• cümə axşamı, 28 mart, 16:13
  • Baku Bakı 16°C

“Arzularımın arxasınca getdim” - Debüt

24.04.17 13:00 4669
“Arzularımın arxasınca getdim” - Debüt


"Debüt” rubrikamızın qonağı Bakı Uşaq Teatrının istedadlı aktrisası Günay Pirizadədir. O, 9 mart 1993-cü ildə Şirvan şəhərində anadan olub. 2004-2009-cu illərdə Şirvan rayon musiqi məktəbinin fortepiano şöbəsini bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Sənətşünaslıq” fakültəsinə daxil olub. 2015-ci ilin yanvar ayından Bakı Uşaq Teatrında çalışır. Bu illər ərzində Teatrda Arzu Soltanın "Həyatla Oyun”unda tələbə, "Turpun nağılı” əsasında hazırlanmış "Gücümüz birliyimizdədir”də Günay, Abdulla Şaiqin "Tıq-Tıq xanım”ında Tıq-Tıq xanım kimi obrazlar canlandırıb.
"Bir ailəm var”, "Həyat, sən nə qəribəsən?”, "Cehizsiz gəlinlər” seriallarında rol alıb. Bundan başqa, bir neçə klipdə rol alıb.

- İstərdik ki, əvvəlcə incəsənətə olan marağınızdan danışaq.


- Uşaqlıqdan incəsənətə böyük marağım olub. Həqiqətən də aktrisalıq sənətinə uşaqlıqdan böyük marağım olub. Belə ki, məktəb illərimdə belə, televiziyadan köhnə filmləri izləyir, dahi sənətkarlarımızın oynadığı teletamaşalarımıza həsədlə baxırdım. Onlar kimi obrazlar yaradacağım günlərin xəyalını qururdum. İncəsənətə maraq məndə lap uşaq yaşlarımdan başlamışdı. Yadıma gəlir ki, birinci sinifdə oxuyarkən şeir yazırdım. Şeirlərimi Şaxta Babaya, məktəbə, anama həsr edirdim. Məktəbimizdə keçirilən tədbirlərdə şeir deyir, mahnı oxuyurdum. Məktəbi bitirdikdən sonra çox istəyirdim ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə sənədlərimi verim. Amma bəzi səbəblərdən arzuladığım ixtisasa sənətlərimi verə bilmədim. Tale elə gətirdi ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Sənətşünaslıq” ixtisasına daxil oldum. Düzdür, daxil olduğum bu ixtisas da incəsənətin bir qoludur. Ancaq mən bununla qane olmurdum. Səhnəyə çıxmaq, obraz canlandırmaq istəyirdim. 3-cü kursdan teatrda işləməyə başladım. Öz arzularımın arxasınca getdim.

- Bəs, sizi Bakı Uşaq Teatrına gətirən nə oldu?

- "İrəli” İctimai Birliyinin "Yeni istedad layihəsi”ndə iştirak edirdim. Orada Bakı Uşaq Teatrının direktoru İntiqam Soltanla tanış olmuşdum. Ancaq məhz teatra gəlməyimin səbəbkarı teatrımızın istedadlı aktrisası, rejissoru İlhamə Əhmədova oldu. Burdan İntiqam Soltana və İlhamə xanıma öz təşəkkürlərimi bildirirəm. İndi də onlar məndən öz köməklərini əsirgəmirlər.

- İlk obrazınız nə oldu və onu oynayarkən hansı hissləri keçirirdiniz?

- Bakı Uşaq Teatrında ilk obrazım "Tıq-Tıq xanım” tamaşasında Tıq-tıq xanım oldu. Təbii ki, çox həyəcan keçirirdim. Bilmirəm, bəlkə də görünüşümə görə mənə ilk olaraq bu obrazı verdilər. Teatrda bir çox obrazlar canlandırmışam. Demək olar ki, teatrın repertuarında olan əksər tamaşalarda iştirak edirəm.
- Gələcəyə doğru hədəfləriniz nələrdir?
- Nəinki incəsənət, istənilən sahədə gələcəyini düşünən insan çalışmalı, mübarizə aparmalı, əlindən gələni etməlidir. Hər bir insan istəyər ki, hansı sahədə çalışırsa-çalışsın, öz sənətinin ən pik nöqtəsində olsun. İncəsənət digər sənətlərdən çox fərqlidir. Gələcəyə dair hədəflərimin sırasında xalqın sevgisi ön cərgədə dayanır. İstəyərəm ki, bu sənətin ən zirvəsində olum, tanınım, sevilim. Məni nəyəsə görə yox, məhz sənətimə görə sevsinlər. İnsanların sevgisini qazanmaq o qədər də asan deyil. Mən də daim çalışacağam ki, onların könlündən xəbər verən obrazlar canlandırım. Məni bundan başqa heç nə maraqlandırmır.
- Gənc aktrisa olaraq bu sənətə hansı yenilikləri gətirmək istəyirsiniz?

- Ustad sənətkarlarımızın obrazlarını, tamaşalarını izləyə-izləyə böyümüşük. Onlardan sonra bu sənətdə söz demək heç də asan məsələ deyil. Ancaq bir məsələ də var ki, aktyorları, teatr işçilərini hər zaman incəsənət fədailəri adlandırıblar. Belə ki, bu sənətdə maaşın az olmasına baxmayaraq, onları heç kim fikrindən döndərə bilməyib. Maaşlarının az olmasına baxmayaraq, öz işlərindən ikiəlli yapışıblar, bu sənətdə öz sözlərini deməyi bacarıblar. Sənətlərini yaşatmaq üçün əllərindən gələni ediblər. Azərbaycan teatr tarixinə baxanda, orada elə ustad sənətkarlımızı görürük ki, onların sənətlərinin yanında mənim durub hansısa yenilik etməyimdən söhbət belə gedə bilməz. Ancaq az da olsa, bir aktrisa kimi özümü sübut etmək istəyərəm. Yəni deməyə çalışaram ki, artıq yeni nəsil gəlir, onlar da bu sənət üçün əllərindən gələni etməyə hazırdır. İstəyirəm ki, biz gəncləri də yeni nəslin aktrisaları kimi tanısınlar və qəbul etsinlər.

- Bəs kumirləriniz kimlərdir?

- Əməkdar artistimiz Mətanət Atakişiyevanın səhnə fəaliyyətini çox sevirəm. Korifey sənətkarlarımızdan Nəsibə Zeynalova, Yaşar Nurinin oynadığı filmləri, tamaşaları çox izləmişəm və onları bir sənətkar kimi çox bəyənirdim. Allah dünyasını dəyişən sənətkarlımıza rəhmət etsin. İndi də onların oyunlarını sevə-sevə izləyirəm.
- Bakı Uşaq Teatrının hazırkı şəraiti bir qədər əlverişli deyil. Belə bir şəraitdə işləmək çətindirmi?
- Düzdür, teatrda o qədər də əlverişli şəraitimiz yoxdur. Ancaq düşünürəm ki, bu barədə yalnız İntiqam Soltan ətraflı danışa bilər. Biz təkcə teatrımızda deyil, həm də məktəblərdə, bağçalarda, universitetlərdə, kolleclərdə çıxışlar edirik. Qaraçuxurda yerləşən teatrımızda isə həftənin 6-cı günləri tamaşalarımız olur. Bir az şəraitimiz məhduddur. Bizi azyaşlı uşaqlar izləməyə gəlir. Onların bizə olan sevgisi nəyə desən dəyər. Teatrımızın adından da göründüyü kimi, izləyicilərimizin böyük əksəriyyəti uşaqlardan ibarətdir. Biz də hazırladığımız tamaşalarla istəyirik ki, teatra gələn uşaqları maarifləndirək. Valideynlər əziyyət çəkib uşaqları teatra gətirir. Bizim də borcumuzdur ki, uşaqları az da olsa şənləndirək və tamaşalarımızda onlara öz mesajlarımızı ötürə bilək. Bizim də qazancımız budur.

- Teatrınızda çox zaman nəinki uşaqlar, böyüklər üçün də tamaşalar hazırlandığı deyilir.

- Düzdür, Bakı Uşaq Teatrında uşaq tamaşaları ilə bərabər, böyüklər üçün də tamaşalar hazırlanır. Narkomaniya ilə bağlı gənclərin maarifləndirilməsinə dair bir neçə tamaşamız var. İntiqam Soltan çox zaman bizə deyir ki, uşaq təkcə yaşı az olan insanlara deyilmir. Həm balaca, həm də böyük uşaqlar var. Hər bir insanın daxilində bir uşaq var. Biz daxilimizdə olan o uşaqları da maarifləndirməyə çalışırıq. Elə insanlar var ki, 40-50 yaşı var, ancaq baxırsan ki, içində uşaqlıq duyğuları hələ də yaşayır. Biz də oynadığımız tamaşalarla həmin o duyğulara toxunmağa çalışırıq.
- Arzusunda olduğunuz obrazlar varmı?

- Təbii ki, hər kəs klassik əsərlərdə oynamağı istəyir. Bizdə uşaq tamaşaları olduğu üçün daha çox böyük obrazlar yaratmaq arzularımız var. Zamanla o da olar. Qismət. Olsa yaxşı olar. Hələ ki repertuarımızda olan tamaşalarımızla kifayətlənirik. Ancaq açığını desəm, Leyli obrazını canladırmağı çox istəyərəm.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər