• cümə axşamı, 28 mart, 17:39
  • Baku Bakı 16°C

Arzuları ilə imkanları və potensialları uyğun gəlməyənlər

25.07.19 19:55 15228
Arzuları ilə imkanları və potensialları uyğun gəlməyənlər
Uzun müddətdir ABŞ-da yaşayan və bir neçə gün bundan öncə ölkəmizə qayıdan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu bəzi siyasi dairələrlə görüşlər keçirib. O, "REAL”, AXCP sədrləri İlqar Məmmədov və Əli Kərimli ilə görüşərək, Azərbaycandakı ictimai-siyasi və sosial-iqtisadi durumu dəyərləndirib, fikir mübadiləsi aparıb. Bununla yanaşı, ADR sədri keçmiş səhiyyə naziri Əli İnsanovla da bir araya gəlib. Tərəflər keçmişdən deyil, bu günün gerçəkliklərindən, sabahın perspektivlərindən doyunca söhbətləşiblər.

Hazırda Rutgers Universitetində çalışan və ilin çox hissəsini okeanın o tayında keçirən, Azərbaycan iqtidarına əvvəlki kimi loyal münasibət bəsləməyən Q.İbadoğlunun ölkəyə qayıtması, radikal müxalifət düşərgəsində görüşlər keçirməsi müəyyən mülahizələrə yol açıb.Ehtimal edilir ki, ABŞ dövlətinin tədqiqat mərkəzlərindən birində çalışan Q.İbadoğlunun son hərəkətləri Qərb dairələrinin xüsusi təlimatıdır. Bu təlimata uyğun olaraq, o, hələ xaricdə olarkən Azərbaycandakı sosial-iqtisadi durumu "təhlil” etməyə çalışıb və vəziyyəti mümkün qədər neqativ fonda təqdim edib. Prezident İlham Əliyevin imzaladığı əhəmiyyətli fərman və sərəncamlar, dövlət orqanlarının verdiyi məlumatlar, sosial və iqtisadi sferaya aid istənilən məsələ barədə qısa şərhlər verib və durumun "bərbad” olduğunu, Azərbaycanı sosial-iqtisadi "kollaps” gözlədiyini isbat etməyə can atıb.
Beləliklə, Q.İbadoğlu Azərbaycandakı radikallara hakimiyyətin üzərinə getmək üçün "əsas” yaratmağa çalışıb və həmin qruplar da bundan yararlanmağa cəhd edib. Təbii ki, aidiyyəti qurumlar tərəfindən zamanında verilən açıqlamalar Q.İbadoğlunun "proqnozlar”ını alt-üst edib, onun məqsədinin həyata keçməsinə şərait yaratmayıb. Belə olan halda, o özü şəxsən Azərbaycana gələrək, iqtidara qarşı barışmaz mövqedə dayanan, hakimiyyətə iddialı AXCP və REAL partiyalarını, regionçuluq faktoruna əsaslanan siyasi xətt yürütmək istəyən və yaxşı maliyyə imkanlarına malik Əli İnsanovu yaxınlaşdırmağa, onları bir cəbhədə birləşdirməyə çalışır.


Mövzuya siyasətçilərin münasibətini öyrəndik. Yurddaş Partiyasının (YP) sədri Mais Səfərli "toplananların yerini dəyişəndə cəm dəyişməz” misalını xatırladaraq, radikal müxalifət təmsilçilərinin hər kimlə ittifaqa girməsinə rəğmən, heç bir uğur qazanmayacağına əminliyini ifadə etdi. O bildirdi ki, ümumilikdə radikalların ətrafında olanlar son dərəcə kiçik elektoratı təmsil edir. Partiya sədrinin fikrincə, belə olan halda, siyasətdə hər hansı qalibiyyətdən, nailiyyətdən söhbət gedə bilməz: "Radikal müxalifəti dəstəkləyən elektorat o qədər az və zəifdir ki, bununla onlar ölkədəki ictimai-siyasi proseslərə, ictimai rəyə təsir edə bilmirlər. Belə vəziyyətdə onların seçkidə uğur qazanması da qeyri-mümkündür. İndiyə qədər Azərbaycanda keçirilən bələdiyyə, parlament və prezident seçkilərində radikal müxalifət partiyaları, həmçinin o təşkilatlarda özlərini lider elan etmiş şəxslər çox böyük üstünlüklə məğlub olublar. Ona görə də radikal müxalifət funksionerlərinin ayrı-ayrılıqda, yaxud da birgə halda Azərbaycan vətəndaşlarını öz tərəflərinə çəkəcəyinə inanmıram. Çünki onlar cəmiyyətə yeni nə isə təqdim edə bilmirlər. Bu partiyaların, onların rəhbərlərinin yeni ideyası, zamana uyğun mesajları, alternativ proqramları yoxdur. Vətəndaşın, seçicinin biri də mənəm. Mövcud iqtidarın həyata keçirdiyi siyasi kursdan, indiyə qədər görülən işlərdən fərqli olaraq, onlar məni nə ilə inandıra, öz sıralarına cəlb edə bilərlər? Cavab sadədir: heç nə ilə”.

M.Səfərli dedi ki, bu gün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən məsələlər var. Onun fikrincə, bunlardan birincisi ölkədə stabilliyin, ictimai-siyasi sabitliyin qorunub saxlanmasıdır: "Olduqca mürəkkəb, narahat coğrafi regionda yerləşən Azərbaycanın inkişafı məhz bu stabilliyin üzərində qurulub. Bu sabitliyin qorunub saxlanması üçün həmin radikallar nə təklif edirlər? 90-cı illərdə AXC-Müsavat cütlüyünün siyasi hakimiyyəti dövründə ölkədə baş verənləri nəzərə alsaq, ümumiyyətlə radikal müxalifətin mövcud sabitliyi qoruya biləcəyi nə dərəcədə realdır? Onlar bu gücə, potensiala sahib deyillər. Məhz bu kimi amillər Azərbaycan cəmiyyətində onlara qarşı dərin inamsızlıq formalaşdırıb. Qloballaşan, inkişaf edən, mürəkkəbləşən dünyada baş verən prosesləri, o cümlədən böyük dövlətlərin qarşıdurmasını, müstəqil dövlətlərin müharibələr meydanına çevrilərək dövlətçiliyin, dinc insanların məhv edilməsini Azərbaycan vətəndaşları da izləyir, görür və düzgün nəticə çıxararaq, stabilliyə, əmin-amanlığa, dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasi kursa dəstək verirlər”.


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli də hesab edir ki, Q.İbadoğlunun yanaşması və keçirdiyi görüşlər onun deqradasiyaya uğramış kəsimin nümayəndəsi olduğunu bir daha nümayiş etdirir. Partiya funksionerinin qənaətincə, Q.İbadoğlu keçirdiyi görüşlərin statistikası və orada yer alan şəxslərin kimliyi ilə hansı dəyərə sahib olduğunu da ortaya qoyub: "Vaxtilə səhiyyə naziri olmuş Əli İnsanovu ən çox ittiham edən, onu konkret olaraq cinayətkar hesab edənlərdən biri Qubad İbadoğlu idi. Q.İbadoğlu və onun kimilər elə hesab edirlər ki, Əli İnsanov kimi adamlar həbsxanada cəza çəkdikdən sonra üzərlərindəki kriminal keçmiş təmizlənir, aydan arı, sudan duru olurlar. Bu faktor əli Kərimli və digərlərinə də şamil edilə bilər. Görünür, ortalıqda hansısa qrant layihəsi var. Adətən belə proseslər müəyyən qrant layihələri əsasında həyata keçirilir. İndiki prosesdə Qubad İbadoğlunun aktiv rol alması da belə qənaətə gəlməyə tam əsas yaradır. Bütün bunlara rəğmən, bu təşkilatçılığın, birliyə cəhdin effektiv nəticə verəcəyinə əmin deyiləm”.

E.Mirzəbəyli qeyd etdi ki, radikal düşərgədə uzun illərdir ideoloji boşluq yaranıb və bu, onlar üçün çox ciddi problemdir. Partiya funksionerinin sözlərinə görə, onlar indiyə qədər elan etdikləri prinsiplərin hamısından imtina ediblər: "Zaman-zaman öz fəaliyyətlərində bunu tam çılpaqlığı ilə ortaya qoyublar. Vaxtilə Qərb dəyərlərindən danışdıqları halda, dünyəvi dövlət quruluşuna qarşı çıxan və şəriət dövləti yaratmaq istəyən insanlara dəstək verib, onlarla bir sırada yer alıblar. Bundan başqa, onların ayrı-ayrı xarici dövlətlərin maraqlarını Azərbaycanda ifadə etmələrinə dair də çoxsaylı faktlar var. Əli İnsanov, Əli Kərimli, Qubad İbadoğlu və digər köhnə təfəkkürlü şəxslərin radikal düşərgəni bir araya gətirməsi, ortaya hansısa ciddi proqram, fəaliyyət qoyması inandırıcı deyil”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər