Aşağı siniflərdəki ağır çantanın yuxarılarda boşalması...
İbtidai
sinif şagirdlərinin məktəb çantalarının ağırlığı barədə valideynlərin şikayətləri
daim eşidilir. Ancaq şagirdlər böyüyə-böyüyə, sinifdən-sinfə adlaya-adlaya bu
"ağırlıq” da tədricən azalır. Yuxarı siniflərə qalxdıqca bəzən içi dərs vəsaiti
ilə dolu çantanı yalnız bircə dəftər əvəz edir. Lap günümüzdə hər gün
rastlaşdığımız kimi: oxuduqları təhsil
ocağına gedərkən, əksər yuxarı sinif şagirdlərinin və ya ali məktəb tələbələrinin,
xüsusən oğlanların əlində yalnız bircə dəftər görmək olur. İstər-istəməz sual
yaranır: fənni tədris edən müəllimlər dərs vəsaitlərini onlardan tələb etməyə
ehtiyac duymurlarmı? 48 və ya 64 vərəqli dəftərlər bütün dərslikləri əvəz
edirmi? Və ya müəllimlərin ilboyu söyləyəcəkləri həmin dəftərə sığırmı? Dərsliklərdən
imtina hansı keyfiyyətə təminat verir? Ən əsası, evdən dərsliksiz çıxan
övladlarına valideynlərin nəzarəti hardadır?
Müşahidələrimizlə
bağlı axtardığımız suallara cavablar təbii ki, birmənalı deyil. Belə ki,
problemi məktəblə də, valideynlərin nəzarətsizliyi ilə də bağlayanlar var.
Şagird və tələbələrin dərslərə yanaşmaları ilə bağlı məsuliyyətləri də öz
yerində...
Müəllim nə etsin?
Təhsil üzrə mütəxəssis Elşən Qafarova görə, məsələdə məktəb faktoru az rol oynayır. Belə ki, əsas
qınaq obyekti valideyn nəzarəti ilə bağlıdır: "Valideyn bilməlidir ki, övladı məktəbə
gedirsə, həmin gün onun cədvəlində hansı fənlər var. Bəzən valideynlər uşağı məktəbə
yola salanda və ya dərsdən qayıdanda «Bu gün hansı dərsin vardı və ya sabah
hansı dərslərə hazırlaşırsan» sulları ilə maraqlanmırlar. E.Qafarov hesab edir
ki, müəllim şagirddən dərs vəsaitlərini sinfə gətirməyi tələb edə bilmir: «Müəllim
şagirdə qarşı azca tələbkarlıq edən kimi valideyn və ya şagirdin özü müəllimin
kobudluq etməsi ilə bağlı qaynar xəttə müraciət edir. Müəllim nüfuzu o qədər
yüksək deyil və ya onun əlində o qədər səlahiyyət yoxdur ki, şagirdin dərsə vəsaitlər
gətirməsinə tam nəzarət edə bilsin. Bu baxımdan, məsuliyyət təkcə müəllimin üzərinə
qoyulası deyil».
E.Qafarov problemdə repititorluğun hər hansı rol oynayacağını
güman etmir: «Bu məsələnin repititorluğa heç bir aidiyyəti yoxdur. Şagirdlərin
məktəbə yalnız dəftərlə gəlməsi, xüsusən yuxarı sinif şagirdləri arasında kütləvi
hala çevrilib. Bu, sırf valideyn nəzarətinin yoxluğu ilə bağlıdır. Təsəvvür
edin, ibtidai siniflərdə çantanın ağırlığı 8-10 kq-dır. Yuxarı siniflərdə isə
bu yük yoxdur». Yuxarı sinif şagirdlərinin ali məktəblərə də eyni qayda ilə, yəni
bircə dəftərlə dərsə davam etmələrinə münasibət bildirən mütəxəssis bunu eyni
psixologiyanın gənclərdə formalaşması ilə əlaqələndirir: «Artıq ali məktəbdə də
onlarda dərsə bir dəftərlə getmək psixologiyası formalaşır. Əgər şagird və ya tələbə
bu gün 5 dərs keçəcəksə və bunun məsuliyyətini hiss edirsə, təbii ki, həmin fənlər
üzrə kitablar, əlavə vəsaitlər və dəftərlər aparmalıdır. Çox təəssüf ki, tələbə
və ya şagirdlərin bu işinə nəzarət yoxdur”.
E.Qafarovun dediyinə görə, dəfələrlə
valideynləri toplayıb «uşaq məktəbə bir və ya iki dəftərlə gəlir» - desələr də,
valideynlər tərəfindən heç bir tədbir görülməyib. Bəzən də valideynlər «uşaq dərslikləri götürmək
istəmir» - deyirlər. Bu da valideynin övlad üzərində səlahiyyətinin olmamağından
irəli gəlir. Belə olanda, müəllim nə etsin? O, tələb edir. Əgər şagird və ya tələbə
dərsliyi gətirməyibsə, müəllim onu sinifdən və ya auditoriyadan uzaqlaşdıra
bilmir. Tələbkarlıq yüksək həddə olanda isə qarşı tərəfin narazılığı
başlayır».
Həm valideynin nəzarəti, həm də müəllimin tələbkarlığı
160 nömrəli klassik gimnaziyanın Ana dili və ədəbiyyat
müəllimi İradə Əfəndiyevaçalışdığı məktəbdə bu cür hallara qarşı tələbkarlığın yüksək olduğunu və çox
nadir hallarda qarşılaşdıqlarını bildirdi: «Bizim məktəbdə müəllimlər dərs
keçdikləri üçün şagirddən kitab da, dəftər də tələb edirlər. Hər bir şagirdin
qarşısında kitabı, dəftəri və dərsliyi olmalıdır. Hətta, gündəlik gətirməyəndə
belə, müəllim valideynə zəng edib onu məktəbə dəvət edir».
İ.Əfəndiyeva hesab
edir ki, şagird məktəbə yalnız o zaman bircə dəftərlə gələ bilər ki, o məktəbdə
müəllimlər dərs keçməsinlər: "Belə vəziyyətdə kitab və dəftər nəyə lazımdır?
Uşaq da valideyni aldatmaq üçün bir dəftəri cibinə qoyub məktəbə yollanır. O dəftəri
də açıb baxsanız içində heç bir yazı görməyəcəksiniz».
İ.Əfəndiyevanın fikrincə,
şagirdin məktəbə dərs vəsaitləri ilə gəlməsi üçün həm valideynin nəzarəti, həm
də müəllimin tələbkarlığı olmalıdır: «Valideyn bilməlidir ki, övladı məktəbə
gedəndə keçiriləcək dərsə hazırdırmı? Əgər dərsliyi yoxdursa, onu məktəbdən tələb
etməlidir. Müəllim dərs keçmirsə, şagirddən nə tələb edə bilər? Ona görə bu məsələdə
məsuliyyəti həm məktəb, həm də valideyn daşıyır. Heç bir halda şagird məktəbə
bir dəftərlə gəlməməlidir. Yəni dərs prosesi boyunca hər hansı vəsaitlərə
ehtiyacın olmaması mümkünsüzdür. Elə isə həmin dərs vəsaitləri nə üçün nəşr
olunub? Vəsaitlər ona görə nəşr olunub ki, şagirdlər və tələbələr onlardan evdə
və dərsdə istifadə etsinlər».
İ.Əfəndiyeva problemin yaranmasında şagirdlərin fərdi
hazırlığının heç bir rol oynamadığı fikrindədir: «Tutaq ki, uşaq repetitor
yanında Azərbaycan dilindən morfologiyanı və ya fonetikanı öyrənir. Ancaq müəllim
sinifdə ondan üslub barədə soruşur. Ona
görə də repetitorluq bu məsələdə rol oynamır. Bu o demək deyil ki, repetitor
yanına gedən şagird sinfə hazırlıqsız gəlməlidir. Axı müəllimlər repetitorla
paralel işləmirlər».
Məsuliyyət azalıb
Şagirdlərin
və tələbələrin oxuduqları təhsil müəssisəsinə yalnız bircə dəftərlə gəlmələrini
xoşagəlməz hal hesab edən filologiya
elmləri doktoru, professor Buludxan Xəlilovun fikrincə, onların əllərində
keçəcəkləri dərsə aid vəsaitlər və dəftərlər olmalıdır: "Son dövrlərdə orta məktəblərin
yuxarı sinif şagirdləri, xüsusən 9, 10, 11-ci siniflərdə təhsil alanların əllərində
dərs vəsaitləri və çanta olmadan axın-axın məktəbə getmələrinin şahidi olursan.
Bu hal bir qədər kütləviləşib. Bu, ondan irəli gəlir ki, şagirdlərin bir
qisminin məsuliyyəti azalıb”. B.Xəlilov hesab edir ki, digər tərəfdən, yuxarı
sinif şagirdləri konkret fənlər üzrə hazırlaşdıqlarından, yəni əlavə repetitor
yanına getdiklərindən onların məktəbə münasibətləri soyuyub: "Bu, cəmiyyətdə
bir qədər dəbə çevrilib. Uşaqlar bir-birləri ilə rəqabətə girir və fərdi
hazırlığa üstünlük verirlər. Repetitorluğun dəbə çevrilməsi artıq bir qisim
şagirdləri siniflərdə tədris olunan dərs vəsaitlərindən uzaq salıb. Onlar dərs
vəsaitlərinə bağlanmadıqlarına görə, yekunda nəticələri zəif olur. Xüsusilə
oğlan uşaqları bu məsələdə üstünlük təşkil edir. Onlar bəzən bir dəftəri kəmərlərinin
yuxarı hissəsinə taxıb ya repetitor yanına, ya da təhsil aldıqları məktəbə gəlirlər.
Belə şagirdlər bir dəftərdə bütün tədris olunan fənləri yerləşdirmək istəyirlər.
Əgər həmin dəftəri açıb məzmununa baxsaq, içərisində hər hansı bir yararlı məlumatın
olmadığını görərik”.
Professor bu xoşagəlməz ənənənin ali məktəb tələbələri
arasında da müşahidə olunduğunu qeyd edir. Belə ki, həmin gənclərin bir
qisminin yalnız ya qələmi, ya da dəftəri olur. Tədris olunan fənlərin dərs vəsaitləri
demək olar ki, onlar üçün yox dərəcəsindədir: "Test sisteminin cəmiyyətdə dərin
kök salmasından sonra ali məktəb tələbələrinin böyük bir qismi əllərinə kitab və
dərslikləri götürmür, bəziləri isə hətta dəftərsiz və qələmsiz auditoriyalarda
otururlar. Belə olan halda hansı biliyi əldə etmək olar? Onlar sadəcə, testin
suallarını əldə etməklə tədris olunan fənlərdən semestr boyu imtahan verirlər».
Orta məktəblərin yuxarı sinif şagirdlərinin, eləcə də ali məktəb tələbələrinin
kitabla dərsə gəlmələrini böyük mədəniyyət adlandıran B.Xəlilov bu amili həmçinin
təbliğat kimi dəyərləndirir: «Əldə kitabın olması kitaba sevgi hisslərini
artırmaq deməkdir. İnsan kitabla təmasda olduqca, onun kitaba məhəbbəti artır.
İstər ali məktəbdə, istərsə də orta məktəbdə şagird kitab vasitəsilə müəllimlə
ünsiyyətdə olur. Kitabdan uzaqlaşdıqda isə şagirdlə kitab və ya müəllimlə tələbə
arasında mədəniyyət pozulur». Keçmiş dövrlərdə tələbələrin qalaq-qalaq kitablar
gəzdirdiyini xatırlayan professor həmçinin onların istənilən fənnin mühazirə və
seminar dəftərlərini daşıdıqlarını da yada salır: «Biz dərslərdə istənilən fənnə
aid konspekt tuturduq. Hər hansı bir dərs vəsaitindən istifadə etməklə konspekt
tutmaq yazı mədəniyyətini formalaşdırırdı. Şagird və ya tələbə yaza-yaza
düşünür, bilik əldə edir. Kitabı oxumaqla şifahi nitq mədəniyyəti, hafizə və
yaddaş inkişaf edir. Əvvəllər bu istiqamətdə iş qurulmuşdu. Orta məktəbin
yuxarı sinif şagirdinin, eləcə də tələbənin formalaşmasında bu amillər önəmli
rol oynayırdı. Tələbəni tələbə kimi təqdim edən onun əlində kitabının
olmasıdır. İndi küçədə gəzən gəncliyin tələbə olub-olmadığını fərqləndirmək
mümkün deyil. Çünki onun qoltuğunda kitab görünmür. Bu, cəmiyyətin
problemidir”.
B.Xəlilov hesab edir ki, cəmiyyətin hər bir üzvü problemin həlli
yolunda əlindən gələni əsirgəməməlidir. Eləcə də KİV bu istiqamətdə təhlillər
aparmalı, müzakirələr açmalıdır: "Bunlar cəmiyyətdə gəncliyin kitaba münasibətini
təhlil etmiş olacaq. Təhlil olandan səbəbi aradan qaldırmaqla nəticənin xeyrinə
addım atmış olacağıq”. Professorun fikrincə, hazırkı təhsil sistemindəki
humanistləşmə, demokratikləşmə o qədər dərinləşib ki, tələblər dəyişib: «Biz
şagird və tələbəyə sovet dövründəki tələblərlə yanaşa bilmirik. Buna görə də
orta məktəb şagirdləri, eləcə də tələbələr bu vəziyyətdən sui-istifadə edirlər.
Bu, təkcə tələbkarlığın az olması deyil. İstənilən müəllim auditoriyaya daxil
olarkən oxumayan tələbəyə irad tutur. Amma qarşı tərəf bu məsələnin mahiyyətini
düzgün başa düşməlidir”. B.Xəlilov problemdə təhsil ocaqları ilə bərabər şagird
və tələbələrin özünün də tələbkarlığının rol oynadığını qeyd edir: "Hər iki tərəfdə
tələbkarlığın azalması da rol oynayır. Mən istərdim ki, şagird və tələbələr
daha çox özlərinə qarşı məsuliyyətli olsunlar. Onlar elə bil ətalət içərisindədirlər.
Gənclər sabahlarını, peşəkar kadr kimi yetişmələrini fikirləşmirlər. Sadəcə,
günü ötürməklə elə hesab edirlər ki, nəyəsə nail olurlar».
Bütün
hallarda şagird və tələbələrin dərsə yalnız bir dəftər və ya qələmlə gəlmələri
oxuduqları təhsil müəssisəsində təhsilin yüksək keyfiyyətindən xəbər vermir. Təhsilin
cəlbediciliyi isə təkcə bir dəftər və qələmlə məhdudlaşmır...
Təranə Məhərrəmova