• çərşənbə, 24 Aprel, 16:58
  • Baku Bakı 27°C

AŞ PA qətnamələri Azərbaycandakı reallığa uyğun deyil

03.02.20 19:13 1408
AŞ PA qətnamələri Azərbaycandakı reallığa uyğun deyil
Ekspertlər təəssüf edirlər ki, ölkəmizə qarşı qərəzli mövqedə dayanan qruplar bu dəfə də assambleyaya təsir göstərə biliblər
Müstəqil xarici siyasət yürüdən, inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanda hər hansı beynəlxalq səviyyəli tədbir, həmçinin parlament, bələdiyyə və prezident seçkiləri keçirilməsi ərəfəsində bəzi maraqlı dairələr məqsədli şəkildə ölkəmizi hədəfə alır. Xüsusən də xaricdəki erməni diaspor təşkilatlarının təsiri altında olan beynəlxalq təşkilatlar, bir sıra siyasətçilər, deputatlar Azərbaycan haqqında qərəzli, qeyri-obyektiv rəy formalaşdırmağa çalışır, ölkəmizin dünyadakı nüfuzuna xələl gətirməyə müxtəlif cəhdlər edirlər. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında yanvarın 28-də və 30-da qəbul olunan iki qətnamə və orada yer alan qərəzli məlumatlar da bu qəbildəndir. Britaniyalı deputat Corc Fulkesin müəlliflik etdiyi "Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı qətnamə, həmçinin islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hesabatı əsasında hazırlanan "Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnamədə əks olunanlar, o cümlədən fransalı deputat Bernard Furnyenin əsassız ittihamları heç bir halda Azərbaycan reallığı kimi qiymətləndirilə bilməz. Məhz buna görə də AŞPA-nın qış sessiyasında hər iki sənədin müzakirəsi zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, üzvlər Sevinc Fətəliyeva, Naqif Həmzəyev, Sahibə Qafarova, Asim Mollazadə sənədlərdəki müddəalar ilə qəti şəkildə razılaşmayıblar. Rusiya, Türkiyə və bir sıra digər ölkələrin deputatları Azərbaycan nümayəndə heyətini dəstəkləyib.


Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov mövzu ilə bağlı açıqlamasında bildirib ki, AŞPA-nın "Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı qətnaməsində Azərbaycan mediası ilə bağlı əks olunmuş fikirlər reallıqdan uzaqdır, qərəzli mahiyyət daşıyır: "Qətnamədə bildirilir ki, Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı repressiyaları dərhal dayandırmalı, söz və media azadlığını təmin etməli, mətbuat azadlığı və təhlükəsizliyi sahəsində Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün real addımlar atmalıdır. Yaxşı olardı ki, belə bir mötəbər qurum tərəfindən Azərbaycanla bağlı fikir bildirilərkən reallıq nəzərə alınaydı. Reallıq isə bundan ibarətdir ki, ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatlar aparılır. Ötən 2019-cu il islahatlar ili kimi yadda qalıb. Media bu prosesin hərərkətverici qüvvəsi, böyük dəstəkçisi kimi çıxış edib və etməkdədir. Biz hər gün ən müxtəlif kütləvi informasiya vasitələrində islahatçı baxışların bölüşüldüyünü görürük. Ən əsası isə islahata qarşı çıxan meyllər də medianın sərt tənqidinə məruz qalmaqdadır. Ümumən tənqid etmək Azərbaycan mediasının ruhundan irəli gələn xüsusiyyətdir. Heç bir qüvvə onun azadlığını məhdudlaşdıra bilməz. AŞPA-nın məlum qətnaməsində isə hansısa təqiblərdən, təhdidlərdən söz açılır. Sanki Azərbaycan hansısa "üçüncü dünya” ölkəsidir. Belə yanaşma yolverilməzdir”.


Ə.Amaşov Azərbaycanın parlament seçkisi ərəfəsində olmasına diqqət çəkərək vurğulayıb ki, mediamızın taleyüklü prosesdə iştirak faizi olduqca yüksəkdir: "AŞPA-nın bunu görməsi lazım idi. Bəli, biz də hər zaman bildirmişik ki, mediamız problemsiz deyil və çatışmazlıqları konkret şəkildə göstərmişik. Əgər həqiqətən də söz və ifadə azadlığını, azad media dəyərlərini düşünmək istəyi varsa, daha real məsələlərdən söz açılmalıydı. Görünür, kimlərsə parlament seçkisi öncəsi Azərbaycanla bağlı mənfi rəy yaratmaq, cəmiyyəti bürüyən demokratik ab-havanı, islahatçılıq əzmini gözdən salmaq niyyəti güdürlər. AŞPA-nın məlum qətnaməsinin Azərbaycanla bağlı hissəsində jurnalistlərin dövlət tərəfindən mənzillə təmin edilmələri kimi nəcib təşəbbüs onların guya ələ alınması tədbiri kimi qiymətləndirilir. Ancaq hər kəs yaxşı bilir ki, indiyədək jurnalistlər üçün inşa edilmiş iki binanın sakinlərindən heç biri bu dövlət təminatına görə kimisə tənqid etməkdən uzaq dayanma diskonfortunu yaşamayıb. Əlbəttə, biz jurnalistlərimizin öz əmək haqlarına özləri üçün mənzil ala bilmələrini, belə bir mühitin yaranmasını arzulayırıq. Biz eyni zamanda KİV-lərimizin hər cür dövlət dəstəyindən imtina edib sərbəst şəkildə işlərini quracaqları şəraitin formalaşmasını istəyirik. Əslində dövlətin media siyasətinin məğzini də təşkil edən bu məqamdır. AŞPA-nın "Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı qətnaməsinin Azərbaycan mediası ilə bağlı hissəsi ölkəmizin media ictimaiyyətinin baxış və düşüncələrinə adekvat deyil. Ola da bilməz. Təəssüf ki, Azərbaycana qarşı qərəzli mövqedə dayanan qruplar bir daha öz niyyətlərini həyata keçirmək üçün AŞPA kimi nüfuzlu bir quruma təsir göstərə biliblər”.

Millət vəkili Elman Məmmədov hesab edir ki, AŞPA-nın Azərbaycana qarşı növbəti dəfə qərəz nümayiş etdirməsi başlıca olaraq ölkəmizdə olan tolerantlığı, inkişaf səviyyəsini həzm edə bilməməsi ilə bağlıdır. Deputatın fikrincə, onların istəyi odur ki, Azərbaycana qarşı təzyiqləri artırsınlar və ölkəmiz müəyyən məsələlərdə həmin dairələrin dediyi ilə oturub-dursun: "İstəyirlər ki, Azərbaycan bilavasitə onların iradəsinə tabe olsun. Ancaq cənab Prezidentimizin dediyi kimi, bu belə olmayıb və olmayacaqdır da. Biz 2001-ci ildən Avropa Şurasına üzv olandan bu günə qədər müxtəlif dövrlərdə Azərbaycana qarşı həmişə bu cür təzyiq vasitələrindən istifadə olunub. Bu heç də təəccüblü deyil əksinə məqsədlidir. Hər bir şər-böhtan kampaniyasının başlamağının bir səbəbi olur. Bu dəfə də ölkəmizdə davam edən parlament seçkiləri ərəfəsində bu baş verir. 20 ildən çoxdur ki, onlar "siyasi məhbus” məsələsi ilə məşğuldurlar”.

E.Məmmədov deyib ki, faktiki olaraq "siyasi məhbus”ların özü, siyasi əxlaqsızlıq, insanlara qarşı cürbəcür təzyiqlər və təhdidlər bu gün Avropada baş alıb gedir: "Avropada həbslər, dinlərdən, mədəniyyətlərdən insanlara qarşı olan münasibət məhz Avropanın özünün böyük qüsurlarını göstərir. Azərbaycan bunların hamısına bu günə qədər sinə gəlib, qələbə qazanıb və inkişaf edir. 2001-ci ildə Avropa Şurası ilə bağlı dediyim bir fikri qeyd etmək istərdim. Orada dedim ki, Avropa Şurası bir xristian klubu olaraq Ermənistan və başqaları üçün bir müdafiə sistemi rolunu oynayacaq, ancaq Azərbaycan və Türkiyə üçün həmişə boyunduruq rolunu oynayacaq. Dediklərim bu illər ərzində vaxtaşırı öz təsdiqini tapır. Azərbaycan öz yolu ilə gedir və ölkəmizin öz siyasəti, istiqaməti var. Azərbaycan bir çox məsələlərdə Avropa Şurasında təmsil olunan və ölkəmizə qarşı qərəzli mövqe tutan o dövlətlərə nümunədir”.

Siyasi şərhçi Aydın Quliyev də bildirib ki, AŞPA-nın Azərbaycanda siyasi məhbuslar məsələsı ilə bağlı qətnaməsi bu qurumun ölkəmizə qərəzli münasibətdə olan qüvvələrin təsiri altında işlədiyini bir daha sübut edir. Onun sözlərinə görə, ermənipərəst dairələrin güclü olduğu AŞPA-da belə qətnamənin qəbul edilməsi Azərbaycandakı real vəziyyətə uyğun deyil və qətnamənin məhz qış sessiyası dövrünə düşməsi təsadüfi xarakter daşımır: "AŞPA rəhbərliyi və məlum təsir altında olan deputatlar belə qətnamələr üçün informasiyaları Azərbaycandakı radikal müxalifət çevrələrindən aldıqlarını və onlarla əlbir işlədiklərini bir daha sübut etmiş olurlar. AŞPA strukturlarının Azərbaycanın rəsmi dövlət orqanları, ictimaiyyətin tanıdığı qeyri-hökumət sektoru və tərəfsiz media ilə mötəbər əməkdaşlıq münasibətləri qurmaqda maraqlı olmadıqları özünü davamlı olaraq göstərir. Eyni zamanda, AŞPA-nın qətnaməsi və Almaniyada hansısa deputatının guya Azərbaycanla qeyri-şəffaf lobbiçilik əməkdaşlığında olduğu barədə işin düzülüb-qoşulması eyni prosesin tərkib hissələridir və onların vahid anti-Azərbaycan mərkəzlərdən idarə olunduğu şübhəsizdir. Azərbaycanda siyasi məhbus adı altında manipulyasiya edilən şəxslərin əslində konkret kriminal əməllərlə bağlı olduğunu görməmək AŞPA üçün Azərbaycana qətiyyən obyektiv münasibət göstəricisi sayıla bilməz. Tək son iki ildə Fransada 100-ə yaxın, Almaniyada 30-dan çox jurnalistin xəsarətli zorakılıqlara məruz qalması faktlarına AŞPA-nın artıq dərəcədə "dözümlü" yanaşması faktdır və Azərbaycanda olmayan məsələni siyasi məhbus problemi kimi qətnamə altına salmağın arxasında başqa mətləblərin olduğu qənaətinə gəlməyə əsas verir".

Ekspert bildirib ki, dünyada Azərbaycanın möhkəmlənən mövqeyi və Dağlıq Qarabağ məsələsinin həlli prosesində pozitiv tərpənişlər özünü göstərən kimi Avropadakı bəzi pərdəarxası qüvvələr fəallaşır: "Bu motivin təsiri altında isə insan hüquqları, demokratiya və siyasi məhbuslar mövzusu həmin qüvvələrin əlində dəyişməyən daimi manipulyasiya və təzyiq üsuluna çevrilir. Avropa parlamentinin bu yaxınlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etməsini və Cenevrədə Qarabağ danışıqlarının Ermənistan üçün çox gərgin keçəcəyinin əvvəldən məlum olmasını görünür bəzi qüvvələr qəbul edə bilmədilər. Həqiqətən də yaxın həftələrdə Avroparlamentin tanınmış sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədi qəbul etməsinə qarşı erməni lobbisinin səyləri nəticəsiz qaldı. Cenevrədə isə XİN rəhbərlərinin tarixdə Ermənistan üçün ən gərgin keçmiş görüşünü baş nazir Paşinyanın öncədən pozmağa yönəlmiş səyləri də iflasa uğradı. Bütün bunlar beynəlxalq miqyasda Ermənistan üçün getdikcə daha əlverişsiz mövqenin yarandığını sübut edən faktlardır".

Alpər TURAN
banner

Oxşar Xəbərlər