Aşıq sevgisindən yaranan muzey

Aşıq sevgisindən yaranan muzey

Mədəniyyət
03 Oktyabr 2012, 09:48 3157
«Gənclik» metro stansiyasının yaxınlığında, Atatürk prospekti 37-də yerləşir Aşıq Ələsgər adına Azərbaycan Aşıqlar Muzeyi. Bura görkəmli aşıqlardan heç birinin ev muzeyi deyil, heç dövlət statusu da yoxdur. Mənzilin sakini Hüseyn Hacıqulu oğlu özü yaradıb bu muzeyi. Aşıq Ələsgər irsinə, ümumilikdə aşıq sənətinə məhəbbətindən irəli gəlib bu istəyi.
Ömrünün ahıl çağlarını yaşayan Hüseyn Həsənov təqaüdə çıxana qədər sürücü işləyib. Rayonbarayon, şəhərbəşəhər, kəndbəkənd gəzərək bu nadir inciləri toplayıb.

Yaşadığı doqquzmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən muzeyə çöl tərəfdən lövhə vurulub və divarı görkəmli aşıqların fotoları bəzəyir.
Beşotaqlı mənzilin dörd otağı isə muzey kimi fəaliyyət göstərir. Birinci otağın baş divarında haqq aşığı Aşıq Ələsgərin böyük portreti yer alıb. Divarları həmçinin Borçalı, Salyan, İran, Dərbənd, Göyçə, Şəmkir, Kəlbəcər aşıqlarının şəkilləri bəzəyir. Aşıq Ələsgərdən sonra Göyçə mahalında bu sənəti qoruyub inkişaf etdirən İslam Yusifov, Aşıq Qara Mövlayev, ustad aşığın ilk şagirdlərindən olan Aşıq Ağayarın şəkilləri də yer alıb. Hüseyn kişi divarı bəzəyən saysız-hesabsız aşıqların – bu gün bizim nəslə adları eşidilməyən el sənətkarlarının adlarını əzbərdən sadalayır. Muzeydə həmçinin Azərbaycanın qadın aşıqlarının şəkilləri də diqqət çəkir. Hüseyn kişi şəkillərin bəzisinin surətini Firudin Şuşinskinin kitabından çıxartdıraraq böyütdürüb. Aşıqların bir çoxunun şəkilləri bahalı çərçivələrə yerləşdirilib. Hüseyn kişi nadir eksponatlardan söz açaraq həmçinin muzeyin yaranması məqsədindən söhbət açır: «Aşıq Ələsgər atamın dostu olub. Atam Hacıqulu kişi Göyçə mahalının Krasnoselsk rayonunun Ardanış kəndinin el ağsaqqalı olub. Səxavətinə görə ona Hacı Həzrətqulu kişi deyirdilər. Deyilənə görə, Aşıq Ələsgər atamı bu adla çağırırmış. Atam Aşıq Ələsgərdən sonra ikinci hörmətli adam sayılırmış. Mən uşaq olanda Aşıq Ələsgər evimizə gəlib-gedərdi. Onun söhbətlərinin, oxumalarının şahidi olmuşam».

“Bunlar bizim üçün tarixdir”

Muzeyin ikinci otağının divarları sanki köhnə vallardan hörülüb. Hüseyn kişi muzeydə 750 valın olduğunu bildirir. Azərbaycan aşıqlarının mahnılarından, musiqilərindən ibarət olan vallarda 1900-cü ildən bəri səslənən ifalar yazılıb. Belə ki, aşıq İslam Yusifov, Aşıq Qara, Teymur Hüseynov, Aşıq Məsim, Aşıq Hüseyn Saraclı, şamaxılı Mirzə Bilal, Aşıq Şakir, Aşıq Pənah və başqalarının səsləri yazılıb. «Mən bu aşıqların təkcə vallarını deyil, həmçinin fotoşəkillərini də, bəzilərinin albomlarını da qoruyub saxlayıram. Yerdə köhnə patifonlar, radioqəbuledicilər, aşıq papağı, aşıq çəkmələri yer alıb. Hüseyn kişinin dediyinə görə, aşıq geyimlərini muzeyə Göyçə mahalının tanınmış aşığı Məhəmmədəli bağışlayıb. Valların çoxunu isə Hüseyn kişiyə Gədəbəy rayonunun Arıqıran kəndindən hədiyyə gətiriblər. Gədəbəyin Arıqıran kəndindən Hüseyn Əkbərov muzeyə 200 val, patefon, qüdrətli el aşıqlarının fotolarını və kitablar bağışlayıb.

Qrammafonları və patefonları isə muzeyə Lənkərandan Nizami adlı şəxs hədiyyə edib. Hüseyn kişi köhnə patefonları öz pulu ilə aldığını söyləyir. O deyir ki, ekspertlər valları çox yüksək qiymətləndirərək muzeyin ən qiymətli eksponatı adlandırıblar: «Mədəniyyət və Turizm Nazirliyi mənə bu valları qorumağı tapşırıb. Deyiblər ki, heç kəs onların səsini yazıb köçürməsin, bunlar bizim üçün tarixdir».

Böyük zəhmət və xərc

Muzeyin üçüncü otağında içəri girənləri haqq aşığı Ələsgərlə Xalq şair Zəlimxan Yaqubun böyüdülmüş portreti qarşılayır. Otaqdakı stolun üstündə isə aşıqlarımıza həsr olunan, aşıq sənəti barədə yazılan kitablar sıralanıb. Hüseyn kişinin dediyinə görə, muzeyi ilk ziyarətə gələn professor Qara Namazov olub. Azərbaycan aşıqlarının tərcümeyi-halından bəhs edən «Aşıqlar» kitabını da muzeyə o hədiyyə edib. Digər qalın bir kitab isə Hindistanın Azərbaycandakı səfiri Debnat Şonun muzeyə hədiyyəsidir. Keçən il muzeyi ziyarət edən səfirin xatirə kitabında yazdığı sözlər maraq doğurur: «Muzeydə həmçinin Hindistana aid film, plakat və kitablarla tanış oldum. Burada həmçinin Cavahirlər Nehrunun kitablarını gördüm. Cənab Hüseyn Həsən böyük bir iş görərək muzey yaradıb. Bu muzey onun musiqiyə və mədəniyyətə olan məhəbbətinin nəticəsidir. Ümidvaram ki, Azərbaycan xalqı bu muzeyin daha da genişləndirilməsində muzeyin yaradıcısına kömək edəcək». Hüseyn kişi ölkəmizə təyin olunan yeni səfirin də muzeyi ziyarətə gələcəyini bildirir: «Səfir Hindistana göstərdiyimiz diqqətə görə çox məmnun qaldı Onlar muzey haqqında material hazırlayaraq Hindistana göndərdilər. Mənə də dedilər ki, xarici pasport al, muzeylə bağlı Hindistanda keçiriləcək tədbirdə iştirak edəcəksən».
Bu otaqda türk dünyasının böyük aşıqlarından olan Xəstə Qasımın, Tufarqanlı Abbasın, Miskin Abdalın, Aşıq Alının nadir şəkilləri də yer alıb. Böyük bir divarı isə Azərbaycanın bütün aşıq məktəblərini bir araya gətirən böyük bir lövhə var. Saysız-hesabsız aşıqların fotoları bəzəyir bu lövhəni. Adı müasir nəslə bəlli olmayan köhnə aşıqlardan tutmuş zəmanəmizin müasir aşıqlarına qədər sənətkarların fotoları bu lövhəni bəzəyir: «Bunları bir araya gətirənə qədər böyük zəhmət və xərc çəkmişəm. Yüzlərlə aşığı bir lövhədə montaj etdirmək heç kəsə asan gəlməsin. İndi onların çoxu dünyada yoxdur».

“Üzeyir bəy haqqında bilmədiklərimiz”

Muzeyin dördüncü otağı da digər otaqlar kimi vallar, nadir fotolar və kitablarla zəngindir. Divarda Xəstə Bayraməlinin, Aşıq Ələsgərin ilk şagirdləri – Aşıq Nəcəf və Aşıq Əsədin fotoları yer alıb.
Stolun üzərində qədim bir saz da var. Bu sazı Hüseyn kişi özü alıb: «Muzeyə gələn aşıqlar bu sazda çalırlar. Bəzi adamlar mənə deyirlər ki, niyə sənin evində saz bir dənədir? Mənsə deyirəm ki, mənim evimdə 1600 saz var»- deyə divardakı fotoşəkilləri göstərir
Hüseyn kişi ümumilikdə muzeydə 1600-ə yaxın fotoşəkilin, 400-dən çox kitabın olduğunu bildirir: «Mən artıq onların sayını itirmişəm. Onların hamısını sıralamaq lazımdır. Divarda Üzeyir bəy, Qara Qarayev, Səməd Vurğun kimi görkəmli şəxsiyyətlərin də portretləri var. Üzeyir bəyin dəfni ilə bağlı nadir bir fotoşəkil diqqətimi çəkir. Fotonun aşağısında “Üzeyir bəy haqqında bilmədiklərimiz” yazılıb. Hüseyn kişi Mircəfər Bağırovun yer aldığı foto şəklin tarixçəsindən söz açır: «1947-ci ildə Gədəbəy rayonundan hərbi xidmətə yollandım. 1948-ci ildə “Salyanski kazarma”da xidmət edirdim. Üzeyir Hacıbəyov dünyasını dəyişən gün Mircəfər Bağırovun əmri ilə xidmət etdiyim hərbi hissədən 19 nəfər əsgəri Üzeyir bəyin cənazəsinin yanında fəxri qaraulda dayanmaq üçün gətirdilər. Böyük bəstəkarın cənazəsi Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında qoyulmuşdu. Üzeyir bəylə vidalaşmağa gələnlərin ardı-arası kəsilmirdi. Cənazəni Sabir bağına endirəndə Mircəfər Bağırov özü tabuta çiyin verdi. Minlərlə insan cənazə ilə burada vidalaşırdı. Rəhbər işçilərdən tutmuş camaata qədər hamı ağlayırdı. Cənazə bir gün bəstəkarın evində saxlandıqdan sonra səhəri gün Fəxri Xiyabana götürüldü. Cənazəni götürmək üçün tutulan siyahıda MK-nın işçiləri ilə yanaşı, milli təhlükəsizlik naziri, erməni Yemelyanovun da adı vardı. Hamı cənazəni götürmək üçün yaxınlaşdı.

Mircəfər Bağırov Yemelyanovu görüncə, rus dilində «Sən get, kənarda dur» - deyə onu cənazədən uzaqlaşdırdı. O, məyus halda uzaqlaşdı. Sonradan «Sən müsəlman adət-ənənəsini bilmirsənmi, cənazəyə girmək istəyirdin?» - deyə onu qınamışdılar. Dəfn mərasimində həmçinin aviasiya marşalı Verşinin və SSRİ mədəniyyət naziri Fadeyev də iştirak edirdi. Dəfn zamanı Mircəfər Bağırovun hönkür-hönkür ağlamasını gördük. O, sonra axundun yasin oxuması üçün göstəriş verdi. Səməd Vurğun da bir neçə şeir oxudu”. Hüseyn kişi bu fotonun onun üçün çox qiymətli olduğunu bildirir.

Biganəlik

Qeyd edim ki, muzeyin otaqlarında o qədər də səliqə-sahman yoxdur. Eksponatların çoxu üst-üstə qalanıb. Çoxları otaqların künclərinə yığılıb. Hüseyn kişi onları yerləşdirmək üçün yer tapa bilmədiyindən gileylənir. “Muzeydə darısqallıq olduğundan eksponatları qoymaq üçün yer tapa bilmirəm. 400-ə yaxın şəkli bükərək stolların altında yerləşdirmişəm. İnşallah dövlət muzeyə yer verəndən sonra onların hamısını sərgiyə qoyarıq». Amma hələlik 10 ildir fəaliyyət göstərən muzeyə nə status, nə də bina verilməsi haqqında söhbət var. Hüseyn kişi muzeyə status və yer verilməsi ilə bağlı bütün əlaqədar qurumlara məktub ünvanlayıb. Yazdığı məktublar müsbət qarşılansa da, hələ heç bir nəticə yoxdur. Hüseyn kişi muzeyin adının «Azərbaycan aşıqlar muzeyi» adlandırılması arzusu ilə yaşayır.

H.Həsənov danışır ki, muzeyə ən böyük diqqət və qayğını Zəlimxan Yaqub göstərir. Belə ki, Xalq şairi 4-5 dəfə muzeyi ziyarət edib, kitablarını bağışlayıb, problemlərlə maraqlanıb: “Zəlimxan mənə deyir ki, belə bir muzeyi heç bir alim yarada bilməz».

Bundan əlavə, muzeyi akademik Temur Bünyadov, professor Abuzər Xələfov, ayrı-ayrı şairlər, yazıçılar, aşıqlar ziyarət edib. Hüseyn kişi muzeyə dəstək göstərənlər sırasında millət vəkilləri Qənirə Paşayevanin, Əli Hüseynovun, Adil Əliyevin, o cümlədən akademik Budaq Budaqovun da adını çəkir.

Qəribədir ki, Mədəniyyət və Turizm Nazirliyinin əlaqədar işçiləri də muzeyi ziyarət ediblər. Eksponatların qorunması üçün öz tövsiyələrini də veriblər. Hətta, muzeydəki eksponatlar siyahıya götürülüb. Bəzilərinin üstündə nömrələri də qeyd olunub. «Nazirliyin əməkdaşları muzeyə çox can yandırırlar, amma son vaxtlar nədənsə onların qəbuluna düşə bilmirəm.
Əgər muzeyə status və ya yer verilməsə, eksponatları Aşıq Hüseyn Bozarqanlının Tovuzdakı muzeyinə verəcəyəm”. Hüseyn kişi Aşıq Ələsgərin nəvələrinin də muzeyə laqeydliklərindən gileylənir: «Bizdən icazəsiz babamın muzeyini nə üçün yaradıb” - deyə onlar məndən inciyiblər. Onlar bir dəfə də olsun muzeyin qapısını açmayıblar”.

Təranə Məhərrəmova