• şənbə, 27 Aprel, 01:07
  • Baku Bakı 14°C

"ASAN"laşan peşə təhsili

08.06.17 12:00 3100
"ASAN"laşan peşə təhsili
Azərbaycan tarixində ilk dəfə olaraq peşə təhsili üzrə qanun layihəsinin hazırlanmasına lazımi dəstəyin verilməsi, habelə peşə təhsili və tədrisi üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi bu sahədə görülən əsas hədəflərdəndir. Bu məqsədlə hazırda Almaniya, İngiltərə, Koreya, Finlandiya, İsveçrə, Sinqapur, Litva, Estoniya kimi ölkələrin təcrübələri öyrənilir. Bunu təhsil naziri Mikayıl Cabbarov "Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi" texniki yardım layihəsinin açılış konfransında çıxışında deyib.
M.Cabbarov, həmçinin bildirib ki, peşə təhsili sahəsində aparılan monitorinqlərin həyata keçirilməsinə veriləcək dəstək Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyinin şəffaf, nəticəyönümlü idarəetmə sisteminin yaradılmasına təkan verəcək. Agentliyin fəaliyyət göstərdiyi müddətdə peşə təhsili ilə bağlı həyata keçirilən layihələrə gəlincə, nazir qeyd edib ki, qısa müddətdə peşə ixtisas təhsili müəssisələrinin əksəriyyətində monitorinqlər keçirilib: "Nəticədə 32 ilk peşə təhsil müəssisəsi rasionallaşdırılıb və sahələr üzrə ixtisaslaşdırılaraq 13 dövlət peşə təhsili mərkəzlərində yerləşdirilib.Bu günlərdə daha bir rasionallaşdırma baş verib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə Qəbələdə 2 təhsil müəssisəsinin əsasında müvafiq peşə təhsil mərkəzi yaradılıb. Tezliklə Qəbələ və Gəncədə yeni peşə təhsili müəssisələrinin inzibati binaları istifadəyə veriləcək.Və bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə "Asan peşə” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə təhsili müəssisələrinə şagird qəbulu Asan Xidmət Mərkəzləri tərəfindən həyata keçirilib. Yeni tədris ilindən Asan Xidmət Mərkəzlərinin fəaliyyət göstərdiyi digər şəhər və rayonlarda da bu işin həyata keçirilməsi nəzərdə tutulur”.
Bundan başqa, o qeyd edib ki, Mənzil İnşaatı Dövlət Agentliyi ilə əməkdaşlığa əsasən, bu ildən tikinti və quraşdırma üzrə Dövlət Təhsili Mərkəzinin şagirdləri iş yerində istehsalat təcrübələrinə cəlb edilib: "Növbəti tədris ilindən etibarən, ölkənin ən iri işə götürənlərindən biri olan "Gilan Holding"lə qarşılıqlı əməkdaşlıq çərçivəsində sifarişlər əsasında əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlığının həyata keçirilməsi nəzərdə tutulur. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər, layihələr həyata keçirilir və onların əsasında yeni tədris proqramları, kurrikulumlar, dərs vəsaitləri hazırlanıb".
Atılan bu addımların şagirdlər arasında peşə ixtisasına marağı artırıb-artırmadığını, peşə məktəblərinə sənəd qəbulunun Asan Xidmət vasitəsilə həyata keçirilməsinin nə kimi üstünlüklərinin, həmçinin son illər hansı peşə ixtisasına sənəd qəbulunun daha çox olduğunu öyrənməyə çalışdıq.
Qəbul komissiyasının işi yüngülləşir
5 nömrəli Bakı Peşə liseyinin direktor müavini Ziba Cəfərli bu prosesin artıq 2 ildir ki, həyata keçirildiyini deyir. "Keçən il ancaq Bakı və Gəncə şəhərlərinə şamil olunurdu, indi isə Asan Xidmət mərkəzlərinin olduğu bütün şəhərlərdə həyata keçiriləcək. Doqquz və on birinci sinfi bitirən və dövlət hesabına təhsil almaq istəyən bütün şagirdlər müraciət edə bilərlər. Dövlət hesabına qəbul olanlara təqaüd verilir. Bu layihə həm bizim peşə liseyimiz, həm də ümumiyyətlə ölkəmizdə olan bütün peşə ixtisas məktəbləri üçün çox əlverişlidir. Çünki bu hardasa bizim qəbul komissiyasının da işini yüngülləşdirir. Bizdə əvvəllər şagird qəbulunu komissiyamız həyata keçirirdi. Amma indi qəbul olanların siyahısı Asan Xidmətdən nazirliyə göndərilir, sonra isə peşə liseylərinə yönləndirilir”.
Müsahibimiz qeyd edir ki, artıq peşə liseyləri mərkəzləşdirilmiş, optimallaşdırılmış qaydada fəaliyyət göstərir. Və bir neçə peşə liseyi birləşdirilib, peşə təhsil mərkəzləri yaradılıb: "Məsələn, bizim liseyimiz Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzidir. Biz də sırf turizmlə, sosial xidmətlərlə bağlı olan ixtisaslar fəaliyyət göstərir. Bu ixtisaslar üzrə təhsil almaq istəyənlər bizim liseyi seçir. Və deyərdim ki, son dövrlər müraciətlər çoxalıb. Peşə təhsilinə maraq yetərincə artıb. Bir neçə il əvvəl kompyuter və mühasibatlıq ixtisasına maraq çox idisə, indi aşpazlıq, dərzilik, qənnadıçılıq kimi peşələrə tələbat artıb”.
Əsas məsələ şəffaflığın, obyektivliyin gözlənilməsidir
Təhsil üzrə ekspert Əjdər Ağayev bu təşəbbüsü yüksək qiymətləndirdiyini dedi: "Bu mənada yaxşı addımdır ki, indiki elektron xidmətlər dövründə sənədlərin qəbulu asanlıqla həyata keçirilir. Və buna görə də ölkəmizdə populyarlıq qazanmış, özünün şəffaflığı və operativliyi ilə diqqəti cəlb edən Asan Xidmətin bu layihəsi də cəmiyyət tərəfindən çox yaxşı qarşılanır. Mən düşünürəm ki, bunun əhəmiyyəti ondadır ki, vaxt itkisinə yol verilmir. Peşə məktəbinə daxil olmaq istəyən adam elektron vasitələrlə sənədlərini təqdim edib, qəbul olunur. Burada əsas məsələ şəffaflığın, dürüstlüyün, obyektivliyin gözlənilməsidir. Çünki bizim cəmiyyətdə və təhsil sistemində bu cür obyektivliyə ehtiyac var”.
Ekspertdən bu layihənin peşə ixtisasına olan marağa necə təsir edəcəyini soruşduq. O, hesab edir ki, bunun peşə ixtisasına marağın artmasına aidiyyatı yoxdur. "Peşə ixtisasına marağın yaradılması hələ şagird ümumtəhsil məktəblərində oxuyan vaxt həyata keçirilməlidir. Şagirdlərə peşə ixtisası haqqında xüsusi informasiyalar verilməli, seçəcəyi peşənin cəmiyyətdəki rolundan, əhəmiyyətindən, və həmçinin kommersiya tərəfindən danışılmalıdır. Bu zaman şagirddə peşə ixtisası haqqında təsəvvür yaranır. Və o, seçimini şüurlu şəkildə edir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər