• cümə, 29 Mart, 17:05
  • Baku Bakı 14°C

Asiya İnkişaf Bankı Azərbaycana 750 mln. dollar ayırdı

05.05.15 09:35 1206
Asiya İnkişaf Bankı Azərbaycana 750 mln. dollar ayırdı
Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik Toplantısı çərçivəsində Azərbaycan Respublikası hökuməti ilə AİB arasında elektrik enerjisinin paylanmasının inkişafına dair təklif olunan İnvestisiya Proqramı üzrə kreditin ayrılmasına dair ilkin niyyət protokolu imzalanıb.
“APA-Economics”in xəbərinə görə, protokolu Azərbaycanın maliyyə naziri Samir Şərifov, “Azərişıq” ASC-nin sədri Baba Rzayev və AİB-in vitse-prezidenti Vençay Jangin imzalayıblar.
Sənədin respublika ərazisində elektrik enerjisi təminatının daha da yaxşılaşdırılması, eləcə də enerji paylanmasının təkmilləşdirilməsi məqsədilə “Azərişıq” ASC-yə 750 mln. ABŞ dolları məbləğində çoxtranşlı maliyyələşmə mexanizmi çərçivəsində kreditin verilməsini nəzərdə tutur.
Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında regionların elektrik enerjisi ilə dayanıqlı təminatına yönəlmiş tədbirlərin icrası üçün AİB-dən maliyyə vəsaitlərinin cəlb edilməsi üzrə danışıqların çərçivəsini özündə ehtiva edir. Azərbaycan hökuməti ilə bank arasında aparılacaq danışıqların növbəti mərhələsində kredit müqaviləsi üzrə şərtlər müəyyən ediləcək.
İmzalanma mərasimində Azərbaycan ilə AİB arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizin bankla birgə həyata keçirdiyi su, nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub. Bu əməkdaşlığın digər sahələrdə də genişlənəcəyinə əminlik ifadə edilib.
Qeyd edək ki, AİB 1999-cu ildən etibarən Azərbaycanın iqtisadi imkanlarının şaxələndirilməsi və genişləndirilməsinə dəstək məqsədilə mühüm hissəsi infrastruktur sektoruna yönəlməklə təxminən 2,1 mlrd. ABŞ dolları məbləğində vəsait ayırıb.
banner

Oxşar Xəbərlər