• çərşənbə, 17 Aprel, 03:16
  • Baku Bakı 14°C

“Artıq ağlamaq yox, qələbə xəbəri eşitmək istəyirəm” - Fotolar

04.04.17 09:30 4284
“Artıq ağlamaq yox, qələbə xəbəri eşitmək istəyirəm” - Fotolar
Mən də istəyərəm ki, məzarım şəhid məzarı olsun. Belə ölmək istəmirəm, istəyirəm ki, vətənim üçün canımı qurban verim. Heç nədən qorxmuram. Lazım olsa, günü bu gün döyüşə də gedərəm. Biri var elə-belə öləsən, bir də var vətən yolunda şərəflə öləsən. Hamımız torpaqdan əmələ gəlmişik, torpağa da gedəcəyik. Şəhidlər ölməzdir, ölü bizik. İstəyərdim ki, vətən yolunda ölüm, vətən yolunda canımı qurban verim. Bu, mənim üçün şərəf olardı.
Azərbaycan Ordusunun 2016-cı il aprel ayının əvvəllərində işğalçı erməni silahlı bölmələri üzərində qazandığı qələbələrin ildönümüdür. Ordumuzun qələbə xəbərini eşidəndə, hər kəs sevincini bir cür büruzə verdi. Sənət adamları isə öz hisslərini yaradıcılıqları ilə göstərməyə çalışdılar. Onların sırasında bəstəkar Sevinc Tofiqqızının layihələri də nəzərimizdən qaçmadı. Belə ki, Sevinc xanım davamlı olaraq vətənpərvərlik ruhunda mahnılar bəstələyir və bir-birinin ardınca kompozisiyalar təqdim edirdi. Özünün bəstələdiyi bu kompozisiyalarda xanım bəstəkarımız ən ağır obrazların öhdəsindən gəlmişdi.

Ötən gün Sevinc xanımın aprel döyüşlərinə həsr olunmuş "Çağır məni” filmini izlədim, xeyli təsirləndim. Bəstəkarımıza zəng etdim. Layihə barədə söz açdım, amma gördüm ki, elə bəstəkarımızın da ürəyi doludur, danışmağa da çox sözü var. Onu redaksiyamıza dəvət etdim. Bir az keçmiş, Sevinc xanım redaksiyamızın qonağı oldu. Onunla nələrdən danışmadıq ki...

Beləliklə, səsi daha çox beynəlxalq arenalardan gələn tanınmış bəstəkarımızla söhbətimizi ixtisarla sizə təqdim edirik.

- Sevinc xanım, aprel döyüşlərinə həsr etdiyiniz "Çağır məni” filminiz və klipiniz həqiqətən də çox təsirlidir. Əslində bu mahnının uzun bir tarixi olduğundan da xəbərdarıq.
- Ötən il aprelin ilk həftəsində cəbhə bölgəsində döyüşlər baş verdi. Neçə-neçə oğullarımız, balalarımız vətən uğrunda şəhid oldu. Bu mənə çox təsir etdi. "Çağır məni” kompozisiyası sənətə gəldikdə ilk ifalarımdan biri olub. Mahnının sözləri Xanım İsmayılqızına məxsusdur. Fikirləşirdim ki, görəsən kim bu mahnını daha yaxşı oxuya bilər. Müğənni Aslanın ifası mənim çox xoşuma gəlir. O daha çox ritmik mahnıları ifa edir. Düşündüm ki, görəsən o, lirika oxusa, necə alınacaq? Mahnının həm sözləri tutarlı idi, həm də musiqisi çox gözəl alınmışdı. Doğrudan da mahnı mənə uğur gətirmişdi. Belə ki, bu mahnı 2010-cu ildə Bakı - estrada mahnı festivalında "Ən yaxşı mahnı” nominasiyasına layiq görüldü. Aslan isə bu mahnıya görə laureat oldu. Aprel döyüşlərinə gəlincə isə, bu döyüşlərə görə xüsusi bir kompozisiya yazmışdım. Ancaq "Çağır məni”-ni seçməyimin də səbəbi var idi. Çünki burada həm lirika var, həm də artıq filmin və mahnının ssenarisini beynimdə düşündüm. Güman edirdim ki, aprel döyüşlərindəki şəhidlərimizin xatirəsi üçün daha yaxşı alınar. Rejissor Elmar Məmmədovla görüşdüm. Mən bu mahnıya həm klip, həm də film çəkdirdim. Filmdə şəhidin xanımı rolunda iştirak etdim. Bir növ həmin xanımın həyatını yaşadım. Bildim ki, o, nələr çəkir. Bu ideya mənə birdən gəldi. Onu da bildirməliyəm ki, rejissor bu klipi mənə təmənnasız çəkdi. Çox maraqlı film alındı. Film bitəndən sonra ona böyük bir təqdimat da etdik. Təqdimat mərasiminə cəmiyyətimizdə tanınmış nüfuzlu insanlar təşrif buyurdular. Millət vəkillərimiz, dövlət qurumlarından, Daxili Qoşunlardan nümayəndələr iştirak etdilər. Bu klipdə bizə göstərdikləri köməkliyə görə Daxili Qoşunların rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkürümüzü bildirdik. Onlar bizə çəkiliş aparmaq üçün şərait yaratmışdılar. Bu ərəfələr mahnının dillər əzbərinə çevrilməsinin səbəbi isə aprel döyüşlərinə həsr olunması ilə əlaqədardır.Ovaxt bu xəbəri eşidəndə həm çox qürur duydum, həm də şəhidlərimizə görə məyus oldum. Bu döyüşlərdən təsirlənib, may ayında film çəkilişlərinə başladım. Bayrağımız Lələtəpəyə sancılanda o qədər sevindim ki, göz yaşlarımı saxlaya bilmədim. Qürurlandım ki, əsgərlərimiz bayrağımızı öz torpaqlarımızda dalğalandırıblar.Şəhidlərimizə gəlincə isə, onlar tarix yazdılar. Mən də istəyərəm ki, məzarım şəhid məzarı olsun. Belə ölmək istəmirəm, istəyirəm ki, vətənim üçün canımı qurban verim. Heç nədən qorxmuram. Lazım olsa, günü bu gün döyüşə də gedərəm. Biri var elə-belə öləsən, bir də var vətən yolunda şərəflə öləsən. Hamımız torpaqdan əmələ gəlmişik, torpağa da gedəcəyik. Şəhidlər ölməzdir, ölü bizik. İstəyərdim ki, vətən yolunda ölüm, vətən yolunda canımı qurban verim. Bu, mənim üçün şərəf olardı.

- Sevinc xanım, filmdəki obrazınız çox təbii alınıb. Həqiqətən peşəkar aktrisalardan heç də seçilmirsiniz.
- Bu mənim içimdən gəlir. Mən aktrisa deyiləm, ancaq mən orada qeyd olunan hadisələri yaşayıram. Filmdəki obrazımın göz yaşları, həyəcanları - hamısı təbii idi. Tək bu filmə deyil, bir çox filmlərə də çəkilmişəm. Türkiyədən belə seriallara dəvətlər almışam. Bu yaxınlarda ola bilsin ki, onlarla da müqavilə bağladım.
- Az əvvəl qələbədən danışdıq. Biliyimiz qədəri ilə, sizin "Qələbə” kompozisiyanız da var və bu kompozisiyanız torpaqlarımızın azad olunması ilə bağlıdır.
- Elədir. Bir neçə il bundan qabaq "Qələbə” kompozisiyası yazmışam. Əslində bu kompozisiyanı qələbə ümidi ilə yazmışdım. Sanki qulağım səsdədir. Gözləyirəm ki, torpaqlarımız işğaldan azad olunsun, həmin kompozisiyaya Şuşada, Xankəndidə, Xocalıda, Laçında klip çəkdirim. Sonra da bütün dünyada yayımlayım. Bu, mənim ən böyük arzumdur.

- Eşitdiyimizə görə, Məşhəd ziyarətinə getməyə hazırlaşırsınız.
- Allah hər kəsin duasını qəbul etsin. Ona uzadılan əllər boş qayıtmasın, inşallah. Allaha inanan insanam.Hətta bir neçə il bundan əvvəl "Məkkə” mahnısı da yazmışam. O zamanlar o mahnını türk musiqisinin imperatoru İbrahim Tatlısəsə yazmışdım. Onun vəziyyəti ilə əlaqədar olaraq bu layihə qaldı. Ona görə həmin mahnını başqa birisinə verdim. Ola bilsin ki, bu mahnını gələcəkdə tanınmış biri oxusun. Mərhum xalq şairimiz Zəlimxan Yaqubun sözlərinə bəstələnmişdi bu mahnı. Zəlimxan müəllim mənə o vaxt xeyir-dua verib demişdi ki, sən böyük bir iş görmüsən. Ulu öndərimiz Heydər Əliyevin ən sevimli şeirinə mahnı yazmısan.
- Yəqin ki, ziyarətdə xalqımız üçün də dua edəcəksiniz.
- Əlbəttə. Azərbaycan xalqına cansağlığı, vətənimə sülh, əmin-amanlıq arzulayacam. Onsuz da xalqım üçün hər zaman dua edirəm. Elə ziyarətə də bu niyyətlə gedirəm. Kaş, dünyadakı bütün körpələr xoşbəxt olsunlar. Sosial şəbəkədə paylaşılan uşaqların əziyyətini görəndə, çox təəssüflənirəm. İstəmirəm ki, uşaqlar əziyyət çəksinlər. Milliyyətindən asılı olmayaraq bütün balaların xoşbəxt olmasını istəyirəm. Axı onların nə günahı var? Uşaqlar ki, məsumdurlar. İstəyirəm bütün balalar müharibəsiz həyatda yaşasınlar. Avqustda "Həyat gözəldir” adlı klip çəkdirdim. Bu kliplə deməyə çalışdım ki, Tanrının yaratdığı hər şey gözəldir, sadəcə, onun qədrini bilmək lazımdır. Bu müharibələr nəyə lazımdır? Vallah, hamı bu həyatda qonaqdır. Biz müharibəyə "yox” deməliyik, balalarımızı yaşatmalıyıq. Həyat davam edir, gözəldir. Klipimdə ölkənin gözəlliyini əks etdirdim. Ağ paltarda, ağ royalda, ağ göyərçinlərlə. Bilirsiniz ki, bütün bunlar sülh rəmzidir. "Qoy bütün dünyada sülh olsun” dedim. Müharibələrə son qoyulsun. Artıq internetə yaxınlaşmağa qorxuram. Dünyanın hər tərəfində terror, müharibə, dava-dalaş var. Uşaqlar da televiziyada, internetdə bütün bunları görürlər. Bu onların psixologiyasına təsir edir. Axı o uşaqlar niyə gözüyaşlı qalmalıdır? O körpələrin hər biri bir mələkdir. İstəmirəm ki, uşaqlar müharibəni görsünlər. Düzdür, düşmən düşmənliyində qalır. Onlar öz izlərini qoydular. Dünya onları tanıyır. Onları bağışlamaq olmaz. Heç vaxt onları bağışlamayacağıq da. İnanıram ki, 2017-ci ildə torpaqlarımızı geri alacağıq. Allah prezidentimizin canını sağ eləsin. Çox sevinirəm ki, belə rəhbərimiz var. İstəyirəm ki, prezidentimiz çıxışlarının birini də Qarabağın azad olunmasına həsr etsin. O günü səbirsizliklə gözləyirəm. Qoy, əsgərlərimiz də sağ-salamat qayıtsınlar. Analarımız oğulsuz, cavan ailələr başsız qalmasın.

- Sizin repertuarınıza nəzər yetirdikdə, görürük ki, daha çox vətənpərvərlik ruhunda mahnılar bəstələyirsiniz. Vətənpərvərlik sanki sizin qanınızda var.
- Vətənimi çox sevirəm. Mən bu torpaqların balasıyam. Niyə də sevməyim? İnanın ki, bir müddət qürbətdə oldum, vətənim üçün burnumun ucu göynədi. Gələndən sonra "Həsrətindəyəm” kompozisiyasını hazırladım. Nə qədər mənə başqa ölkələrdə yaxşı olsa da, istər-istəməz torpaq məni çəkir. Mən vətənin həsrəti ilə yaşayırdım. Qeyd edim ki, elə bu yaxınlarda Aslan Hüseynovla Leyla Nurun ifasında "İgidlər yurdusan, ey Azərbaycan” kompozisiyamız həyata keçdi... İstəyirəm ki, əsgərlərimizin əlində bayrağımız, o mahnının sədaları altında işğal olunan torpaqlarımıza gedək. Onu da əlavə edim ki, bu mahnını hətta "Azəri inciləri” vokal qrupu da ifa etdi. Bu mahnıya görə həmin uşaqlar böyük diploma layiq görüldülər. Mahnı çox sevildi. Sanki bu mahnı oturan insanı da yerindən qaldırır ki, get, vətən uğrunda döyüş. Bu mahnıda canlanma, vətən sevgisi var. Sizin verdiyiniz suala cavab olaraq demək istəyirəm ki, vətənpərvər kompozisiyalarım saysızdır. Belə də olmalıdır. Bunlar hamısı mənim içimdən gəlir. Ötən gün sosial şəbəkədə aprel döyüşlərində həlak olan şəhidlərimizi gördüm. İstəyirəm ki, nəsə edim. Artıq ağlamaq yox, qələbə xəbərini eşitmək istəyirəm. Mən də öz bəstələrimlə bu torpaq üçün nəsə etməyə çalışıram. Aprel döyüşlərinə həsr etdiyimiz "Çağır məni” filmimiz İraqın Kərkük şəhərində TERT kanalında yayımlandı. Orada "20 Yanvar”, "Xocalı fəryadı”, "Həsrətindəyəm” və başqa kompozisiyalarım təqdim olundu.

- "Arzuların son uçuşu” filmdə adlı həkim obrazında çıxış edəcəyinizi eşitdik. Deyəsən bizi yenə təəccübləndirəcəksiniz.
- (Gülürük) O filmin sountrektini də mən yazmışam. Eyni zamanda, həmin filmdə həkim obrazını canlandırıram. Orada balaca bir uşağın xərçəngə tutulmasından bəhs edilir. O həkimin düşdüyü ab-havanı da yaşadım. Təəssüf ki, "Arzuların son uçuşu”nda qəhrəman uşağın taleyi heç də yaxşı bitmir. Qeyd edim ki, həmin film xarici festivala göndəriləcək. Hətta onun da təqdimatına hazırlaşırıq.
- Sizin Türkiyədə 3 mükafata birdən layiq görülməyiniz bizi həqiqətən də çox sevindirdi. İstərdik, bu mükafatlar haqqında bizi məlumatlandırasınız.
- Birinci mükafatım TERT kanalının rəhbəri Türkeş Salihi bəy tərəfindən verildi. İkisi isə türkmənlərdən. Ankarada "Kərkük Mədəniyyət Dərnəyi”nin qonağı oldum. Türkiyə, Kərkük və Türk dünyası mədəniyyət, sənət və musiqisinə vermiş olduğum töhfələrə görə, dərnək tərəfindən adıçəkilən mükafatla təltif edildim. Mənə o mükafatı "Kərkük Mədəniyyət Dərnəyi”nin başçısı Dr. Şəmsəddin Küzeci təqdim etdi. "Başarılı Nişanı” mükafatına layiq görüldüm. Müküfat Ankara Mədəniyyət və İncəsənət Platforması başçısı pedaqoq və yazıçı Sultan Özateş tərəfindən təqdim olundu. Əslində bu çox sevindirici bir hal idi.

- Xarici görünüşünüzə görə Türkiyənin unudulmaz sənətkarı Filiz Akına bənzəyirsiniz. Bunu heç sizə deyən olubmu?
- Bu yaxınlarda sosial şəbəkədə gördüm ki, şəklimi Filiz Akınla birləşdirib oxşadığımızı yazıblar. 3 il bundan qabaq Ankarada festivalda olarkən gördüm ki, türkmən bir rəssam mənə qəribə baxır. Yaxınlaşıb dedi ki, şokdayam. Səbəbini soruşanda, bildirdi ki, məni Türkiyənin məşhur ulduzu olan Filiz Akına bənzədib. Onun şəklini mənə göstərdi. Baxıb dedim ki, ola bilər bənzəyək. İnsanın bənzəri olur. Demək ki, mənim bənzərim Türkiyədə imiş (gülür).
- İnanmıram ki, bu qədər işlərdən sonra sakit oturasınız. Yəqin ki, hələ mətbuata təqdim etmədiyiniz yeni layihəniz də var.
- Olmazmı? (gülürük). Bu yaxınlarda böyük bir layihəm olacaq. Yenə də böyük bir əsər bəstələmişəm. Bu layihə pantomima janrında olacaq. Filmin rejissoru Rauf Əhmədov, operatoru isə Emin Hüseynovdur. Çox möhtəşəm bir film alınıb. Bu filmi xarici festivallara göndərəcəyik. Yəqin ki, bu yaxınlarda onun da təqdimatı olacaq. Bundan əlavə, yeni kompozisiya yazmışam. Bu kompozisiya "Xatırla məni” adlanır. Bu kompozisiyamı hərbçilərimizə, vətən uğrunda döyüşən qəhrəman oğullarımıza həsr etmişəm. İnşallah, bu yaxınlarda onun klipini də çəkəcəyik. Hər hərbçinin bir xatirəsi var. Onlar da həyatlarını xatırlayaraq "Xatırla məni” deyəcəklər.
Xəyalə Rəis








banner

Oxşar Xəbərlər