• şənbə, 20 Aprel, 15:28
  • Baku Bakı 23°C

Arxeologiya elminə yeni töhfə

17.01.19 11:15 929
Arxeologiya elminə yeni töhfə
Onilliklər ərzində arxeologiya elminin inkişaf mərhələləri, tədqiqat metodologiyası haqqında alimlər çoxsaylı ümumiləşdirici əsərlər çap etmişlər. Təbiidir ki, həmin əsərlərin hansının daha sanballı olmasını şərtləndirən əsas amil hazırlanmış əsərlərə daha yeni və son elmi tədqiqatlara cəlb olunmuş arxeoloji abidələrin daxil edilməsidir. Belə kitablardan biri də tarix elmləri doktoru Qafar Cəbiyevin bu yaxınlarda çap etdirdiyi "Azərbaycan arxeologiyasının əsasları” adlı dərs vəsaitidir.
"Elm və təhsil” nəşriyyatında çap olunmuş 596 səhifəlik əsəri həm tarixçi-arxeoloqlar, həm də ali məktəb heyəti üçün sanballı töhfə kimi qiymətləndirmək olar.
Azərbaycanda qədim tarixi irsə göstərilən dövlət qayğısı barədə geniş məlumatla başlanan bu əsər arxeologiya ixtisası üzrə dərs vəsaiti kimi nəzərdə tutulmuşdur. Kitabda arxeologiya elminin inkişaf mərhələləri, arxeoloji dövrlər, arxeoloji mədəniyyətlər və son yüz ildə Azərbaycan ərazisində aparılmış arxeoloji tədqiqatlar barədə kifayət qədər dolğun məlumat verilib. Son onilliklərdə Azərbaycanın müxtəlif bölgələrində aparılmış arxeoloji tədqiqatlar və onların ən mühüm nəticələrinin ilk dəfə olaraq bu formatda təqdimatı dərs vəsaitinin əsas üstünlüyü kimi dəyərləndirilə bilər. Bu əsərin mühüm üstünlüklərindən biri də ilk dəfə olaraq Azərbaycanın görkəmli arxeoloq alimlərinin bioqrafik oçerkinin verilməsidir. İ.Cəfərzadə, M.Hüseynov, İ.Nərimanov, İ.Babayev və başqa alimlərin həyat və yaradıcılıq yoluna nəzər salan müəllif oxucuda onlar haqqında geniş təsəvvür yaratmağa nail olmuşdur.
Kitab giriş, 14 bölmə, istifadəsi tövsiyə olunan ədəbiyyat, arxeoloji abidələr və tapıntıların şəkillərindən ibarətdir. Əsərin "Giriş” hissəsində müəllif arxeologiya elminin yaranma tarixindən bəhs etmişdir. Bu elmin inkişaf yolu və qanunvericilikdə təsbit olunmuş mühüm qaydalarından ətraflı bəhs edilir, müəllif bəzi tövsiyə və iradlarını çatdırır. Azərbaycan tarixçiləri uzun illər hesab edirdilər ki, monqol istilalarından sonrakı dövrün arxeoloji araşdırmalara cəlb edilməsinə ehtiyac yoxdur. Lakin ötən əsrin 80-ci illərindən etibarən elmi ictimaiyyət reallıqları nəzərə alaraq monqol istilasından sonrakı dövrün tarixini öyrənmək işində də arxeologiyanın imkanlarından yararlanmağa başladı. Təsadüfi deyildir ki, son illər dünyanın digər ölkələrində də son orta əsrlər dövrünün arxeoloji cəhətdən öyrənilməsi istiqamətində genişmiqyaslı tədqiqat işləri aparılmaqdadır. Bu cəhətdən Ağsu tədqiqatları timsalında Azərbaycanda artıq kifayət qədər müsbət təcrübə toplanılıb. Bu şəhərin tarixinə dair çoxsaylı yazılı mənbə məlumatları mövcuddur. Lakin orada arxeoloji tədqiqatlar aparılarkən aydın oldu ki, həmin mənbələr Ağsu tarixinin yalnız bəzi məqamlarını öyrənmək üçün yetərli ola bilər. Şəhərin sosial-iqtisadi və mədəni həyatını, onun memarlıq xüsusiyyətlərini, yerli əhalinin məişətini və yaxın-uzaq ölkələrlə ticarət və mədəni əlaqələrdə iştirakını öyrənməkdə arxeoloji tədqiqatlar olduqca geniş, həm də son dərəcə əhəmiyyətli material vermişdir. Bütün bunlar məhz Qafar Cəbiyevin gərgin əməyinin məhsulu idi. Xatırladaq ki, məhz Q.Cəbiyevin Ağsu ərazisində apardığı arxeoloji qazıntılar nəticəsində yüksək inkişaf səviyyəsini əks etdirən mədəni qatlar aşkar edilmişdir. Müəllif haqlı olaraq qeyd edir ki, əsrlər boyu torpaq altında yatan qədim yazılı mənbələrin bir çox nümunələri də məhz arxeoloji tədqiqatlar zamanı tapılaraq elmi dövriyyəyə gətirilib. Müxtəlif vaxtlarda və müxtəlif yerlərdə arxeoloqların aşkara çıxardıqları çoxsaylı daş, papirus, gil qablar, dəri və ağac nümunələri üzərində işlənmiş çox qiymətli kitabələr bəşər tarixinin bir sıra mühüm problemlərinin araşdırılmasında açar rolunu oynayır.
Əsərin birinci bölməsində Azərbaycan arxeologiyasının təşəkkülü və inkişafı tarixinə ətraflı nəzər salınır. Müəllif qeyd edir ki, ölkəmizin ərazisi tarixən müxtəlif imperiyaların tərkibinə daxil olub. Bu səbəbdən də milli tariximizin nümunəsi olan mədəni irsimiz mənimsənilib və yaxud da birdəfəlik olaraq yox edilməsi kimi vandal siyasət yeridilib.
Kitabda xüsusilə vurğulanır ki, Ulu öndərin layiqli siyasi varisi olan Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanda bütün digər elm sahələrinə olduğu kimi, arxeologiya elminin inkişafına da dövlət qayğısı daha da gücləndirilib. Ölkə Prezidentinin xüsusi sərəncamları ilə arxeoloji abidələrin öyrənilməsi məqsədilə vəsaitlərin ayrılması, bir sıra abidələrin tədqiqatlardan sonra bərpa və konservasiya edilməsi ölkə rəhbərliyinin bu sahəyə olan diqqət və qayğısının göstəricisidir.
Əsərin ikinci bölməsində ibtidai icma quruluşunun ən qədim mərhələsi olan qədim Daş dövrü abidələrinin tədqiqindən bəhs olunur. Müəllif bu dövr abidələrinin ümumi xarakteristikasını vermiş və son tədqiqatlara əsaslanaraq bu dövrün xronologiyasından bəhs etmişdir. Qeyd edilir ki, dünyanın ayrı-ayrı elm mərkəzlərində qədim daş dövrünün mərhələlərinin xronoloji çərçivəsi ilə bağlı fərqli yanaşmalar mövcuddur və bütün bunlar müxtəlif areallarda tədqiq olunmuş abidələrin xüsusiyyətləri ilə bağlıdır. Bu bölmədə Azərbaycanın daş dövrü abidələrindən tapılan maddi mədəniyyət nümunələrinin qısa xarakteristikası verilmiş, Quruçay arxeoloji mədəniyyətinin əsasını təşkil edən Azıx düşərgəsi haqqında ətraflı məlumatlar yer almışdır. Orta daş dövrü - Mezolit abidələri, Neolit-yeni daş dövrü abidələri haqqında verilmiş geniş məlumatlar tədqiqatın zəngin mənbə bazasına malik olduğunun göstəricisidir. Azərbaycan ərazisində Eneolit-mis-daş dövrü abidələri bölməsində müəllif əvvəlcə metalın insan həyatına daxil olması, qədim cəmiyyətlərdə metalın mühüm rolundan bəhs edir. Qeyd olunur ki, mis qədim insanın əmək aləti hazırladığı ilk metal növüdür. Müəllif bu dövrün abidələri haqqında ətraflı izahlar vermiş və ən son tədqiqatlar zamanı üzə çıxarılan yaşayış məskənləri və qəbir abidələrinin ümumi xarakteristikasını verməklə oxucuda bu abidələr haqqında geniş təsəvvür yarada bilmişdir. Şomutəpə, Leylatəpə və Kültəpə abidələri haqqında bəhs edən müəllif onların əhəmiyyətini önə çıxarmış, təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqazın qədim arxeologiyasında bu abidələrin müstəsna əhəmiyyətini şərh etmişdir.
Azərbaycanın Tunc dövrü abidələri bölməsində bəşəriyyətin böyük ixtiralarından biri olan misin məhsuldar qüvvələrin inkişafında köklü dəyişikliklər yaratmadığı və məhz buna görə də misin möhkəmliyini artırmaq məqsədilə onun tərkibinə sürmə, mərgümüş və nikel qatılmaqla yeni bir metalın kəşf olunduğu qeyd edilir. Qafqaz, o cümlədən Azərbaycan qədim metallurgiyanın inkişaf etdiyi regionlardan biri olmuşdur. Məhz bu aspektdə Azərbaycanın tunc dövrü arxeoloji komplekslərində zəngin mədəniyyət izləri günümüzə qədər gəlib çıxmışdır. Əsərdə Kür-Araz, Boyalı qablar, Xocalı-Gədəbəy mədəniyyətləri haqqında qısa məlumatlar verməklə müəllif bu mədəniyyətin daşıyıcılarının əsasən maldarlıq və əkinçiliklə məşğul olduqlarını və maldarların da daha çox xırda buynuzlu heyvandarlıq təsərrüfatına üstünlük verdiklərini qeyd etmişdir. Belə maldarlıq növü isə öz növbəsində yaylaq maldarlığının meydana çıxmasına və yüksək dağlıq ərazilərin məskunlaşmasına səbəb olmuşdur.
Kitabda Azərbaycanın Dəmir dövrü abidələri bölməsində qeyd olunur ki, dəmirdən istifadənin kəşfi insanların zaman-zaman yeni alət və silahlara sahib olması və təbii zənginliklərdən təcrübə toplamasından irəli gəlmişdir. Qaratəpə, Sarıtəpə, Mingəçevir abidələri haqqında ətraflı məlumat verən müəllif Naxçıvan ərazisindəki abidələrin varlığından da bəhs etmiş, İ.Cəfərzadənin kəşf etdiyi "Muğan mədəniyyəti”nin əhəmiyyətini qeyd etmişdir. Azərbaycanın cənubunda mövcud olan Atropatena və şimalındakı Qafqaz Albaniyasının maddi mədəniyyətindən ətraflı söhbət açılır. Əsərdə xüsusilə vurğulanır ki, respublikamızın cənub bölgəsindəki arxeoloji tədqiqatlar Azərbaycanın qədim dövlətlərindən olan Atropatenanın tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Növbəti bölmələrdə Qafqaz Albaniyasının maddi mədəniyyəti, Albaniya əhalisinin təsərrüfat həyatı və abidələri haqqında ətraflı bəhs olunur. Albaniya əhalisinin təsərrüfat həyatında əkinçilik, maldarlıq, ovçuluq, sənətkarlıq və s. sənət sahələrinin qısa təhlili verilmişdir. Albaniyada dini durum və mədəniyyət bölmələrində məbədlər, dini abidələr, kilsələr və onların ətrafında aparılmış arxeoloji tədqiqatlar haqqında müfəssəl məlumatlar verilmişdir.
Azərbaycanın orta əsr abidələri və onların arxeoloji tədqiqi bölməsində müəllif orta əsr abidələrinin strukturu, keçdiyi inkişaf mərhələləri haqqında geniş şərh vermişdir. Qeyd olunur ki, Azərbaycan ərazisi orta əsr abidələri ilə zəngindir. Bu zənginliyi iri şəhər tipli yaşayış məntəqələri olan Ağsu, Astabad və Şərifan, habelə Qəbələ, Bakı, Şamaxı, Gəncə, Şabran və Naxçıvan abidələrinin timsalında görmək mümkündür. Lakin müəyyən səbəblər ucbatından uzun illər ərzində həmin abidələrin son orta əsrlərə aid mədəni təbəqəsinin öyrənilməsinə demək olar ki, heç cəhd də göstərilməmişdir. Müəllif bu problemlərin köklü surətdə həll olunması üçün mülahizə və fikirlərini bildirmişdir. Q.Cəbiyevin bilavasitə elmi fəaliyyətinin əsas hissəsi məhz bu dövr tədqiqatları ilə bağlıdır. Müəllif Ağsu, Qəbələ, Şamaxı və Kürdəmir rayonları ərazisində apardığı arxeoloji qazıntıları ilə Azərbaycanın orta əsrlər dövrü arxeologiyasının tədqiqinə mühüm töhfələr vermişdir. Müəllif bu bölmədə öz qazıntıları ilə üzə çıxarılmış orta əsr Ağsu şəhər yeri haqqında ətraflı şərhlər verir. 2010-cu ilin yazından başlayaraq bir neçə il ərzində "Miras” İB-nin təşəbbüsü və maliyyə dəstəyi ilə Q.Cəbiyevin rəhbəri olduğu Ağsu arxeoloji ekspedisiyası orada genişmiqyaslı tədqiqatlar aparıb. Əvvəlcə şəhərin sənətkarlar məhəlləsinə aid edilən sahədə tədqiqatlar aparılıb. Bu illər ərzində aparılmış arxeoloji qazıntılar zamanı Ağsu şəhər yerində mədəni təbəqənin üst qatında çoxsaylı tikinti qalıqları qeydə alınmışdır ki, bütün bunlar da şəhər yerində bəhs olunan dövrdə intensiv həyatın mövcudluğundan xəbər verir. Tədqiqatların gedişi zamanı şəhərin 56 sütundan ibarət Cümə məscidi, nəhəng anbar-buzxana, hamam kompleksi, Holland qızıl dukatlarından ibarət dəfinə, misgərlik, döymə işi və dəmirçilik məmulatı istehsalı, sümükişləmə və boyakarlıq üzrə ixtisaslaşmış emalatxanalarda və onlara yaxın ərazilərdə çoxlu miqdarda daş, şüşə, keramika, metal külçə və ərinti nümunələri tapılmışdır. Hansı ki, bu tapıntılar Ağsuda sənətin, mədəniyyətin və ticarətin yüksək səviyyədə olmasını şərtləndirən amillərdəndir. Orta əsr abidələrindən yazarkən müəllif Cənubi Azərbaycan ərazisindəki abidələrə də nəzər yetirmiş və onların tarixi əhəmiyyətindən söhbət açmışdır.
Qafar Cəbiyevin "Azərbaycan arxeologiyasının əsasları” kitabı respublikamızda arxeologiya elminin tarixinə, arxeoloji abidələrin, mədəniyyətlərin tədqiqinə həsr olunmuş sanballı əsərdir. Müəllifin özünün də qeyd etdiyi kimi, kitab başlıca olaraq Azərbaycan Respublikası ərazisindəki arxeoloji tədqiqatlar əsasında yazılmışdır. Bununla yanaşı, Cənubi Azərbaycan ərazisindəki abidələr, xüsusilə də Urmiya gölü hövzəsindəki arxeoloji komplekslər barədə də yeri gəldikcə məlumatlar verilmişdir. Eyni zamanda, ilk dəfə burada abidələrin mühafizəsi problemi haqlı olaraq çox kəskin şəkildə qaldırılmışdır. Çünki abidələrin tədqiqi, onlardan elmi informasiyanın alınma dərəcəsi həmin abidələrin qorunma, saxlanma vəziyyətindən bilavasitə asılıdır.
İnanırıq ki, Qafar Cəbiyevin bu əsəri elmi ictimaiyyətin marağına səbəb olacaq və ali məktəb tələbələri, gənc nəsil üçün Azərbaycanın arxeoloji abidələri barədə zəngin informasiya mənbəyi olacaqdır.
Nəcəf Müseyibli
AMEA Arxeologiya və Etnoqrafiya
İnstitunun elmi işlər üzrə direktor müavini,
tarix elmləri doktoru
banner

Oxşar Xəbərlər