• cümə axşamı, 25 aprel, 09:21
  • Baku Bakı 14°C

ARXAYA BAXMAQ ANI...

07.11.16 11:00 2110
ARXAYA BAXMAQ ANI...
Bu günlərdə anadan olmasının 70 illiyini qeyd edən xalq rəssamı Fərhad Xəlilovu sənət aləminə az-çox bələd olanlar yaxşı tanıyırlar. Həm yaradıcılığı ilə özünə çoxlu pərəstişkar qazanmış yaradıcı, həm də Azərbaycan Rəssamlar İttifaqının sədri kimi... Elə biz də bu yazı- portretdə onu rəssam və rəhbər kimi tanıtdırmağa çalışacağıq...
Əgər Fərhad Xəlilovu rəssam kimi səciyyələndirməli olsaq, onda əvvəlcə onun Bakıda məşhur "Əzimzadə məktəbi”ndə, sonra isə Moskvada Stroqanov adına rəssamlıq məktəbində və Poliqrafiya İnstitutunda təhsil aldığını deməliyik. Amma etiraf edək ki, rəsmi olaraq 1961-ci ildən 1975-ci ilə kimi orta və ali təhsil ocaqlarının tələbəsi adını daşısa da, o, həyat və sənət dərslərini Bakıda XX əsr rəssamlığımızın fədailəri olan Səttar Bəhlulzadə və Mircavad Mircavadovun emalatxanalarında almışdı. Həmin şəxsiyyətlərlə tanış olanlar yaxşı bilirlər ki, bu davamlı ünsiyyət gənc rəssam üçün necə bir xoşbəxt anlar olub. Çox tezliklə Fərhad Xəlilov öz məşhur sələflərinə birgə keçirdikləri günlərin səmərəli olduğunu nümayiş etdirib. Hələ Moskvada tələbə ikən nüfuzlu "Yunost” jurnalının salonunda təşkil olunmuş "İspaniyada” sərgisi onun dünyaya fərqli-səmimi baxışı olan rəssam kimi yetişməkdə olduğunu təsdiqlədi. Maraqlısı onun nümayiş etdirdiyi əsərlərdə nə Səttara, nə də Mircavada oxşamaması idi. Qənaətimizcə, 27 yaşında bu özünəməxsusluğu qazanmaq böyük uğur idi. Gənc rəssamın bu önəmli bədii-estetik məziyyəti bu günə kimi qoruyub saxlamasını da daima axtarışlarda olmasının nəticəsi saymaq olar. Onun 27 yaşında əsərlərində nümayiş etdirdiyi bədii səmimiliyin 70 yaşında fəlsəfi sadəliklə əvəzlənməsi də onun 40 illik yaradıcılığının çox qabarıq görünən ifadəsidir. Yeri gəlmişkən deyək ki, M.Mircavadovla həmfikir olması onu məşhur "Abşeron məktəbi” üzvləri sırasına qovuşdurdusa, S.Bəhlulzadə ilə yaradıcılıq ünsiyyəti gənc rəssamın əsərlərinə düşündürücü fəlsəfi tutum bəxş etdi...
Fərhad Xəlilovun sərgilərindən söz düşmüşkən deyək ki, onun əsərləri bu günə kimi dünyanın ən müxtəlif ölkələrində uğurla nümayiş olunub. Ən çox üz tutduğu ölkə isə qonşu Rusiyadır. Obrazlı desək, rəssam "özünə baxmaq istəyəndə” bir vaxtlar təhsil aldığı Moskvaya yollanır. Onun 70 illik yubileyi ilə əlaqədar Moskvada iki yeni sərgisinin açılmasını da rəssamın öz-özünə növbəti "yeni baxışı” saymaq olar...
Bu yerdə deyək ki, Bir vaxtlar "Abşeronçu" kimi tanınmaq və təqdim olunmaq rəsmi ideoloji mühitdə qınaq kimi qəbul edilsə də, Moskvada təhsil alıb Bakıya qayıdan Fərhad Xəlilov yenidən özünü ideya-əqidə dostlarının yanında görməkdən məmnunluq duymaqla, yeni maraqlı əsərlər yaratmağa nail olmuşdur. Bu mənada gənc rəssamın qoynunda boya-başa çatdığı Abşeron təbiəti ilə bağlı bağlı əsərlərin "Abşeronçu”ların dünyaya baxışına, ifadə estetikasına müvafiq gəldiyini də təbii saymaq olar. Onun "Qədim tut ağacı” (1967), "Mərdəkanda yağış” (1967), "Görədil” (1967), "Dənizə gedən yol” (1965), "Mərdəkanda həyət” (1967), "Axşam düşür” (1972) və "Buzovnada qürub çağı” (1973-1974) adlı əsərləri sonralar onun əldə edəcəyi ciddi bədii nəticələrin başlınğıcı idi. Az sonra rəssamın mənzərələri bir qədər detal-ayrıntı yığcamlığı və bədii şərhin şərtiliyi ilə seçilməyə başlayır. "Buzovna” (1983), "Bulud və dəniz” (1983), "Biçin” (1984), "(1985), "Talada bahar” (1984)”, "Meşədə işıq” (1984), "Kənd küçəsi” (1989) və "Günəşli gün” (1989) əsərləri bunun, həm də kompozisiyaların lakonik-səthi rəng həlli ilə ifadəsini görmək mümkündür. Artıq bu əsərlərdə sonralar mütəxəssislər tərəfindən "fəlsəfi mənzərə” adlandırılacaq həyatı dərkinin və bədii şərhinin reallıqla irreallığın qovşağından "boylanan” işartılarını görmək mümkündür. Rəssamın "Qələbənin baharı” (1985), "Qarabağ” (1993), "Bahar” (1997), "Zəmi” (1998), "Yerin naxışları” (2000), "Sahildə yay fəsli” (1984-2002) və s. əsərlərində yuxarıda vurğuldığımız bədii-estetik məziyyətlərin başlanğıcını görmək mümkündür. Rəssamın 80-90-cı illərdə ərsəyə gətirilən əsərlərdə kompozisiyaların epik tutumu, rənglərinsə dekorativliyi daha qabarıqdır. Başqa sözlə desək, o, rəngi məkanın və əşyanın mahiyyəti kimi təqdim edir.
Dəst-xəttində və bədii ifadə tutumunda dünyaya realist-gerçəkçi münasibətlə mücərrədçiliyin estetikasını ehtiva edən rəssam, bu iki təzadlı baxış-dəyərləndirmə arasında elə bir mərkəzi nöqtə tapmışdır ki, buradan görünənlər bilavasitə "Fərhad Xəlilov” baxışlarıdır. Əslində isə bu gün rəssamın tanınma nişanına çevrilən "sadəliyin fəlsəfəsi” tutumuna görə milli rəssamlığımız üçün yeni olmaqla, həm də ənənə ilə müsirliyin vəhdətinin bədii görüntüsüdür... Müasir rəngkarlıq çox vaxt izahı çətinlik törədən üslub və dəst-xətlər zənginliyi ilə təhlilçiləri sözün əsl mənasında çaş-baş etməkdədir. Əslində bu qarışıqlıqdan "boylanan” üslub və bədii ifadə bolluğu öz-özlüyündə süjet, məcaz, özünüifadə və stilizə rəngarəngliyi ehtiva etdiyindən qızğın mükalimələr üçün yaxı səbəbdir. Amma bəzən onların məna-məzmun tutumunu açmaq və sözlə şərh etmək üçün zəngin süjetli əsərlərdən daha çox, zahirən sadə görünən, amma çox dərin rəngkarlıq məziyyətlərini üzvü şəkildə özünə hopduran tabloların mahiyyətinə nüfuz etmək çətin olur. Lap elə Fərhad Xəlilovun özündə sadəliyin fəlsəfəsini yaşadan əsərləri kimi...
Bu yerdə deyək ki, müstəqillik qazanılan 1991-ci ildən dörd il əvvəl həmkarlarının tələbi ilə Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsinə seçilən Fərhad Xəlilov, bu işə razılıq verəndə özündən başqa qalanlarını da sovet dönəmində olduğu kimi ideologiyaya bağlı yox, müstəqil düşüncəli görmək istəyirdi. İdeologiyasızlıq dövründə mətbuata açıqlamasında da Fərhad Xəlilov bu məsələyə xüsusi önəm verdiyini vurğulamışdı: "Ən vacib şərt rəssamın azad olmasıdır. İndiki dövrdə ən böyük üstünlüyümüz də budur. Sovet hakimiyyəti dövründə dövlət yaradıcılıq ittifaqlarının işinə çox qarışırdı. Rəssamazad fikirli olmalıdır. O vaxt kommunist ideologiyası çox güclü olduğundan rəssamlar çox əziyyət çəkirdilər. Çünki, onların hər bir əsəri sərgidən qabaq və ya sərgi zamanı yoxlanılırdı. İndiki dövrdə dövlət bizə hər bir cəhətdən yardım etsə də, işimizə qarışmır. Rəssamlar ürəklərində nə varsa, onu azad şəkildə təsvir edə bilirlər”.
Vəzifəyə seçilənə kimi heç bir partiya mənsubiyyəti olmayan və yurd sevgisini əsərlərində sərgiləyən Fərhad Xəlilov, sədr kimi yeri gələndə Vətən sevgisini gördüyü işlərlə ifadə etməyə çalışmışdır. 20 Yanvar faciəsinin həqiqətlərinin onun rəhbərliyi ilə Rəssamlar İttifaqında videokasetlərə yazılıb dünyaya yayılması bu gün qürurla səsləndirilə biləcək tarixi həqiqətdir. Onun himayəsi altında Qiyabi Uşaq Yaradıcılığı Universitetinin xətti ilə Xocalıda valideynlərini itirmiş uşaqların Türkiyəyə təhsil almağa göndərilməsi də heç vaxt unudulmayacaq humanist addım idi. Yeri gələndə İttifaqın üzvlərinin qayğılarına yardımçı olmaq da ona rəğbət qazandıran xüsusiyyətlərdəndir. Moskvada fəaliyyət göstərən "M.Qorbaçov fondu”nun onun sərgisini Avropada təşkil etmək təklifinə rədd cavabı verməsi də onun xalqımızın tuş gəldiyi bəlaların baiskarına layiqli cavabı saymaq olar. Hər il Rəssamlar İttifaqında 20 Yanvar və Xocalı faciəsi şəhidlərinin anılmasına həsr olunmuş sərgi və müsabiqələrin keçirilməsi də Fərhad Xəlilovun xalqının gündəlik həyatında fəal iştirakının göstəricisidir. Bir çox mükafatlara layiq görülən rəssamın ölkə Prezidentinin sərəncamı ilə 2006-cı ildə "Şöhrət”, 2016-cı ildə "Şərəf” ordenini ilə təltif olunması da dövlətimizin onun Azərbaycan incəsənətinin inkişafına göstərdiyi xidmətlərin dəyərləndirilməsidir.
O, elə çox az sənətkarlarımızdandır ki, onu nəyisə təsvir etməyə məcbur etmək çox çətindir. Bu mənada bilavasitə gördüklərinin harmoniyasını ifadə etmək zərurətindən yaranan əsərlərində rəssam bədii şərh tutumundan asılı olmayaraq çox səmimi və inandırıcıdır. İç dünyasının tələbatından ərsəyə gələn belə əsərlərin kənardan necə qəbul olunacağından da narahat deyildir. Bu kredoya o, 70 yaşında - indiki arxaya baxaraq hesabat vermək anında da sadiqdir...
Ziyadxan Əliyev
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər