AZE | RUS | ENG |


Astana-Bişkek münasibətləri kritik həddə yüksəldi

Astana-Bişkek münasibətləri kritik həddə yüksəldi
Atambayev qazax həmkarını kəskin şəkildə ittiham etdi

Qırğızıstan prezidenti Almazbek Atambayev növbəti dəfə qonşu Qazaxıstanın ünvanına sərt və ağır ittihamlar səsləndirib. Ziyalıların təltif olunması mərasimində çıxış edən dövlət başçısı əvvəlcə oktyabrın 15-nə nəzərdə tutulan seçkilərin şəffaf keçiriləcəyini və qonşu dövlətlərin ona müdaxilə etməsinə imkan verilməyəcəyini bəyan edib. Sonra isə Qazaxıstan lideri Nursultan Nazarbayevin ünvanına sərt ittihamlar yağdırıb. 

Atambayevin sözlərinə görə, Qazaxıstan öz namizədinin qalib gəlməsinə çalışır. Söhbət keçmiş baş nazir Omurbek Babanovdan gedir. Son rəy sorğularının nəticələrinə görə, o, hakimiyyətin namizədi Sooronbay Jeenbekovu üstələyir. Qırğızıstan prezidenti onu da deyib ki, Astana ölkədən qovulan keçmiş qırğız prezidenti Kurmanbek Bakiyevi isti qarşılayıb və onu hələ Qazaxıstanda öz bayramlarına da çağırırlar. "Mən hətta Qazaxıstanın ən yüksək rütbəli şəxslərindən dəfələrlə eşitmişəm ki, Bakiyevlər düz eləyib insanları güllələyiblər. Soyadları deməyəcəyəm. Bakiyevləri ona görə dəstəkləyirlər ki, biz qazax xalqına pis nümunə oluruq. Nursultan Abışeviç düz deyir ki, hətta Almatının ÜDM-i Qırğızıstanın ÜDM-indən beş dəfə çoxdur. Qazaxıstanın ÜDM-i Qırğızıstanın ÜDM-indən 20 dəfə çoxdur. Və Qazaxıstan vətəndaşına düşən orta illik gəlir Qırğızıstandakından 10 dəfə çoxdur. Onda nəyə görə Qazaxıstanda pensiyalar Qırğızıstandan 10 dəfə yox, cəmi 1,5 dəfə çoxdur? Ona görə ki, Qazaxıstanın sərvətlərini oğurlayırlar. Bu gəlirlər Qazaxıstan xalqına gedib çatmır. Və biz onlara pis nümunə oluruq. Atambayev onlara pis nümunədir. Çünki ədalətli hakimiyyət nümunəsi ortaya qoyur. Bizim qonşu vilayətdə, Talasda heç də Qazaxıstandan pis yaşamırlar. Əgər biz adambaşına 10 dəfə çox gəlir əldə etsəydik, pensiyalar da 10 dəfə çox olardı. Çünki mənim hakimiyyətimdə Utemuratov kimi oliqarxlar (Bulat Utemuratov) olmayacaqdı, hansı ki, bizim babanovlar, sariyevlər və digərləri gedib qarşısında diz çökür”, - deyə bəyan edib. Postunu tərk etməyə hazırlaşan Atambayev əlavə edib ki, Babanov Bakiyevin adamıdır. 

Atambayev xüsusilə Nazarbayevin "Qırğızıstana gənc lider gərəkdir” sözlərini qabardıb. Və bu sözlər də məhz Babanovla görüşdə səslənib. "Lakin ən yaşlı namizəd belə Nazarbayevdən 20 yaş cavandır, mən isə 16 yaş. İndi baxın gənc prezident kimə daha çox lazımdır - bizə, yoxsa Qazaxıstana?”- deyə Atambayev sual edib. Qırğızıstan prezidenti daha sonra Qazaxıstanı xəbərdar edib – "Əgər bizim qonşularımız ayılmasalar, səhvlərini etiraf etməsələr, mən başqa cür danışacam”. Halbuki, vaxt var idi Atambayev qazax liderinin ünvanına komplimentlərini əsirgəmirdi. Qırğız prezidentin qalmaqallı bəyanatı cəmiyyətdə birmənalı qarşılanmayıb. Həmin tədbirdə olanlar bu çıxışı alqışlarla qarşılasalar da, digərləri onun çıxışının yolverilməz olduğunu deyir və məhz onu seçkilərdə vəziyyəti gərginləşdirən əsas faktor adlandırırlar. Qazaxıstanda isə reaksiya birmənalıdır. 

O ki qaldı cəmiyyətdə daha çox danışılan namizədlərin reytinqinə - bütövlükdə onlar şərtidir. Belə ki, bununla bağlı ölkədə ciddi tədqiqatlar aparılmır. Yəni, Qırğızıstanda Levada-Mərkəz, Ümumrusiya İctimai Rəyin Öryənilməsi Mərkəzi kimi xidmətlər mövcud deyil. Lakin Jeenbekovun geridə qaldığı sosioloji sorğularsız da bəllidir. "Atambayevin bəyanatı təşvişdən xəbər verir. Babanovun qələbəsi reallaşarsa, onda Atambayev özünün təhlükəsizliyi məsələsində təminatçısız qalacaq. Əgər bu məsələ ilə bağlı Babanovla danışıqlar aparılsa və ona belə bir vəd verilsə belə, Atambayev ona etibar etmir”, - deyə ekspert vurğulayıb. Bütün bunlarla yanaşı, əksəriyyət hesab edir ki, hazırda əsas məsələ Kremlin namizədlərdən kimə dəstək verəcəyidir. Bəzi ehtimallara görə, Moskva Atambayevin namizədini dəstəkləmir. Öz növbəsində Qazaxıstan Xarici İşlər Nazirliyi Atambayevin ittihamlarını rədd edərək, bunun dost iki ölkə arasında münasibətlərdə yolverilməz olduğunu bəyan edib. Qazaxıstan tərəfinin xarici siyasət idarəsi cavab notasında bəyan edib ki, Babanovdan əvvəl Qazaxıstan prezidenti hakimiyyətin namizədi Sooronbay Jeenbekovla də görüşüb. "Necə olur, bu görüş Qırğızıstanın daxili işlərinə qarışmaq, hətta qardaş ölkədə proseslərə müdaxilə kimi qiymətləndirilmir?”, - deyə bəyanatda vurğulanır. 

Bütün aparıcı ekspertlər bu tip bəyanatların yolverilməz olduğunu bildiriblər. Politoloq Erlan Karin bildirib ki, qazax diplomatiyası hər zaman dəqiqliyi ilə seçilib və etikanı gözləyib. "Lakin bütün bunları analiz etdikdə görürük ki, qırğız prezidentinin aparatı qazax faktorundan hakimiyyət namizədinin xeyrinə yararlanmağa çalışır. Bu isə mənfi haldır, siyasi texnoloqlar məqsədlərinə çatmaq üçün hətta dövlətlərarası münasibətləri belə qurban verməyə hazırdırlar” - deyə politoloq vurğulayıb. Risklərin qiymətləndirilməsi qrupunun direktoru Dosım Satpayevın qənaətincə, Atambayevin cürəti tək seçkiqabağı vəziyyətlə bağlı deyil, həm də iki digər məsələ ilə bağlıdır. "Birincisi, Mərkəzi Asiya patriarxlarının dövrünün başa çatmasına inamın güclü olmasındadır. Bişkekdə səbirsizliklə Özbəkistandan sonra Qazaxıstanda liderin dəyişəcəyini gözləyirlər. İkinci məsələ odur ki, Atambayevin çıxışı ondan xəbər verir ki, regionda artıq növbəti "böyük qardaş” gözləmirlər. Məsələ təkcə seçkiqabağı kampaniyada deyil. Bişkekin incikliyi artıq çoxdan yaranıb. Astanaya qarşı ilk irad ölkə Avrasiya İqtisadi İttifaqına üzv qəbul olan vaxt başlayıb. Bişkek hesab edirdi ki, Astana onun quruma üzv qəbul olmaması üçün süni maneələr yaradır”, - deyə politoloq vurğulayıb. Hətta Astananın Bişkekə ayırdığı 100 mln.dollar yardım belə yaranan çatları bərpa etmədi. 

Son məlumatlara görə, Qırğızıstan prezidenti MDB dövlət başçılarının Soçidəki görüşünə getməkdən imtina edib. Bu barədə informasiyanı Qırğızıstan prezidentinin mətbuat xidməti yayıb. Səfərin ləğvinə səbəb kimi ölkədə dövlət çevrilişi cəhdinin olma ehtimalı göstərilib. Qeyd edək ki, Atambayevin səfəri 10-11 oktyabr tarixlərində baş tutmalı idi. Bundan öncə Qırğızıstanda kütləvi iğtişaşların təşkili və dövlət çevrilişinə cəhd ittihamı ilə deputat Kanatbek İsayevə cinayət işi açılıb və o, həbs edilib. O, ölkənin ana müxalifəti olan Ata Yurd Partiyasının namizədi Omurbek Babanovun ən yaxın dəstəkçilərindən sayılır. 
 
Azər NURİYEV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN