• şənbə, 20 Aprel, 06:02
  • Baku Bakı 14°C

Aslan Aslanov Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının prezidenti seçilib

18.11.16 12:35 833
Aslan Aslanov Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının prezidenti seçilib
Bakıda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının iclası başlayıb.
APA-nın məlumatına görə, birinci sessiyada çıxış edən OANA baş katibi Mixail Qusman tədbiri açıq elan edib. OANA prezidenti Sergey Mixaylov çıxışında deyib ki, sosial medianın inkişafı ilə bağlı KİV-in siması dəyişir. OANA tərkibində Etika komitəsi yaradıldığını və bu sahəyə xüsusi diqqət yetirildiyini diqqətə çatdıran S. Mixaylov qeyd edib ki, ötən dövr ərzində təşkilatın saytının sosial şəbəkələrdə səhifələri yaradılıb. S. Mixaylov TASS-ın quruma sədrlik etdiyi dövrdə 177 min 242 dollar üzvlük haqqı yığıldığını açıqlayıb: "Biz sədrlik etdiyimiz dövrdə yığılan vəsaitdən yalnız 2 min dollar "OANA Mükəmməllik Mükafatı” müsabiqəsinin qaliblərinə veriləcək. Yeni sədrin sərəncamında 175 min 242 dollar olacaq. TASS-ın sədrliyi dövründə biz öz ehtiyat mənbələrimizdən xərcləmişik”.
İclasda qarşıdakı dövrdə də illik üzvlük haqqının 1000 dollar olması təsdiqlənib, üzv agentliklər arasında keçirilən "OANA Müəkəmməllik Mükafatı” müsabiqəsinin qalibləri təltif edilib. Eyni zamanda, OANA texniki və etik komitələrinin hesabatları dinlənilib. Bununla da birinci sessiya başa çatıb.
İkinci sessiyada "AzərTac” dövlət agentliyinin baş direktoru Aslan Aslanov OANA-nın prezidenti seçilib, 2016-2019-cu illərdə OANA-ya sədrlik Rusiyanın TASS agentliyindən "AzərTAC”a keçib. "AzərTac”ın Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov isə OANA baş katibi seçilib. Qarşıdakı 3 ildə TASS, "Anadolu", "Sinxua" və YUNHAP (Cənubi Koreya) agentlikləri vitse-prezident vəzifəsini icra edəcəklər. Tədbirdə çıxış edən A. Aslanov yüksək etimada görə təşəkkürünü bildirib: "Ötən 3 il ərzində TASS agentliyi OANA-nın dünyada nüfuzunun artırılması istiqamətində mühüm işlər görüb. Sizi əmin edirəm ki, "AzərTAC” təşkilata sədrliyi dövründə agentliklər arasında əməkdaşlığın inkişafına çalışacaq”.
Sessiyada OANA XVII Baş Assambleyasının 2019-cu ildə Cənubi Koreyanın paytaxtı Seulda keçirilməsi barədə qərar qəbul edilib. Bununla da tədbir başa çatıb.
Qeyd edək ki, "AzərTAC” OANA-ya 2004-cü ilin sentyabrında üzv qəbul olunub. 2007-ci il dekabrın 12-də OANA-nın İndoneziyanın paytaxtı Cakartada keçirilən XIII Baş Assambleyasında "AzərTAC” bu qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin üzvü, 2013-cü il 18-22 sentyabrda Moskvada keçirilən XV Baş Assambleyada "AzərTAC”ın baş direktoru OANA-nın vitse-prezidentlərindən biri seçilib. Həmin toplantıda gizli səsvermə nəticəsində "AzərTAC” 2016-2019-cu illərdə bu təşkilata sədrlik etmək hüququ qazanıb.
banner

Oxşar Xəbərlər