• cümə, 26 Aprel, 01:18
  • Baku Bakı 16°C

Astana və Bişkek barışdı

05.12.17 10:00 1598
Astana və Bişkek barışdı
Astana və Bişkek arasında gərginlik aradan qalxıb – bazar günü qazax sərhədçiləri sərhəddə iki ay davam edən sərt nəzarət qaydalarına son qoyaraq adi rejimə dönüblər. Dərhal da nəticə özünü göstərib - sərhəddən hərəkət iki, hətta üç dəfə artıb. Sərhəd nəzarətinin yumşaldılması barədə razılıq yeni prezident Soorobay Jeenbekovun inauqurasiyasından cəmi bir həftə sonra baş tutub. Siyasi gərginliyə səbəb olan şəxs ortada olmasa da, hər halda, Bişkek Astananın iqtisadi tələblərini yerinə yetirməli olacaq. Hazırda qazax tərəfi sərhəd-buraxılış məntəqəsindən bir saat ərzində 20 nəqliyyat vasitəsi buraxır. Halbuki, əvvəl bu rəqəm 7 idi. Əksər ekspertlərin gəldiyi qənaət budur ki, hər iki ölkədən olan insanların saatlarla növbədə dayanmasına, maliyyə və vaxt itkisinə gətirib çıxaran münaqişənin əsas səbəbi Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş qırğız həmkarı Almazbek Atambayevdən incik düşməsi olub. N. Nazarbayev Qırğızıstanda seçki kampaniyası zamanı müxalif namizəd Omurbek Babanovu qəbul etmiş, hətta demişdi ki, qırğızlara yeni, gənc prezident gərəkdir. Atambayev də bu sözləri narazılıqla qarşılamış və bunu qonşu ölkənin daxili işlərinə qarışmaq cəhdi kimi qəbul etmişdi.
Buna baxmayaraq, Qazaxıstanın Qırğızıstanla sərhəddə yerləşən Korday kəndində hərbçilərin nəzarət etdiyi blokpostlar hələ qalır. Hərbçilərin burada 10 oktyabrdan post qurduğu bildirilib. Sosial şəbəkələrdə isə bu hal Qazaxıstanın Qırğızıstanla sərhədə ordu yeritdiyi kimi qarşılanmışdı. İki ölkə arasındakı başqa bir mübahisə uzunluğu 1240 km. təşkil edən dövlət sərhədləri ilə bağlıdır. Tərəflər hələ 2011-ci ildə bununla bağlı saziş imzalasalar da, sənəd masa üzərində qalıb. 2015-ci ilin avqustunda isə belə bir təəssürat yarandı ki, Nazarbayev və Atambayev köhnə inciklikləri unudub və barışıblar. İşgüzar səfərlə Qırğızıstanda olan Qazaxıstan lideri, Atambayevlə birlikdə Qırğızıstan-Qazaxıstan dövlət sərhədində gömrük nəzarətinin ləğv edilməsi münasibətilə təntənəli mərasimə də qatılmışdı. İki ölkənin liderləri o vaxt uca dağlarda İssık-Kul gölünün sahilində birbaşa telekörpü rejimində sərhədləri açmaq komandası da vermişdilər. Lakin Qırğızıstandakı seçki dövründə münasibətlər gərginliyə doğru dəyişdi.
Beləliklə, vəziyyət necə sürətlə pisləşməyə doğru temp götürmüşdüsə, indi elə o templə də normallaşmağa doğru gedir. İki ölkənin prezidentləri noyabrın 30-da Minskdə görüşüb barışıq barədə "yol xəritəsi”ni müzakirə ediblər. Həmin sənədə dekabrın 2-də Astanada iki ölkənin hökumət başçıları tərəfindən imza atılıb. Burada Avrasiya İqtisadi İttifaqı xaricində sərhədlərdə gömrük, vergi, baytarlıq, fitosanitar və sanitar-epidomoloji nəzarətin həyata keçirilməsi üzrə 50 bənd nəzərdə tutulur. Lakin tərəflər görünür, onların icrasını gözləməyərək sərhəddə gücləndirilmiş nəzarət sistemini yumşaltmaq qərarına gəliblər. "Bu, Qırğızıstan üçün hələ ki, avansdır”,- deyə Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov bildirib. Onun qənaətincə, hakimiyyət orqanları müvafiq laboratoriya və gömrük infrastrukturu quraşdırmaq üçün yollar aramalıdırlar. Bundan əlavə, Bişkek Astananın təklif etdiyi 100 mln. dolları da alacaq. Qazaxıstanlı politoloq Dosım Satpayev isə hesab edir ki, sərhədlərin açılması problemin həlli deyil, sadəcə Astananın siyasi iradə nümayişi göstərməsi deməkdir. O, bununla yanaşı, baş verənlərdən Astananın da zərər çəkdiyinin etiraf edib. Bişkekdə fəaliyyət göstərən siyasi analitik Valentin Boqatıryov isə hesab edir ki, problemin tez bir zamanda həlli onu göstərir ki, münaqişə Nazarbayev və Atambayev arasında olan şəxsi ədavət olub.
Beləliklə, təqdirəlayiq hal odur ki, iki türk dövləti arasında münasibətlər gərginliyə doğru istiqamət götürmədi və tərəflər məsələni danışıqlar stolu arxasında həll etdilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər