• cümə axşamı, 28 mart, 12:48
  • Baku Bakı 16°C

Asan görünən çətin hobbi - Hobbi

19.07.16 15:08 2966
Asan görünən çətin hobbi - Hobbi
Onun hobbisi məktub markalarını yığmaqdır. Uşaqlıqdan markaya həvəs göstərən həmsöhbətimiz deyir ki, qonaq getdiyi hər evdə məktub, zərflər axtarıb ki, markalarını kəsib götürsün. Hobbi sevdasına görə o qədər künc-bucaq eşib ki, özünü pişik Tomun otağına pendir oğurlamaq üçün girmiş siçan Cerri kimi hiss edib.

"Yekə bir yeşik markam var”
"Hobbi” rubrikasının qonağı jurnalist Mənsur Rəğbətoğludur. Mənsurun uşaq vaxtı sevgilisinə yazdığı məktublar onda marka sevgisi yaradıb. Deyir ki, mobil telefonun dəbdə olmadığı vaxtlar ona bu məşğuliyyəti qazandırıb: "1999-cu ildən məktub markaları yığmağa başladım. Əslində buna xüsusi marağım yox idi. Oxuduğum əsərlərin təsiri altında bu işi görürdüm. Çünki əsərlərdə yazarlar belə hobbilərə xüsusi diqqət edirdilər və üzərində ciddi-ciddi dayanırdılar. Məsələn, bir əsərin qəhrəmanı bir məktub markası əldə etmək üçün ən dəyərli əşyasını başqasına verir, yaxud satırdı, hətta bunun üçün oğurluq da edirdi. Lakin sonra özümün xüsusi marağım yarandı. Bu o maraq idi ki, sonradan içinə sevgi də əlavə olundu. Yeddinci sinifdə bir qızı sevdim, məndən iki sinif aşağıda oxuyurdu. Mobil telefonun dəb olmadığı vaxt idi, işıqları da fasiləylə verirdilər. Ona lampa işığında məktub yazırdım. Evdə çoxlu məktub zərfləri vardı, üzərində də markalar. Bunlar bunlar daha çox Rusiyadan, Ukraynadan, Gürcüstandan, Litvadan gəlirdi. Atama qardaşlarından, nənəmə oğullarından, əmim uşaqlarından mənə gələn, yəni sırf qohumlararası əlaqələr zamanı yığılan zərflər idi. Üzərində müxtəlif şəhərlərin markaları vardı. Həmin markaları yığırdım. Qohumların evlərinə getdikcə künc-bucağı eşələyib zərf axtarırdım və markaları kəsib götürürdüm. Özümü pişik Tomun otağına pendir oğurlamaq üçün girmiş siçan Cerri kimi hiss edirdim. Son bir-iki ilə qədər bu işlə məşğul oldum. İndi də ara-sıra maraq göstərirəm. Yekə bir yeşik marka yığmışam. Bu işə ədəbi işin tərkib hissəsi kimi yanaşıram, çünki hər markanın yapışdırıldığı məktubun bir hekayəsi var. Fərqi yoxdur, bu sevindiricidir, ya yox. Məsələn, arxivimdə elə məktub markası var ki, orada xərçəng xəstəliyinə tutulmuş qohumdan, eləsi də var ki, toydan-nişandan bəhs edilir”.

"İllər sonra o qədər dəyərli olur ki...”

Müsahibimiz hesab edir ki, hər bir insanın asudə vaxtında məşğul ola biləcəyi maraq dairəsi var. Lakin hər kəs bu istedadını ortaya çıxara bilmir, ən pisi isə buna əhəmiyyətsiz bir şey kimi yanaşır: "Hər bir insanın maraq dairəsi olur. Hobbi boş vaxtın dəyərləndirilməsidir. Amma əsas olan bizim onu necə kəşf etməyimizdir. Elə insan var ki, hobbiyə adi bir şey kimi baxır. Elə insan da var, bundan yararlanaraq həyatını qurur. Və məhz onun üzərində yaşayır, yaradır. Mənim hobbim də mənim ruhumu qidalandırır. Məni keçmişə aparır. Hər məktub bir həyat hekayəsidir. Həmin an əhəmiyyətsiz olan bir yazı illər sonra o qədər dəyərli olur ki...”.

"Hobbimi romana çevirməyi planlaşdırıram”

Həmsöhbətimiz 17 ildir marka yığır. Onun sözlərinə görə, hobbisi onun həyatına xüsusi rəng qatır: "Hər bir insanın əlavə məşğuliyyəti olmalıdır. Çünki bu məşğuliyyət bəzən insanı real həyatdan uzaqlaşdırır. Gününü darıxdırıcı və yeknəsəq olmaqdan çıxarır. Hobbimi böyük bir hekayə, yaxud romana çevirməyi planlaşdırıram. Lakin hazırda sahib olduğum dünyagörüşü buna imkan vermir. Hələ həyat haqqında qeyri-ciddi düşünürəm və beyin qəlibim də kifayət qədər dardır. Ciddi əsər yazmaq üçün çox yaşamaq və çox oxumaq lazımdır. İmkan olduqca fərqli yerləri gəzmək lazımdır. Ölməsəm, ciddi bir adam olacam və bu arzumu reallaşdıracam”.

"Sənə uzaq Kuba sahillərindən yazıram”

Mənsur deyir ki, bu hobbini ona sevgilisi daha çox sevdirib. Hətta məktubu sevgilisinə göndərərkən ondan da məktuba marka yapışdırmağı xahiş edib: "Şübhəsiz ki, sevgilimə yazdığım məktubların da təsirləri vardı. Həmin vaxt məktubları sevirdim və ona yazdığım məktubların üzərinə həmin markalardan yapışdırırdım və ondan xahiş edirdim ki, markası varsa, yazdığı məktubun üzərinə yapışdırsın. Markanı ona görə yapışdırırdım ki, guya uzaqlardan yazırıq biri-birimizə, nəzəri olsa da. Hər dəfə də belə bir cümlə işlədirdim ki, sənə uzaq Kuba sahillərindın yazıram. O da olanda yapışdırırdı, olmayanda da mənim yazdığım məktub markasını təkrar qoparıb yapışdırırdı”.

"Dostlarım buna ağılsızlıq kimi baxırdı”
Mənsurun hazırda 5 minə yaxın markası var. Hərbi xidmətə gedərkən belə anasına tapşırıb ki, ona göndərdiyi məktubların markalarını saxlasın: "Bir müddət sayla yığırdım, sonra iş-güc, oxumaq, hərbi xidmətə görə sayı itirdim. Bir rəqəm vardı nəzərimdə tutduğum, 2500 marka. Hərbi xidmətə gedənədək bu istədiyim miqdarı yığdım. Hərbi xidmətdə olanda hesabı itirdim, amma oradan da tez-tez anama məktub yazırdım ki, evə qayıdanda kəsib götürəcəm. Amma evə qayıdanda gördüm ki, anam məktubları saxlayıb, zərfləri isə yandırıb. Hazırda təxminən 5 minə yaxın markam var. Əslində rəqəmi daha böyük götürmək olardı, amma fərqli olduqları üçün bu qədər azdır. İndi məktub yazmaq da dəbdə deyil, buna görə də bir az çətin hobbidir. Dostlarımdan da marka istəyirdim. Amma ətrafımdakı dostlarımın çoxu buna ağılsızlıq kimi baxırdılar, istəyəndə də "ağlın yoxdur da” deyirdilər”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər