AZE | RUS | ENG |

“Aşağı bal toplamaq karyeranız üçün şans ola bilər”-Xaricdə təhsil

“Aşağı bal toplamaq karyeranız üçün şans ola bilər”-Xaricdə təhsil
Kənan Səlimov: “Gələcəkdə necə biri olacağınız gənc yaşınızda verdiyiniz qərarlardan asılıdır”

2013-cü ildə imkanı olmadığı üçün hazırlıqlara sona qədər gedə bilməyib, 413 bal toplayıb. İnsanlar yığdığı balı ələ salıb, amma motivasiyasına təsir edə bilməyiblər. Hazırda İtaliyada Boloniya Universitetində magistr təhsili alır. Növbəti il üçün Finlandiyada təqaüd udub. Deyir ki, az bal yığıb, ruhdan düşməyin. Cücəni payızda sayarlar...
"Xaricdə təhsil” rubrikamızın qonağı "instaqram”ın fenomen səhifələrindən olan "Maraqlı tv”-nin həmtəsisçisi Kənan Səlimovdur.
 
- Kənan, "insanlar yığdığım balı ələ salırdı” deyirsiniz. Amma hələ xaricdə təhsildən öncə SABAH qruplarında təhsil aldınız. Bu, necə baş verdi? Topladığınız bal və kənardan gələn yersiz iradlar motivasiyanızı qırmadımı?

- Bəli, ələ salındığını bildirmişəm. Hansı ki, son vaxtlar aşağı bal yığan tələbələr buna məruz qalır və bu, məni çox məyus edir.  Mənim də vaxtında yığdığım bal, gözləntilərdən aşağı olduğuna görə, nə ətrafdakılardan təbrik, nə də motivasiya ala bilmişdim. Məktəb vaxtı əla qiymətlərlə oxuduğum üçün hamının gözləntiləri yüksək idi. Amma maddi çətinliklərə görə, hər kəsin fərdi müəllimlərlə hazırlaşdığı ildə ən ucuz kurslardan birinə getməyə məcbur qaldım. Sonuncu və ən vacib ay, atama cəmi 160 manat yük verməyim deyə, ailəmdən xəbərsiz kursdan çıxdım. Çünki məndən başqa iki qardaşım da təhsil alırdı. Onları da düşünməli idim.  Açığı, ətrafdakı insanlara çox fikir vermədim. Onların fikirlərindən çox, öz məqsədlərimə fokuslandım. Bəli, SABAH qrupları mənim karyeramda dönüş nöqtələrindən biri oldu. İngilis dilində təhsil almağa başladım və ikiqat təqaüd aldım. Bundan başqa üç aparıcı şirkətdə təcrübə keçdim və müəyyən xərclərimi qarşılamağı bacardım.

- Təhsilin bir gəncin həyatında önəmi nədir? Sizcə, toplanılan balın miqdarı insanın karyerasına mane ola bilərmi?

- Təsəvvür edin, 18-25 yaşlarınızda çox çalışıb hansısa bir mövqeyə gəlirsiniz və ömrü boyu onun meyvəsini yeyirsiniz. Fikrimcə, insanın özünü inkişaf etdirməsi üçün ən yaxşı vasitə təhsil almaqdır. Gələcəkdə necə biri olacağınız, gənc yaşınızda verdiyiniz qərarlardan asılıdır. Amma bunun üçün zaman lazımdır. Siz aşağı bal da yığsanız, ruhdan düşməli deyilsiniz. Hətta aşağı bal toplamağınız karyeranız üçün şans ola bilər. Məsələn, yadımdadır ki, imtahan zamanı həyəcandan cavab kartına səhv cavablar yazdım. Nəticədə marketinq ixtisasına qəbul oldum. İndi öz ixtisasımı elə sevirəm ki, hərdən, nə yaxşı ki, "bu, baş verdi” deyib, motivasiya oluram.

- Sizcə, bir insanın təhsilə yönəlməsində ailənin rolu nə qədərdir? Ailəniz sizə necə dəstək oldu?

- Yeniyetmə yaşlarında siz öz qərarlarınızı daha yaxşı verə bilməzsiniz. O zaman ailə sizə dəstək olmalıdır. Məsələn, anam İqtisad Universitetinin məzunu olduğu üçün əvvəldən həmin universitetə sevgim var idi. O, hər zaman tələbəlik illərinin gözəlliyindən danışanda, mən də həvəslənirdim. Təəssüf ki, 9-cu sinifdə oxuyanda atam işini itirdi. Bu, mənim maddi cəhətdən dəstəyimi itirməyimə səbəb oldu, amma mənəvi gücləri mənə çox kömək oldu. Çox çətinliklər çəkdim. İndi geriyə baxanda da bunu görüb hardan haraya gəldiyimi hiss edirəm. Onlar hər zaman mənə inandılar! Ailənin dəstəyi çox önəmlidir.

- Necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz və nə üçün məhz İtaliya?

- Azərbaycanda təhsil alanda Avropa Birliyinin xətti ilə bir neçə xarici ölkədə seminarlarda iştirak etmişdim. Getdiyim hər ölkədə yeni bir şey öyrənə bilirdim. Hiss etdim ki, Avropada özümü bir qədər də inkişaf etdirmək imkanım olacaq. Çoxsaylı seçimlər var idi. Amma mənim seçimim Boloniya Universiteti oldu. Bura dünyanın ilk qeydiyyatdan keçmiş təhsil məkanıdır. Bir çoxlarının xəyal etdiyi nöqtədir. Bir neçə mərhələli seçimdən sonra ən yüksək balı əldə edib universitetə qəbulu qazandım. Çünki məqsədim var idi və məndən müsahibə götürən italyanlar bəlkə də buna dəyər verdilər. Onlar mənə birinci yeri verdikləri üçün mən də digər universitetlərdən imtina edərək bura gəldim.

- İtaliyada təhsil sistemi necədir? Yəni İtaliyadakı təhsildə hansı nüansların Azərbaycanda olmasını istəyərdiniz?

- İtaliya təhsilin beşiyi olan ölkələrdəndir. Azərbaycandan çox fərqlidir. Oxuduğum universitetdə tələbəyə çox yüksək dəyər verilir. Azərbaycanda bunu bir çox məqamlarda hiss edə bilmirdim. Resursların azlığı təhsilimə mane olurdu. Məsələn, istərdim ki, tələbələrə şəhərin müxtəlif yerlərində 24 saat xidmət göstərən kitabxanalar olsun. İtaliyada bu cür məkanların olması motivasiyama təsir edir. Çünki evdə şərait olmadıqda, sakitcə kitab oxumaq üçün geniş imkan əldə edə bilirəm. Ən əsası burada internet limitsizdir. Tələbələr evlərində internetə qoşula bilməsələr, universitetə üz tuturlar. Bundan başqa universitetdən nəyəsə ehtiyacım olanda, yazdığım emaillərə vaxtında cavab gəlir. Günlərlə gözləmirəm. Amma Azərbaycanda belə deyil. Yadımdadır, bir dəfə xaricdə treninq qazanmışdım, universitetdən bir sənədi almaq üçün məni dörd departamentə göndərdilər. Amma nəticədə ilk gəldiyim şöbəyə qayıtdım. Hər şöbə işi başqa şöbənin üstünə atırdı. Çünki bir çox işçilərin xəbərləri yoxdur ki, onlar tələbəyə xidmət göstərirlər. İtaliyada bunu çox yaxşı başa düşürlər.

- Təhsil aldığınız ölkədə sizi təəccübləndirən nə olub?

- Boloniya Universitetində qayıb limiti yoxdur. Amma tələbələr hər gün dərsə gəlir. Öyrənməyə çox meyilli tələbələrlə birlikdə təhsil alıram. Bu, müsbət mənada məni təəccübləndirir.

- Ümumiyyətlə, italyanları necə xarakterizə edərdiniz? Bu ölkədə nədən razı, nələrdən narazısınız?
 
- İtalyanlar Avropada fərqli mədəniyyəti olan xalqdır. Onlar bizdən daha soyuqqanlıdırlar. Burada ən çox narazı olduğum qiymətlərdir. Razı olduğum məqam isə təmizlikdir. Demək olar ki, ətraf zibillənmir. Ayaqqabımı təmizləməyə ehtiyacım olmur. Ətrafı ancaq gəlmələr çirkləndirir.  
  
- Xaricdə təhsil almaq istəyən gənclərə nə demək istəyərdiniz?
 
- Əgər məqsədləriniz varsa, arxasınca gedin!
 
- Təhsil və yaşayış xərclərinizi necə ödəyirsiniz?
 
- Təhsil haqqından azadam. Yaşam xərclərini özüm ödəyirəm 9-cu sinifdən bəri müxtəlif yerlərdə işləmişəm. Qazandığım pulları isə xərcləməmişəm. Hamısını təhsilimə sərf edirəm.

- 22 yaşınız var, amma ölkədə kifayət qədər izləyicisi olan və tanınan "Maraqlı tv” səhifənin təsisçisisiniz. Bu uğuru necə əldə etdiniz?
 
- "Maraqlı tv”-ni boş vaxtımı səmərəli keçirmək üçün təsis etmişdim. Sosial medianın potensialını hiss etmişdim. Bunun  vasitəsilə insanlara məlumat verirəm, eyni zamanda özümü də maarifləndirirəm. Mənim sirrim çox çalışmaq və planlı hərəkət etmək oldu. Bir komandanın görə biləcəyi işi tam 3 il boyunca təkbaşına görməyə çalışırdım. Çox sadə görünsə də, 3 il ərzində günorta 12-dən gecə 1-ə kimi yatmamalı idim, çünki səhifənin aktivliyini saxlamaq üçün post paylaşmaq vacib idi. İnsanlar buna qiymət verdilər. Açığı, təsəvvür etməzdim ki, 744 min insan tərəfindən izlənilən platformaya sahib olaram.

- Səhifədə Azərbaycanla bağlı ən son və maraqlı məlumatlar operativ şəkildə paylaşılır. Başqa ölkədə yaşayıb, öz ölkəndə gündəmi tutmaq necə olur? Çətin deyil ki?

- İtaliyaya köçməmişdən əvvəl səhifənin taleyi məni çox maraqlandırırdı. Çünki ölkələr arasında vaxt fərqi üç saatdır. Həm də bu fərq səhifənin inkişafına mane olacaqdı. Ona görə, mütləq kimsə nəzarət etməli idi. Hazırda qardaşım Səlimov Orxan səhifəni idarə edir. İşindən çox razıyam. Demək olar ki, "Maraqlı tv” öz tempini itirməyib.

- Qürbətdə yaşayan azərbaycanlı kimi ən çox nəyin həsrətini çəkirsiniz?

- Valideynlərim və yeməklərimiz üçün çox darıxıram... Ümumiyyətlə, ölkədən kənarda olanda həyat səviyyəsi nə qədər yüksək olsa da, öz ölkəndə olan doğmalığı burada əldə etmək çətindir.

- İtalyanların gözündə Azərbaycan necədir? Azərbaycan haqqında bilirlərmi və nə soruşurlar?

- Bir çoxları Azərbaycanı "Eurovision” və "Formula 1”-dən tanıyır. Digərləri isə mediadan izləyir. Onların gözündə Azərbaycan çox varlı ölkədir.

 - Gələcək planlarınız nədir?

- Gələcəklə bağlı çoxlu planlarım var. Marketinq sahəsi üzrə çalışmağı düşünürəm. Konkret desək, SMM və digital marketinqlə daha çox maraqlanıram. Amma peşəkar marketoloq olmaq üçün öz üzərimdə çalışmalıyam. Avropanın bir sıra ölkələrində kurslarda iştirak etməyi düºünürəm. Növbəti tədris ili üçün Finlandiyada təhsil alacam. Bu, mənim sevdiyim sahədə ixtisaslaşmağıma kömək olacaq. Tanınmış marketoloqlar həmişə bunu qeyd edir ki, marketoloq çox öyrənməklə bərabər, öyrəndiklərini təqdim etməyi bacarmalıdır. Ümid edirəm ki, bu, məndə alınacaq.
Aygün ƏZİZ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN