Artilleriyaçı müəllimənin hekayəti

Artilleriyaçı müəllimənin hekayəti

Müsahibə
11 Sentyabr 2019, 09:30 185
Həyat insana qınamamağı öyrədir. Bir vaxt kimisə atdığı addım, verdiyi qərar üçün qınayırsan, mən heç vaxt bunu eləmərəm - deyirsən, yaxud, düşünürsən. Həyat səni dolandırıb o atdığı addımın, verdiyi qərarın düz astanasına gətirir. O zaman həmin adamın nə yaşadığını, niyə o addımı atdığını çılpaqlığı ilə görürsən, yaşayırsan, anlayırsan. Heç vaxt eləmərəm - dediyini xatırlayıb, bu dəfə özünü qınayırsan. Kimsəni qınamamağı öyrənirsən. Heç vaxt etmərəm - demədən, heç kimi qınamadan oxuyun bu reportajı, lütfən.
 
Camaat o yerə "Qocalar evi” deyir. Dövlət "Müharibə və əmək əlilləri üçün pansionat” adlandırıb. Bilgəh qəsəbəsində, dəniz kənarında ötən əsrin 60-cı illərindən fəaliyyət göstərən bu pansionatda 235 nəfər ahıl yaşayır, hamısının da yaşı 65-dən yuxarıdır.
 
Keçən dəfə  müsahibəsini verdiyim Tahirə müəllimənin otağından çıxıb, pilləkənlərlə aşağı düşürdüm. Həm də maşın gözlədiyindən tələsirdim. Növbəti mərtəbəni keçəndə, foyedə əyləşən xanımlardan biri məni səslədi:
 
- Dayanın görüm, bizdən də yazın də.
 
- Buyurun, sevə-sevə - dedim. Ayaqlarının tutmadığını görüb, skamyanın qarşısında çöküb, diktofonu qoşuram.
 
- Əvvəllər yenə jurnalistlər gəlirdilər, yazırdılar, indi onlar da gəlmir. Evlər verilir qaçqınlara, amma hansı qaçqınlara verilir, bilmirəm, bizə gəlib çatmır. Mən Zəngilan rayonun Şayıflı kəndindənəm. Artilleriyada işləmişəm.
 

- Necə yəni artilleriyada işləmişəm, döyüşmüsünüz?
 
- Yox e, məktəbimizdə dərsi dayandırdılar, hərbiçilər silahları gətirib yığdılar məktəbə. Biz də müəllimlikdən keçdik silahdaşıyan olduq. Qaçqın düşəndən sonra çox müraciət etdim cənab prezidentə ki, qalmağa yerim yoxdur. Prezident, sağ olsun, göstəriş verdi Zəngilan İcra Hakimiyyətinə ki, məni yerləşdirsin. Onlar da gətirib məni yerləşdirdilər bura. Dedilər, tezliklə sənə ev veriləcək, çıxacaqsan burdan. Heç indi maraqlanmırlar mənimlə.
 
- Sənə kömək etməyim üçün əvvəlcə adını bilməliyəm.
 
- Günəşdi adım, İsmayılova.
 
- Doğmalarınız yoxdur?
 
- Doğmalarım olsa da, əziyyətimə yanıram. Qaçan qaçdı, Zəngilanın son gününə qədər ordan tərpənmədim, axırda Arazı keçənlərlə mən də keçmişəm.
 
- Sizin istəyiniz nədir ki, burda yerləşdirilməyinizdən narazısınız?
 
- Evlər tikilir, mənə də ev verilsin.
 
 
- Günəş xala, tutaq ki, sizə ev verdilər, bu vəziyyətinlə tək necə yaşayacaqsınız, kim baxacaq sizə?
 
- Özüm özümə baxmağın yolunu taparam. Məni bura yerləşdirincə kirayədə qalan qardaşımın ailəsinə ev versin, mən də onların küncündə yaşayım. Bir ev də bizə verilsin. O gün Mehriban xanım gəlibmiş bura, gec xəbər tutdum, çata bilmədim. Görüşə bilsəm ona deyəcəkdim, o həll edərdi.
 
Mən heç nə istəməyim, burda gizlənim, sonra da ölüm gedim? Bəs, ağrıyır axı qəlbim. Doğmamla bir yerdə olmaq ehtiyacım var, qərib adamam. Şayıflı müharibənin ən qızğın nöqtələrindən idi, biz yaşadıqlarımızı Allah heç kimə göstərməsin. Silah daşımışam, yaralı daşımışam. İlk gündən qaçan qaçdı, mən qaldım axıra qədər. Arazın kənarında oktyabr ayında lafetin altında yatmışam, bir ay.
 
- Hansı fəndən dərs deyirdiniz?
 
- Tarixdən. Zəngilanın 15 kəndi hələ 1993-cü ildən əvvəl işğal olunmuşdu. 4 il müharibə keçmişik biz. Əziz adamlarımızı gözlərimiz qarşısında öldürüblər. Salatın Əsgərova tez-tez gələrdi o vaxt bizim yanımıza. O şəhid olan vaxtlar müharibənin ən qızğın vaxtı idi.
 
- Burda darıxırsınız?
 
- Kim darıxmaz ki...
 
 
Ramilə Qurbanlı 
Lent.az