• cümə, 29 Mart, 17:14
  • Baku Bakı 14°C

Asim Mollazadə: “Bu siyasətlə hesablaşmağa məcbur olacaqlar”

11.04.17 13:00 3246
Asim Mollazadə: “Bu siyasətlə hesablaşmağa məcbur olacaqlar”
Bəşər Əsəd ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsindən sonra ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri Suriyanın Homs əyalətindəki "Əş-Şəyrat” aerodromuna raket zərbələri endirib. Nəticədə aviabazanın uçuş-enmə zolağı, təyyarələrin dayanacağı və yanacaqdoldurma kompleksləri vurulub, bir neçə insan həlak olub, bəzi təyyarələr sıradan çıxıb. Amerika prezidenti Donald Tramp bu hadisəyə dair Konqres üzvlərinə bildiriş məktubu göndərərək bir daha qeyd edib ki, Suriya ordusunun kimyəvi silahdan təkrar istifadə edə bilməsinin qarşısını almaq məqsədi ilə bu cür haqlı qərar verilib. Raket zərbəsi ilə əlaqədar Rusiya xarici işlər naziri Serqey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı da olub. S.Lavrov qeyd edib ki, ABŞ-ın Suriya bazasına endirdiyi hava zərbələri ekstremistlərin xeyrinədir. Vladimir Putinvə Həsən Ruhaniarasında baş tutan telefon danışığı zamanı isə Rusiya və İran prezidentləri ABŞ-ın müstəqil dövlət olan Suriyaya raket zərbəsi endirməsini beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndiriblər. Bundan başqa, Rusiya, İran vəSuriyaprezidenti Bəşər Əsədi dəstəkləyən qrupların yaratdığı qərargah ortaq bəyanat da yayıb. Bəyanatda Suriyada aviabazaya raket zərbəsi endirməklə ABŞ-ın Suriyada "qırmızı xətt”ikeçdiyi bildirilib. Eyni zamanda bundan sonra Suriyaya qarşı hər hansı hücuma qarşı cavab veriləcəyi vurğulanıb.Baş verənlərdən göründüyü kimi, Suriya ətrafında vəziyyət yenidən gərginləşməkdə, beynəlxalq güclərin sərgilədiyi mövqe daha da sərtləşməkdədir. Bütün bunlarla bağlı "Kaspi”nin suallarını Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə cavablandırır.
- Asim müəllim, ABŞ-ın Suriya ərazisində yerləşən aviabazanı raketlə vurması müxtəlif fikirlərə yol açıb. Siz bu hadisəni necə dəyərləndirirsiniz?
- Əslində uşaq qatillərinə "qırmızı xətti” sadəcə sözdə deyil, real addımda, əməldə nümayiş etdirmək düzgündür. Kimyəvi silahdan istifadə edərək dinc insanları, yüzlərlə uşağı qətlə yetirən canilər öz cəzalarını almalıdırlar. Mən çox istərdim ki, Xocalıda soyqırımı törədən, uşaqları qətlə yetirən hərbi cinayətkarlar da belə bir cəzaya məhkum olsunlar.
- Bildiyiniz kimi Suriya probleminin həllinə dair regionda maraqları olan dövlətlərin iştirakı ilə sülh danışıqları davam etdirilməkdədir. Eyni zamanda ABŞ-ın dövlət katibi R.Tillerson Ankarada rəsmi səfərdə olarkən bəyan edib ki,B.Əsədin taleyini yalnızSuriyaxalqı həll etməlidir. ABŞ-ınBMT-dəki daimi nümayəndəsi Nikki Heyli də B.Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının artıq ABŞ üçün prioritet olmadığını qeyd eləyib. Belə olan halda Suriya prezidentinin nə marağı var ki, kimyəvi silah işlətməklə özü ilə bağlı vəziyyəti yenidən gərginləşdirsin, diqqəti üzərinə cəmləsin?
- Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi məsələsi bu gün də gündəmdədir. Onun kimyəvi silah tətbiq etməsinə gəlincə, diktatorlar heç vaxt ağılla hərəkət etmirlər. Onların hərəkətləri öz ölkələri daxilində törətdikləri qətllərdən irəli gələn siyasətdən qaynaqlanır. Ona görə də mən hesab edirəm ki, bu, birinci hal deyil. Sadəcə, bu dəfə Bəşər Əsədin İdlibdə kimyəvi silahdan istifadə etməsi barədə məlumat daha geniş yayıldı, dünya ictimaiyyəti bundan xəbər tutdu. Onun törətdiyi bu cinayətə görə cəza da özünü çox gözlətmədi, düzgün oldu.
- Amerikanın Suriyaya raket zərbələri Rusiya tərəfdən etirazla qarşılanıb. İran da bu addımı dəstəkləməyib. Tərəflər arasında Suriya məsələsinə görə vəziyyətin getdikcə daha da gərginləşməsi regionda ABŞ-Rusiya hərbi qarşıdurmasına gətirib çıxara bilərmi?
- İstisna deyil. Amma bir həqiqəti də diqqətdən kənarda saxlamaq olmaz ki, dünya iqtisadiyyatında ABŞ-ın payı 25 faiz ilə ölçülür. Hətta İtaliya iqtisadiyyatından da kiçik olan Rusiyanın bu istiqamətdə rəqabət aparması, ABŞ ilə qarşıdurmaya girməsi mümkünsüzdür.
- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə kimyəvi hücuma cavab olaraq ABŞ-ın Suriyaya raket zərbəsi endirməsini müsbət dəyərləndirib, rəsmi Vaşinqtonun bu addımla kifayətlənməyəcəyinə, həmçinin Rusiyanın da ən azı B.Əsədi müdafiə etməyi dayandıracağına ümid edib. Türkiyənin bu davranışı Ankara-Tehran-Moskva ittifaqına necə təsir göstərəcək?
- Türkiyənin siyasəti bilavasitə NATO müttəfiqliyindən irəli gəlir. Təbii ki, bu ölkə Rusiya ilə də normal qonşuluq münasibətləri qurmaq istəyir. Ona görə də bu istiqamətdə zəruri addımlar atır. Lakin bu zaman Türkiyə heç vaxt öz strateji müttəfiqliyinə xəyanət eləmir.
- Sizcə, Suriya problemi ətrafında hadisələr hansı istiqamətdə inkişaf edəcək?
- Mən hesab edirəm ki, istiqamət bəllidir. Hətta Bəşər Əsədin arxasında dayanan qüvvələr də yaxın vaxtlarda onu dəyişmək barədə düşünürlər.
- Bəs, Türkiyə necə, Suriya problemi fonunda öz maraqlarını təmin edə biləcəkmi?
- Hazırda Türkiyə Suriya ilə sərhədlərini möhkəmləndirib. Türkiyənin yeganə problemi beynəlxalq terrorizmdir. Ona görə də bu dövlət beynəlxalq antiterror koalisiyasının fəal üzvüdür. Burada söhbət həm İslam dini adından sui-istifadə edən terror qruplaşmalarına, həm də PKK kimi terror təşkilatlarına və onların arxasında dayanan qüvvələrə qarşı mübarizədən gedir. Türkiyənin əsas məqsədi ölkənin təhlükəsizliyini təmin etmək, beynəlxalq antiterror koalisiyasında üzərinə düşən vəzifələri yerinə yetirməkdir.
- ABŞ dövlət katibinin Rusiya səfəri zamanı prezident V.Putinlə görüşü əvvəlcədən planlaşdırılsa da, sonradan bu, R.Tillersonun iş qrafikindən çıxarılıb. Sözügedən münasibət nəyin göstəricisidir?
- Bu davranış real vəziyyətin göstəricisidir. Fikrimcə, ABŞ öz siyasətində köklü dəyişiklik edib. Halbuki, son 8 il ərzində Amerikanın siyasətində "qırmızı xətlər” bəyan edilsə də verilən vədlərin arxasında dayanılmayan bir siyasətin şahidi olurduq. Nəhayət, ABŞ üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə başlayıb. Bu da yeni bir siyasətin təzahürüdür. Düşünürəm ki, bu siyasətlə hesablaşmağa məcbur olacaqlar.
- Donald Trampın Amerikanın 45-ci prezidenti seçilməsini Rusiyada rəsmilər, təhlilçilər və adi vətəndaşlar rəğbətlə qarşılayırdılar. Onlar ümid edirdilər ki, Rusiyada ABŞ-la münasibətlərdə yeni səhifə açılacaq. Hətta D.Trampın özü də seçkidən əvvəl zaman-zaman Rusiya ünvanına isti mesajlar göndərir, ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayırdı. Lakin indi biz tamam ayrı mənzərə müşahidə edirik...
- Hesab edirəm ki, ABŞ-ın atdığı addımlarda hər hansı ziddiyyət yoxdur. Bu ölkə ilə Rusiyanın münasibətlərinin normal müstəviyə keçməsi mümkün idi. Lakin bunun üçün Rusiya hər hansı problemli addım atmamalı idi. Gələcək üçün də bu, belədir. Rusiya öz siyasətində köklü dəyişiklik etməli, beynəlxalq ictimaiyyətin rəyinə qarşı çıxmamalıdır.
- Bu hadisələr fonunda İsveç, Misir və sair ölkələrdə törədilən terror aktları da diqqət çəkməkdədir. Terrorizmin Avropa məkanına da ayaq açması nədən qaynaqlanır?
- Təəssüflər olsun ki, indi nəinki Şərq ölkələrində, Avropa məkanında da terror aktları törədilməkdədir. Buna görə də beynəlxalq terrorizmlə mübarizəyə bütün qüvvələr səfərbər olunmalıdır. Terrorizm insanlığa, bəşəriyyətə qarşı törədilən cinayətdir. Dünyanın istənilən yerində, harasında törədilməsindən asılı olmayaraq, bütün beynəlxalq qüvvələr terrorizmə qarşı fəal mübarizə aparmalıdırlar. Yalnız bu yolla terrora son qoymaq mümkündür. Azərbaycan zaman-zaman terrorun acı nəticələrini görən, yaşayan bir ölkədir. Ona görə Azərbaycan antiterror koalisiyasının fəal üzvüdür. Terrorla mücadiləyə ölkəmiz öz töhfəsini verir. Bu eyni zamanda, dövlətimizin, xalqımızın humanist mahiyyətindən irəli gəlir.
- ABŞ-Rusiya münasibətlərindəki gərginləşmə Cənubi Qafqaz ölkələrinə necə təsir edə bilər? Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə. Münasibətlər bir qədər də pisləşərsə, ABŞ və Rusiya birlikdə həmsədr kimi əməkdaşlıq edə biləcəklərmi?
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair aparılan danışıqlar hazırda faktiki olaraq dayanıb. Buna başlıca səbəb işğalçı Ermənistanın qeyri-konstruktivliyi, sülh danışıqları zamanı özünü qeyri-səmimi aparması, əsassız iddialar irəli sürməsi, ən nəhayət cəbhə xəttində müxtəlif təxribatlar törətməklə danışıqlar prosesinə zərbə vurmasıdır. Düşünürəm ki, Rusiya Dağlıq Qarabağ probleminin həlli prosesini öz inhisarına almaq, bununla da öz forpostu, müstəqilliyini itirmiş Ermənistanın maraqlarını müdafiə etmək istəyir. Əgər proseslər inkişaf edəcəksə, Rusiyaya belə bir şərait yaratmaq imkanı verilməyəcək.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər