• cümə axşamı, 28 mart, 20:32
  • Baku Bakı 13°C

Arzu Nağıyev: Milli Məclis yaz sessiyasında öz hədəfinə çatdı

01.07.20 13:30 796
Arzu Nağıyev: Milli Məclis yaz sessiyasında öz hədəfinə çatdı
VI çağırış Milli Məclisin yaz sessiyası, o cümlədən növbədənkənar sessiyası artıq öz işini başa çatdırıb. VI çağırış Milli Məclis fəaliyyət göstərdiyi vaxt ərzində ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasının daha da möhkəmləndirilməsi istiqamətində çox mühüm addımlar atdı, bir çox qanun və qərarlar qəbul etdi.
Bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
A.Nağıyev bildirib ki, bundan əlavə Milli Məclis beynəlxalq əlaqələrin inkişafı sahəsində çox mühüm işlər gördü:"Pandemiya dövrünü nəzərə alaraq xaricdəki həmkarlarımızla videokonfrans formatında bir çox görüşlər keçirildi. Həm Milli Məclisin yaz sessiyasında, həm də növbədənkənar sessiyada görülmüş işlərin gələn sessiyaların da işinə müsbət təsir edəcəyini əminliklə qeyd etmək olar. Bu dövr ərzində müasir standartlara uyğun çoxsaylı qanun layihələri hazırlandı. Eyni zamanda Azərbaycan parlamentində qanun yaratma və qanunvericilik fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində çox mühüm işlər görüldü”.
Deputat vurğulayıb ki, Milli Məclisdə struktur dəyişiklikləri, yeni şöbələrin yaradılması, deputatların yerli strukturlarla işinin təşkili, karantin rejiminə uyğun olaraq deputatların tibbi təhlükəsizliyi, onlardan koronavirus testlərinin götürülməsi, o cümlədən parlament üzvlərinin öz seçiciləri ilə onlayn görüşməsi, məktub və müraciətlərə operativ cavab verilməsi üçün parlament rəhbərliyi tərəfindən şəraitin yaradılması çox mühüm addımlardır:"Milli Məclisdə işlər yenidən quruldu. Burada hörmətli spiker Sahibə Qafarovanın zəhməti birmənalı olaraq böyükdür. Eyni zamanda komitə rəhbərləri və deputatlar çox mühüm işlər gördülər. Baxmayaraq ki, pandemiya dövrüdür, struktur dəyişikliklərinin həyata keçirilməsi, dövlətin siyasi və iqtisadi islahatlarının davamı olaraq qanunvericilik sahəsində də aparılan islahatlar yaz sessiyasında öz hədəfinə çatdı”.
banner

Oxşar Xəbərlər