• çərşənbə, 24 Aprel, 14:08
  • Baku Bakı 27°C

Arxeologiya və Etnoqrafiya Muzeyi 10 ildə

12.06.18 12:30 3887
Arxeologiya və Etnoqrafiya Muzeyi 10 ildə
Naxçıvan Muxtar Respublikasında muzey işinin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, burada müxtəlif sahələr üzrə təşkil olunmuş otuzadək muzey fəaliyyət göstərir. Son dövrlərdə bu siyahıya əlavə edilən "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Əlincəqala Tarix-Mədəniyyət Muzeyi, Dövlət Bayrağı Muzeyi, Naxçıvan Duz Muzeyi və digər muzeylər tariximizin yadigarlarının qorunmasının və təbliğinin inkişaf dinamikasından xəbər verir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində yaradılmış Arxeologiya və Etnoqrafiya Muzeyi də məhz bu inkişafın təzahürlərindən biri kimi meydana çıxmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən imzalanan 6 dekabr 2005-ci il tarixli sərəncam əsasında AMEA Naxçıvan Bölməsində təşkil edilən ekspedisiyalar zamanı əldə edilən çoxsaylı arxeoloji və etnoqrafik materiallar belə bir muzeyin formalaşdırılmasına zərurət yaratmışdır.
Azərbaycan Respublikasında ayrıca olaraq arxeologiya və etnoqrafiya sahəsi üzrə təşkil olunmuş 3 muzeydən biri, muxtar respublikada isə bu sahədə yeganə olan Arxeologiya və Etnoqrafiya Muzeyi AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin sərəncamı ilə 10 iyun 2008-ci ildə yaradılmışdır.
Muzeyin yaradılmasından keçən 10 il ərzində burda saxlanılan eksponatların sayı artmış, çeşidləri zənginləşmişdir. Onların böyük bir qismi Arxeoloji xidmət şöbəsinin fondunda mühafizə edilməkdədir. I Kültəpə, Sədərək, Ovçulartəpəsi, Ərəbyengicə, II Kültəpə, Qız qala, Xaraba-Gilan, Şahtaxtı, Oğlanqala, Zoğala və digərləri ilə birlikdə 21 arxeoloji abidədən aşkar olunan 550-dən çox maddi-mədəniyyət nümunəsi isə muzeyin sərgi salonunda nümayiş etdirilir. Neolit dövründən başlayaraq son orta əsrlər dövrünədək xronoloji ardıcıllıqla sıralanan bu dəyərli eksponatlar muzeyi ziyarət edənlərdə doğma diyarımızın tarixi haqqında təsəvvür yaradırlar.
Muzeyin cəhrə, teşi, nehrə, keçə və digər tədricən unudulmaqda olan məişət əşyaları ilə təmsil olunan etnoqrafik materialları milli-mənəvi dəyərlərimizin qorunması və təbliği baxımından son dərəcə dəyərlidir.
Muxtar respublikanın müxtəlif bölgələrində aparılan tədqiqatlar nəticəsində muzeyə daxil olan maddi-mədəniyyət nümunələrinin sayı gündən-günə artmaqdadır. Eksponatların bir qismi muzeyə müxtəlif təşkilatlar tərəfindən verilmişdir. Vətəndaşlar tərəfindən də muzeyə maddi-mədəniyyət nümunələrinin təqdim edilməsi diqqətəlayiq haldır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin muzeyə bağışladığı Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibəti ilə təsis olunmuş medallar eksponatlar içərisində xüsusi yer tutur. Hüseyin Cavid, Möminə Xatın, Yusif Küseyir oğlu, Qarabağlar və Nuh peyğəmbərin türbəsini əks etdirən bu dəyərli hədiyyələr muzeyin sərgi salonunu zənginləşdirməkdədir.
Muzeyin başlıca funksiyası arxeoloji, etnoqrafik materialların və digər maddi-mədəniyyət nümunələrinin toplanması, mühafizəsi və gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Bu baxımdan, muzey 2 funksiyanı özündə ehtiva etməkdədir: maddi-mədəniyyət nümunələrinin mühafizəsi və mədəni irsimizin təbliği. Bu funksiyalar muzeydə tələbələrlə keçirilən açıq dərslərlə, muzeyin məlumat-bələdçi kitabçasının hazırlanması, muzeyə yeni materiallar gətirilməsi və bununla da ziyarətçilərin artırılması vasitəsi ilə həyata keçirilməkdədir. Ziyarətçilər içərisində orta məktəb şagirdindən başlamış, yüksək elmi dərəcəli şəxslərə, həmçinin əcnəbi qonaqlara da rast gəlmək olur. Onlar burada Naxçıvanın qədim və zəngin tarixini, ardıcıl və sistemli şəkildə vərəqləmək imkanı qazanırlar. Bu mənada AMEA Naxçıvan Bölməsinin Arxeologiya və Etnoqrafiya muzeyi təkcə tariximizin, mədəniyyətimizin deyil, eyni zamanda mənəviyyatımızın da inkişaf dinamikasını nümayiş etdirmək kimi müqəddəs missiyanı yerinə yetirməkdədir.
Qeyd etmək lazımdır ki, yaxın vaxtlarda muzeyin məlumat-bələdçi kitabçasının Azərbaycan, ingilis və rus dillərində yeni nəşrinin hazırlanması Arxeologiya və Etnoqrafiya Muzeyinin 10 illik yubileyinə töhfə olacaqdır.
Zeynəb Quliyeva
AMEA Naxçıvan Bölməsinin
Arxeoloji xidmət şöbəsinin müdiri,
tarix üzrə fəlsəfə doktoru, dosent
banner

Oxşar Xəbərlər