• çərşənbə, 17 Aprel, 03:26
  • Baku Bakı 14°C

“AŞPA-nın Azərbaycana qərəzli yanaşması heç kimə sirr deyil”

06.06.20 12:00 466
“AŞPA-nın Azərbaycana qərəzli yanaşması heç kimə sirr deyil”
"Bəlli çevrələrin təsiri altında olan Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qərəzli, ikili standartlar bucağından yanaşması heç kimə sirr deyil. Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında proqram xarakterli çıxışında bunu bir daha faktlarla ortaya qoydu”.
BunuAPA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib.
Millət vəkili deyib ki, bunun da iki səbəbi var: "Birincisi, həmin çevrələrin bir çox hallarda açıq şəkildə ortaya qoyduqları islamafobiyadır. Digər səbəb isə həmin çevrələrin hay lobbisi ilə bağlılığı, bir sıra hallarda isə onlardan maliyyə dəstəyi, öz adı ilə desək, rüşvət almalarıdır. AŞPA-nın ümumiyyətlə, Azərbaycana yanaşmada nə dərəcədə qərəzli olduğunu və öz missiyasını nə dərəcədə doğrultmadığını iki faktla əsaslandıracam. Bu gün ABŞ-da baş verənləri hamı görür. ABŞ-da qaradərililərin ardıcıl olaraq polis zorakılığına məruz qalmalarına, polislər tərəfindən öldürülmələrinə etiraz edərək küçələrə çıxanlar plastik güllə yağmuru ilə qarşılaşır, üstlərinə itlər yeridilir, maşın sürülür. Onlardan öldürülənlər olması da istisna edilmir. 11 min nəfərdən artıq insan tutulub. Bəs bu hadisələrə humanitar qurum olaraq, söz azadlığı, insan haqları prinsiplərini özünü təməl prinsipləri kimi təqdim edən qurum olaraq, AŞPA-nın reaksiyası niyə yoxdur?! Necə olur ki, bəzən at oğrusu belə bu quruma yön verənlərin tərtib etdiyi siyahıda siyasi dustaq kimi göstərildiyi halda, burdakı hadisələrlə bağlı səsləri çıxmır. Bəs bu tutulan 11 min nəfər kimdir? Onların adı nədir, nə üçün saxlanılıblar?! Onların hamısı ekstremistdir? Hamısı soyğunçudur?! 11 min demirəm, amma 11 nəfər Azərbaycanda saxlanılsa, bu qurumun hansı reaksiyanı verəcəyi məlumdur.
İkinci üzərində dayandığım fakt da AŞPA-nın qərəzli mövqe tutduğu və ikili standartlardan yanaşdığını bir daha sübut edir. 2001-ci ildə Azərbaycanla Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən münaqişənin sülh və dinc yolla həll olunmasını üzərlərinə öhdəlik kimi götürmüşdülər. Aradan 19 il keçib, gələn il 20 il olacaq ki, Ermənistan münaqişənin həlli istiqamətində bir addım belə atmaq istəməyib. Bu işğalçı ölkə həlledici məqamlarda danışıqlardan qaçıb, müxtəlif bəhanələr ortaya atıb. Bəzən isə danışıqlar ərəfəsində 1999-cu ildə olduğu kimi ölkə rəhbərliyində təmsil olunanlara qarşı terror bas verib. AŞPA bütün bu proseslərin monitorinqini aparmağı öz öhdəsinə götürmüşdü. Biz bunun hansısa bir əlamətini görmədik. AŞPA bununla bağlı hansısa qətiyyətli və prinsipial mövqe ortaya qoymayıb”.
S. Alıyev qeyd edib ki, 2005-ci ildə Dağlıq Qarabağla bağlı AŞPA-nın qətnaməsində Azərbaycan torpaqlarının işğal altında olduğu təsbit edilib: "Münaqişə ilə bağlı alt komitənin yaradılması nəzərdə tutulurdu. Ermənistan tərəfi isə bunu boykot etdi. Buna görə Ermənistana gözü üstündə qaşın var deyən yoxdur. Buna səbəb nədir?! Avropa Şurasının Azərbaycan üzrə məruzəçiləri Şernak və Gey Dağlıq Qarabağdakı qanunsuz rejimin, hərbi xunta təmsilçilərinin keçirdikləri uydurma seçkiyə yanaşmalarını niyə ortaya qoymurlar?! Axı, bu, işğalı leqallaşdırmaqdır. Axı, onlar 1 milyondan artıq azərbaycanlının etnik təmizlənməsi nəticəsində qurulan xunta rejimini bununla leqallaşdırmaq istəyir. Burada milyonlarla insanın yurd yerindən, əzəli torpaqlarından məhrum olmasından söhbət gedir. Bunlara niyə münasibət bildirilmir?! Yaxud, Azərbaycan torpağı sayılan Dağlıq Qarabağda hərbi xuntanın özünün apardığı yarıtmaz siyasət nəticəsində onlarla erməninin hüquqları pozulur. Azərbaycan üzrə məruzəçilər Azərbaycan torpaqlarında hüquqları pozulan ermənilərlə bağlı da səsini çıxarmırlar. Yəni, bu insanları doğrudan insan hüquqları, söz azadlığı maraqlandırırsa, ümumiyyətlə, azadlıq maraqlandırırsa, niyə susurlar?! Yaxud, bu insanlar Azərbaycanda konkret cinayətə görə tutulan adamları siyasi məhbus kimi qələmə verməyə çalışırlar. Elə isə öz dədə-baba torpaqlarında işğalçı rejim tərəfindən tutularaq, neçə ildir girovluqda saxlanılan Dilqəm Əsəgrov, Şahbaz Quliyev məsələsində niyə susurlar?! Sadəcə, bu faktlara baxanda da görmək olur ki, AŞPA-da oturanlar, bu quruma yön verənlər kimlərdir və nə dərəcədə Azərbaycanla bağlı iradlarında obyektivdirlər. Məhz ona görə də Prezident İlham Əliyev haqlı olaraq, AŞPA-nın bütün iradlarını kağız parçası kimi qiymətləndirir. Azərbaycan xalqı üçün onların dediklərinin heç bir əhəmiyyəti yoxdur və ola da bilməz”.
banner

Oxşar Xəbərlər