• cümə axşamı, 25 aprel, 15:31
  • Baku Bakı 23°C

Aslan Aslanov vitse-prezident seçildi

23.09.13 14:24 1369
Aslan Aslanov vitse-prezident seçildi
Sentyabrın 19-20-də Moskvada Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XV Baş Assambleyası keçirilib. “Croun” Beynəlxalq Ticarət Mərkəzinin binasında Rusiyanın İTAR-TASS Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Asiya və Sakit okean regionunun aparıcı xəbər agentliklərinin rəhbərləri və nümayəndələri toplaşıblar. Azərbaycan tədbirdə AzərTAc və Trend informasiya agentlikləri ilə təmsil olunub.
İTAR-TASS Agentliyi Kollegiyasının sədri, OANA-nın vitse-prezidenti Vitali İqnatenko tədbiri açaraq bildirib ki, Baş Assambleyada iştirak etmək üçün Moskvaya 35 ölkənin 44 informasiya agentliyinin nümayəndələri gəliblər. O, müasir dünyada informasiya mübadiləsinin əhəmiyyətindən danışıb, hadisələr barədə dəqiq və operativ informasiya yayılmasının beynəlxalq məkanda rolunu vurğulayıb.
İTAR-TASS-ın baş direktoru Sergey Mixaylov Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə qeyd edilib ki, OANA haqlı olaraq dünyanın ən qocaman və nüfuzlu xəbər agentlikləri birliklərindən biri sayılır. Təşkilat Asiya və Sakit okean regionunda azad və birbaşa informasiya mübadiləsinin təmin olunmasına şərait yaradır. Rusiya Prezidentinin fikrincə, hərtərəfli dialoq xəbər agentliklərinin həm texniki, həm də yaradıcılıq sahələrində əməkdaşlığının möhkəmlənməsinə, müasir dövrün kəskin problemlərinin işıqlandırılmasına tarazlaşdırılmış yanaşmanın təmin olunmasına kömək edir.
Açılış mərasimində Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin də müraciəti oxunub.
Türkiyənin Anadolu Agentliyinin baş direktoru, OANA-nın prezidenti Kamal Öztürk çıxışında vurğulayıb ki, Baş Assambleya Asiya və Sakit okean bölgəsində müxtəlif problemlərin müzakirəsi üçün önəmli platformadır. Təşkilatın başlıca məqsədlərindən biri region ölkələri arasında sərbəst informasiya axınının təmin edilməsidir. K.Öztürk Misirdə və Suriyada baş verən hadisələrə toxunub və onların düzgün işıqlandırılmasında OANA-nın rolunu qeyd edib.
K.Öztürk bildirib ki, Anadolu Agentliyinin OANA-ya rəhbərlik müddəti başa çatır və 2013-2016-cı illərdə təşkilata prezidentlik Rusiyanın İTAR-TASS Agentliyinə verilir. O deyib: “Əminəm ki, İTAR-TASS-ın rəhbərliyi dövründə təşkilat daha uğurla fəaliyyət göstərəcək”.
Gündəliyə əsasən, təşkilati məsələlərə də baxılıb. İTAR-TASS Agentliyinin baş direktoru Sergey Mixaylov növbəti üç il müddətinə OANA-nın prezidenti, baş direktorun birinci müavini Mixail Qusman baş katib seçiliblər.
Sonra Baş Assambleyanın iştirakçıları OANA-nın büro üzvlərinin sayının artırılaraq 11-dən 13-ə çatdırılması təklifinə səs verib, büronun tərkibini və beynəlxalq qurumun vitse-prezidentlərini seçiblər. OANA-nın dalbadal üç dəfə Büro üzvü olan AzərTAc-ın baş direktoru Aslan Aslanov bu beynəlxalq qurumun vitse-prezidenti seçilib. OANA-nın texniki komitəsinin üzvlərinin sayı da artırılaraq 5-dən 7-yə çatdırılıb. OANA-nın icraiyyə komitəsinin növbəti iclasını Bəhreyndə keçirmək qərara alınıb. Bu iclasın təşkilatçısı qismində Bəhreynin BNA informasiya agentliyi çıxış edəcək.
Daha sonra Baş Assambleyada Yaponiyanın KYODO, Çinin Sinxua, Avstraliyanın AAP, İndoneziyanın Antara, Koreya Respublikasının Yonhap və digər agentliklərin rəhbərləri məruzələrlə çıxış ediblər. Məruzələrdə müasir jurnalistikanın problemləri, jurnalist kadrların hazırlanması, informasiya materiallarından təhsil proqramlarında istifadə olunması və digər məsələlərə toxunulub.
Assambleyada OANA-nn büro üzvü və yeni vitse-prezidenti AzərTAc-ın baş direktoru Aslan Aslanovun məruzəsi dinlənilib. Aslan Aslanov çıxışında bildirib ki, XXI əsrin mediası ənənəvi jurnalistikadan əsaslı şəkildə fərqlənir. Texnoloji innovasiyaların tətbiqi və geniş istifadə edilməsi, cəmiyyətin, onun hər bir üzvünün həyatının ayrılmaz tərkib hissəsinə çevrilmiş sosial şəbəkələrlə qarşılıqlı fəaliyyət bu gün informasiya agentliklərinin qarşısında duran əsas vəzifədir. Eyni zamanda, xəbərlər bazarında ciddi rəqabətə davam gətirmək üçün agentliklər informasiyanın əsas təchizatçısı rolunu qoruyub saxlamalıdırlar.
AzərTAc-ın baş direktoru deyib: “Auditoriya ilə münasibətlərin tamamilə yeni forması olan TRANSMEDİA müasir dövrün ən aktual trendlərindən biridir. Bu, eyni zamanda, həm marketinq gedişi, həm də jurnalist üçün yeni yaradıcılıq formasıdır. Məqsəd interaktiv yaradıcılıq və əks-əlaqə elementlərindən eyni vaxtda istifadə etməklə auditoriyanı təhkiyənin strukturuna maksimum cəlb etməkdir. Biz müasir auditoriyanın məhz nə tələb etdiyini aydınlaşdırmalıyıq. Transmedia layihəsinə oyunun müəyyən elementləri daxil edilməlidirmi? Əgər belədirsə, onda hansı texnologiyalar aktualdır?”.
A.Aslanov vurğulayıb ki, hansı texnologiyanın daha artıq səmərə verdiyinin müəyyən edilməsi vacibdir. İstifadəçilərin əhatə dairəsini genişləndirmək üçün ilk növbədə onların nə istədiyini öyrənmək, sonra isə təkcə kommersiya səmərəsi əldə etmək üçün deyil, həm də münasibətlər qurmaq, istehlakçıları saxlamaq, işgüzar tərəfdaşları dönə-dönə sizin yanınıza qayıtmağa maraqlandırmaq üçün layihənin pitçinqini düzgün hazırlamaq lazımdır. Bu gün videokontentə baxmaq üçün onlayn servislərdən istifadə edən insanların sayı durmadan artır. İnternet vasitəsilə televiziyaya baxan auditoriya genişlənəcəkdir. Lakin televiziyanı hesabdan silmək hələ tezdir. Belə ki, praym-taym deyilən dövrdə telekanalların auditoriyası internetin auditoriyasından iki dəfə genişdir. Bununla belə, gələcəkdə mobil platformaların və TV-nin bir-birinə qovuşacağına şübhə yoxdur. Əslində transmedia anlayışının mahiyyəti bundan ibarətdir.
Bu məsələnin OANA-nın üzvü olan agentlikləri maraqlandıracağını söyləyən AzərTAc-ın baş direktoru deyib: “Biz alyans çərçivəsində müştərək Transmedia layihələri hazırlaya, təcrübə mübadiləsi apara, seminarlar təşkil edə bilərik. Hər halda, biz OANA-nın potensialından daha səmərəli istifadə etmək yollarını axtarmalı, o cümlədən bu təşkilatın üzvləri olan informasiya agentliklərinin multimedia məhsullarının geniş coğrafi məkanda yayılmasına imkan verən internet resurslarından informasiya körpüsü kimi istifadə etməliyik. Bundan əlavə, OANA-nın saytında korporativ xəbərlər bölməsi yaratmaq, həmin bölmədə qurumun üzvləri olan agentliklərin ən son xəbərlərini yaymaq işimizin xeyrinə olardı”.
Daha sonra OANA-nın XVI Baş Assambleyasının ev sahibinin seçilməsi üçün gizli səsvermə olub. Gərgin keçən səsvermənin nəticələrinə görə, qurumun üzvlərinin böyük əksəriyyəti AzərTAc-ın namizədliyini dəstəkləyib. Beləliklə, OANA-nın XVI Baş Assambleyası 2016-cı ildə Bakıda keçiriləcək. AzərTAc 2016-2019-cu illərdə OANA-ya rəhbərlik edəcək.
banner

Oxşar Xəbərlər