AZE | RUS | ENG |


AŞPA-da Azərbaycana qarşı ədalətsiz mövqe tutan parlamentarilərin qərəzkar əməllərindən danışılıb

AŞPA-da Azərbaycana qarşı ədalətsiz mövqe tutan parlamentarilərin qərəzkar əməllərindən danışılıb
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov AŞPA-nın payız sessiyasında "Parlament Assambleyası üzvlərinin şəffaflığı, hesabatlılığı və toxunulmazlığının möhkəmləndirilməsinə dəstək” adlı qətnamə ilə bağlı müzakirələrdə iştirak edib.

R.Hüseynov çıxışında müəyyən qüvvələrin təsiri ilə Avropa Şurasında Azərbaycana qarşı daim qərəzli mövqe tutmuş bir neçə deputatın adını açıq söyləyərək, onların qanunazidd əməllərini ifşa edib. Problemin aktuallığını vurğulayan deputat Avropa Şurasında ayrı-ayrı deputatların fəaliyyətlərinin səmərəsinin artırılması üçün hansı konstruktiv addımların atıla biləcəyi ilə əlaqədar təkliflərini bildirib. O, mövzunun vacibliyinə toxunaraq, bir çox həssas məqamlar üzərində dayanıb: "Düşünürəm ki, 70 yaşının astanasında olan Avropa Şurasının inkişafına maneçilik yaradan, onun daha çevik bir təşkilat kimi fəaliyyətinə əngəl törədən məqamlar haqda, xüsusən, indiki böhranlı dövrdə vaxtaşırı prinsipial söhbətlər aparmalıyıq.

Avropa Şurası bir komandadır. Bu təşkilat fəaliyyətimizdən çox şey, xüsusilə də demokratiya, insan haqları sahəsində töhfəmizi gözləyir. Parlament Assambleyasında isə rəsmən yalnız bir statistika aparılır ki, sessiya ərzində hansı deputat səsvermələrdə daha fəal iştirak edib. Təəssüf ki, deputatların fəaliyyəti ilə bağlı daha önəmli digər statistika və təhlil aparılmır. AŞPA-nın üzvü öz şəxsi və ya hər hansı qrupun maraqlarına deyil, Avropa Şurası prinsipləri və tələblərinə xidmət göstərməlidir”.

R.Hüseynov vaxtilə Avropa Şurasının üzvü olmuş və Azərbaycana zidd fəaliyyətləri ilə seçilmiş, eyni zamanda, hazırda AŞPA-da işləyən və eyni yolu davam etdirən, bu sessiyada iştirak edən bir sıra deputatların adlarını açıqca bəyan edərək, onları Avropa Şurasının, demokratiyanın tələblərinə deyil, ayrı-ayrı qrupların məxfi maraqlarına xidmət etməkdə ittiham edərək deyib: "Avropa Şurasında 600-dən artıq deputat fəaliyyət göstərir. Ölkələrində əhalinin əksəriyyətinin tanımadığı bir neçə deputatı Azərbaycanda əhali daha yaxşı tanıyır. Məsələn, Maykl Astrup Yensen (Danimarka), Rene Ruke (Fransa), Fransua Roşeblan (Fransa), Frank Şvabe (Almaniya), Ann Brasör (Lüksemburq), Tini Koks (Hollandiya), Piter Omziq (Hollandiya) və digərlərinin adları məşhurdur. Nə üçün? Çünki elə gözəyarı statistika göstərir ki, daim Azərbaycan mövzusunda çıxış edirlər. Həmişə Azərbaycana qarşı kəskin tənqidi fikirlər söyləyirlər. Demokratik dəyərlərə bu qədər önəm verirlərmi? Təəssüf ki, yox. Bu insanlar həqiqətən Azərbaycanın həll olunmalı problemlərindən narahat olsaydılar, Azərbaycan vətəndaşlarının daha gözəl bir cəmiyyətdə yaşamasını səmimiyyətlə arzu etsəydilər, həqiqi demokrat olsaydılar, heç olmazsa, bir dəfə Azərbaycanın ən ağrılı problemindən, ölkənin işğala məruz qalmasından bəhs edərdilər. Niyə onlar heç vaxt bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün olmasından danışmayıblar, bu haqda gedən müzakirələrə qoşulmayıblar? Nə üçün Azərbaycana aid müsbət fikir dilə gətirməyiblər? Demək, Azərbaycana daim qara eynəklə baxan, Azərbaycana hansısa köməklik, xeyirxahlıq göstərmək ağıllarına belə gəlməyən bu şəxslər səmimiyyətdən uzaqdırlar, əsl demokrat adlana bilməzlər. Onlar hansısa məchul gücləri və dairələri təmin edən sistemli, düşünülmüş bir riyakar siyasət yürüdür, ardıcıl olaraq Azərbaycan əleyhinə mövqe tuturlar. Nə üçün? Bu tapşırığı onlara kim verir, hansı dairələr onları yönəldir? Əgər onları vicdanları yönəltsəydi, əlbəttə ki, heç olmazsa, zahiri görünüş naminə bircə dəfə də olsa Azərbaycanın dərdlərindən söz açardılar. Etməyiblər, etmirlər. Bu qəbil şəxslərə Azərbaycanda müxtəlif siyasi qüvvələrin iqtidarı təmsil edənlərin də, müxalifətdə olanların da münasibəti eynidir: onlar Azərbaycanın dostları deyillər. Barışmaz və sifarişli bədxahlardır”.

O, ədalətsiz, qərəzkar, asanlıqla qaraya ağ, ağa qara deməyə pərgar bu qəbil deputatların Assambleyada qruplar, dəstələr halında birləşdiyini qeyd edib. Azərbaycan nümayəndəsi belə halları hər kəsin müşahidə edə bilməsi üçün sadəcə ötən illərin stenoqramlarını qaldıraraq bəzi deputatların çıxışlarının mətnlərini izləməyin yetərli olmasını bildirib. "Belə deputatlar Assambleyada ayrı-ayrı qruplar şəklində varsa, bu daha təhlükəli, təşkilatın adına, nüfuzuna, prinsiplərinə zərbədir. Plenar iclaslardakı bütün stenoqramlar ortadadır. Açın, ölkələr üzrə mövqeləri izləyin, təkrarlanan adlara və mövqelərə baxın, mənzərəni aydın təsəvvür edin, mələk maskaları ardında gizlənmiş əsl simaları görün. Əsl demokratlarla demokratiya kuklalarının fərqini müşahidə etdikcə düşünün ki, Avropa Şurasını bir siyasi və insani bəla olan bu mütəşəkkil riyakarlıqdan xilas etmək üçün hansı radikal addımlar atılmalıdır”, - deyə R.Hüseynov xüsusi vurğulayıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001