Arzusu çin olan fikir və əməl nəhəngi
"Heç
vaxt doğrunu söyləməkdən çəkinməyin, doğruya
doğru, əyriyə əyri deyin”.
Ə.Ağaoğlu
Əksər
tədqiqatçılarımızın "fikir və əməl nəhəngi” adlandırdıqları Əhməd bəy Ağaoğlu
Azərbaycan mətbuatının, mədəniyyətinin, ədəbiyyatının, ictimai fikrinin
formalaşmasında misilsiz xidmətləri olan böyük bir şəxsiyyətdir. Onun
jurnalistika, siyasət, ictimai fikir, tənqid, bədii ədəbiyyat, elm sahələrində
göstərdiyi çoxcəhətli, mürəkkəb, səmərəli fəaliyyəti bir daha onun nəhəng
şəxsiyyət olmasından xəbər verir.
"Mətbuatın dil və üslubu
canlı, təbii, sadə olmalıdır; bu, onun maraqlı olmasını təmin edən əsas
şərtlərdəndir” söyləyən Əhməd bəy "hər xalqın öz mətbuat orqanı” olması fikrini
dönə-dönə qeyd edirdi.
O, "Kaspi” qəzetində çap etdirdiyi "Şərqdə jurnalistikaya bir nəzər”,
"Şərq jurnalistikasının icmalı”, "Azərbaycanca qəzetin zəruriliyinə dair” adlı
məqalələrində jurnalistikanın cəmiyyətdəki rolu və əhəmiyyətindən bəhs edərək,
Şərq dünyasının qəflət yuxusunda olmasını təəssüflə bildirirdi: "Müsəlmanlar
arasında dövrü mətbuatın banisi və atası, Şərqin tanınmış siyasi xadimi Seyid
Cəmaləddin hesab edilə bilər. O, sözünün tutarlığı, qələminin kəsərliliyi
sayəsində müsəlmanlara ilk dəfə olaraq başa saldı ki, vicdanlı jurnalist
"mənfur cənnət” deyil, ictimai fikrin və ictimai vicdanın daşıyıcısıdır”.
Əhməd bəyin fikridir: "Gündəlik və ya dövrü mətbuat yalnız o yerdə
mümkündür ki, orada fərdin cəmiyyətə və ya hakimiyyətə münasibətdə hüquq və
vəzifələri az-çox, dəqiq müəyyən edilsin, bir sözlə, həyat qaydaları sarsılmaz
təmələ əsaslansın”.
Mətbuatı cəmiyyət həyatının barometri adlandıran Əhməd bəy "İrşad”
qəzetinin 16 aprel 1906-cı il tarixli sayında çap etdirdiyi "Dəbistan” və "Molla
Nəsrəddin” adlı məqaləsində yazırdı: "Baxın "Molla Nəsrəddin”ə! Bu cəridə nə
gözəl cəridə! Nə qədər əql, zəka, məharət və zövq göstəriyor! Nəinki biz
müsəlmanlar, bəlkə ən mədəni, ən mütərəqqi taifələr böylə cəridələr ilə fəxr
edə bilərlər! Onun nəqşləri, sözləri o qədər gözəl, o qədər pürməna. O qədər
tənbihamiz nəqşələr və sözlərdir ki, insanın baxdıqca xoşu gəlib, baxdıqca
bəsirəti artıyor!”
Professor Alxan Bayramoğlu "Əhməd bəy Ağayevin "Dəbistan” və "Molla
Nəsrəddin” məqaləsi və mətbuata dair fikirləri haqqında” sərlövhəli məqaləsində
yazır: "Azərbaycan milli mətbuatı tarixində hər birinin öz yeri olan, "Molla
Nəsrəddin” və "Dəbistan” jurnalları haqqında söz düşəndə, elmi dairənin və
geniş ictimaiyyətin yadına adətən Əli bəy Hüseynzadənin "Molla Nəsrəddin” və
"Dəbistan” məqaləsi düşür. Məqalələrin adlarındakı yaxınlıq, bəlkə də, formal
yerdəyişməni nəzərə almasaq, eynilik Ə.Hüseynzadənin dostu Ə.Ağayevlə məslək və
yaradıcılıq dostluğunun davamını göstərən fakt kimi maraqlıdır”.
Əhməd bəyin məqaləsində "Molla Nəsrəddin”in iki, "Dəbistan”ın isə bir
sayı haqqında məlumat verilib. Çünki
Əhməd bəy məqaləni yazan zaman "Molla Nəsrəddin”in iki, "Dəbistan”ın isə cəmi
bir sayı işıq üzü görmüşdü. İstər Əhməd bəyin, istər Əli bəyin məqaləsi bu gün
də mətbuatşünaslıq tariximizdə dəyərini itirməyən mənbələrdəndir. Hər iki
müəllifin bu mövzuda olan məqalələrindən aydın olur ki, onlar 20-ci yüzilliyin
əvvəllərində Azərbaycanda milli mətbuat mühitinin formalaşdığını təsdiqləyir və
mətbuatın ölkəmizin ictimai-mədəni həyatında mütərəqqi rol oynayacağına böyük
ümidlər bəsləyirdilər.
Zaman bu dahilərin ümidlərini doğrultdu. "Molla Nəsrəddin”dən sonrakı
tarix sübut etdi ki, mollanəsrəddinçilik Azərbaycan xalqının milli-ictimai
sərvəti, möhtəşəm təfəkkür həqiqəti, əbədiyyən var olacaq yaddaş abidəsi,
vətən, dövlət və milləti üçün çalışanların dildə, fikirdə, işdə birlik
prinsipləri ilə formalaşan yaradıcılıq, quruculuq konsepsiyasıdır.
Bu konsepsiyanı yaradan
mollanəsrəddinçiləri filologiya elmləri doktoru, professor Allahverdi Məmmədli
"böyük Azərbaycançılar” adlandırır. Müəllif haqlı olaraq qeyd edir ki:
"Azərbaycançılığın milli fəlsəfi təlim kimi formalaşmasında "Molla Nəsrəddin”
xüsusi rolu olmuşdur.
Bütün sahələrdə olduğu kimi, mətbuatımızın da inkişafında mənfur
qonşularımız bizə hər an mane olub. Bu haqda Ə.Ağaoğlu "Böhtan və iftira”
adlı məqaləsində yazırdı: "Mişak”, bu
erməni dilində çap olunan erməni qəzetəsi "Həyat” barədə yazır: "Peyğəmbər
deyiliksə də, indidən deyə biləriz ki, Əhmədbəy Ağayevin təhti-idarəsində olan
qəzetə nə olacaq. Bu bir qəzetə olacaq ki, islamdan xaric bir şeyi qəbul
etməyəcək, hər şey ki, islamdır, islam rəngi ilə rənglənib qəzetənin nəzərində
lətif, pak olacaq, hər şey ki, islamdan xaricdir-napak, müləvvəs olacaq.
Xüsusən bu da "Kaspi” kimi bir şey olacaq”.
Məqalədə diqqətimizi çəkən daha çox "Mişak”ın, Qafqazın və Orta Asiya
müsəlmanlarının yeganə rusdilli qəzeti olan "Kaspi”ni ironiya ilə "bir şey”
adlandırmasıdır. Bildiyimiz kimi, "Kaspi”nin rusdilli qəzet olmasına baxmayaraq,
əsas qayəsi (təbii ki, H.Z.Tağıyev qəzeti aldıqdan sonra) Rusiyanın "ikinci
növ” əhalisi hesab edilən müsəlmanların hüquqlarını imperiyanın hakim xalqı
sayılan pravoslav əhalinin hüquqları ilə bərabərləşdirməyə nail olmaq idi. Ona
görə də, Ə.M.Topçubaşov yazırdı: "Kaspi” bir müddət yalnız Azərbaycanın deyil,
hətta deyərdik ki, bütün Rusiya müsəlmanlarının əsas tribunası rolunu
oynamışdır”.
Doğrudur, sovet dövründə əvvəlki illərin dövrü nəşrlərinə qiymət və
təsnifat verilərkən, "Kaspi” qəzetinin tarixi bir nəşr olması, hətta ayrı-ayrı
məqamlarda sosialist ideologiyası barədə söz açması, geniş oxucu maraqlarına
bağlılığı nəzərə alınmadı. Sovet ideologiyası və reallığı baxımından yanaşıldı,
qiymətləndirildi. Onun hakim dairələrə mülayim, barışdırıcı münasibəti,
xüsusən, milyonçu H.Z.Tağıyevlə bağlılığı, pantürkist Ə.Ağaoğlu və onun qələm
yoldaşı Ə.Hüseynzadə ilə yaxınlığı əsas götürülərək, "Kaspi”yə "ziyanlı burjua
nəşri” damğası vuruldu. Amma bu gün zaman sübut etdi ki, Azərbaycan tarixinin
həmin mərhələsini obyektiv işıqlandırmaq üçün ötən tarix vərəqlənib
öyrənildikcə, ən etibarlı mənbə, məxəz kimi "Kaspi”yə istinad etməmək mümkün
olmadı.
Əhməd bəyin bu mövzuya həsr etdiyi məqalələrlə tanış olarkən aydın
olur ki, Ağaoğlu milli ehtiyaclar haqqında düşünərkən qəzetsizliyin acısını
aşkarca duymuşdur. Görkəmli alim Əziz Mirəhmədovun dediyi kimi: "Hiss olunur
ki, bu məqalələr azərbaycanca mətbuatın zəruriliyini dərindən dərk edib onun
xiffətini çəkən bir şəxsin qələmindən çıxmışdır”.
"Azərbaycan dilində qəzet
məsələsi mətbuatda dəfələrlə müzakirə olunmuşdur” söyləyən Ə.Ağaoğlu, sonra
təəssüf hissi ilə qeyd edir ki, bu təşəbbüslər baş senzura idarəsi tərəfindən
boğulurdu. O, 1894-cü ildə çox böyük ümid və inamla Peterburq Senzura komitəsinə müraciət edir.
Komitə isə Azərbaycan dilində qəzet və ya jurnal nəşrini "arzuolunmaz” sayaraq
cənab Ağayevin ərizəsini rədd etməyi lazım bilir.
Xoşbəxtlikdən, senzura komitəsinin arzusu gözündə qalır. 20-ci
yüzilliyin ilk illəri, ana dilində qəzet nəşr olunduğunu görmək istəyən Ağaoğlunun
böyük sosial arzusunun çin olması ilə başlayır. "Həyat”ı zühur edir, "İrşad”ı
yol göstərir!
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist