• çərşənbə axşamı, 19 mart, 14:32
  • Baku Bakı 8°C

AŞ PA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı

23.04.18 14:30 792
AŞ PA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı
Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğrayıb. Bunu Trend-ə deputat Elxan Süleymanov deyib.
E.Süleymanov qeyd edib ki, Strasburqda AŞ PA-da korrupsiya iddialarını araşdıran Müstəqil Kənar İstintaq Orqanı (IBAC) Assambleya Bürosuna öz məruzəsini təqdim edib. İstintaq Orqanı Azərbaycana qarşı korrupsiya iddiaları ilə bağlı heç bir fakt aşkarlamayıb və son nəticədə AŞ PA-nın ölkəmizlə əlaqədar fəaliyyətlərində AŞ PA deputatlarının, xüsusilə məruzəçilərinin işində neytrallıq tələblərinin pozulmadığı qənaətinə gəlib:"Son iki ildə Azərbaycana qarşı saxta iddialar yayan və dəstəkləyən müəyyən dairələr, xüsusilə Sorosun maliyyələşdirdiyi QHT-lər və media qrupları tərəfindən Qərbi Avropa mediasında yer alan şişirdilmiş başlıqlar AŞ PA-nın normal fəaliyyətini iflic etmişdi. Son illərdə bu kimi təkrar və qeyri-ciddi açıqlamalar AŞ PA-nın onsuz da müsbət olmayan beynəlxalq nüfuzuna ciddi xələl gətirsə də, indi aydın olur ki, iddialar nəticə etibarilə əsassız, uydurma və qərəzli imiş".
Onun sözlərinə görə, İstintaq Orqanı təsdiq etdi ki, 2008-ci ildən bəri AŞ PA-nın Azərbaycanla bağlı bütün məruzələri, o cümlədən seçki müşahidə missiyalarının bütün məruzələri və öz məğlubiyyətləri ilə barışmaq istəməyən güc mərkəzlərinin və anti-Azərbaycan qüvvələrin müzakirə obyektinə çevrilmiş 2013-cü il tarixli "siyasi məhbus”lara dair Ştrasser məruzəsi deputatların neytrallığına təsir göstərilmədən qəbul edilib və beləliklə, bu məruzələr və onların siyasi məzmunu tamamilə qüvvədə qalır: "İstintaq Orqanı məruzənin əvvəlində bəzi qərəzli QHT-lərin əvvəlki iddialarını təkrar-təkrar yazsa da, hərtərəfli araşdırmadan sonra hər hansı tutarlı fakt və sübutu təmin edə bilməyib. Onlar, əlbəttə ki, həyata keçirilməsi qeyri-mümkün olan, lakin, digər tərəfdən, Azərbaycanın düşmənlərinin çox gözlədiyi məqamı həyata keçirə bilmədilər.
Mən eyni zamanda təəssüf edirəm ki, İstintaq Orqanı bütün diqqəti Azərbaycanın üzərinə yönəldib, lakin o, digər 6 üzv dövlətə qarşı oxşar iddialara 200 səhifəlik məruzənin cəmi bir səhifəsində münasibət bildirib. Bu məruzə obyektivlik və neytrallığa xidmət etmir. Nəhayət, beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmaq məqsədi daşıyan bu lazımsız şou AŞ PA-nın ciddi büdcə problemlərindən əziyyət çəkdiyi bir dönəmdə bu istintaqın xərci kimi vergi ödəyicilərinin 200 min avrosunun boş yerə xərclənməsi ilə nəticələndi".
E.Süleymanov hesab edir ki, AŞ PA Azərbaycanı böhtanlarla təhdid etmək əvəzinə, Avropanın miqrasiya, ümumi təhlükəsizlik və büdcə məsələləri kimi böyük problemlərdən əziyyət çəkdiyi bir vaxtda, bu vacib problemlərin aradan qaldırılması ilə məşğul olmalıdır.

banner

Oxşar Xəbərlər