• çərşənbə axşamı, 23 aprel, 12:36
  • Baku Bakı 24°C

Aspirin asılılığı

25.10.16 14:11 2120
Aspirin asılılığı
Bu yazıda sizə aspirinin ürək-damar xəstəliklərinin müalicəsindəki yerindən, faydalarından və zərərlərindən bəhs edəcəyəm. Bu yazını yazma səbəbim xəstə müayinəsi zamanı çox təəssüf ki, gərəksiz yerə aspirin içən xəstələrlə tez - tez qarşılaşmağımdır.
119 illik dərman olduğu söylənilsə də, əslində aspirinin tarixi 3500 il öncə başlayıb. Belə ki yazılı mənbələrdən aydın olur ki miladdan əvvəl ikiyüzinci ildə revmatizm və bel ağrıları üçün qurudulmuş Mərsin ağacının yarpaqlarından istifadə edilib. Hipokrat yazılarında artmış bədən temperaturu və ağrı zamanı istifadə etdiyi məhlulu söyüd ağacının qabığından istifadə edərək hazırladığını bəhs edib. Həm söyüd ağacının qabığında həm də mərsin ağacının yarpağında bol miqdarda aspirin mövcuddur. Müasir aspirini ilk dəfə 1897-ci ildə alman kimyaçı Felix Hoffmann kəşf edib. Əslində Felix Hoffmannı aspirini kəşf eləməyə məcbur edən şey atasının oynaqlarında olan şiddətli revmatizm ağrıları idi. Aspirin Nobel mükafatı qazandırmış bir dərmandır. Belə ki, aspirinin ağrını hansı mexanizmlə azaltdığını ilk dəfə müəyyən edən ingilis farmakoloq John R.Vane 1982-ci ildə Nobel tibb mükafatını alıb. Müasir aspirin kəşf edildikdən sonra əvvəllər ondan sadəcə ağrıkəsici, temperatur düşürücü və iltihab əleyhinə dərman kimi istifadə edilirdi. Daha sonarsa aspirinin qanın laxtalanma qabiliyyətini azaltdığı da müəyyən edildi. Kəşf edildiyi gündən bu günə çox vaxt keçsə də, aspirin həm kardioloqların, həm də ürək-damar cərrahlarının vazkeçilməz dərmanlarındandır. Aspirin xalq arasında qan durulducu dərman olaraq bilinir. Aspirin qanın laxtalanma qabiliyyətini azaldaraq damarların içində trombun əmələ gəlməsinin qarşısını alır. Məhz bu xüsusiyyətindən faydalanaraq aspirindən ürək-damar xəstəliyinin müalicəsində istifadə edirik. İnfarkt keçirən insanlara aspirin 1985-ci ildən etibarən verilməyə başlanıldı və bu günə qədər həm infarkt, həm də ürək-damar xəstəliyinin müalicəsində aspirin çox önəmli dərmanlardan biridir. Aspirin aşağı gəlirli ailələrin də ala biləcəyi ucuz və çox asan tapılan bir dərmandır.
Kimlər ömür boyu aspirin içməlidir?
Əgər bir insan infarkt keçirmişsə və ya ürək-damar sistemində stend taxılmışsa və ya şuntlama əməliyyatı olmuşsa, o insan ömür boyu aşağı dozada aspirin içməlidir. Yəni bir xəstənin şuntlama əməliyyatı keçirməsi və ya o xəstənin ürək damarına stend taxılması problemi birdəfəlik ortadan qaldırmır və buna görə də ömür boyu aspirin içməli olur. Aparılan araşdırmalar nəticəsində isbatlandı ki, bu cür xəstələrin aspirin içməsi onlarda infarkt riskini, stend tıxanması riskini və ölüm riskini önəmli dərəcədə azaldır. Yəni bu cür xəstələr üçün aspirin "olmazsa olmaz” dediyimiz dərmanlardandır. Aspirin yemək yedikdən sonra tox qarnına içilməlidir.
Gərəksiz yerə aspirin içən xəstələr də var
Əvvəllər ürək-damar xəstəliyi olmayan sağlam insanlara, onları infarktdan və ya ürək-damar xəstəliyindən qorusun deyə, həkimlər tərəfindən müəyyən yaşdan sonra aspirin içilməsi məsləhət görülürdü. Elə indiki zamanda da bəzən həkimlər ürək-damar xəstəliyi olmayan insanlara aspirin içməsini məsləhət görürlər. Bəzən də heç həkimin göstərişi olmadan xəstə internetdən öyrəndiyi məlumatlar əsasında aspirin içməyə başlayırlar. Hər iki hal da yanlışdır. Məsələn, müayinə üçün poliklinikaya müraciət edən 50 yaşlı Cavid bəy 15 ildir siqaret çəkdiyini və daha öncə onu müayinə edən həkimin hər gün 100 milliqram aspirin içməsini məsləhət gördüyünü söylədi. O da hər gün aspirin içib. Poliklinikada bir başqa müayinə günlərimdən birində müayinə olunan xəstəmiz 42 yaşlı Nailə xanım "Həkim, heç bir şikayətim yoxdur. İllər öncə atam 40 yaşında infarkt keçirdi və dünyasını dəyişdi. Sadəcə olaraq, mən də infarkt keçirməkdən qorxuram. İnternetdən araşdırdım və mənim də infarkt keçirə biləcəyimi öyrəndim. Başqa bir həkim mənə aspirin içməyimi məsləhət gördü” dedi.Başqa müayinə günümdə ürək-damar xəstəliyi olmayan ancaq hipertoniya xəstəliyi olan 65 yaşlı Fidan xanım ürək-damar xəstəliyindən qorunmaq üçün hər gün aspirin içdiyini söylədi. Əslində Cavid bəy siqaret çəkdiyi, Nailə xanımın atası cavan yaşda infarkt keçirdiyi və Fidan xanımın həm yaşı yuxarı olduğu, həm də hipertoniya xəstəliyi olduğu üçün onlarda belə risk (infarkt keçirmə və ya ürək-damar xəstəliyinin ortaya çıxma riski) var. Ancaq, həm Cavid bəyin, həm Nailə xanımın, həm də Fidan xanımın aspirin içməsi gərəksizdir. Ürək-damar xəstəliyi olmayan sağlam insanlar bəzi risk faktorlarını (hipertoniya, diabet, qanda xolesterinin normadan çox olması) nəzarət altında tutarlarsa, siqaret çəkməyib düzgün şəkildə qidalanarlarsa, mütəmadi idmanla məşğul olarlarsa və ideal çəkidə qalarlarsa, ürək-damar xəstəliyinə tutulma riskləri azalar və uzun yaşama ehtimalları artar. Təbabət sübuta yetirilmiş əsaslara dayanmalıdır. Bir dərmanın, müalicə metodunun, həyat tərzinin və ya qidanın faydalı olub-olmadığını söyləmək üçün insanlar üzərində böyük və ətraflı araşdırmalar aparılmalıdır.
Onların aspirin içməsi niyə gərəksizdir?
Ürək-damar xəstəliyi olmayan 95000 sağlam insan üzərində aparılan böyük bir araşdırma nəticəsində məlum olub ki, ürək-damar xəstəliyi olmayan (infarkt keçirməyən və ya ürək-damarlarına və ya damarlarına stend taxılmayan və ya şuntlama əməliyyatı olmayan) insanlar aspirin içdikləri zaman infarkt riski çox az azalır, ancaq bu insanlarda xüsusi ilə də ciddi mədə-bağırsaq qanaxmaları riski yaranır. Ayrıca aspirin içənlərdə beyin qanaxması riskinin də çox artdığı müəyyən edilib. Yəni aspirin içildiyi zaman aspirinin zərəri, faydasıdan daha çox olur. Ürək-damar xəstəliyi olmayan 102000 sağlam insan üzərində yeddi il boyunca aparılan daha yeni bir araşdırma nəticəsində məlum olub ki, aspirin içmək infarkt riskini 10 % azaldır, ancaq beyin qanaxması riskini 35 % , bədənimizin digər bölgələrində ciddi qanaxma riskini isə 62 % artırır. Nəticə olaraq infarktdan və ya ürək-damar xəstəliyindən qorusun deyə, sağlam insanların içdiyi aspirinin zərəri faydasından çoxdur.
Son söz: Nəticə olaraq bizə məlum olan son araşdırmalara əsasən, ürək-damar xəstəliyi olmayan sağlam insanlar aspirin içdikləri bunun faydası (infarkt keçirməkdən və ya ürək-damar xəstəliyindən qoruması) zərərindən (yəni qanaxmalardan) daha azdır. Bir insan infarkt keçirmədiyi, ona stend taxılmadığı, şuntlama əməliyyatı olmadığı və ya anjioqrafiyada ürək damarlarında daralmalar müəyyən edilmədiyi, bir sözlə, ürək-damar xəstəliyi olmadığı müddətcə aspirin içilməməlidir.
Uzm. Dr. Yalçın Velibey
Kardiologiya uzmanı
banner

Oxşar Xəbərlər