• cümə, 19 Aprel, 18:39
  • Baku Bakı 24°C

Aşiq Samirə: Gücsüz olmağa ixtiyarım yoxdur – Müsahibə

03.06.14 10:21 2975
Aşiq Samirə: Gücsüz olmağa ixtiyarım yoxdur – Müsahibə
Aşıq sənəti təsir gücü, kamilliyi baxımından bənzərsiz bir sənət növüdür. Sanki kiçik bir tamaşadır, burada musiqi, saz və müəllif-aşıq vəhdət təşkil edir. Amma bu qədim milli sənətimizə müraciət edən sənətkarlarımız çox azdır, xüsusən də qadın aşıqlarımz. Buna səbəb isə aşıq sənətinin çətinliyidir. Çətin peşə olmasına baxmayaraq, qadınlarımız da bu sənətə layiqincə öhdəsindən gələ bilirlər. Elə müsahibimiz - Aşiq Samirə kimi tanıdığımız Samirə Əliyeva kimi.
Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi, prezident mükafatçısı Samirə Əliyeva ötən ay əməkdar artist adına da layiq görüldü. Biz də gec də olsa qonağımızı təbrik etdik. Daha sonra onu narahat edən məsələlərdən danışdıq. Bizimlə dərdini bölüşən Samirə, son zamanlar gündəmi zəbt edən boşanma xəbərini artıq saytlarda görmək istəmədiyini dedi. Qəzetimiz vasitəmizlə mətbuatda çalışan bütün jurnalistlərdən xahiş etdi ki, bu xəbərlərə son qoysunlar.
Samirə həmişə aşiq olub
- Samirə xanım, nə üçün sizə aşıq deyil, Aşiq Samirə deyirlər?

- Aşiq sözünü özüm seçmişəm. Çünki o, sənətimə, aşıq sözünə çox yaxındır. Əslində aşıq sözünün mənası elə aşiq deməkdir, bu iki söz mənaca bir-birlərindən çox fərqlənmirlər. Bir neçə il bundan öncə tək aşıq musiqiləri ifa etmirdim deyə aşiq Samirə ləqəbini seçdim, həm də doğrudan da Samirə həmişə aşiq olub (gülür). Bizim sənətimiz duyğulu sənətdir. Ona görə də bu işdə aşiq olmamış nəsə yaratmaq olmur.
- Özünüzü şou-biznesin nümayəndəsi hesab edirsinizmi?

- Şou-biznes ayrı bir aləmdir. Bəzən görürsən ki, insanlar şou-biznes aləmini ucuzlaşdırır. Şou-biznes mənim üçün çox dəyərlidir. Ancaq mən özümü daha çox sənət aləmində görürəm. Çünki mən şou göstərmirəm. Yəni mənim sənətimdə şou yoxdur, yalnız biznes var. Deyə bilmərəm ki, mən şou-biznes aləminin bir nümayəndəsiyəm. Bu gün şou-biznesdə korifey sənətkarlarımız, dostlarım var. Özümü həm şou-biznesdə, həm də sənət aləmində görürəm desəm, bəlkə daha doğru olar. Efirlərdə, mətbuatda tez-tez görünürəm deyə, elə hesab edirlər ki, mənim şou aləmi ilə yaxın bir əlaqəm var. Hərə özünə cavabdehdir. İstər şouda, istərsə də sənət aləmində özümü ucuz tutan insan deyiləm.
Ala bilmədik
- Bir müddət öncə mətbuatda xəbər yayıldı ki, siz Könül Kərimova ilə Bodrumdan ev alırsınız. Bəs sonrası necə oldu?

- Bəli, elə bir məsələ var idi. Könül xanımla Bodrumda ev almaq eşqinə düşdük. Hətta artıq hər şeyi danışmışdıq, ev də hazır idi. Həmin satışı təşkil edən kompaniyada problemlər olduğu üçün biz o evi ala bilmədik. Təəssüflər olsun ki, nə Könül xanım, nə də mən Bodrumdan ev ala bilmədik.
- Jurnalistlər üçün şeir yazmağınız hər kəsin marağına səbəb oldu. Bu jestin davamı gələcəkmi?

- Bəli, bununla bağlı beynimdə bir neçə maraqlı fikirlər var. İstəyirəm ki, o şeirin sözlərini artıraraq onun üzərində işləyib, daha sanballı şəkildə jurnalistlərə musiqi ilə bərabər mahnı həsr edim. Hətta bu mahnı üçün də çox maraqlı bir klip süjeti düşünmüşəm.
- Deyirlər ki, Samirə xanım bu şeiri yazmaqla istəyir ki, mətbuatda onunla bağlı yalnız xoş xəbərlər yayılsın.

- (Gülürük) Jurnalistlərə şeir yazmaq deyil, heykəl qoysaq belə, yenə də onlar yazmaq istədiklərini yazacaqlar. Ümumiyyətlə, mətbuatın əlinə düşən xəbərin qarşısını almaq mümkün deyil. Jurnalistlərə mənim böyük hörmətim var. Onlar yaranan vəziyyəti bir az şişirdirlər, ancaq məsələyə digər tərəfdən baxanda, düşünürəm ki, bu onların işidir. Mən jurnalistləri qınamıram. Ancaq hərdən nahaq yazanlar da olur. Bizi ucaldan da sizsiniz, endirən də. Siz bizimlə xalqımızın arasında olan körpüsünüz. Başa düşürük ki, sizin sənətiniz çox çətindir. Gərək yazdığın hər bir sözün arxasında durasan. Mən də sizin çəkdiyiniz əziyyəti görüb, onu dəyərləndirməyi qərara aldım.
- Bildiyimiz qədər, başınıza gələn ən son hadisədən sonra jurnalistlərdən incikliyiniz olub.

- Həmin məsələdən sonra jurnalistlərdən xahiş etdim, müraciət etdim ki, mənə bu barədə sual verməsinlər. Ancaq yenə də görürsən ki, tez-tez bu haqda mənə suallar verilir. Bu mövzuya dair heç kimə cavab vermirəm. İndi də hər bir kəsdən xahiş edirəm ki, bu məsələni elə də şişirtməsinlər. Yıxılanı baltalamazlar. Bu hər kəsin başına gələ bilər. İstəməzdim belə olsun, ancaq oldu. Hər dəfə bu məsələni təzələməyin, gündəmə gətirməyin heç bir mənası yoxdur. İnsanlar elə bilir ki, mən bunu bilərəkdən, qəsdən edirəm. Ailəmi reklam etməklə, həyatımın uğursuzluğu ilə gündəmdə qalmağa heç də ehtiyacım yoxdur. Belə şeylərə heç də yaxşı baxmıram. Yaxşı şey olsaydı, nə qədər istəyirsinizsə, xırdalayıb danışardıq. Ancaq xoşagəlməyən bir şeyi hər dəfə demək, xatırlatmaq lüzumsuzdur. Sosial şəbəkədə gəzintidə olarkən övladlarımla gözəl anlarımı paylaşıram və bundan saytda xəbər hazırlanır. Ancaq xəbərin altından xoşagəlməz sözlər yazırlar. Bu mənim əhvalımı pozur. Hətta siması tanınmayan insanlar belə, gündəlik həyatlarını sosial şəbəkədə paylaşırlar. İndi vaxt qıtlığı yaşayırıq. Belə bir zamanda işlərimizdən baş açıb dostlarımızla görüşə bilmirik. Ancaq sosial şəbəkə vasitəsilə bir-birimizi görmək imkanımız olur. Bunu bizdə qəbahət kimi təqdim edirlər. Övladlarımın o reklama ehtiyacı yoxdur. Allah etməsin ki, mənim övladlarım bu sənətə gəlsin. Düzdür, taleyin işini bilmək olmaz, ancaq mən bunu arzulamıram. Övladlarımı reklam etmək istəsəydim, bunu çoxdan edərdim.
Həyat sürprizlərlə doludur

- Gördüyümüz qədəri ilə, güclü qadınsınız ki, bu qədər problemlərə tab gətirə bilirsiniz...

- Həyatda o qədər problemlərlə üzləşmişəm ki, onları danışsam, gərək dəsmal götürüb ağlayasanız. İçim özümü yandırır, çölüm də özgəni. Deyib-gülürəm, hər kəs elə hesab edir ki, heç nə mənə təsir etmir. Samirə şəxsi həyatı gündəmə gətirəsi olsa, nə efirlər, nə də saytlar ona bəs edər. O qədər problemlərlə rastlaşmışam ki, istəsəydim, onları gündəmə gətirərdim. Pis auranı insanlara ötürməklə nə qazanıram? Öz problemlərimi özüm həll etməliyəm. İstəməzdim ki, dostlarım yansın, düşmənlərim sevinsin. Düzdür, mənim elə düşmənlərim yoxdur. Ancaq bəzi insanlar başıma gələn hadisəyə birmənalı yanaşmırlar. Bütün bunlara rəğmən, qarşıma məqsəd qoydum ki, işlərimə davam etməliyəm. Çox güclü insanam. Hər kəsə belə güclü olmağı arzulayıram. Həyatda uğur qazanmaq üçün bir az soyuqqanlı olmaq lazımdı. Mənim gücsüz olmağa ixtiyarım belə yoxdur. Mən iki uşaq böyüdürəm, bundan əlavə sənət adamıyam. İşim və övladlarım aman vermir ki, sınım. Mən hər iki şeyi həqiqi mənada yaşatmalıyam. Övladlarımı şəxsiyyət kimi formalaşdırmalıyam, sənətimi isə adıma layiq davam etdirməliyəm.
- Bəs bundan sonra Aşiq Samirə həyatına necə davam edəcək?

- Bu gün necəyəmsə, elə də davam edəcəm. Həyat sürprizlərlə doludur. İstər pis, istər yaxşı. Allah insanın qarşısına bir neçə seçim qoyur. İnsan özü öz səmtini bəlirləyir. Allah etsin, hər şey yaxşılığa doğru getsin. Aşiq Samirə bundan sonra öz həyatına daha məsuliyyətli yanaşacaq. O, həm özünə, həm də övladlarına cavabdehdir. Əməkdar artist adını alandan sonra isə məsuliyyətim daha da artdı. Uğurlarım mənə stimul verir. İnşallah, hər şey yaxşılığa doğru olacaq.
- İstərdim, yeni layihələriniz haqqında danışasınız.

- Layihələr çoxdur, Allah pulunu yetirsin (gülür). Layihələrimin hamısı sazla, aşıq musiqiləri ilə bağlıdır. Cabbar Musayevdən yeni bir mahnı üzərində işləyirik. İnşallah, yaxın zamanda bu mahnıya klip də çəkdirməyi düşünürük. Aşıq havaları ilə bağlı yeniliklərim olacaq. Ancaq hələ hansını daha öncə təqdim edəcəyimi düşünməmişəm.
- İstirahət haqda necə, düşünürsünüzmü?

- Çox istərdim. Ancaq çətin ki, yayda istirahət edə bilim. Ötən il də xaricə gedə bilmədim. Bu yay da gedə bilməyəcəyik. Övladlarıma söz vermişəm ki, bu yay sizi Azərbaycanın bütün bölgələri ilə tanış edəcəm. Övladlarımla Azərbaycana ekskursiyaya çıxacam. Qoy övladlarım birinci öz ölkəsinin görməli və səfalı yerlərini görsünlər.
- Övladlarınıza verdiyiniz sözün üstündə dura biləcəksinizmi?

- (Gülürük) Çox maraqlı sualdır. Çalışacam, çünki uşaqlardan çox bunu özüm istəyirəm. Bu il mənim üçün çox ağır il oldu.
Xəyalə RəisMüsahibə"> Müsahibə"> Müsahibə">
banner

Oxşar Xəbərlər