• cümə, 26 Aprel, 04:57
  • Baku Bakı 16°C

Artıq çəkidən əziyyət çəkən uşaqlar

10.07.19 18:50 1977
Artıq çəkidən əziyyət çəkən uşaqlar
Köklük sağlamlıq və "şirin”lik deyil, tibbi və psixoloji cəhətdən problemdir
Bizdə hələ uzun illərdir formalaşmış bir fikir var, uşaq kökdürsə, deməli, sağlamdır. Hə, bir də "Kök uşaq şirin olur” deyirik. Amma piylənmənin uşaqların sağlamlığına təsiri heç də xoş deyil. Getdikcə ətrafımızda kök və daha dəqiq ifadə etsək, piylənmədən əziyyət çəkən uşaqların çoxaldığını görürük.
Əslində, bu tək bizim problemimiz də deyil, dünyada bütün yaş qruplarında, beş yaşadək uşaqlar da daxil olmaqla, artıq çəki və piylənmə halları artıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının hesabatında bildirilir: "Artıq çəki bütün yaş qruplarında artmadadır. 2018-ci ildə 5 yaşadək 40 milyon uşaq artıq kilodan əziyyət çəkib, yəni dünyada beş yaşadək olan bütün uşaqların 5,9 %-i. Ən çox artıq çəkidən və piylənmədən əziyyət çək 5 yaşadək uşaqlar Şimali Afrika və Qərbi Asiyada qeydə alınıb”.
Hesabata görə, keyfiyyətsiz qidalanma piylənməyə səbəb olur. Bəs səhvlərimiz nədədir? Uşaqların bu kimi problemlə üzləşməməsi üçün nələrə diqqət etməliyik?
Pediatr Günay Rəsulova deyir ki, əsasən ilk 5 yaşa qədər, bir də hormonal dəyişiklik getdiyi yetkinlik dövründə uşaqlar piylənməyə daha çox meyilli olurlar: "Ümumiyyətlə, hər yaşda az hərəkətlilik və qeyri-düzgün qidalanma vərdişləri əsas piylənmə səbəbləridir. Körpə yaş qrupları uşaqlarda isə ana südü ilə qidalanmamaq, süni qidaların verilməsi çəki artımına səbəb olur. Çünki süni qidaların aşırı istifadəsi piylənməyə gətirib çıxarır. Televizor, telefon, planşet qarşısında saatlarla oturmaq da uşaqlarda çəki problemlərinə səbəb olur. Bundan başqa, yeniyetmələr arasında enerji içkilərinin istifadəsi də çoxalıb, bu da piylənməyə səbəb olan faktorlardandır. "Fast food”ların, karbohidrat tərkibli yeyəcəklərin çox istifadə olunması, şirniyyatların aşırı istifadəsi də səbəblər içərisindədirBundan başqa, hormonal problemlərdən dolayı da çəki artımı olur”.
G.Rəsulova deyir ki, artıq çəkisi olan uşaqlar yeniyetmə yaş dövrünə girəndə, psixoloji problemlər baş qaldıra bilir: "Belə uşaqların özünəinamı aşağı olur, xarici görünüşlərindən daim narazı olurlar. Bu dövrdə də hormonal məsələlərə görə arıqlama prosesi çətin gedir, ona görə, bir sıra problemlərin təməlini qoyur”.
Pediatr bildirdi ki, piylənmədən əziyyət çəkən uşaqların sayı artırsa, deməli, valideynlər heç də bu məsələdə diqqətli deyillər: "Biz dəfələrlə bu barədə xəbərdarlıqlar edirik, ancaq gedişat onu göstərir ki, heç də bu məsələyə diqqət göstərmirlər. Planşet, telefon, kompüter qarşısında yemək, saatlarla bu cihazlardan hərəkətdə olmadan istifadə etmək asılılıq halını alıb. "Karbohidratı azaldın, idmana qoyun” deyirik, amma təəssüf ki faydası olmur. Riayət edən valideynlər var, amma onlar çox az qisimdir”.
Psixoloq Vəfa Əkbər bildirdi ki, ümumiyyətlə, uşaqların piylənmə səbəbləri içərisində psixoloji faktorun rolu böyükdür. Çünki hər bir şey psixoloji olaraq körpəlikdən yaradılan alışqanlıqdan asılıdır: "Uşaqların piylənməsinə gətirib çıxaran 4 səbəbi ümumiləşdirib demək istəyirəm. Birincisi, qida mədəniyyətinin formalaşdırılmasıdır. Valideynlər körpəlikdən uşaqlarını tez-tez və çox - hətta özləri doyacaq miqdarda yedizdirməyə meyillidirlər. Amma bu, körpədir, fiziologiyası, bədəni fərqlidir. Uşaq bir yaşa qədər şəkərdən istifadə etməməlidir. Amma buna da riayət etmirlər, bir yaşa qədər ana südü ilə qidalanırsa, onsuz da ana südündə kifayət qədər laktoza var. 3-4 yaşadək isə qida rasionunda bala icazə var və baldan da şəkər tələbatını ödəmiş olur. Bunu nəzərə almırlar, uşaqda erkən yaşda şəkərə, şirniyyata meyillilik yaranır. Ona görə, valideynlər ilk növbədə körpəlikdən uşağın qida rasionuna diqqət yetirməlidirlər.
İkinci faktor tənbəllikdir. Valideynlər uşaqlarını tənbəlliyə öyrəşdirməməlidirlər. Uşaqlar televizor, kompüter qarşısında, əllərində planşet yemək yeyirlər. Yeyib yatırlar, qida qəbul etdikdən sonra hərəkət etmirlər. Uşaqların fiziki aktivlikləri artırılmalıdır, passiv həyata öyrəşdirilməməlidir, bu, vərdiş halını almamalıdır. Uşaq nə qədər aktiv həyata öyrəşdirilsə, o qədər sağlam olar. Mümkün olduğu qədər hər gün ailəvi piyada gəzinti təşkil edilsin. Bunlar olduğu halda, uşaqda yenə artıq çəki varsa, fiziki aktivlik tələb edən idmana qoysunlar.
Üçüncü faktor ailə üzvlərinin yeməyə meyilli olmasıdır. Özləri kalorili yeyirlər, menyuya nəzarət etmirlər. Övladlarını sağlam qidalandırmaq istəyirlərsə, birinci, öz qidalanmalarına nəzər yetirməlidirlər. Çünki uşaq bu cəhətdən də gördüyünü götürmüş olur.
Dördüncü punkt isə psixoloji məsələdir. Ümumiyyətlə, uşaqlar da baş verən problemi "yeməyə” meyillidirlər. Sanki problemi yeyərək udur, onu həzm edirlər. Baş verən hadisəyə qarşı çıxmaqdansa, onu "yeməyə” meyilli olurlar. Belə olduğu halda daim ağzını işlədir, dayanmadan yeməyə ehtiyac duyur. Yedikcə də piylənməyə şərait yaradır. Ona görə, evdəki psixoloji auranın normal olmasına çalışmaq, gərginliyi aradan qaldırmaq mütləqdir”.
V.Əkbərin sözlərinə görə, uşaq böyüdükcə piylənmənin yaradığı problemlər də böyüyə bilir: "Yedikcə piylənmə artır və ilk olaraq bu onda narahatlıq yaradır. Sonra yaş artıqca cəmiyyətə düşdüyündə özünəinam aşağı olur, həmyaşıdları arasında özünü ifadə etməkdə çətinlik çəkir, aktiv olmur, passivləşir. Artıq çəkisi ilə tez seçilir. Bu da onda kompleks yaradır. Vaxt keçdikcə o uşaq cəmiyyətdən təcrid oluna bilər, bu halda isə depressiyaya addım-addım yaxınlaşmış olur”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər