• cümə axşamı, 28 mart, 21:35
  • Baku Bakı 13°C

Assosiasiya çərçivəsi Azərbaycanın və AB-nin ehtiyaclarını əks etdirmir

29.04.14 17:51 1155
Assosiasiya çərçivəsi Azərbaycanın və AB-nin ehtiyaclarını əks etdirmir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad Qrupu – “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxış edib. Azərbaycan XİN-dən APA-ya verilən məlumata görə, E.Məmmədyarov çıxışında bildirib ki, nazirlərin görüşləri Vişeqrad Qrupu (V4) ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında birgə fəaliyyətin daha da artırılması üçün ənənəvi illik iclasa çevrilib:
“Azərbaycan olaraq V4 ilə əməkdaşlığımızın müvəffəqiyyəti bizim ikitərəfli əməkdaşlığımızın gözəl nailiyyətlərinə əsaslanır. Biz, mütəmadi olaraq qarşılıqlı maraq doğuran məsələlərdə yüksək səviyyəli siyasi dialoqun keçirilməsini dəstəkləyirik. Bizim ölkələr, həmçinin parlamentlərarası əməkdaşlıq çərçivəsində də qarşılıqlı əməkdaşlıq edirlər. V4 ölkələrinin əksəriyyəti ilə mövcud olan birgə hökumətlərarası komissiyalar sözügedən əməkdaşlığın iqtisadi həcminin möhkəmləndirilməsi üçün yaxşı platformadır”.
Nazir deyib ki, Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı iqtisadiyyatına malik bir ölkə kimi V4 ölkələrinin ən iri ticarət tərəfdaşıdır: “Keçən il Azərbaycanın V4 ölkələri ilə ticarət dövriyyəsi 1 milyard ABŞ dollar təşkil edib və bunun artmaqda olduğunu məmnuniyyətlə qeyd etmək istərdik. Sevindirici haldır ki, hər iki tərəf ticarət portfelinin şaxələndirilməsi üçün ənənəvi enerji sektorundan kənara çıxaraq kənd təsərrüfatı, tikinti, ağır sənaye və əczaçılıq kimi sahələrdə də imkanlardan yararlana biliblər. Həmçinin Azərbaycan qeyri-neft sektoruna investisiyalar baxımından V4 ölkələri üçün olduqca cəlbedici bazar olaraq qalmaqdadır. Bu, o deməkdir ki, V4 ölkələri, eləcə də Avropa Birliyi kontekstində bizim mühüm tərəfdaşlarımızdırlar. Bu yaxınlarda, biz, Praqada “Şərq Tərəfdaşlığı”nın 5 illiyini qeyd etdik. V4 ölkələri iqtisadi, təhlükəsiz və siyasi sahələrdə bir çox məsələləri əhatə edən yeni öhdəlik mexanizmlərinin qurulması, inkişafı və möhkəmləndirilməsinə imkan yaradıblar. Azərbaycan Avropa Birliyi ilə qarşılıqlı razılaşdırılmış prioritetlər və ümumi maraqlara əsaslanan münasibətlərin qurulmasında maraqlı olduğunu bildirən mövqeyinə sadiqdir. Bu əməkdaşlığın dəyəri Azərbaycan ilə AB arasında keçmiş və hazırkı uğurlu əməkdaşlıq ilə dəyərləndirilir”.
E.Məmmədyarov qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşmasına imkan yaratmaqla, Avropanın enerji təhlükəsizliyinin təminatını dəstəkləmək üçün təəhhüd götürüb: “Azərbaycan ilə Avropa Birliyi arasında 2011-ci ildə Cənub Qaz Dəhlizinə dair strateji baxımdan əhəmiyyətli birgə bəyannamənin qəbul olunmasından sonra bu xüsusda olan əzmimizin təzahürü kimi dəhlizin tez bir şəkildə inkişafı üçün tərəfimizdən əsas addım atılıb. Trans-Anadolu qaz kəməri, Cənub Qaz Dəhlizinin strateji orta komponenti kimi, tənzimləmə və kommersiya baxımdan müəyyənlik yaradaraq, tərəfdaşlarımızı əmin edib ki, Azərbaycanın təbii qazı Avropaya çatdırılacaq. Keçən yay Azərbaycan qazının Avropadan olan tərəfdaşlara çatdırılması üçün Trans-Adriatik boru xətti seçilib. Son olaraq, keçən dekabrda “Şahdəniz II” layihəsi ilə əlaqədar yekun investisiya qərarları qəbul edilib. Beləliklə, qarşıdan gələn 4-5 ildə istismara veriləcək Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri Cənubi Avropadan olan tərəfdaşlarımızın strateji enerji tələbatını qarşılayacaq və Mərkəzi Avropaya ixrac üçün gələcək yeni həcmləri müəyyən edəcək. “Şahdəniz II” eləcə də Avropanın enerji infrastrukturunda qarşılıqlı bağlılığı artıracaq. Biz AB ilə əməkdaşlığımızın hüquqi bazasının gücləndirilməsini alqışlayırıq. Bu yaxınlarda vizaların sadələşdirilməsi və readmissiya, eləcə də yerdəyişmə üzrə tərəfdaşlıq haqqında razılaşmaların imzalanması vətəndaşlarımız arasında daha sıx təmaslar üçün imkanlar yaradacaq. Hərtərəfli institusional quruculuq “Şərq Tərəfdaşlığı” çərçivəsində inkişaf etdirdiyimiz digər birgə təşəbbüsdür. Hərtərəfli institusional quruculuq vasitəsilə institusional islahat planlarımıza AB-nin resurslarını daha çox cəlb etməyə səy göstəririk. Bugünə olan məlumata görə, 3 qrup benefisiar təsisat tam şəkildə fəaliyyət göstərir və onların içərisində dövlət qulluğunda insan resursları üzrə imkanların artırılması prioritet istiqamət kimi seçilib. Vişeqrad ölkələri AB-nin bir sıra tvinninq layihələrində bizimlə tərəfdaşlıq edirlər. Ən yaxşı təcrübələrin dövlət sektorunda tətbiq edilməsini nəzərdə tutaraq, bir neçə layihə üzrə əməkdaşlığımızı davam etdiririk. Mən AB-nin “Şərq Tərəfdaşlığı” məkanında olan həlli uzanan münaqişələrlə əlaqədar mövqeyinə dair bir məqamı vurğulamaq istəyirəm. Xüsusilə, Ermənistan-Azərbaycan münaqişəsi ciddi narahatlıq doğuran məsələ olaraq qalır. BMT TŞ-nın qətnamələri əsasında münaqişənin ədalətli və tezliklə həlli və bununla da beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası, eləcə də məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması sülh və sabitliyi gücləndirəcək və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar yaradacaq”.
Nazir yekun olaraq, AB-Azərbaycan əlaqələrinin gələcəyinə dair fikirlərini bildirib: “Sizin hamınız razılaşarsınız ki, inteqrasiya istək və imkanlar kimi iki mühüm meyarın icrasını nəzərdə tutan coxşaxəli prosesdir. Azərbaycan ardıcıl olaraq birtərəfli prioritetlərdən qaynaqlanan məhdud sahələrlə özünü məhdudlaşdırmaq əvəzinə, özünün imkanlarına əsaslanan istəyini vurğulayaraq, daha məqsədyönlü və müxtəlif gündəliyin inkişafının tərəfdarı olub. Biz hesab edirik ki, AB tərəfindən indi təklif olunan assosiasiya çərçivəsi Azərbaycanın və AB-nin ehtiyaclarını əks etdirmir. Biz ikitərəfli strateji çərçivəni inkişaf etdirmək üçün AB ilə yaxından işləməyə hazırıq”.
banner

Oxşar Xəbərlər