• cümə, 29 Mart, 02:42
  • Baku Bakı 7°C

“AŞPA daha çox cinsi azlıqların hüquqlarını qorunması ilə məşğul olur”

27.06.13 18:22 1503
“AŞPA daha çox cinsi azlıqların hüquqlarını qorunması ilə məşğul olur”
APA-nın sessiyanın işini işıqlandıran Avropa bürosunun əməkdaşının verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov müzakirələrə qatılaraq bu problemlə müqayisədə qat-qat vacib və təxirəsalınmaz məsələlər olduğunu bildirib.
Deputat AŞPA-nın müzakirə etdiyi “Cinsi orientasiya və gender identikliyi əlamətlərinə görə diskriminasiyaya qarşı mübarizə” mövzusunda məruzə ilə əlaqədar çıxışında Azərbaycandakı qaçqın və məcburi köçkünlərinin problemlərinə toxunub: “Təxminən hər sessiyada Assambleyada cinsi azlıqlar, onlara müxtəlif ölkələrdə göstərilən fərqli münasibətlər, seksual zorakılıq məsələləri ilə bağlı məruzələr səslənir, geniş müzakirələr aparılır. Avropa Şurasının arxada qalan illərdəki sənədləri toplusuna ötəri nəzər salmaq bu istiqamətdə necə zəngin bir mənzərənin olduğunu göstərir”.
Rafael Hüseynov bildirib ki, bu müzakirələrə qatılmağına səbəb haqqı qorunmalı bir insanın, Avropa Şurasının fəaliyyətlərini mətbuat vasitəsilə son 10-12 ildə ardıcıllıqla izləyən, bu barədə vaxtaşırı deputata müraciət edən bir seçicinin məktubu olub: “Həmin şəxs qaçqındır və mənim ölkəmdə, Azərbaycanda eyni taleyi yaşayan, yəni son 20 ildən artıq müddətdə çətin, əzablı qaçqın və məcburi köçkün ömrünü sürən 1 milyona yaxın insan var. Ermənistanın bir sıra xarici dünya qüvvələrinin təhriki və dəstəyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, eləcə də 300 min insanın Ermənistan ərazisindəki tarixən kompakt yaşadıqları ərazilərdən deportasiya edilməsi nəticəsində 1 milyona yaxın insan on illərdir ki, cinsi hissiyyatlar kimi mənəvi-fizioloji haqlardan daha əvvəl ən adi insan hüquqlarının təmin olunması arzulayırlar. İstəyirlər ki, onların adlarının yanındakı bu üzücü “qaçqın”, “köçkün” ifadəsi aradan qalxsın. İstəyirlər ki, hər bir normal insan kimi öz ata-baba yurdlarına qayıda bilsinlər. İstəyirlər ki, onların da öz evi olsun.
İstəyirlər ki, normal təhsil ala, işləyə, dilini yaxşı bildikləri torpağı əkib-becərə bilsinlər. O qaçqın göndərdiyi məktubda yazır ki, həsəd heç də yaxşı hiss deyil. Amma bunu da əlavə edir ki, özündən asılı olmayaraq homoseksuallara, biseksuallara, lezbianlara qibtə edir. Çünki həmin təbəqəyə göstərilən diqqət, onların hüquqlarının qorunması yolundakı inadlı səylər və təşəbbüslər biz qaçqınlara da o səviyyədə göstərilsəydi, bəlkə də problemimiz çoxdan həllini tapardı”.
Deputat bildirib ki, həsəd həqiqətən yaxşı duyğu deyil: “Mən də arzulayıram ki, mənim ölkəmi də, dünyanın bir çox başqa ölkələrini də daimi narahatlıqda saxlayan qaçqınlar problemini həll etmək üçün qüvvələri elə mütəşəkkilliklə səfərbər edək ki, nəhayət real nəticələr ortaya çıxsın. Qaçqınlar, köçkünlər öz doğma yaşayış yerlərinə qayıdaraq normal həyatlarını başlaya bilsinlər və heç kəsə həsəd aparmaq məcburiyyətində qalmasınlar. Nə cinsi azlıqlara, nə cinsi çoxluqlara!”
banner

Oxşar Xəbərlər