• cümə, 19 Aprel, 11:24
  • Baku Bakı 13°C

“AsanPay” bizi çətinə salır

01.07.16 11:18 6633
“AsanPay” bizi çətinə salır
"ASAN ödəniş” sistemi inzibati tənbeh tətbiq edilməsi barədə qərarların vətəndaşa elektron qaydada göndərilməsini, inzibati cərimələrin və məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada ödənilməsini təmin edən çoxfunksiyalı ödəniş sistemidir. Bu ilin əvvəllərində yaradılan sistemdən gözlənti isə digər xidmətlərdəki kimi asanlaşma idi.
Amma bəzən sürücülər sistemdən şikayət edirlər. Bildirirlər ki, onlara yazılan cərimələri sistem vasitəsilə ödəyə bilmirlər, yaxud onlara cərimə ilə bağlı bildiriş mesajı gəlmir. Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı da qəzetimizə açıqlamasında "ASAN ödəniş” sistemi və orada sürücülərin "elektron kabineti"nin yaradılmasının qanunvericilikdə yeni mərhələ olduğunu deyərək, hələ ki sistemdə problemlər olduğunu bildirdi: "Sürücülər haqqında tərtib olunan protokollar sistemə düşür. Dövlət Yol Polisinin saytında normal şəkildə göstərilir. Amma Asanpay.az-da sürücü öz "elektron kabinet"ində protokola baxanda bəzən gülməli məqamlar ortaya çıxır. Bəzən bir protokolda ən azı 5 səhv tuturam. Yol polisi ilə birlikdə bunu araşdırdıq.
Məsələn, radarın texniki yoxlamadan keçməsi tarixini 1970-ci il yazıb. Növbəti dəfə texniki yoxlamadan keçmə vaxtı da 1970 yazılıb. Yaxud, yazır ki, sürücü "Yol hərəkəti haqqında" qanunun 327.2-ci maddəsini pozub. Hansı ki, "Yol hərəkəti haqqında" qanun 87 maddədən ibarətdir. Bəzilərində cərimələnmənin tarixi göstərilmir, bəzilərində tarix olsa da saat olmur. Sürücü bəzən bir yoldan gün ərzində bir neçə dəfə istifadə edə bilər. Bəlkə heç o vaxt o orada olmayıb, yaxud yanından başqa maşın sürətlə keçəndə bu radara düşüb? Radarların bir problemi var ki, yanından sürətlə keçən avtomobil olsa, radara sən də düşə bilərsən.
Texnologiyada bu problemlərimiz var. Bu baxımdan AsanPay-dakı protokollar mükəmməl şəkildə deyil. Daxili İşlər Nazirliyinin saytında sürücülər üçün elektron xidmət yaradılıb. Bu sistemi qura biliblər. Orada cəriməni plastik kartla ödəmək imkanı var. Düşünürəm ki, bu qaydanı AsanPay.az da həyata keçirə bilər”.
E.Muradlı deyir ki, AsanPay.az saytında bəzən donmalar baş verir: "Birdən gecə, birdən gündüz donur. Son vaxtlar müşahidə etmirəm, amma bir ay öncə bizə donma ilə bağlı şikayətlər gəlirdi. AsanPay.az-da cərimələrini görə bilmədiklərini deyirlər. Yaxud gündüz bir şey göstərir, axşam başqa şey. "Asan xidmət" bu sistemə keçəndə biz daha gözəl xidmət gözləyirdik. Bu sistem təkmilləşdirilməlidir. Vətəndaşların bu sistemin şəffaflığı ilə bağlı gözləntisi çoxdur”.
Müsahibimiz deyir ki, sürücü haqqında protokol elektron qaydada sistemə düşdüsə, sürücüyə bildiriş mesajı getməlidir. Amma "Asan ödəniş” sistemində bütün sürücülərə mesaj getmir: "Sürücünün maşını evakuasiya olunursa, maşın evakuatora mindiriləndə protokol yazılmalı, sistemə vurulmalı və anında bildiriş mesajı getməlidir. Azərbaycanda isə ən yaxşı halda 10 sürücüdən 7-nə mesaj gedir. Digərlərinə niyə getmir? Çox istedadlı İT mütəxəssislərimiz var. Sistemin daha yaxşı işləməsi üçün texniki işlərlə bağlı bu cür mütəxəssisləri cəlb etmək olar. Mənim elektron sistemdə iki cəriməm var. Amma heç birinin bildirişi gəlməyib. Nömrəm də Dövlət Yol Polisində var, üstəlik, AsanPay.az-da qeydiyyatdan keçərkən də həmin nömrəni daxil etmişəm”.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov deyir ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur. Həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada "ASAN ödəniş” sisteminə göndərilir.
F.Cəfərov deyir ki, şəxs "ASAN ödəniş” portalında qeydiyyatdan keçdiyi zaman ona formalaşdırılmış elektron kabinetə giriş icazəsi təmin edilir. Qeydiyyatdan keçmiş istifadəçi elektron kabinetdə ona tərtib edilmiş protokollar barədə ətraflı məlumatlandırılır, yəni protokolun və ya qərarın seriya və nömrəsi, xətanın törədilmə tarixi, protokol və ya qərarın qəbul edilmə tarixi, cərimələrin miqdarı, törədilmə tarixi, protokol və ya qərarın elektron surəti, mövcud olduqda xətanın törədilməsini əks etdirən şəkil və videoya baxış imkanı əldə edir. Yol hərəkəti qaydalarının pozulması faktı barəsində məlumatlandırmaq üçün "ASAN ödəniş” sistemində qeydiyyatdan keçmiş şəxsə qeydiyyatdan keçdiyi mobil telefon nömrəsinə, elektron poçt ünvanına real vaxt rejimində məlumat göndərir. Qeydiyyatdan keçməyən şəxslərin məlumatlandırılması isə DİN tərəfindən protokola əlavə edilmiş mobil telefon nömrəsi üzərindən həyata keçirilir.
F.Cəfərovun sözlərinə görə, ASANPay.az ödəniş sistemində hazırda Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin yol-hərəkəti qaydalarının pozulması ilə bağlı olan cərimə və protokolları üzrə ödəniş etmək imkanı mövcuddur. Lakin "ASAN ödəniş” sistemi İnzibati Xətalar Məcəlləsindəki bütün cərimələrin ödənilməsinin həyata keçirilməsi üçün nəzərdə tutulduğundan digər dövlət orqanlarının sistemə qoşulması istiqamətində işlər aparılır. Vətəndaş bir sistemə daxil olmaqla onunla bağlı tərtib olunmuş bütün cərimələri ödəyə biləcək. Yaxın zamanlarda dövlət rüsumlarının "ASAN ödəniş” sisteminə inteqrasiyası təmin ediləcəkdir. Vətəndaş nəinki cəriməni, hətta hər hansı bir xidmət almaq üçün öncədən dövlət rüsumunun ödənilməsini həyata keçirilməsi imkanını əldə edəcəkdir. Məsələn, öncədən ödəmə edib, həmin ödəniş əsasında "ASAN xidmət” mərkəzində ödəniş edilmiş xidmətdən istifadə edə biləcəkdir”.
Sistemin tez-tez donmasına gəlincə F.Cəfərov bildirdi ki, bu, sistemin təkmilləşdirilməsi və profilaktik işlərin aparılması ilə əlaqədardır :"Bəzən sistemdə təkmilləşdirmə və profilaktik işlər aparıldığı zaman qısamüddətli dayanmalar olur. Belə hallarda isə mətbuatda və portalda vətəndaşlar öncədən məlumatlandırılır. Sistem kifayət qədər təkmildir, donma hallarının olması mümkün deyil”.
F.Cəfərov "ASAN ödəniş” sistemindən xəta törətmiş şəxslərə məlumatlandırma bildirişinin SMS vasitəsilə gəlməməsi ilə bağlı problemlərin isə başqa səbəbdən qaynaqlandığını dedi: "SMS-lərin gəlməsi üçün vətəndaş "ASAN ödəniş” sistemində qeydiyyatdan keçməlidir. Əgər şəxs qeydiyyatdan keçibsə, SMS gəlmirsə, deməli, bunun başqa bir səbəbi var. Bu da odur ki, sürücü avtomobili notariusda başqa bir şəxsə etibarnamə ilə verə bilər. DYP tərəfindən xüsusi texniki avadanlıqların (radar və kameralar) köməyi ilə aşkarlanan və elektron formada avtomatik tərtib edilən protokollar avtomobil üzrə sonuncu dəfə etibarnamə verilmiş şəxsə tərtib edilir. Dolayısı ilə protokol etibarnamə ən son verilən şəxsin elektron kabinetinə daxil edilir və müvafiq olaraq SMS həmin şəxsin mobil telefon nömrəsinə göndərilir.
"ASAN ödəniş” sistemində məlumatlar Daxili İşlər Nazirliyinin sistemindəki mövcud olan məlumatlar əsasında formalaşır. Etibarnamə əsasında tərtib edilmiş protokola notarius tərəfindən vətəndaşdan alınmış mobil telefon nömrələri əlavə edilir. Əgər etibarnamə üzrə avtomobili idarə etmək hüququ verilən sonuncu şəxs "ASAN ödəniş” portalında qeydiyyatdan keçməyibsə, SMS məlumatlandırma etibarnamə verilən zaman qeyd edilən mobil telefon nömrəsinə göndərilir. Əgər SMS gəlmirsə, istifadəçi digər şəxsə etibarnamə veribsə demək ki, SMS həmin nömrəyə göndərilir. Çünki o "ASAN ödəniş” sistemindən qeydiyyatdan keçməsə belə, dövlət informasiya sistemində həmin şəxs haqqında informasiyalar toplanır.
Elektron kabinet sadəcə şəxsin özü haqqında məlumatların görülməsinə imkan yaradır. Amma bu qeyd etdiyim hallar yoxdursa, SMS bildirişi gəlmirsə, bu zaman "ASAN ödəniş” sisteminə müraciət edilməlidir. Edilmiş müraciət əsasında araşdırma aparılacaq və əgər hər hansı texniki problem aşkarlanarsa qısa bir zamanda aradan qaldırılaraq istifadəçiyə məlumat veriləcəkdir”
F.Cəfərov onu da qeyd etdi ki, bu sistemin ən önəmli üstünlüklərindən biri odur ki, İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinin 8-ci bəndinə əsasən "ASAN ödəniş” sistemində vətəndaşın elektron kabinetində onun haqqında tərtib olunmuş protokol, qərar yoxdursa, polis əməkdaşının onu saxlaması, yaxud avtomobilini cərimə nöqtəsinə aparması kimi hallar ola bilməz. Dolayısı ilə bu vətəndaşın xeyrinə və onların maraqlarının müdafiəsinə xidmət edən sistemdir.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər