• cümə, 19 Aprel, 01:33
  • Baku Bakı 18°C

Artıq başlayan dördüncü sənaye inqilabı

22.01.19 18:35 1572
Artıq başlayan dördüncü sənaye inqilabı
Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu öz işinə başlayıb. Dünyanı narahat edən mühüm məsələlərin müzakirə olunacağı budəfəki forum qlobal narahatlıq yaradan bir sıra risk amillərinin müzakirəsi baxımından diqqət çəkir. Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşü zamanı bildirib ki, Azərbaycan öz inkişaf strategiyasını yenilənən beynəlxalq və regional təmayüllər nəzərə alınmaqla qurur. Görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirilib. Prezident İlham Əliyev Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək deyib ki, bu sənəd bizim tərəfdaşlıq ruhumuzu və qarşılıqlı səylərimizi davam etdirməkdə istəkli olduğumuzu nümayiş etdirir: "Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək. Keçən il Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalı 9,1 faiz artıb. Biz bu vacib layihədə yaxşı tərəfdaşlar olacağıq.
Bəs görəsən qeyd olunan dördüncü sənaye inqilabının məğzi nədir? Bunun iqtisadiyyata hansı töhfəsi ola bilər?
İqtisadçı-ekspert Rəşad Həsənov söylədi ki, artıq dördüncü sənaye inqilabı başlayıb: "Xüsusilə inkişaf etmiş ölkələrin iqtisadiyyatında bu prosesin simptomları artıq özünü göstərməkdədir. Tarixin müxtəlif dövrlərində sənaye inqilabları əsaslı dəyişiklikləri şərtləndirib. Dördüncü sənaye inqilabı daha çox süni intellekti özündə birləşdirən və texnologiyanın daha yüksək inkişaf mərhələsini planlayan proses olaraq nəzərdən keçirilir. Genetik araşdırmalar, süni intellekt, robotların hazırlanması, əmək bazarında əmək qüvvəsinin texnologiyalarla sürətlə əvəzlənməsi prosesi və imkanları daha da genişləndirilmiş 3D və 4D çap maşınları, əslində dördüncü sənaye inqilabının simptomları hesab olunur. Prosesin bundan sonrakı mərhələsi, qarşıya qoyulacaq hədəflərin, iqtisadiyyatın və infrastrukturun bu prosesə hazırlanmasını nəzərdə tutan dövr hesab olunur. Bu, Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir. Əgər mövcud trendlərə uyğun inkişaf etmək istəyiriksə, bu çağırışlara cavab verməliyik. Xüsusilə indiki halda, yəni qeyri-neft sektorunun inkişaf etdirilməsi zəruri bir şərt olaraq ortaya çıxdığı bir dövrdə, buna xüsusi diqqət etməliyik. Çünki resurs asılılığı risklər formalaşdırır. Belə bir dövrdə rəqabətli iqtisadi modelin olması, son nəticədə dördüncü sənaye inqilabı ilə bağlı dəyişikliklərinin transformasiya olunduğu bir infrastrukturun mövcudluğu tələbini formalaşdırır. Bu mənada düşünürəm ki, Azərbaycan bu çağırışlara adekvat şəkildə cavab verməlidir. Davos Forumunun bu məsələni öz gündəliyinə daxil etməsi və müzakirələrin əsasən bu istiqamətdə qurulması, o cümlədən Azərbaycanla bu barədə əməkdaşlıq memorandumunun gündəmə gəlməsi və bütövlükdə bu kimi məsələlər onu göstərir ki, ölkəmiz hansısa formada bu prosesə inteqrasiya olunmaq istəyir. Ölkəmizdə hələlik mövcud imkanlar, infrastruktur və institutların inkişaf səviyyəsi dördüncü sənaye inqilabına uyğun bir mühitin formalaşması üçün müəyyən çətinliklər yaradır. Amma ən azından, bu təcrübənin ölkəyə gətirilməsi və istehsalatda tətbiq edilməsi özü də rəqabətli iqtisadi modelin elementlərindən birinə çevriləcək. Əslində bu, baş verərsə, uzun yox, yaxın və orta müddəti dövr ərzində hər kəsin görə biləcəyi dəyişikliklər olacaq. Bu mənada dördüncü sənaye inqilabı bizim üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan mümkün qədər bu prosesdə aktiv olmalıdır. Dəyişikliklərin qavranılması və iqtisadiyyata transformasiya edilməsində hökumət müxtəlif alətlərdən və təşviq mexanizmlərindən istifadə edərək bu prosesdə birbaşa olaraq iştirak etməlidir. Rəqabətli və dayanıqlı iqtisadiyyat məhz dördüncü sənaye inqilabının iqtisadiyyat injektə edilməsi və qavranılması yolu ilə mümkündür”.
Ekspert bildirdi ki, Davos Forumu ciddi və imkanları geniş olan bir platformadır: "Çünki burada ən müxtəlif-biznes, sənaye istehsalçıları, xidmət sferasının, siyasi blokun, icraedici və qərar qəbuledici orqanların təmsilçiləri, o cümlədən beyin mərkəzləri iştirak edir. Davos Forumunda inkişaf trendlərinin müəyyən edilməsi, mövcud problemlərin həlli istiqamətində qlobal maraqların cəmləşdirilməsi məsələsi gündəmə gətirilir. Bu baxımdan qeyd olunanlar dördüncü sənaye inqilabında yeni bir mərhələ başlandığını deməyə əsas verir. Təbii olaraq, bu məsələ forumun diqqətindən kənar qala bilməz. Əslində forum iştirakçılarının hər biri hansısa formada bu prosesin bir parçası və maraqlı tərəfidir. Orada təmsil olunanlar qlobal iqtisadiyyatın əhəmiyyətli hissəsini idarə edirlər. Bu isə birbaşa olaraq platforma vasitəsilə mövcud təcrübənin yayılması üçün şərait formalaşdırır. Bu mənada forum dördüncü sənaye inqilabı kontekstində xüsusi əhəmiyyət kəsb edir. Bütün güclərin forumda olması, sözügedən istiqamətdə bir qərarın ortaya çıxması və birgə fəaliyyətin planlamasına şərait formalaşdırır”.

İqtisadçı millət vəkili Azər Badamov söylədi ki, dördüncü sənaye inqilabı ən yeni texnologiyaların iqtisadiyyata cəlb olunmasıdır: "Dördüncü sənaye inqilabı iqtisadiyyatın innovativ şəkildə inkişafı deməkdir. Əslində bu inkişaf dördüncü sənaye inqilabı adlandırılır. Dördüncü sənaye inqilabının özlüyündə müsbət və mənfi tərələri var. Çünki bu inkişaf özü ilə bərabər müəyyən problemlərə də yol aça bilər. Məhz bu kimi məsələlər forumun əsas müzakirə mövzusu olacaq. Davos İqtisadi Forumundan sənaye inqilabı ilə bağlı səsləndirilən fikirlər ciddi əhəmiyyət kəsb edir. Düşünürəm ki, qlobal iqtisadiyyatda ölkəmizin də özünəməxsus yeri var və bu fikirlər bu və ya digər dərəcədə iqtisadiyyatımıza öz təsirini göstərəcək. Prezidentin də bu forumda iştirakı ölkəmizin son illərdəki iqtisadi inkişafından xəbər verir”.
Şəbnəm
banner

Oxşar Xəbərlər