“Astara” qəzetinin 85 illik yubileyi qeyd edilib
Astara Rayon Mədəniyyət Mərkəzində
Milli Mətbuat Günü ərəfəsində keçirilən tədbirin iştirakçıları əvvəlcə
ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini
ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və
mənalı ömür yolunu əks etdirən eksponatlar və şəkillərlə tanış olublar.
Yubiley tədbirində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni
səsləndirilib.
Tədbir iştirakçıları Astara rayonunun sosial-iqtisadi inkişafını
əks etdirən "Cənnətməkan Astara” video-çarxa baxıblar.
Toplantıda çıxış edən "Astara” qəzetinin baş redaktoru Fəridə
Ağazadə bildirib ki, 1932-ci ildə "Ostoro kolxozçi” adı ilə nəşrə başlanan
qəzet 1939-cu ildən "Kolxoz tribunası”, 1965-ci ilin avqust ayından "Sovet
Astarası” adları ilə işıq üzü görüb, Azərbayan öz müstəqilliyinə yenidən
qovuşduqdan sonra-1991-ci ilin oktyabr ayından "Astara” adı ilə fəaliyyətini
davam etdirir.
Qeyd olunub ki, 85 illik fəaliyyəti dövründə "Astara” qəzeti
rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş vermiş
hadisələri, yenilikləri oxuculara çatdırmaqla rayonun bu dövrə aid səlnaməsini
yaradıb.
Mərasimdə çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının
müavini Qızbəs Məmmədova, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli,
Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad
Məcid, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli, Azərbaycanın
Misirdəki diasporunun rəhbəri, tədqiqatçı-alim, "Tərəqqi” medallı Seymur
Nəsirov və başqaları "Astara qəzetinin əməkdaşlarını nəşrin 85 illik yubileyi
münasibətilə təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb, ölkəmizdə
mətbuatın inkişafına göstərilən dövlət dəstəyinin əhəmiyyətini yüksək
dəyərlənləndiriblər.
Tədbirdə "Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadəyə Mətbuat
Şurasının diplomu və Azərbaycan Bilik Fondunun təşəkkürnaməsi, qəzetin
əməkdaşlarından bir qrupuna isə rayon icra hakimiyyətinin, Azərbaycan
Ziyalılarının Demokratik İttifaqı Astara rayon təşkilatının fəxri-fərmanları,
hədiyyələr təqdim edilib.
Yubiley tədbiri rayon mədəniyyət mərkəzinin "Sevinc” ansamblının
ifasında konsert proqramı ilə davam edib.