• cümə, 26 Aprel, 21:17
  • Baku Bakı 22°C

ARTPİ-də Milli təhsil standartlarının hazırlanmasına başlanıb

14.05.15 11:18 1040
ARTPİ-də Milli təhsil standartlarının hazırlanmasına başlanıb
Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda (ARTPİ) “Ümumi təhsilin milli standartlarının yaradılması: tarixilik və müasirlik müstəvisində” mövzusunda tədbir keçirilib. ARTPİ beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən “Kaspi” qəzetinə verilən məlumatda bildirilir ki,
ARTPİ-nin direktoru Qulu Novruzov tədbirin əsas məqsədinin ölkədə aparılan təhsil islahatlarından irəli gələn mühüm bir məsələnin həlli ilə bağlı olduğunu bildirərək 1999-cu ildən başlamış təhsil islahatlarının 2013-cü ilə qədərki mərhələsinin artıq başa çatdığını qeyd edib. Belə ki, artıq “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq “Azərbaycan Prezidentinin 24 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qəbul olunduğunu vurğulayıb. Bu strategiyanın həyata keçirilməsi məqsədilə “Fəaliyyət Planı”nın təsdiq olunmasını tədbir iştirakçılarına xatırladan direktor qeyd edib ki, artıq həmin “Fəaliyyat Planı”nın yerinə yetirilməsi istiqamətində tədbirlər görülür: “Bu tədbirlər Təhsil Nazirliyinin hazırladığı və təsdiq etdiyi “Tədbirlər Planı” əsasında həyata keçirilir. Həmin sənəddə 2015-ci ildə görüləcək işlər icra vaxtı nəzərə alınmaqla göstərilib. Sənəddə 70-ə qədər tədbir vardır ki, onlardan 31-də məhz icraçısı kimi ARTPİ iştrak edir. Bu il üçün planlaşdırılmış tədbirlərin içərisində təhsilin məzmunu ilə bağlı olanlar prioritet təşkil edir. Məktəbəqədər təhsilin, ümumi təhsilin, ilk peşə ixtisas təhsilinin məzmun standartlarının hazırlanması bu qəbildəndir”. Direktor qeyd edib ki, “Fəaliyyət Planı” üzrə “ 12 illik ümumi təhsilin milli məzmunu və qiymətləndirmə standartlarının hazırlanması və ekspertizası”nın aparılması aprel-noyabr ayları üçün nəzərdə tutulur. Bu işin yerinə yetirilməsi üçün 9 nəfərdən ibarət işçi qrupu yaradılıb. Eyni zamanda, hər bir fənn üzrə məzmun standartlarını hazırlayacaq işçi qrupları da yaradılıb. Q.Novruzov ümumi təhsil pilləsi üzrə milli məzmun standartlarını hazırlayacaq işçi qrupu üzvləri ilə yanaşı, fənlər üzrə işçi qrupunun nümayəndələrinə ümumi təhsilin milli məzmun standartlarının hazırlanması məqsədilə rəy və təkliflərini bildirib.
Tədbirdə ARTPİ-nin direktor müavini Ənvər Abbasov “Təhsil standartlarının yaradılması”, “Standart və kurikulum anlayışları”, “Dövlət təhsil standartlarına verilən tələblər”, “Təhsil sahəsində dövlət standartları”, “Kurikulum anlayışı”, “Dövlət Strategiyasında vəzifələr”, “Dövlət Strategiyasında hədəflər”, “Səriştəyə əsaslanan şəxsiyyətyönlü yeni məzmunun yaradılması”, “Dövlət Strategiyasında «standart» və «kurikulum» anlayışlarına yeni münasibət” və s məsələlər barədə məlumat verib. İnstitutun şöbə müdiri Bibixanım İbadova isə 12 illik ümumi təhsilin Milli təhsil standartlarının hazırlanmasına dair işçi qrupu ilə keçiriləcək təlim kursunun proqramı ilə iştirakçıları tanış edib.
Tədbirdə çıxışlar, rəy və təkliflər ətrafında müzakirələr aparılıb.
banner

Oxşar Xəbərlər