• çərşənbə axşamı, 19 mart, 10:07
  • Baku Bakı 8°C

“Aspirantlar yataqxanası”nda qeyri-müəyyənlik Reportaj Fotolar

13.09.13 10:58 3207
“Aspirantlar yataqxanası”nda qeyri-müəyyənlik Reportaj Fotolar
Bu ilin yanvarında “Aspirantların Ümumi Yataqxanası”nda yaşayan alimlər üçün ev tikiləcəyini eşidib sözügedən ünvana üz tutmuşduq. Sakinlərin sevincinin həddi-hüdudu yox idi. Onlar yataqxana həyatına əlvida deyəcəklərinə, öz mənzillərinin olacağına çox sevinirdilər. Bu dəfə gedişimizdə isə… Artıq yeni binanın 2 mərtəbəsi ucaldılmasına baxmayaraq adının çəkilməsini istəməyən sakinlərdən biri deyir ki, “bizə o qədər şirin vədlər verdilər ki, düşündük ki, dünyanın ən xoşbəxt adamları bizlərik. Amma indi olan-qalan ümidimizi də itirmişik”. Qeyd edək ki, sözügedən yataqxananın həyətində 16 mərtəbəli bina tikilməsi planlaşdırılıb və həmin binadan yataqxananın sakinlərinə də pay düşəcəyi bildirilir.
Sakinlər bizimlə söhbətlərində qeyri-müəyyənlikdən narazı qaldıqlarını bildirdilər: “Binanın iki mərtəbəsi ucaldılsa da, tikinti şirkəti bizimlə müqavilə imzalamır. Bizim axırımız necə olacaq, bilmirik. Tikinti başlamamışdan əvvəl podratçı şirkət gəlib sakinlərlə görüşdü və yalnız bizim razılığımızdan sonra tikinti başladı. Gələcəyimiz, harada qalacağımız sual altındadır. Belə çıxır ki, sabah bizi çox rahatlıqla yataqxanadan çıxara bilərlər. AMEA-da işləyənlərə təzyiqlər olduğundan biz danışa, məsələni çox açıb-ağarda bilmirik”.
Qeyri-müəyyənlik…
23 ildir yataqxanada yaşayan və hazırda da AMEA-da çalışan Təhminə Qarayeva deyir ki, onları narahat edən qeyri-müəyyənlikdir: “1989-cu ildən buraya aspirant kimi gəlmişəm və 1995-ci ildə müdafiə etmişəm. Axı 200-250 manatla aparıcı elmi işçi necə ev ala bilər? Bu pul heç mənim yeməyimə çatmır. Bizi narahat edən tikinti şirkətinin bizimlə müqavilə bağlamamasıdır. AMEA prezidenti Akif Əlizadə də hələ buranın sakinlərini qəbul etməyib ki, dərdimizi ona deyək. Baxmayaraq ki, Akif müəllim elmi inkişaf etdirmək istəyən mütəxəssisdir, həm də çox gözəl insandır. Akif müəllim elə bir insandır ki, həmişə imkansızlara, gənclərə əl tutmağa çalışır. Biri gedib desə ki, müdafiə etmək istəyirəm, amma imkanım yoxdur. O Direktor fondundan pul ayıracaq, elmi iş rəhbərini də çağıracaq ki, sənə kömək etsin. Bu yataqxanaya gəlməyimə də Akif müəllim kömək edib, müdafiə ərəfəsində də mənə böyük dayaq durub. Əminəm ki, onunla görüşə bilsək, o bizi anlayacaq, dərdimizə şərik çıxacaq və həmişə olduğu kimi, yenə də kömək edəcək”.
Adının çəkilməsini istəməyən digər yataqxana sakini isə bildirdi ki, belə söz-söhbət yayılıb ki, hazırda AMEA-da çalışmayanlara ev verilməyəcək: “Vaxtilə akademiyada işləyənlər maaş azlığı ucbatından AMEA-dan uzaqlaşıblar. Bəziləri universitetlərdə, bəziləri nazirliklərdə çalışırlar. Bu o deməkdir ki, biz bina söküləndən sonra evsiz-eşiksiz çöldə qalmalıyıq? Axı biz kefimizdən AMEA-nı tərk etməmişik. Maaş azlığı ucbatından başqa işə keçmişik. Onlar arasında elələri var ki, 10 il, 15 il AMEA-da çalışıb. Yataqxana sakinlərindən eləsi də var ki, AMEA-da işləyib, indi təqaüddədir. Belə çıxır ki, təqaüddə olan yaşlı adamları da çöldə qoyacaqlar?”.
“Siçovulların əlindən dəhlizə çıxmaq olmur”
Əvvəllər AMEA-da laboratoriyada işləyən Gülcan Axundova 2004-cü ildən burada yaşadığını deyir: “Maaşım az olduğundan məcbur olub AMEA-dan uzaqlaşdım, amma 9 ildir ki, burada yaşayıram. Deyirlər ki, hazırda AMEA-da işləmədiyimə görə mənə ev düşməyəcək. Mənə ev verməmiş buradan necə çıxarıb ailəmlə çöllərə sala bilərlər. Burada kefimizdən yaşamırıq. Dəhlizdə siçovulların əlindən çölə çıxmaq olmur. İmkanımız olmadığından ev alıb buradan köçə bilmirik».
Sakinlər səhər saat 7-dən axşam saat 22.00-a qədər, hətta şənbə-bazar günləri də binada iş getdiyini və səs-küydən istirahət edə, yata bilmədiklərini dedilər: “Deyirdik, 2-3 il dözək, sonra bizim də bu binada evimiz olacaq. Amma bizə mənzil verilməyəcəksə, bu səs-küyə niyə dözməliyik? Elm adamları səs-küydən evdə elmi işləri üzərində işləyə bilmirlər”.
Tələbimiz budur ki...
“Aspirantlar yataqxanası” komissiyasının sədri Rəvan Bağırov da 15 ildir ki, burada yaşayır: “AMEA-nın Kibernetika İnstitutunda aspiranturaya daxil olmuşam və 1998-ci ildən burada yaşayıram. Maaş qane etmədiyindən məcbur olub başqa bir işə keçdim. İndi də qeyri-müəyyənlikdə yaşayırıq. Bilmirik, yeni tikilən binada bizə mənzil veriləcək, ya yox. Tələbimiz budur ki, tikinti şirkəti bizimlə müqavilə imzalasın”.
R.Bağırov 2011-ci ilin 21 fevralında AMEA-nın “Aspirantlar yataqxanası” sakinlərinin mənzillə təmin olunması üçün akademiya rəhbərliyi ilə yataqxana sakinləri arasında geniş tərkibdə iclas olduğunu dedi. İclasın yekunu olaraq, AMEA-nın keçmiş prezidenti, mərhum Mahmud Kərimovun imzası ilə ölkə Prezidentinə məktub ünvanlandı. “Aspirantlar yataqxanası”nın sakinlərinin mənzillə təmin olunacağına razılıq veriləndən sonra Mahmud Kərimovun imzası ilə “Aspirantlar yataqxanasında” yaşayan 118 mənzil sahibinin siyahısı tərtib və təsdiq edildi. Sonra Akademiya rəhbərliyi tərəfindən mənzilin tikintisi üçün podratçı şirkət kimi “Evrostroy–S” MMC seçildi. “Eurostroy-S”in nümayəndəsi Bəxtiyar Təhməzov yataqxanada bizimlə görüşdü. Son nəticədə sakinlərlə şirkət arasında razılaşma oldu ki, hər ailəyə 65 kv.metr həcmində mənzil verilsin. Protokol tərtib olundu, 118 ailə başçısı, həmçinin yataqxana komendantı ora qol çəkdi. Bəxtiyar Təhməzov həmin protokolu bizdən götürdü ki, həqiqətən hamı tikintinin aparılmasına razıdır. Sonra AMEA ilə “Eurostroy-S” arasında müqavilə imzalandı. Müqaviləyə əsasən, yataqxananın ərazisi bir şərtlə tikinti şirkətinə verildi ki, 118 ailə evlə təmin olunsun. Beləliklə, 2013-cü ilin martından tikinti işlərinə başlanıldı”.
Qanunvericilik nə deyir?
R.Bağırov deyir ki, müqavilə olmadığından sabahısı gün podratçı şirkət bizi aldada bilər. O, problemin həlli yolunu Akademiya rəhbərliyi ilə görüşüb problemi müzakirə etməkdə görür.
R.Bağırov bildirdi ki, buradan çıxarılan hər bir sakin bina söküldüyü üçün qanunvericiliklə başqa yaşayış yeri ilə təmin edilməlidir. AMEA-da yataqxananın vəziyyəti ilə bağlı komissiya yaradıldığını deyən müsahibimiz komissiyanın bircə dəfə də olsun yataqxanaya gəlmədiyini bildirdi: “Mən yataqxananın daxilində yaratdığımız komissiyanın sədri kimi bütün sakinlərin hüquqi bazasını yaratdım. Bu məsələ ilə bağlı vəkil də tutmuşuq».
R.Bağırovun sözlərinə görə başqa əngəl qeydiyyatla bağlıdır. Belə ki, yataqxanada cəmi 118 ailə yaşayır, amma 200-dən çox ailə qeydiyyatdadır.
Hələ araşdırmalar yekunlaşmayıb
Məsələyə münasibət öyrənmək üçün AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynovla əlaqə saxladıq. S.Hüseynov bildirdi ki, məsələ ilə bağlı AMEA Rəyasət Heyətinin qərarı ilə yataqxanada yaşayan ailələrin və ailə üzvlərinin sayını müəyyənləşdirmək məqsədi ilə komissiya yaradılıb. Neçə ailənin AMEA ilə əlaqəsi olduğu müəyyənləşdiriləcək. Komissiya yaydan araşdırmalar aparır və bu araşdırmalar hələ yekunlaşmayıb. Araşdırmalar yekunlaşandan sonra məsələyə baxılacaq”.
Neçə ailəyə yeni tikilən binada yer veriləcəyinə gəlincə, S.Hüseynov bildirdi ki, hələ ki, bu, müəyyənləşməyib: “Yekun nəticə olmadığından bir söz deyə bilmərəm. Komissiyanın işinin nə vaxt yekunlaşacağı isə bəlli deyil”. Qeyd edək ki, söhbətləşdiyimiz yataqxana sakinlərindən bəziləri onların evinə komissiya üzvlərinin gəlmədiyini bildirmişdilər. S.Hüseynovsa deyir ki, “ola bilsin, komissiya araşdırma aparanda təsadüfən həmin adamlar orada olmayıb”.
S.Hüseynov AMEA Rəyasət Heyətinin üzvlərinin sakinlərlə görüş keçirdiklərini də qeyd etdi. Yeni tikilən binadan aspirantların yataqxanasında yaşayan sakinlər üçün nə qədər ev ayrıldığına gəlincə isə bildirildi ki, bu haqda İctimaiyyətlə əlaqələr şöbəsinə hər hansı rəsmi məlumat daxil olmayıb: «Araşdırmalarımız başa çatandan sonra KİV üçün konkret məlumat verəcəyik».
“Evrostroy-S” MMC-nin icraçı direktoru Xalid Pənahov da bizimlə söhbətində məsələyə münasibətini bildirdi: “Sakinlər özləri də çox gözəl başa düşürlər ki, biz podratçı şirkətik. Bizim sakinlərlə müqavilə bağlamağımız AMEA-dan asılıdır. AMEA nə vaxt bizə siyahı təqdim etsə, yalnız həmin siyahıdakı insanlarla, müəyyən olunmuş ölçüdə mənzilin verilməsi ilə bağlı müqavilə imzalayacağıq».
Qeyd edək ki, AMEA prezidenti Akif Əlizadə bir müddət əvvəl keçirdiyi mətbuat konfransında bildirmişdi ki, “Aspirantlar yataqxanası”nın həyətində tikilən binada onlara ayrılan mənzillərin bölgüsü AMEA-nın tam nəzarəti altında aparılacaq.
Lalə Musaqzı

banner

Oxşar Xəbərlər