• cümə axşamı, 28 mart, 17:20
  • Baku Bakı 16°C

Aşpazları efirə buraxan televiziyalar məhkəməyə veriləcək

18.02.14 13:44 1152
Aşpazları efirə buraxan televiziyalar məhkəməyə veriləcək
““Mədəniyyət haqqında” qanunun 37-ci maddəsində göstərilib ki, müvafiq icra hakimiyyətinin icazəsi olmadan Azərbaycan mətbəxinin istifadəsi qadağandır”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov deyib. O bildirib ki, Azərbaycanın efir məkanına çıxan aşpazların heç biri usta dərəcəsinə və ya 6-cı dərəcəyə sahib deyil. Heç 5-ci dərəcələri də yoxdur. Odur ki, “Mədəniyyət haqqında” qanuna görə, bu aşpazları efirə buraxan televiziyalar məhkəməyə veriləcək.
“Qanunda milli mətbəx irsimizlə bağlı ifadələr var və bu, artıq onu deyir ki, Milli Məclis öz milli mətbəxinə sahib durmağı qarşıya məqsəd qoyub. “Kulinariya haqqında” qanuna da, demək olar ki, birlikdə baxırıq. Qanun Azərbaycan mətbəxinin daha dərindən öyrənilməsi, toplanması, saxlanması, tədqiqatı, tədrisi, təbliği və s. sahələri əhatə edəcək. Təklif edərdim ki, qanun Milli Məclisin Mədəniyyət komitəsindən sonra digər komitələrdə də baxılsın. Çünki burada insanların sağlamlığı, sosial qidalanma ilə bağlı məsələlər var. Yəqin ki, digər komissiyalar da qanuna baxıb öz rəylərini verəcəklər”.
Azərbaycanın milli irs siyahısının da artıq tərtib olunduğunu deyən Tahir Əmiraslanovun sözlərinə görə, bu siyahıda 1500-ə yaxın mətbəx nümunəsi əks olunub. Milli irs nümunələrinin siyahısı artıq Mədəniyyət Turizm Nazirliyinə verilib:
“Hazırda onun üzərində iş gedir. Nazirlər Kabinetində təsdiq olunandan sonra mətbəxin pasportlaşması məsələsi başlanılacaq”.
Özəl televiziyaları da tənqid edən Assosiasiya prezidenti onu da bildirib ki, “Mədəniyyət haqqında” qanunun qəbulundan sonra mətbəx verilişləri hazırlayan televiziyalar müvafiq icra hakimiyyətindən icazə almalı olacaqlar:
“Xəzər, ATV, ANS telekanalında efirə çıxan aşpazlar heç bişirdikləri yeməyin adını düz bilmirlər. Bir də görürsən ki, “blinçik” hazırlayırlar. Onun Azərbaycan dilində tərcüməsi fəsəlidir. Özlərinə aşpaz deyənlər, efirə buraxılanlar heç bişirdiklərinin adını bilmirlər. Çünki televiziyalara çıxan aşpazların heç biri aşpaz deyil. Biri çıxarıb sertifikatını göstərirmi? Yox”.
banner

Oxşar Xəbərlər