmuşuq” deyən kənd təsərrüfatının rəhbərliyi qeyri neft sektoruna adekvat addımların atılmasını ölkənin iqtisadi inkişafında mühüm amil hesab edir. "Məqsədimiz kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirmək, məhsuldarlığı artırmaq və "Astara brendi”ni dünyaya tanıtmaqdır”.
Təranə Məhərrəmova
Rufik İsmayılov
Astara














banner

Oxşar Xəbərlər