• şənbə, 20 Aprel, 08:12
  • Baku Bakı 14°C

Aslan İsmayılov: “Ənnağı, sən də, İntiqam da oğrusunuz”

03.08.17 19:54 2785
Aslan İsmayılov: “Ənnağı, sən də, İntiqam da oğrusunuz”
Vəkil Aslan İsmayılov öz "Facebook” səhifəsində paylaşdığı geniş yazı ilə həmkarları Ənnağı Hacıbəyli və İntiqam Əliyevi ifşa edib, onların gizlinlərini açıb. Həmin yazını ixtisarla təqdim edirik.

Vəkil A.İsmayılov yazısının əvvəlində qeyd edib ki, hakimiyyətdən, həmçinin Rəhim Qazıyev, Etibar Məmmədov və Surət Hüseynovdan çox Ənnağı Hacıbəyli və İntiqam Əliyevlərdən zərbə alıb. O, hər iki həmkarının "qarın ağrısı”nı bilsə də, bu gün də onları anlaya bilmədiyini qeyd edib:
"İllər boyu yanımda işləyən və hər gün Əbülfəz Elçibəyin içki aludəçisi olduğunu deyib cürbəcür əhvalatlar danışan Ənnağı Hacıbəyli heç peşmançılıq hissi keçirirmi?! Əminəm ki, keçirmir, çünki içi o qədər çirkabla doludur ki, o, bu hissləri anlamaz. Nə o, nə də İntiqam Əliyev mənim üçün heç vaxt problem olmayıblar və ola da bilməzlər. Ancaq onların uzun illər oğurladıqları qrant pulları hesabına bilik verməkdən çox zəhərlədikləri gənclərin də varlığından bu yazını onlara sərf etməyi özümə borc bildim. Bunlar hər ikisi 20 ildir məni özlərinə bir nömrəli problem bilib haqqımda daim böhtanlar, dedi-qodular yayıblar. Hərçənd ki, hər ikisini cəmiyyətə tanıdan özüm olmuşam. Bunu həm özləri, həm də bizim yaşıdlar çox gözəl bilirlər. Bu gün yenidən haqqımda "Mən bu adamın iç üzünü 2014-cü ildə aşağıdakı yazı ilə açıb göstərmişdim" deyən Ənnağı Hacıbəyli barəsində bildiklərimin cüzi bir hissəsini diqqətinizə çatdırıram. Ə.Hacıbəylini Respublika prokurorluğunda işlədiyim vaxtlardan tanıyıram. Tanımağım da hər dəfə prokurorluq iclaslarında tənqidi çıxış etdikdən sonra yanıma gəlib təşəkkür etməyi ilə bağlı olub. Onun Xalq Cəbhəsi rəhbərliyi ilə yaxın olmağını da özü demişdi. Az sonra mənim təqdimatım ilə o vaxtlar münasibətim yaxın olan ədliyyə naziri İlyas İsmayılov bunu Notariat və ZAQS idarəsinin rəisi təyin etdi. Bu gün "müqəddəs ata" kimi çağrılmasını xahiş edən, bu ifadəni çox sevən Ə.Hacıbəyli o vəzifədə işlədiyi az müddətə özünə mənzil, maşın aldı və Novxanıda bağ tikdirdi. Bəli, o başqaları kimi rüşvətxor olmamışdı, ancaq heç vaxt müqəddəs də olmamışdı. Mən isə Prezident Aparatında Ədliyyə Nazirliyinin, məhkəmə sisteminin kuratoru oldum, ancaq nə mənzil, nə bağ, nə də maşın ala bilməmişdim. Bu gün mənə əxlaq dərsi keçmək istəyən Ə.Hacıbəylinin qrant aldığı hüquqçular birliyini də özüm yaratmışam və onun ora sədr seçilməsini də təşkil etmişəm. O vaxtlar o işsiz olduğundan onu "VİZA" hüquq firmasına direktor da götürmüşdüm. Onun o vaxtlar ictimai birliklər, qrantlar barədə anlayışı belə yox idi. 1996-cı ilin əvvəllərində Budapeştdə Corc Sorosun təşkil etdiyi kurslarda Gürcüstandan olan, sonra Saakaşvilinin komandasını təşkil etmiş gənclərin belə bir təşkilatının olduğunu özüm də orada olanda bilmişdim. Mənim heç vaxt hansısa ictimai və ya siyasi təşkilatda olmaq marağım olmayıb. Təxminən bir neçə il sonra həmin təşkilata aldığı qrantları sakit oğurlasın deyə məndən gizlin olaraq həmin təşkilatı yenidən, artıq məni təsisçilər siyahısından çıxarmaqla qeydiyyatdan keçirmişdi. Elə İntiqamı da o vaxtlar "VİZA" hüquq firmasına gələndə tanımışam”.

Bunların haqqımda etdikləri yaramazlıqları yazsam, böyük kitab alınar

A.İsmayılov həmkarlarının oğru olduğunu sübut etmək üçün faktlara müraciət edib: "Bunların oğru olduqlarını qeyd etmək üçün bircə faktı deyim. 2005-ci ildə Prezidentlə görüşdən çıxan kimi hər ikisinə görüş haqqında ətraflı danışmışam. Dediklərimi çox bəyəndiklərini bildiriblər. Az sonra Fuad Ələsgərov zəng edib görüşə çağıranda bilərəkdən şəhərdə olmadığımı, ancaq iki saata gələ biləcəyimi demişəm. Dərhal da bunlardan vəkilliklə bağlı hansı təkliflərinin olduqlarını soruşub, həmin an mənə göndərmələrini xahiş etmişəm. Söz versələr də heç nə göndərmədilər. Buna baxmayaraq görüşdən çıxan kimi də müzakirə mövzusunun vəkilliklə bağlı hissəsini ətraflı bunlara demişəm. Həmin görüşdən az sonra Milli Məclisin komissiya sədri Əli Hüseynov tərəfindən qəbul olunduğumu da onlara bildirdim. Həmin günü təxminən saat 18-də Əli Hüseynov, az sonra isə Fuad Ələsgərov mənə zəng edib təkliflərimin tam şəkildə qəbul olunduğunu və "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik edildiyini bildirəndən sonra da sevincək halda bunlara həmfikir kimi baş verənləri söyləmişəm. Həmin günü təxminən saat 20 radələrində, o vaxtlar "VİZA" hüquq firmasında işləyən və bütün görüşlərdən xəbərdar olan, vəkil Famil Məmmədov mənə zəng edib bildirdi ki, bu dəqiqələrdə Ənnağı və İntiqam saytlarında xəbər yayıblar ki, Hüquqşünaslar Forumunun uzun sürən mübarizəsindən sonra hakimiyyət məcbur olub vəkillik haqqında qanuna dəyişiklik edib. Heç nə başa düşməyib Familə dedim ki, "Famil, həqiqətən elə olub". Famil isə mənə bildirdi ki, "Aslan müəllim, onlar hər şeyi elə qələmə veriblər ki, bunu ancaq Hüquqşünaslar Forumu edib, sizin heç adınızı da çəkməyiblər. Mən də məcbur olub yazdım ki, bəylər, heç olmasa ədalət naminə qeyd edin ki, Aslan İsmayılovun da rolu olub. ...Elə təxminən bu dövrlərdə, ilk günlərdən Soros fondunun Bakı nümayəndəliyində hüquq sahəsinə qrant ayrılan şöbədə işləyən Fuad adlı bir nəfərlə rastlaşdım. Ona salam vermədiyimi görən Fuad təkidlə onu dinləməyimi və nədən narazı olduğumun səbəbini soruşdu. Bildirdim ki, birinci dəfə 1999-cu ildə vəkillikdən xaric olunduqdan sonra, hüquq firmasını qorumaq məqsədilə Soros fonduna bir neçə dəfə qrant almaq üçün lahiyə verdim, hamısını rədd elədin, az sonra isə həmin layihələrə ancaq fərqli ünvanlı qrant ayrıldı. Fuadın "Aslan müəllim, həmin lahiyələrin keçməsini hər dəfə Ənnağı, İntiqam əngəllədilər" cavabı məni şoka saldı. Axı bunların hər ikisini o komissiyaya mən təklif etmişdim, qrant verən böyük təşkilatların rəhbərliyini şəxsən tanıdığımdan hər dəfə bunlar barədə "savadlı, bacarıqlı insanlardır" demişəm. Bunların haqqımda etdikləri yaramazlıqları yazsam, inanın ki, böyük kitab alınar”.

İntiqam həyasızcasına hətta iki bacı mühasibin üzünə durmağı da bacardı

A.İsmayılov yazıb ki, həmkarı Ə.Hacıbəyli ömrü boyu "navodka” verməklə məşğul olub: "2014-cü ildə REAL-çı Rəsul Cəfərovun həbs xəbərini oxuyan kimi, şəxsiyyətinə hörmət etdiyim və dürstlüyünə inandığım, Erkin Qədirliyə zəng edib bu gözlənilməz həbsin səbəbini soruşdum. Erkin bəy bildirdi ki, bu gözlənilməz həbs deyil. Uzun müddət idi ki, hüquq müdafiə təşkilatları ilə bağlı yoxlamalar və dindirmələr gedirdi. Bu barədə xəbərim olmadığından bir yazı yazdım. Həmin yazımda hüquq müdafiə təşkilatlarına müraciət edib onların faydalı işlə məşğul olduqlarına görə nə üçün susduqlarını, niyə bu məsələnin ictimai müzakirə predmeti etmədiklərini soruşdum. Səhv etmirəmsə həmin yazımda bütün hüquq müdafiə təşkilatlarının rəhbərlərinin, o cümlədən İntiqamın və Ənnağının da adlarını çəkdim. Ya həmin yazıdan dərhal sonra, ya da bir gün sonra İntiqam həbs edildi. Tam səmimi deyirəm, əgər bu hadisənin baş verəcəyini ağlıma gətirsəm, heç vaxt o yazını verməzdim. Az sonra "Tereza Ana" Xədicə İsmayılova İntiqamın haqqımda təhqir dolu fikirlərini yayımladı. Nə qədər ağır olsa da cavab vermədim, susdum. Məhkəmə proseslərinə getməsəm də mətbuatdan onu izləmək imkanım oldu. Çoxları bəyənməsə, mənə əlavə baş ağrısı gətirsə də bu gün Ənnağının yazısına cavab olaraq bildirirəm ki, bəli, sən də, İntiqam da oğrusunuz! ...Özü də həyasızcasına. İntiqam hətta iki bacı mühasibin üzünə durmağı da bacardı ki, onun təxminən yüz min dollara qədər alınmış qrantdan, onun hesabatından xəbəri olmayıb və bunu iki gənc qız edib. Həyasızcasına o iki bacını əlinizdə olan mətbuat vasitələrində biabır etdiniz. Həmin pulların İntiqamın xəbəri olmadan alınmasının mümkün olmadığını qrant sahəsindən az-çox xəbəri olanlar gözəl bilirlər. Məndən fərqli olaraq küncdə, bucaqda bunu desələr də üzünüzə deməyə qorxurlar. Sizin həyasızlığınızı və arxanızda duran böyük çevrəni yaxşı bilirlər. Ənnağı, sənin həmişə aldığın qrant paylarına görə İntiqamın tapşırığını yerinə yetirdiyini də çoxları gözəl bilirəm. Səni, mən çox yaxşı tanıyıram. Sənin heç vaxt mənə dil uzatmağa cürətin çatmazdı! Sən həmişə haqqımda İntiqamın dediklərini dilə gətiribsən”.

İntiqam auditə ayrılmış 5 min avronun 3 mininin ona "otkat" şəklində qaytarılmasını istəyirdi

Vəkil A.İsmayılov həmkarı İ.Əliyevin saxtakarlığından da söhbət açıb: "Təxminən 2010-cu il idi. Sorosun Budapeştdəki nümayəndəsi zəng edib bildirdi ki, onlar Azərbaycana ayırdıqları bütün qrantların auditinin mənim audit şirkətim tərəfindən aparılmasını istəyirlər. Bu vaxtlar artıq bir neçə ay idi ki, "VİZA" audit şirkətinin işçilərinin maaşlarını verə bilmirdim, çünki biz başqa audit şirkətləri kimi saxta rəy satmırdıq. Sevincək Elnuru çağırıb təklifi ona bildirdim. Az sonra bizim şirkətlə indi yadımda olmayan Budapeştdə təmsil olunan bir şirkət müqavilə bağladı. Bir müddət sonra Elnur yaxınlaşıb bildirdi ki, "Aslan müəllim, İntiqam Əliyev böyük qrant alıb (dəqiq yadımda deyil ya 280 min, yaxud da 380 min avro) və auditin bizim tərəfimizdən aparılmasını istəyir. Auditə ayrılmış 5 min avronun 3 mininin ona "otkat" şəklində qaytarılmasını istəyir". Elnura bildirdim ki, "bu günə qədər belə bir iş görmüsənmi?!" Cavab verdi ki, "görmədiyimizə görə neçə aylardır ki, maaşlar verilmir" və əlavə etdi ki, məbləği danışıb dəyişdirə bilər. Cavabım qəti oldu. 4500 bizə, 500 özünə istəsə də bu mümkün deyil! Həqiqətən bir müddət sonra "VİZA" audit şirkətini maddi çətinlik ucbatından bağladım. İmtinadan sonra Budapeştdən zəng edib soruşdular ki, niyə müqavilənin şərtlərini yerinə yetirmirsən, niyə İntiqam Əliyevlə müqavilə bağlamaqdan imtina edibsən. Nə baş verdiyini anladım. Yenə də keçdim. Cavabım bu oldu ki, "işimiz çox olduğundan, sizin işi keyfiyyətli yerinə yetirə bilmədiyimizdən imtina etmişik". İndi bu əməl sahibləri, mənə vicdan, dürüstlük dərsi keçmək istəyirlər”.

Qranta görə tək Vətənini yox, şərəfini də satan...

A.İsmayılov Ə.Hacıbəyliyə səslənərək deyib ki, onunla bağlı həmkarının hüquq saxtakarlığı keçərli deyil: "Həmişə demişəm, indi də təkrar edirəm, hüquqi biliyindən saxtakarlıq üçün istifadə edən şəxs ən yaramaz, ən şərəfsiz və ən təhlükəli adamdır. İndi isə sənin saxtakarlığını ifşa edim. ...Təxminən 2000-ci ilin əvvəllərindən hüquq müdafiə təşkilatlarının daha çox biznes təşkilatılarına çevrildiyini bildiyimdən onların iştirak etdiyi tədbirlərə dəvətləri qəbul etmirdim. Bunu səfirliklər və beynəlxalq qurumlar bilirdi. İndi dəqiq yadımda deyil, ya 2005-ci ilin sonu, ya da ki, 2006-cı ilin əvvəlləri saat təxminən 10 radələri olardı. Avropa Şurasının Bakı nümayəndəliyindən zəng edib, üzrxahlıq edib bildirdilər ki, bu dəqiqələrdə mənim Herkellə görüşüm nəzərdə tutulub, xəbərdar etmək isə yaddan çıxıb və təcili ora gəlməyimi xahiş etdilər. Ofisim yaxınlıqda olduğundan təxminən 10 dəqiqəyə ora çatdım. Artıq qapıda məni gözləyirdilər. Məni müşayiət edib görüş otağına apardılar. İçəri girən kimi Ənnağının, İntiqamın və Leyla Yunusun qabaqlarında qalaq-qalaq kağızlarla oturduqlarını gördüm. Elə bu məqamda arxamca Herkel girdi. Salamlaşıb bildirdi ki, tədbiri başlayaq və soruşdu ki, kim çıxış edəcək. Həqiqətən görüşün məqsədini bilmədiyimdən, hazırlıqsız olduğumdan dərhal dedim ki, mən sonda çıxış edəcəm. Birinci mənə yaxınlıqda oturan Leyla Yunus siyasi məhbuslar mövzusunda çıxış etdi. Ondan sonra Ənnağı məhkəmə sistemi haqqında danışdı. Bu müddətdə mən Leyladan siyahıya baxmağa icazə istədim. Leyla mənə nifrət etsə də (nifrətin səbəbi isə mənim onun kimliyini bilməyim və üzünə deməyim idi), siyahını mənə təqdim etdi. Siyahıda yüzdən çox insan var idi və demək olar ki, onların əksəriyyətini tanımırdım. Gözümə dəyən ilk bəzi soyadlar qarşısında "sadvalçı" adlananlar sözü oldu. Daha sonra isə Əlikram Hümbətovun adını gördüm. Narazı olsam da heç nə demədim. Sonda İntiqam vəkillik problemləri ilə bağlı çıxış etdi. Çıxışının sonunda işlətdiyi "Azərbaycanda bir nəfər vəkil də hakimiyyətin icazəsi olmadan siyasi məhbusları müdafiə edə bilməz” sözlərinə görə söz istəməli oldum, çünki həmin dövr elə özüm də vəkil idim. Çox qısa şəkildə dedim ki, burada oturanlarla on ildən artıqdır ki, eyni yolun yolçusuyuq və çıxışçıların bütün fikirləri ilə razıyam. Sadəcə bir neçə məsələyə mənim öz baxışım var. Bəli, Ənnağı, sizin provokator olduğunuzu yaxşı bildiyimdən "razı deyiləm" yox, "öz baxışım var" dedim. Sadvalçılar (Bakıda metro partladan separatçılar) və Əlikram Hümbətovun (bu gün Yerevandan bəyanatlar yayan) konkret cinayətlərinə görə məhkum edildiklərini bildirdim və son olaraq əlavə etdim ki, İntiqamın dedikləri ilə də tam razıyam. Bəli, Vəkillər Kollegiyasının üzvlərinin əksəriyyəti siyasi məhbus prosesinə çıxmaqdan çəkinirlər. Ancaq bir əldəki barmaqla sayılsa da, siyasi proseslərə çıxan vəkillər var ki, heç vaxt hakimiyyət tərəfə baxmırlar. Bunu deyəndə İntiqam nə isə dodağının altında mızıldadı. Dönüb ondan soruşdum ki, İntiqam, sən doğrudanmı hesab edirsən ki, özümü demirəm, Adil İsmayılov hansısa işdə hakimiyyətdən icazə alır?! İntiqam dərhal ayağa qalxdı və isterik formada dedi ki, "Aslan İsmayılov bu yaxınlarda prezident İlham Əliyevlə görüşüb və hakimiyyətə satılıb". Bunu eşidən kimi, bunların həyasızlıqlarını seyr etməmək üçün heç nə demədən qalxıb otaqdan çıxanda arxamca Herkel də otağı tərk etdi. Paltomu geyinib əsəbi şəkildə Qoşaqala Qapısına doğru getdim. Qapılara az qalmış İntiqamın və Ənnağının nə isə deyə-deyə arxamca gəldiklərini gördüm. Addımlarımı daha da sürətləndirib bunlardan aralanmaq istədim. İntiqamın artıq çığıra-çığıra arxamca "satqın" dediyini eşitdikdə özümü saxlaya bilmədim. Onun boğazından yapışıb "qranta görə tək Vətənini yox, şərəfini də satan ..., bunu sən mənə deyirsən?!" dedim. Ənnağı tələsik araya girdi. Sonuncu dəfə biz belə ayrıldıq. İndi üzümü sənə tutub deyirəm, Ənnağı, İntiqamla tanıdıqlarımız on kişini yığ və onların qarşısında bunları üzünə deyim və yalan deyənin sizin layiq olduğunuz formada adını bildirim”.

İntiqam hansı hesaba evlər, şəhərin mərkəzində yarım milyonluq ofis alıb?!

A.İsmayılov qeyd edib ki, vaxtilə Rəhim Qazıyevin sağ əli olmuş, Müdafiə Nazirliyində polkovnik rütbəsində meydan sulayan, elə o illərdə çoxlu sayda millətə, dövlətə yönəlmiş təxribatların iştirakçısı və təşkilatçısı olmuş mahir intriqant Leyla Yunus heç vaxt bu dövləti və milləti sevməyib, həmişə bu xalqa, onun dilinə nifrətlə baxıb və heç vaxt səmimi müdafiəçi olmayıb: "Sadəcə sizi kimi qrant düşgünlərinin hesabına bu gün millətə dahi hüquq müdafiəçisi kimi təqdim olunur. Ənnağı, bunu sən gözəl bilirsən. Yadına bir epizod da salım. İkinci dəfə də "İsaxan Aşurov mükafatı" cənub bölgəsindən olan şəxsə verilməsi ilə bağlı təəccübümü həmin tədbirdə sənə bildirəndə də "sus, Leyla bizim qrantlarımızı kəsər" deyən sən olubsan. Yazırsan ki, ancaq pul əsasında kimlərisə müdafiə edərəm, yəni pulsuz heç vaxt. İndi dinlə məni, sən İntiqamla yüz minlərlə qrant alıb yeyib, millətə isə "biz pulsuz hüquqi xidmət göstəririk" deyəndə mən sizdən fərqli olaraq bir manat da qrant almadan sizlərdən dəfələrlə çox vətəndaşa "VİZA" hüquq firması vasitəsilə pulsuz hüquqi xidmət göstərmişəm. Avropa İnsan haqları ilə bağlı yüz minlərlə qrantdan əlavə ora apardıqlarınızdan adambaşına min manatı da mən almamışam. Sizdən fərqli olaraq mən halal vəkillik fəaliyyətimlə pul qazanmışam. Xaricdə yaşayan milyarderlər də sizə yox, hüquqi məsələlərlə bağlı mənə müraciət ediblər. Mən sizin kimi hər şeyi oğrun etməmişəm. Açıq etmişəm. Qrant hesabına aylıq maaşı uzaqbaşı min, min beş yüz dollar olan İntiqam hansı hesaba evlər, şəhərin mərkəzində yarım milyonluq ofis alıb?! Hesabatını verə bilərsinizmi?! Mən isə Facebook səhifəmdə elə sizin kimilərə xitabən yazmışdım ki, özümüzdən başlayaq. Tək "VİZA" hüquq firmasından qazandığım pullar hesabına yüz min manatlarla vergi ödədiyimi də göstərmişdim. Siz də edin. Edə bilməzsiniz! Siz həmişə xal qazanmaq üçün özünüz dilənçi kimi qələmə vermisiniz. ...Siz davranışınızla bu millətin əxlaqını pozmağa çalışmısınız, mən isə əksini etmişəm. Siz yanınızda olan gənclərə hamıya qarşı kin, nifrət bəsləməyi, intriqabazlıq, qruppazlıq öyrətmisiniz, mən isə hörmət, sevgi, səmimilik, dürüstlük. Siz ömrü boyu paxıllıqdan çərləmisiniz. Mən isə əksinə, sizi tanıya-tanıya da uğurunuza sevinmişəm və bu barədə yüzlərlə dəfə KİV-lərdə çıxışım olub. Siz bircə dəfə də olsun adımı müsbət formada hallandırdığınızı tapın, sizdən üzr istəyim. Başlanğıcında mənə yarınmaq istəyən siz olubsunuz. Amma siz bunu etməsəniz də, mən heç vaxt haqqınızda pis danışmazdım. Sizin xislətiniz budur. Siz nəinki ətrafınızı, balalarınızı da zəhərləyibsiniz, onlara da kin-küdurət aşılayıbsınız. Özüm, heç vaxt üzlərini görmədikləri balalarım haqqında böhtan yağdırıblar. Mənim balalarım isə heç sizin adınızı belə çəkməyib. Hərçənd, bilirsiniz ki, balalarım sizinkilərdən qat-qat uğurludurlar, çünki onlar hamıya hörmət və sevgi mühitində böyüyüblər. Mən sizi olmadığınız hər yerdə tərifləyəndə, Siz əksini edibsiniz. "Əşşi, biz canımızı qoyuruq, ancaq hüquqşünas deyiləndə Aslanın adını çəkirlər". Mən də çox mitinqlərdə iştirak etmişəm, çoxlu təzyiq, təhdidlərə məruz qalmışam. Ancaq sizin kimi polisi təxribata çəkib jurnalisti bu epizodu çəkmək üçün yanımda saxlamamışam. Ənnağı, gör nə günə düşübsən, nifrət gözünü nə qədər örtüb ki, Rəhim Qazıyevin pulları ilə qəzet saxlayan bir dələduzun qəzetindən cavab verirsən. Sənin doğma qardaşların işləyən "Azadlıq" qəzeti belə dəfələrlə haqqımda yazdığınızı çap etməyib sifətinizə çırpmışdı”.
banner

Oxşar Xəbərlər