• cümə, 29 Mart, 15:17
  • Baku Bakı 14°C

“ASAN xidmət” könüllülərindən Reportaj

01.04.14 09:53 6867
“ASAN xidmət” könüllülərindən Reportaj
2013-cü ildə fəaliyyətə başlayan “ASAN xidmət” mərkəzləri qısa müddət ərzində xalqın rəğbətini qazana bildi. Bu qurum öz fəaliyyəti ilə insanların işlərini asanlaşdırdı. Burada hər kəs gülər üzlə qarşılanır, problemləri minimum vaxt ərzində həll olunur və elə gülər üzlə də yola salınır. Bununla yanaşı, sözügedən mərkəzlər gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, sosiallaşması, təcrübə toplaması üçün könüllülərlə sıx əməkdaşlıq edir. Belə ki, “ASAN xidmət” mərkəzi “Könüllü fəaliyyət haqqında” qanunu ilk tətbiq edən dövlət orqanıdır. Biz də təmənnasız xidmət göstərən gənclərlə söhbətləşmək, onların iş prosesləri ilə maraqlanmaq üçün 1 saylı “ASAN xidmət” mərkəzinə yollandıq. Əvvəlcə adi vətəndaş kimi içəri daxil olduq və bizi qeydiyyat şöbəsində gülər üzlü xanım qarşıladı. Məqsədimizi bildirdikdən sonra xanımın köməkliyi ilə könüllülərin fəaliyyət göstərdiyi mərtəbəyə yollanırıq.
Xatırladaq ki, “ASAN Xidmət” mərkəzinin binası zəmin qatı ilə birlikdə 5 mərtəbədən ibarətdir. Zəmin qatında məlumat masası, poçt və bank xidməti, tibb məntəqəsi, fotostudiya, vətəndaşlar üçün nəzərdə tutulmuş, internetə çıxışı olan kompyuterlər, kafe, uşaq əyləncə bölməsi və gözləmə zalı yerləşir. Vətəndaşlar burada şəxsiyyət vəsiqəsilə qeydiyyatdan keçib, növbəyə dururlar və aidiyyatı quruma yönləndirilirlər. Könüllülərin əksəriyyəti bu qatda xidmət edirlər. Burada kimisi növbə aparatlarında, kimisi uşaq əyləncə guşəsində, kimisi də dəyirmi stol ətrafında əyləşərək fəaliyyət göstərirlər. Könüllüləri müşahidə etdiyimiz zaman diqqətimizi çəkən əsas məqam bu qədər qələbəliyin və ağır işin qarşılığında onların üzündən gülüşün əskik olmamasıdır. Onlar qələbəliyə məhəl qoymadan vətəndaşları səbirlə, xoş üzlə yola salmağa çalışırlar.
Gənclərə könüllük mədəniyyyəti aşılanır

Reportaj hazırladığımız zaman bizə bələdçilik edən könüllülər üzrə müvəkil Sahil Məmmədli bildirdi ki, “ASAN xidmət” mərkəzi burada könüllü kimi fəaliyyət göstərən gənclərə əmək bazarında yerlərini tutmağa yardımçı olur: “Könüllü mərkəzə daxil olduqda ilk olaraq onunla müqavilə imzalanır və onlar könüllülük fəaliyyəti haqqında keçirilən təlimlərdə iştirak edirlər. “ASAN xidmət” mərkəzlərində ilk növbədə gəncləri təlimlərə cəlb etməklə onlara könüllü hərəkatının hansı məqsədlə həyata keçirildiyi öyrədilir. Biz könüllülərə bilik, ilkin əmək vərdişləri, kollektivdə çalışmaq və dövlət orqanının işi ilə yaxından tanışlıq şansı verir və bu yolla onların əmək bazarında öz yerlərini tutmalarına yardımçı oluruq. Bununla yanaşı, gənclərin dövlət qulluğu tərbiyəsinə yiyələnmələrinə köməklik göstərir, onlarda vətənpərvərlik və dövlətçiliyimizə sədaqət kimi keyfiyyətlərin artırılmasına, formalaşmasına dəstək oluruq”. Söhbət əsnasında məlum oldu ki, “ASAN xidmət” könüllüləri öz təşəbbüsləri ilə “ASAN Könüllüləri Gənclər Təşkilatını” yaradıblar. S.Məmmədlinin sözlərinə görə, Gənclər Təşkilatını yaratmaqda əsas məqsəd könüllülərlə mövcud bağları qoruyub saxlamaq və ölkəmizdə gənclərə könüllülük mədəniyyətini aşılamaqdır.
DİN-də çalışan könüllü

Könüllü kimi fəaliyyət göstərən gənclər işə ilk olaraq növbə aparatlarından başlayır. Yəni ilk işləri növbə aparatlarında buraya gələn insanlara kömək etmək olur. Daha sonra isə anket doldurur və digər işlərdə çalışırlar. Belə könüllülərdən biri də Nigar Hüseynovadır. Nigar 14 gündür ki, mərkəzdə könüllü kimi fəaliyyətə başlayıb. Kollektivdə yeni olmasına baxmayaraq o, artıq səmimi münasibətlər qurduğunu deyir: “Burada mühit fərqlidir. Könüllülərlə işçilər arasında heç bir fərq qoyulmur. İnsanların hər hansı probleminin həllində yardımçı olmaq, yaşlı insanlar üçün ərizə doldurmaq bizə xoşdur. Biz həm də dövlət qulluğu barədə təcrübə toplayırıq. Gələcəkdə dövlət qulluğu ilə bağlı imtahandan uğurla keçsəm, bu qurumda böyük həvəslə çalışacam”.
Məlum olduğu kimi, “ASAN xidmət”də könüllü kimi fəaliyyət göstərən gənclərin bəziləri daha sonra burada, və ya digər dövlət qurumlarında çalışmaq imkanı əldə edirlər. Bu imkanı əldə edən gənclərdən biri də Nigar Əliyevadır. Nigar 4 ay könüllü kimi fəaliyyət göstərdikdən sonra Daxili İşlər Nazirliyinə (DİN) işə düzəlib: “Könüllük fəaliyyətimi bitirdikdən sonra DİN-ə anket yolladım. Daha sonra məni çağırdılar və komissiyadan keçdim. İndi isə əmrimin verilməsini gözləyirəm. Bu arzumun reallaşmasını “ASAN xidmət”ə borcluyam. Çünki, ağlıma belə gəlməzdi ki, DİN-də çalışa bilərəm”.
İş prosesi əyləncəlidir

Reportaj hazırladığımız zaman daim könüllülərlə işləyən, onlarla danışan gənc diqqətimizi çəkir. Bu gənc Fərid Gülablıdır. Onunla söhbət edərkən məlum oldu ki, burada işləməzdən əvvəl o da bu mərkəzdə könüllü kimi fəaliyyət göstərib. Könüllük fəaliyyətini başa vurduqdan sonra isə elə “ASAN Xidmət”də “Vətəndaşların qəbul işinin təşkili” sektorunda aparıcı məsləhətçi kimi çalışır: “Mart-iyun aylarında burada könüllü idim. Həmin vaxt ərzində gördüyüm iş proseduru o dərəcə xoş oldu ki, elə könüllük müddətində dövlət qulluğu imtahanlarına hazırlaşdım və imtahandan uğurla keçib işə başladım”. Fəridin sözlərinə görə, bu qurumun işçilərinin əksəriyyəti gənclər olduğu üçün iş prosesi daha əyləncəli olur: “İnsanın həmyaşıdları ilə işləməsi insana ayrı bir zövq verir. Könüllülər də bizim yaşıdlarımız olduğu üçün bizim aramızda ayrı-seçkilik olmur. Hər kəs bir olub çiyin-çiyinə çalışır”.
Sürücülük vəsiqəsi üçün maşın nömrəsini gətirdi

Həmsöhbətimiz könüllük müddətində başına gələn maraqlı hadisələrdən də danışdı: “ Könüllü olduğum zaman vətəndaşa ərizə yazırdım. Cavan oğlan şəxsiyyət vəsiqəsini dəyişirdi. Mənə də kömək etdiyim üçün pul təklif etdi. Ona izah etdik ki, biz pul almırıq və sırf könüllü şəkildə vətəndaşlara yardım edirik. Vətəndaş dedi ki, onda bir neçə könüllü ilə gəlib mənim maşınımı da yuyun. Bu cavabdan sonra çox pis olmuşdum. Amma könüllülük fəlsəfəsinin bizim cəmiyyətdə hələ qəbul olunmadığını bilirdim və ona işimi yenidən izah etdim”. Könüllülərlə danışdıqda məlum oldu ki, onların başına gələn gülməli hadisələr də az deyil. Belə ki, sürücülük vəsiqəsini dəyişdirməyə gələn vətəndaşa “növbə götürün, gəlin” dedikdə, o, növbə sözünü nömrə kimi başa düşərək maşının nömrəsini açıb gətirib.
“Pulsuz çalışmaq hünər istəyir”

Könüllülərlə söhbət edərkən öyrəndik ki, onlar işdən əlavə vaxtlarını da səmərəli keçirirlər və istirahət günlərində rayonlara turlar təşkil edirlər. Bu işləri təşkil etmək üçün hər mərkəzdə könüllülərin qrup rəhbəri təyin edilir. 1 saylı “ASAN xidmət” mərkəzində könüllərin qrup rəhbəri Allahşükür Məmmədovdur. Qrup rəhbəri olmaqla yanaşı, könüllü kimi fəaliyyət göstərən Allahşükür deyir ki, vətəndaşlara xidmət etməkdən zövq alır: ““ASAN xidmət” Azərbaycan brendidir. Hər bir könüllu də bu brenddə çalışmaqdan zövq alır. Ən əsası da vətəndaşlara pulsuz xidmət etməklə fəxr edirik. Müasir dövrdə pulsuz işləmək hünər istəyir. Hər kəs bunu bacarmaz. Lakin bu, bizim üçün problem deyil. Bizim əsas kriteriyamız pul yox, gülərüz və səbirli olmaqdır. Fəxr edirik ki, biz xalqa xidmət edirik”.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində könüllük müddəti 2 aydır. Könüllü öz təşəbbüsü ilə bu rəqəmi artıra bilər. Könüllük müddətini başa vuran gənclərə sertifikat verilir.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər