• cümə, 19 Aprel, 21:45
  • Baku Bakı 24°C

Astananın dünyaya verdiyi mesaj

19.02.18 18:51 594
Astananın dünyaya verdiyi mesaj
Bu günlərdə BMT Təhlükəsizlik Şurasının sədri postunda növbəti rotasıya oldu. Qazaxıstan bir ay boyunca rəhbərlik etdiyi və planetin ən mötəbər beynəlxalq təşkilatı hesab edilən BMT Təhlükəsizlik Şurasındakı yerini Küveytə həvalə etdi. Beynəlxalq analitiklər belə hesab edirlər ki, Qazaxıstanın təşkilata rəhbərlik etdiyi ötən bir ay müddətində gördüyü işlər, bir sıra ölkələrin illərlə bu qurumda gördüklərindən daha çox olub.
2018-ci ilin yanvar ayı beynəlxalq münasibətlərdə ən gərgin bir ay kimi tarixdə qalacaq. Beynəlxalq ekspertlər belə hesab edirlər ki, bu fikri ən azından son bir neçə il üçün söyləmək doğru olardı. Yeni il başlar-başlamaz tam dörd həftə boyunca ABŞ ilə Rusiya arasındakı soyuq münasibətlərin hərarəti daha da aşağı enməyə başladı. Bu, nəticə etibarı ilə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə gətirib çıxardı. Bundan əlavə, Əfqanıstanda son bir neçə ilin ən qanlı silsilə terror hadisələri baş verdi. Yaxın Şərqdə vəziyyət yenidən gərginləşdi - Türkiyə Suriyada kürd silahlı qruplaşmalarına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladı. Koreya yarımadasında isə Qış Olimpiya Oyunlarının başlaması fonunda Seul ilə Pxenyan arasında yenicə isinməyə başlamış münasibətlərə KXDR-nın nüvə təhlükəsi yeni çalarlar qatdı, bu? eyni zamanda qlobal təhdidə çevrildi. Ekspertlərin fikrincə? Qazaxıstan BMT TŞ-nın sədri kimi bütün bu mövzuları heç də diqqətdən kənarda saxlamayıb. Belə ki, təkcə Yaxın Şərqdəki vəziyyətlə bağlı TŞ-də dörd iclas təşkil olunub. Ümumilikdə isə ötən ayda BMT TŞ-nın üzvləri 20 dəfə dəyirmi masa ətrafında toplaşıblar. Hər toplantıda dünya ictimaiyyətini narahat edən əsas məsələlər - Yaxın Şərqdə baş verən terror təhlükəsinin bütün dünya ölkələri üçün təhdidə çevrilməsindən tutmuş, Koreya yarımadasında kütləvi qırğın silahlarının yayılması təhlükəsinin ən böhranlı nöqtəyə gəlib çatmasınadək olan bütün məsələlər geniş müzakirə olunub. Bir qayda olaraq, dünyada baş verən bütün hadisələr heç də həmişə BMT TŞ-nin gündəliyinə daxil edilmir. Bu, daha çox TŞ üzvlərinin, ya da ki, onun sədrinin ixtiyarına buraxılır. Son vaxtlar isə BMT TŞ daha çox təşkilata üzv olan ayrı-ayrı dövlətlər arasındakı münasibətlərin aydınlaşdırıldığı meydançaya çevrilib. Məhz elə bunlar da adətən TŞ-nin gündəliyini müəyyənləşdirib.
Beynəlxalq analitiklər belə hesab edirlər ki, Qazaxıstanın sədrliyi dövründə dünyanı narahat edən bütün təhdid və risklər TŞ-də müzakirəyə çıxarılıb və ikitərəfli qaydada həll edilə bilinməyən məsələlərin həllinə cəhd göstərilib. O cümlədən, Əfqanıstan məsələsi də. Əvvəllər bunun regional bir məsələ olduğu düşünülürdü. Əgər xatırlayırsınızsa, son illər Əfqanıstanda yetişdirilən narkotiklər uzun və gizlin yollarla Avropadan tutmuş uzaq Amerika ölkələrinin qara bazarlarına daşınırdı . Digər tərəfdən isə Əfqanıstan nəinki narkotiklərin, həm də terrorizmin yuvası kimi də tanınır. Eləcə də, Yaxın Şərq problemi də ümumbəşəri problemə çevrilmişdi.
Yeri gəlmişkən, ekspertlərin sözlərinə görə, 2000-ci ildən sonra dünyada terror hadisələrinin sayı 10 dəfədən çox artıb. Təkcə 2016-cı ildə dünyanın yarıdan çoxunda -104 ölkədə terror hadisələri baş vermişdir. Ötən il ərzində demək olar ki, dünyanın bütün aparıcı TV və xəbər saytlarında Əfqanıstanla bağlı hər gün xəbərlər yer alıb. Bölgədə elan olunmamış müharibə, siyasi qarşıdurmalar, sürətlə silahlanma yola saldığımız ildə dünya gündəmini zəbt edib. Bundan əlavə Suriya və İraqdan sıxışdırılan İŞİD terrorçularının Əfqanıstanda özlərinə məskən salmaları narahatçılığı daha da artırıb. Məhz bu səbəbdən də Qazaxıstan sədrliyi dövründə Əfqanıstanla bağlı Təhlükəsizlik Şurasında ayrıca bir iclas təşkil edib. Beynəlxalq analitiklər belə qənaətdədirlər ki, bununla da rəsmi Astana Əfqanıstan probleminin həllinə dünya dövlətlərinin diqqətini cəlb edə bilib. Belə ki, 2010-cu ildən bəri ilk dəfədir ki, BMT TŞ üzv dövlətlərin nümayəndələri Əfqanıstana səfər ediblər. TŞ-yə üzv olan 15 dövləti təmsil edən diplomatlar yanvarın 13-dən 15-dək Kabul şəhərində səfərdə olublar. Səfərdə əsas məqsəd isə ölkədə yaranmış vəziyyətlə yerindəcə tanış olmaq, eləcə də həlli vacib olan məsələlərə dair təcili tədbirlər görməkdən ibarət olub.
Analitiklərin sözlərinə görə, Qazaxıstanın BMT TŞ-yə sədrlik etdiyi müddətdə, gündəmdə saxladığı əsas məsələlərdən biri də kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması məsələsi olub. Bu məsələ də bu gün planetimiz üçün çox aktual bir məsələdir. Axı bir sıra dövlətlər var ki, malik olduqları nüvə silahı arsenalı və əllərində "qırmızı düymə” saxlamaları ilə öyünməkdədirlər! Digər bir qisim dövlətlər isə bu prosesi adı bir hal kimi seyr etməkdə davam edirlər. Onlar bəlkə də belə hesab edirlər ki, nüvə silahlarının bir gün işə düşə biləcəyi hazırkı vəziyyətdə real görünmür. Yox, amma bu, heç də belə deyil. Nüvə təhlükəsinin nə olduğunu yalnız o ölkələr bilə bilər ki, nə vaxtsa o faciəni yaşayıblar, bunun hansı dağıntılara və insan tələfatına gətirib çıxara bilməsindən xəbərdardırlar. Amma dünya hələ də bunu anlamaq istəmir. Həmin o "qırmızı düymə” hələ də ölkənin qüdrət simvolu və mübahisələr zamanı əsas arqument olaraq qalmaqdadır. Odur ki, bir sıra ölkələr vardır ki, nüvə dövlətlərindən nümunə götürərək, həmin qüdrətə malik olmaq üçün kütləvi qırğın silahlarını əldə etməyə can atırlar.
Ekspertlərin sözlərinə görə, hazırda elə nüvə dövlətləri vardır ki, onlar dünya ölkələrini demilitarizasiyaya səsləsələr də, özləri hələ də belə bir addımı atmağa, kütləvi ölümsaçan arsenaldan imtina etməyə tələsmirlər. Əgər bu çağırışı səsləndirən dövlətlər özləri buna riayət etmirlərsə, bəs onda onlara kim inanacaq?
Analitiklər belə hesab edirlər ki, burada əsas məsələ dünya ölkələrinin malik olduqları kütləvi qırğın silahlarının sayının çox olmasında, yaxud yayılma coğrafiyasında deyil. Əsas fakt odur ki, bu gün bu silahlar mövcuddurlar və onlar artmaqda davam edirlər. Və onlar heç də həmişə düzgün mühafizə olunmurlar. Qazaxıstan prezidenti Nursultan Nazarbayev BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı haqlı olaraq qeyd edib ki, kütləvi qırğın silahlarına malik olan ölkələrin sayı artdıqca, həmin silahların terrorçuların əlinə keçməsi riski də çoxalır. Axı real qatillərlə həmişə dil tapmaq mümkün deyil. Onlar üçün kütləvi qırğın silahları, adı silahlarla uduzduqları mübarizədə revanş əldə etmək deməkdir! Bu zaman günahsız axıdılan qanlar üçün kim cavabdehlik daşıyacaq? Odur ki, statusundan asılı olmayaraq bütün dövlətlər nüvə arsenalını minimumadək azaltmalıdırlar! Başqa sözlə, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması bu gün insan cəmiyyətinin yaşaması deməkdir. Və rəsmi Astana da yüksək tribunadan istifadə edərək dünyaya həmin mesajı verib.
Ekspertlər belə hesab edirlər ki, bu, heç də Qazaxıstanın xarici siyasətindən irəli gələn adi bir çağırış deyildi, əksinə, kütləvi qırğın silahlarının qarşısının alınması üçün düşünülmüş bir plan idi. Belə ki, Nursultan Nazarbayev çıxışı zamanı kütləvi qırğın silahlarının əldə edilməsi və yayılmasının qarşısının alınması üçün real cəza mexanizmlərin hazırlanması təklifini irəli sürüb. Bunların sırasında ölkələrin nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair Müqavilədən çıxması şərtlərinin daha da sərtləşdirilməsi də yer alıb. Analitiklərin fikrincə, hələlik sözügedən Müqavilənin elə də böyük bir rolu olmasa da, hər halda, dünyada sülhün bərqərar olmasında əhəmiyyəti danılmazdır, nüvə arsenalına malik dövlətlər onunla hesablaşmağa məcburdurlar. Odur ki, Müqavilənin həqiqətən də işlək bir mexanizmə çevrilməsi üçün Qazaxıstan təklif edir ki, dövlətlər ilk növbədə danışıqlar masasına oturmalı və bir-birinə etibar etməyi bacarmalıdırlar. Bax, budur əsas məsələ! Etibar etmək - bu gün beynəlxalq münasibətlərdə çatışmayan da məhz budur! Məhz dövlətlər bir-birinə etibar etməklə dünyanı böhrandan və münaqişələrdən xilas edə bilərlər. Məhz bu yolla kütləvi qırğın silahlarını dünyada lazımsız və gərəksiz bir alətə çevirmək mümkündür. Dünyada söz sahibi olan dövlətə çevrilmək üçün heç də bu kimi silahlara malik olmaq vacib deyildir. Analitiklərin fikrincə, bunu Qazaxıstan elə öz təcrübəsi ilə də isbatlamış olub. Doğrudur, bir qisim insanlar da vardır ki, onlar dövlətlərin BMT Təhlükəsiz Şurasına sədrlik etməsini formal bir hadisə kimi dəyərləndirirlər. Amma beynəlxalq analitiklərin fikrincə, Qazaxıstanın təcrübəsi bunun əksini isbatladı. Quruma sədrlik etdiyi bir ay müddətində Təhlükəsizlik Şurasının iclasları mübahisəsiz keçirilib, gündəlikdə olan bütün qətnamələr yekdilliklə qəbul edilib. Bir sözlə, Qazaxıstan üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirib. İndi planetimizin və cəmiyyətin təhlükəsizliyinin keşiyində durmağın növbəsi digərlərindədir. Onların bu missiyanı necə həyata keçirəcəyini isə zaman göstərəcək.

Kamran
banner

Oxşar Xəbərlər