AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“ASAN xidmət” regional fəaliyyətə başlayır

“ASAN xidmət” regional fəaliyyətə başlayır

Cəmiyyət
03 İyun 2013, 08:32 1039
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi qısa bir zamanda "ASAN xidmət" şəbəkəsinin ölkənin bütün ərazisini əhatə etməsi məqsədilə dövlət xidmətlərinin yeni formada təqdim edilməsini təşkil etməkdədir.

Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar artıq səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayacaq.

Bu məqsədlə 5-20 iyun tarixində Şirvan və Hacıqabul şəhərlərinin sakinləri Dövlət Agentliyinin təqdim etdiyi “Səyyar xidmət”lərdən Şirvan şəhərində yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaq.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi
- Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
- Əmək pensiyalarının təyin edilməsi
- Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

“Səyyar xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.