• çərşənbə axşamı, 16 aprel, 13:25
  • Baku Bakı 19°C

AŞPA Sərsəng su anbarı ilə bağlı Azərbaycanın təklifini təsdiqlədi

02.09.13 12:48 4333
AŞPA Sərsəng su anbarı ilə bağlı Azərbaycanın təklifini təsdiqlədi
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, AVCİYA-nın prezidenti Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə AŞPA-nın Sədarət Komitəsi sentyabrın 1-də axşam “Azərbaycanın işğal altında olan ərazisindəki Sərsəng su anbarının təhlükəli vəziyyətinin yarada biləcəyi humanitar fəlakətə dair” qətnamə təklifini təsdiqləyib və baxılmaq üçün Büroya göndərib. Sədarət Komitəsi eyni zamanda Büroya tövsiyə edib ki, qətnamə layihəsi məruzəçi təyin edilmək üçün Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə göndərilsin.
E. Süleymanov qeyd edib ki, adı çəkilən qətnamə təklifi onun təşəbbüsü ilə iyunun 25-də Avropanın 18 ölkəsini təmsil edən 45 deputatın imzası ilə təqdim olunub. O bildirib ki, sənəddə işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsi faktı kəskin şəkildə pislənir və Ermənistanın gücdən bu şəkildə sui-istifadə etməsi qeyri-insani davranış hesab olunur. Assambleya Ermənistan hərbi qüvvələrini su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki qeyri-qanuni nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə çağırır. Qətnamə hər hansı hərbi təxribat planlarının qarşısını almaq və cari şərtlərdə kütləvi insan itkilərinə səbəb olacaq hər hansı qəza və ya təbii fəlakətə hazır olmaq məqsədilə beynəlxalq ictimaiyyəti dərhal tədbir görməyə səsləyir.
E. Süleymanovun sözlərinə görə, Sədarət Komitəsinin qətnamə layihəsini təsdiqləməsi çox vacib addımdır və bir qayda olaraq onun Büroya tövsiyələri geri qaytarılmır. O əlavə edib ki, prosedur qaydalarına əsasən Sosial Məsələlər komitəsində təyin ediləcək məruzəçi məsələ ilə bağlı məruzə hazırlayacaq və bu məruzə AŞPA-nın plenar iclasında müzakirə olunacaq.
E. Süleymanov xüsusi olaraq vurğulayıb ki, AVCİYA üç ay əvvəl Sərsəng su anbarı ilə bağlı geniş miqyaslı layihə həyata keçirməyə başlayıb. AŞPA-da qətnamə təklifinin qəbul edilməsi də bu layihənin tərkib hissəsidir.
E. Süleymanov AVCİYA-nın Sərsəng su anbarındakı mövcud vəziyyətlə əlaqədar sentyabrın 7-də Tərtərdə beynəlxalq konfrans keçirəcəyini də əlavə edib.
banner

Oxşar Xəbərlər