• cümə, 19 Aprel, 04:22
  • Baku Bakı 18°C

Astanada Xəzərin statusunu müəyyənləşdirmək mümkün olacaqmı?

02.10.14 13:02 1686
Astanada Xəzərin statusunu müəyyənləşdirmək mümkün olacaqmı?
Sentyabrın 29-da Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitinin baş tutduğu haqda xəbər vermişdik. Sammitdə çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib ki, Xəzər dənizi və onun sərvətləri bütün Xəzəryanı ölkələr üçün strateji mirasdır və onu qorumaq, artırmaq gələcək nəsillərin qarşısında ortaq məsuliyyətdir. O həmçinin Həştərxan sammitinin iştirakçılarının birgə siyasi bəyanata razı olduqlarını, ilk dəfə olaraq Xəzərin hüquqi statusu barədə gələcək razılaşmaların orada əksini tapdığını deyib. Onu da deyib ki, ölkələrin əməkdaşlığı regional təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edəcək. Qeyd edək ki, bu fikirlər ölkəmizdə birmənalı qarşılanmayıb.
Bu mövzuda fikirlərini bizimlə bölüşən politoloq Rasim Musabəyov dedi ki, sammiti ölkəmiz üçün uğurlu hesab etmək olar: “Dövlət başçıları da, Azərbaycan Xarici İşlər Nazirliyi də sammiti, danışıqları müsbət qiymətləndirirlər. Çünki kifayət qədər vacib məsələlərlə bağlı razılıqlar əldə olunub və sənədlər imzalanıb. Qeyd olunub ki, hər tərəfin 15 mil məsafədə dəniz məkanının suverenliyi və əlavə 10 mil məsafədə də bioloji resursların hasilatı hüququ təsdiqlənir. Doğrudur, Xəzərin statusu ilə bağlı razılaşma imzalanmayıb. Amma dövlət başçılarının bəyanatında bu məsələdə müəyyən razılaşmalar əldə edildiyi, yaxın zamanlarda nəticə olacağı nəzərə çatdırılır. 2016-cı il Qazaxıstanda konvensiyanın imzalanması üçün şərait yaradılması da çox vacib məqamdır”.
R.Musabəyovun fikrincə, İranın mövqeyində dəyişiklik müşahidə olunmur: “Onlar Sovetlər dönəmində mövcud olan sərhədi istəyirlər. Bilirsiniz ki, o zaman Astara-Həsənqulu xətti SSRİ ilə İran arasında Xəzər dənizində sərhəd hesab olunurdu. Yəni, bu xətt İranın Xəzərdəki payını müəyyən edirdi. İran onu da əldə etmək istəyir, üstəlik daha böyük ərazilərə iddia edir. İstəyir ki, ona müəyyən olunan ərazidən artıq verilsin və hamı buna razı olsun. Təəssüf ki, bu ölkə digər Xəzər ölkələrinin payına göz dikir. Bu isə mümkün deyil. Adama deyərlər, payın 10 faizdirsə, onunla razılaş və qalan məsələlərə müdaxilə etmə, digər məqamları 4 keçmiş sovet respublikaları öz arasında həll edər. Əgər İran ümumi qaydalara razılaşarsa, onda Astara-Həsənqulu sərhədinə iddiasından əl çəkməlidir. Bütün hallarda, iki istəyindən birini kənara qoymalıdır. Düşünürəm ki, onlar Qazaxıstandakı sammitə qədər məsələləri ətraflı götür-qoy edəcək, konkret və müəyyənləşdirilmiş mövqe ortaya qoyacaqlar. Çünki İran Xəzərin dibinin bölüşdürülməsi məsələsində də daha artığına iddia edir”.
Politoloq Natiq Miri də Həştərxan sammiti haqda yüksək fikirdə deyil. Çünki nəticəyə baxanda görünür ki, orada elə də ciddi sənədlər qəbul olunmadı: “Əsasən, Xəzər dənizində balıqçılıq, dənizin çirklənməsi, ekoloji və s məqamlarla bağlı anlaşma əldə olundu. Əsas məsələ Xəzərin statusunun həlli məsələsidir ki, bu da sanki düyünə düşüb. Müəyyən fikirlər səsləndirirlər ki, bəlkə də Astana sammitində status məsələsi razılaşdırılacaq. Açığı, heç o görüşə də optimist yanaşmıram. Fikir verin, Rusiya əvvəllər Xəzərin bölüşdürülməsi məsələsinə tərəfdar idi. İndi isə İranla eyni mövqedən çıxış edir və statusun müəyyənləşdirilməsinin əleyhinə gedir. Məncə, səbəb aydındır. Rusiya birmənalı olaraq, Xəzərdə hegemonluğunu saxlamaq, hətta artırmaq istəyir. O ki qaldı İranın mövqeyinə, o, Xəzərin göl statusunda bölüşdürülməsini istəyir. Çünki belə olarsa, Xəzər bərabər hissələrə bölünəcək və hərəyə 20 faiz düşəcək. Ancaq beynəlxalq hüquqa əsasən, Xəzər dəniz kimi bölüşdürülərsə, onda dövlətlərin sahil xətti əsas götürüləcək”.
N.Miri hesab edir ki, regionda geosiyasi məsələlər həll olunmadığına görə Rusiya bu mövzunun yekunlaşmasında maraqlı deyil: “Məncə, Rusiya və İranın arzuladığı yeganə sənəd Xəzəryanı dövlətlərin dənizdə xarici qüvvələrin yerləşməsinə icazə verməmələri idi ki, bunu da əldə etdilər. Təbii ki, bu məqam birbaşa Rusiya və İranın təhlükəsizlik məsələsinə xidmət edir. NATO-nun Xəzərə buraxılmamasını hər iki dövlətin nailiyyəti saymaq olar. Bu gün Qərb-Rusiya qarşıdurması davam edir. Bu səbəbdən də Rusiya Xəzərin bölünməsini istəmir. Əgər bölgü olarsa, Rusiya Xəzərdə yeganə dominant qüvvə olmayacaq. Bu, Rusiyaya sərf etmir. Məlumdur ki, hazırda Xəzərdə ən böyük donanma Rusiyaya məxsusdur və status təyin edilərsə, monopoliya avtomatik olaraq aradan götürüləcək. Bütün bu və digər məqamları nəzərə alıb Xəzərin statusu məsələsinin Astanada da həllini tapmayacağını düşünürəm. Çünki İran da mövqeyini dəyişmək niyyətində deyil. Türkmənistanın da mövqeyi İrana yaxındır. Xəzərin dibinin bölüşdürülməsi də real görünmür. Bilirsiniz ki, Qərb Xəzərin dibi ilə enerji daşınmasını təmin etmək istəyir. Rusiya aşkar şəkildə buna qarşıdır və İran da bunda maraqlı deyil”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər