• çərşənbə axşamı, 23 aprel, 22:33
  • Baku Bakı 20°C

"Artıq yazılı sınaq imtahanları olmayacaq"

19.12.16 16:57 1698
"Artıq yazılı sınaq imtahanları olmayacaq"
"İyun ayında tədris ili bitdikdən sonra buraxılış imtahanının 2-ci mərhələsi keçiriləcək. İmtahandan 2 gün sonra nəticələr açıqlanacaq”.Lent.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na həsr olunmuş konfransda deyib. M. Abbaszadə qeyd edib ki, nəticələr bəlli olduqdan sonra kolleclərə keçid balları müəyyən olunacaq: "Bu qaydalar hələ müzakirə olunur. 9-cu sinif üzrə buraxılış imtahanlarının birinci mərhələsinin nəticələri bir aydan sonra həmin şagirdin şəxsi səhifəsinə yerləşdiriləcək. İlk il olduğu üçün şagirdlərə heç bir məhdudiyyət qoyulmayıb. Hətta ekspertlərin rəyləri də şəxsi səhifədə yerləşdiriləcək. Yeni qaydalara görə, imtahan nəticələri yalnız balla yazılacaq. Mənfi ya müsbət, yaxşı və pis nəticə toplanması orada qeyd olunmayacaq. İlk dəfə olduğuna görə hələlik elə bir məhdudiyyət qoymamışıq ki, birinci mərhələdə 0 bal toplayan ikinci mərhələdə iştirak etməsin və yaxud da kolleclərə sənəd verməsin. İmtahan nəticələrinə görə, birinci və ikinci mərhələdə toplanılan ümumi bal 100 olacaq. İkinci mərhələdə ənənəvi qapalı testlərlə şagird 70 bal toplaya bilər. İmtahanda hansı qiyməti almasından asılı olmayaraq, şagird attestat alacaq. İmtahanın nəticələrinə əsasən, şagirdlər orta ixtisas təhsili müəssisələrinə sənəd verə biləcəklər”.
M.Abbaszadə əlavə edib ki, gələn ildən 9-cu sinif buraxılış imtahanlarına da üçüncü fənn kimi xarici dil əlavə oluna bilər: "Bununla bağlı bu il monitorinq imtahanları keçirərək nəticələri ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edəcəyik. Müzakirə əsasında da qərar qəbul ediləcək. Bu il IX sinif üzrə buraxılış imtahanlarında şagirdlər yalnız Azərbaycan dili və riyaziyyat fənnindən imtahan verəcəklər". Son olaraq Azərbaycanda vahid imtahan formasının tətbiqi ehtimalına toxunan DIM sədri deyib ki, ilk olaraq builki imtahanların nəticələri müzakirə olunmalıdır. Nəticələrdən asılı olaraq konkret fikir bildirmək olar.
banner

Oxşar Xəbərlər