• çərşənbə, 17 Aprel, 02:19
  • Baku Bakı 14°C

Arzusu həyata keçmədi, biləyinə təyyarə döyməsi etdirdi ki...

24.01.20 13:08 7087
Arzusu həyata keçmədi, biləyinə təyyarə döyməsi etdirdi ki...
Tərxan Tərlanzadə: "Bu turlar zamanı gecələr yatan şəxs görməmişəm”
Səyahətə etməyi o qədər çox sevir ki, öz işini də bu istiqamətdə qurub. Hələlik ölkədaxili səyahətlər etsə də, gələcəklə bağlı planları daha böyükdür. Bütün dünyanı karavanla gəzməyi düşünür. Müsahibimiz "Camper Azerbaijan” tur şirkətinin təsisçisi, karavanla tur keçirən Tərxan Tərlanzadədir.
Qeyd edək ki, T.Tərlanzadə 1995-ci ildə anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin İnşaat mühəndisliyi fakültəsini bitirib.
- Maraqlıdır, gəzmək istəyi necə yarandı?
- Hər kəsin uşaqlıqdan formalaşan bir istəyi olur və ona nail olmaq üçün əlindən gələni edir. Səyahət etmək də mənim uşaqlıq arzumdur. Hətta, orta məktəbdə oxuyan vaxt, ən böyük arzum pilot olmaq, səmalarda süzmək idi. Amma o arzum ürəyimdə qaldı. Ancaq həmin arzuma görə, biləyimə təyyarə döyməsi vurdurdum. Bunu ona görə etdim ki, hər dəfə baxanda məni motivasiya etsin və bir də heç bir arzumu ürəyimdə qoymayım. Universitet təhsilimi bitirdim və hərbi xidmətə yollandım. Oradan qayıtdıqdan sonra isə sevdiyim işlə, yəni səyahətlə məşğul oluram.
- Əslində, arzunuzun dalınca gedib, pilot ola bilərsiniz.
- Artıq bu haqda fikirləşmirəm. 25 yaşım var və yenidən hansısa sahəni oxuyub, sıfırdan öyrənmək üçün gec olduğunu düşünürəm. Əsas olan odur ki, səyahət arzuma çatdım, göydə də olmasa, yerdə səyahət edirəm (gülür).

- Səyahəti müxtəlif vasitələrlə etmək olur. Siz səyahətlərinizi karavanla edirsiniz. Niyə məhz karavan?
- Çünki mənə görə karavan azadlığın, azad həyatın bir simvoludur və özüm də azadlığa bağlı insanam. Getdiyin əraziyə evini də özünlə birlikdə aparmağın ayrı zövqü var. Evini istədiyin yerdə, istədiyin mənzərəyə uyğun qura bilirsən. Karavanla səyahət zamanı evinin mənzərəsini özün seçirsən. Karavanı dəniz qırağında saxlasanız, pəncərəniz dəniz mənzərəsinə, meşəlikdə olsa, yaşıllığa açılacaq. Ümumiyyətlə, çöldə, meşəlikdə yaşamağı çox sevirəm. Karavanım olmasaydı, onda çadır qurub yaşayardım, amma yenə də bu həyat tərzindən əl çəkməzdim. Bu tipli səyahətləri çox sevirəm, çünki bir az dolu olurlar.

- Karavanla səyahət təcrübəsi demək olar ki, ölkəmizdə yoxdur. Bunu necə öyrəndiniz?
- Mən bu haqda çoxlu filmlər izləmişəm. Düşünürəm ki, həmin filmlərin, şüuraltı olaraq mənə böyük təsirləri oldu.
- İstək hamıda olur, amma bəzən bu istəyə çatmaq üçün heç kim addım atmır. Siz ilk addımınızı necə atdınız, karavanla səyahət prosesi necə başladı?
- Bəli, əslində, elə çətin olan da başlamaq, ilk addımı atmaqdır. Ölkəmizdə karavanla səyahət edən bir ailə var. Onlarla tanış olduq. İstəyimdən, arzularımdan bəhs etdim. Başlamaq prosesində mənə hər cür köməklik göstərdilər. Karavanı onlardan aldım. Elə indi də birlikdə əməkdaşlıq edirik. Düzü, ilk vaxtlar elə bilirdim mümkünsüz işdir, amma zamanla görürsən ki, inananda, reallaşmayacaq heç nə yoxdur. Karavanı aldım və səyahət etməyə başladım. Bir neçə bölgəmizdə oldum. Daha sonra düşündüm ki, mənim kimi bir sıra gənclərimiz var, hansı ki, onlar da karavanla səyahət etmək istəyir. Ona görə, yavaş-yavaş karavanla turlar təşkil etməyə başladım və beləcə, həm sevdiyim işlə məşğul oldum, həm də pul qazandım. İlk turumuz dəniz kənarına oldu, günəşin batmasını və çıxmasını izlədik. Sonra yavaş-yavaş bölgələrimizə səyahətlər təşkil etdik. Hazırda karavanla səyahətə böyük maraq var. Növbəti mərhələdə isə ölkə xaricinə çıxmağı hədəfləyirik.
- İlkin mərhələdə bir karavanı almaq üçün nə qədər pul lazım oldu?
- (gülür) Düzü, məbləğ açıqlamağı xoşlamıram. Bu məsələyə bir az konfidensial yanaşıram. Amma deyə bilərəm ki, qarşıma məqsəd qoymuşdum və bunun üçün çalışıb pul yığmışdım. Çünki həm turizm sahəsində, həm də rəqəmsal marketinq sahəsində çalışırdım. Ona görə, maddi olaraq bir karavanı almağa hazır idim.

- İndi xərclərinizi necə təmin edirsiniz?
- Elə karavan özü öz xərcini ödəyir. Gənclərlə turlar, kamplar təşkil edirik və oradan gələn pul bəs edir. Bundan başqa, karavanı həm çəkiliş qruplarına, həm də individual olaraq icarəyə veririk. Məsələn, bu yaxınlarda bir film çəkilirdi və onlar karavanı aylıq kirayələdilər. Günlük kirayə haqqının 280 manat olduğunu nəzərə alsaq, kifayət qədər maddi gəlir əldə etmək olur.

- Bu səyahət növünün hansı çətinlikləri var?
- Karavan ilə səyahət ölkəmizdə geniş yayılmadığı üçün müəyyən çətinliklər çəkirik. Məsələn, Avropada yol üstündə elə yerlər var ki, karavanı enerjiyə taxmaq mümkündür. Amma bizim ölkədə bu şərait yoxdur. Ona görə də, Bakıdan çox uzağa gedə bilmirik. Qubada, Gədəbəydə, Şamaxıda, Qəbələdə olmuşuq. Amma yollarda karavanla səyahət üçün şərait yaradılsa, daha uzaq bölgələrimizə səfər edə bilərik. Çünki karavanda soyuducu, elektrik sobası, kondisioner olduğu üçün mütləq şəkildə enerjiyə taxılmalıdır. Öz enerjisi ilə sadəcə televizordan istifadə etmək olur.
- İndi xərclərinizi necə təmin edirsiniz?
- İlk dönəmlər polislərə karavanla səyahət etməyimiz, dəniz kənarında gənclərlə gecələməyimiz onlara qəribə gəlirdi, mane olmağa çalışırdılar. Onlara izah etdik ki, bu, turizm fəaliyyəti üçündür, yəni kiçik bir tur kimidir. Amma belə ciddi bir əngəl törədən, mənfi münasibət göstərilən situasiya ilə qarşılaşmamışıq. Əksinə, insanlar maraqla baxır, dayandığımız yerlərdə gəlib şəkil çəkdirənlər olur.
- Elə olub ki, günlərlə evə getməyib karavanda qalıbsınız?
- Əlbəttə, keçən ayı karavanda keçirdim. Dəniz kənarında saxlamışdım, işdən çıxıb birbaşa ora gedirdim. Özüm üçün hər cür şəraiti təmin etmişdim və sahildə yerləşən obyektlərdən də enerji mənbəyi alırdım.
- Evimizdə oturduğumuz yerdə birdən qapı döyülür və gözlənilməz bir qonaq gəlir. Olub ki, siz də karavanda olduğunuz zaman sürpriz qonağınız olsun?
- Olub, dostlarım hərdən belə sürprizlər edilər. Amma yaxşıdır ki, çox qalmırlar (gülür).
- Turları necə təşkil edirsiniz?
- Saytımız və sosial mediada səhifələrimiz var. Hər dəfə turlarla bağlı bütün məlumatları orada yerləşdiririk. Bu ildən turlarımızda yeniliklər olacaq. Hər turda bir tanınmış gənci qonaq edəcəyik. Məsələn, növbəti karavan kampımız mart ayında olacaq və biz ora Prometeni dəvət etmişik. Düşünürəm ki, gənclərin də ürəyincə bir gün keçirəcəyik. Bizdə hazırda 3 karavan var və bunu düşərgə kimi qururuq. Karavanların qarşısında açıq havada film izləmək, ocaq qalamaq üçün yer olur. Kimisi ocaq qalayır, kimisi film izləyir, bəziləri də gitarada mahnı ifa edib əylənirlər. Tək karavanla kifayətlənmirik, sayımız çox olanda, çadır qururuq. Amma hələ ki, bu turlar zamanı gecələr yatan şəxs görməmişəm. Çünki bu tip turlarda əsas əyləncə gecə başlayır.

- Qeyd edirsiniz ki, ocaq qalayıb, film izləyirsiniz, musiqi ifa edirsiniz. Bəs, bunlar ətrafdakı insanların narahatlığına səbəb olmur?
- Ərazi seçərkən dənizkənarı, bir az insanlardan qıraq olan yerləri seçirik ki, səs-küyümüz insanları narahat etməsin.
- Azərbaycandakı gəzintinizi bitirdikdən sonra ilk olaraq hansı xarici ölkəyə səyahət etməyi düşünürsünüz?
- Ən çox getmək istədiyim ölkələrdən birindən - Yunanıstandan başlamaq istəyirəm. Çünki karavanla gəzmək baxımından çox əlverişli ölkədir. Yunan adalarını görməyi çox istəyirəm.
- Karavanla olan turlara ən çox xanımların marağı olur, ya bəylərin?
- Qızların marağı daha çoxdur. Hətta, icarəyə götürənlərin də çoxu xanımlar olur.
- Karavanla səyahət etmək istəyən gənclərə məsləhətiniz nədir?
- Səyahətə çıxarkən yol yoldaşlarını doğru seçsinlər. Çünki yoldaşlarını düzgün seçməyənlər, sonra yol yorğunu olurlar.
Günel Azadə





banner

Oxşar Xəbərlər